Birinci hissə, səkkizinci fəsil
Страница 1 из 3
Aslan hıçqırıq səsi eşitdi, bədəni gizildəyib uyuşdu. Gözlərini açıb yan-yörəsinə baxmaq istədi, ancaq göz qapaqlarını qaldıra bilmədi – elə bil üstünə daş qoymuşdular. İçərisini acı bir təəssüf hissi yandırıb yaxdı. Gözləri açılmırdı – düz bir ay idi ki, o, dünya işığına həsrət qalmışdı. Son gördüyü adam – onu təcili yardım maşınına mindirən ağ xalatlı həkim, bir də Sakit olmuşdu. Elə maşında, dəmir xərəyin üstünə uzadılan kimi gözlərini yummuşdu – elə o yuman yummuşdu. Sonra daha aça bilməmişdi. Xəstəxanaya çatdırılan kimi, beşinci mərtəbədə, üzü dənizə, «Moskva» mehmanxanasına baxan palatada yerləşdirmiş, ilk dava-dərman eləmiş, xəstəliyinin səbəbini aydınlaşdırmışdı həkimlər. Qan təzyiqi həddən artıq yuxarı qalxdığı üçün beyninə qan sızmışdı. Sonra hələ adını bilmədiyi həkim Sakitə üz tutub:
− Evinə, arvad-uşağına xəbər elə, qardaş! – demişdi. – Qoy bir nəfər gəlsin.
Sakit Aslanzadəgilə zəng çalmış, çox çətinliklə, ehtiyat eləyə-eləyə Kiçik xanıma bildirmişdi ki, Aslan müəllim bir balaca kefsizdi, deyir ki, yanıma gəlsin. Xəstəxananın yerini, palatanın nömrəsini demişdi Sakit. Kiçik xanım heç yarım saat keçməmiş, təngnəfəs, uçuna-uçuna özünü Aslanzadənin yanına yetirmişdi. Sakit onu qapı ağzında qarşılayıb hay-küy salmağa, ağlayıb-sıtqamağa qoymamışdı. «Qorxulu bir şey deyil, kişinin ürəyini üzmə, Kiçik xanım bacı». İncavara, o da Sakitin sözünə baxmış, lal-dinməz palataya girib özünü ağlamaqdan güclə saxlayaraq:
− Aslan, mənəm, gəlmişəm, qurban olum – demişdi astaca.
Aslan qurumuş dodaqlarını tərpədib nə isə demişdi, ancaq Kiçik xanım heç nə başa düşməmişdi.
Sonra Sakit gedəndən, ara sakitləşəndən sonra həkimlərlə söhbət eləyən Kiçik xanım ərinin xəstəliyinin səbəbini və gələcək nəticələrini öyrənmiş, çarə, imdad diləmiş, nəhayət, taleyin hökmü ilə barışıb oturmuşdu.
Kiçik xanım ərinin böyük alim və şəxsiyyət olduğunu çoxdan bilirdi. Ancaq bu fikir onda ötəri, adi bir fikir imiş sən demə. Aslan xəstələnib buraya düşəndən sonra o, elə bil yuxudan ayıldı. Başa düşdü ki, onun əri – bax bu ağ çarpayıda uzanıb gözlərini aça bilməyən yaraşıqlı kişi Kiçik xanımın bildiyindən, təsəvvür etdiyindən çox-çox böyük imiş, qeyri-adi imiş, qiymətli imiş. Onun nə qədər hörməti-izzəti varmış, aman allah. Onu nə qədər istəyən, sevən varmış! Bu bir ayda yanına nə qədər adam gələrmiş. Nazirdən, katibdən, alimdən tutmuş adi kənd müəlliminəcən, kimlər gəlməmişdi Aslana dəyməyə? «Müəllimim olub Aslan kişi». «Elmi rəhbərim idi». «Opponentim olub». Adamların bol-bol gəlib-getdiyini gördükcə, xasiyyəti etibarı ilə qonaq-qara xoşlayan Kiçik xanımın ürəyi fərəhdən dağa dönürdü, bəzən hətta Aslanın xəstəliyini də unudurdu. Gələnlər o qədər dil-ağız eləyirdi, o qədər minnətdarlıq sözləri deyirdi ki, dua-səna eləyirdi ki, Kiçik xanım Aslanın bütün bunların sehirli təsiri sayəsində sağalacağına, mütləq sağalacağına, gözlərinin açılacağına inanmağa başlayırdı. Lakin günlər keçir, Aslanın halında ciddi bir dəyişiklik yaranmırdı. Bu, Kiçik xanımın ürəyini söküb dağıdır, məyuslaşdırır, ağladırdı.
İndi də astaca ağlayırdı Kiçik xanım. Aslanın eşitdiyi hıçqırıq onun hıçqırığıydı. Aslan əlini yana uzatdı. Böyründə, Kiçik xanımın demək olar ki, bütün günü oturduğu stul boş idi. Diliylə dodaqlarını yalayıb zəif səslə:
− Böyük, - dedi Aslan. Öz çarpayısında əyləşmiş Kiçik xanım tələm-tələsik əlilə gözlərinin yaşını sildi – elə bil, Aslanın onun ağladığını görəcəyindən qorxurdu, halbuki, o, bunu görməyəcəkdi, görə bilməyəcəkdi – yaxın gəldi, stulunda əyləşdi, ərinin yana uzanmış kiçik, ağ, zərif əlini əlinə alıb:
− Can – dedi – mən burdayam.
− Sən ağlayırsan?
− Yox, yox… - O həyəcanla əlini yenə gözünə çəkdi – Ağlamıram. Niyə ağlayım ki, nə olub şükür allaha…
− Yox, Böyük, gözlərini görmürəm, amma səsin ağlayır.
Kiçik xanım gülməyə çalışdı:
− Qəribəsən ey, vallah. Heç səs də ağlayar?
− Ağlayar, ağlayar, Böyük. Səs də ağlayar, söz də ağlayar. Bəli, ürək ağlayanda səs də ağlayar, söz də ağlayar, Böyük! Mən bilirəm – sən məni çox istəyirsən, ona görə sənə təşəkkür eləyirəm, arvad. Və çox istədiyinə görə də qorxursan ki, ölərəm birdən.
− Allah eləməsin. Ölsün pis adamlar, ölsün düşmənlərin.
− Bəri başdan arxayın ol, mən ölməyəcəyəm, Böyük. Mən yaşayacağam. İnan buna. Özünü üzüb əldən salma. Qaldı ki, düşmən… Mənim düşmənim yoxdu dünyada, Böyük. Acığım gələn adam ola bilər, ancaq düşmənim yoxdu. Görmək istəmədiyim adam ola bilər. Bu qədər yaşamışam, amma görmək istəmədiyim adamlar barmaqla sayıla biləcək qədər azdı, Böyük. Onlar da bilirsən kimlərdi?
− Yox, ay kişi, bilmirəm.
− Onlar nadan adamlardı, Böyük. Mən nadanlara həmişə nifrət eləmişəm. Ancaq düşmən olmamışam. Bu dünyanı hərə bir cür, ağlı kəsən şəkildə, alnına yazılan şəkildə (əgər alın yazısı varsa) yaşamalıdı. Hamı yaxşı ola bilməz, hamı həssas ola bilməz. Onda yaxşıların qədri bilinməzdi, Böyük. Belə deyirəm, ancaq çarəsizlikdən deyirəm, Böyük. Əslində hamı yaxşı olmalıdı. Hamı yaxşı olsa qədir bilməyə heç ehtiyac qalmaz. Yaxşı olmaq onda bir vəzifə olar. Pis olmaqdan qorxar onda adamlar.
Aslanzadə danışırdı, Kiçik xanım yorğun, yuxusuz olduğundandımı, ya nədən idi – həmişə məntiqli, tutarlı, konkret söz deyən ərinin indiki sözlərindən heç nə başa düşə bilmirdi. Hardansa qəribə bir qorxu axıb dolurdu canına: deyəsən kişi sayıqlayırdı. Nəbzini yoxladı; ürəyi adi qaydada vururdu. Hə, deyəsən bir az hərarəti var. Elədi, elədi. Əli od tutub yanır. Bəs necə olub Kiçik xanım bunu indiyəcən hiss eləməyib?
− Aslan…
− Hə?
− Haran ağrıyır?
− Heç yerim. Necə bəyəm? Sənə kim dedi ki, bir yerim ağrıyır?
− Heç kəs. Elə belə soruşuram. Deyəsən bir az qızdırman var, hə?
− Yox əşi!
− Al bu termometri, qoy qoltuğunun altına. Yox, yox, qoy özüm qoyum. Hərarət ölçəni üç-dörd dəfə çırpıb Aslanın qoltuğunun altına qoyduqdan sonra neçə saniyə lal-dinməz oturdu, pəncərənin qarşısına gəldi. Dənizə nəzər saldı. Sakit idi dəniz. Elə bil Buzovnadakı dəniz deyildi – dalğalı, çalxalanan dəniz deyildi. Sonra «Moskva» mehmanxanasının əzəmətli binasına xeyli tamaşa elədi. Doqquzuncu mərtəbədə, orta balkonların birində bir qadın – bir kişi dayanıb şirin-şirin söhbət edirdi. O tərəfdə Kirovun heykəli əlini dənizin üstünə doğru uzadıb nə isə deyirdi. Bu yanda isə nəhəng televiziya qülləsinin başı az qala buludlara toxunurdu. Kiçik xanım bunlara baxa-baxa niskil içində fikirləşirdi ki, hayıf, Aslan bunların heç birini indi görmür, görə bilmir. Və, görəsən, görə biləcəkmi haçansa? Bu sual onu həmişə düşündürürdü və üşüdürdü. Yerə-göyə ürəyində yalvarırdı ki, onun gözləri açılsın, bu işıqlı dünyaya baxa bilsin. Əgər lazım olsa, gözlərini verərdi ərinə. «O mənim ömrümün gözüdü, qoy o görsün – mən onun gözüylə bu dünyanı görə bilərəm» – deyə tez-tez ürəyindən keçirirdi.
Hərarət ölçən dedi ki, Aslanın hərarəti yoxdur. Kiçik xanımın qəlbi bir az sakitləşdi.
− Neçədi?
− Yoxdu hərarətin! Qorxuzmuşdun məni…
− Qorxma, Böyük. Mən sənə dedim ki, heç nə olmayacaq mənə!
− Allah ağzından eşitsin, kişi! – Kiçik xanım iri, yaraşıqlı bir alma soyub iri dilimini Aslana verdi. – Bunu ye, kişi. Əcəb ətirli almadı. Sakit gətirmişdi dünən.
− Hə, onun gətirdiyi almanı məmuniyyətlə yeyərəm. Yaxşı oğlandı Sakit. Təmiz, zəhmətkeş adamdı, Böyük.
− Mənə də elə gəlir.
Aslanzadə almanı yedikdən sonra:
− Bir dilim də ver, Böyük – dedi. – Xoşuma gəldi.
Kiçik xanım verdi və söylədi:
− Sizin kollektiv yaman xoşuma gəldi, kişi. Çox mehriban və istiqanlı kollektivdi. Dəstə-dəstə hər gün yanına gəlirlər.
− Hə, sağ olsunlar… çox razıyam.
− Ancaq bircə Nurəddin gəlməyib!
Aslanın üzünün dərisi dartıldı və o, hiss eləmədən köks ötürüb:
− O gəlməsə yaxşıdı, Böyük – dedi – Mən indiyəcən demək istəmirdim, ancaq indi deyirəm: o gəlsə, yanıma buraxma. Eşidirsən? Buraxma.
− Boy, niyə, ay kişi? Gəlsə, necə buraxmayım, nə deyim?
− Heç nə. Sadəcə de – həkimlər icazə vermir, vəssalam.
− Axı niyə?..
− Bax, o, həmin görmək istəmədiyim beş-altı adamdan biridi, Böyük – Aslanzadə bu sözləri daxili bir yanğı ilə söylədi
– həmin adamlardan biridi. Mənim yadımdan çıxar birdən, Sakit bura gələndə ona söylə, Nurəddinə çatdırsın ki, mənim yanıma zəhmət çəkib gəlməsin. Mütləq de.
− De deyirsən, deyərəm. Ancaq…
Aslanzadə təntimiş halda nəfəs aldı. Elə bil, otaqda hava çatmırdı indi ona.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-olum-yoxdur-birinci-hisse-sekkizinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mir Əkbər uzun illərin ayrılığından sonra, nəhayət, ürəyi istəyən kimi, azad yaşamağa müvəffəq olduğuna görə hədsiz dərəcədə bəxtiyardı. Jandarm libasını əynindən çıxarmışdı, qəlbi daş, vicdanı kor, qulağı kar adamlardan — jandarm və polis amirlərindən, nəfərlərindən uzaqlaşmışdı, öz məslək və mübarizə dostlarına qovuşmuşdu, hər gün onların yanında idi, dərdləri-sərləri bir idi, istədiyi, sevdiyi, həsrətini çəkdiyi işi görürdü — bu onun üçün nəyə desən dəyərdi. Əslində, sən demə, heç bir xidmət, fədakarlıq itmirmiş, unudulmurmuş. Onun kiçik, gərəksiz hesab elədiyi xidmətləri də sən demə, hezbin, burdakı yoldaşların nəzərindən qaçmırmış; yaşadığı günlər, gördüyü işlər, sən demə, elə onun həyatı imiş, tərcümeyi-halı imiş. Bunu Mir Əkbər o vaxt iclasda Bəbirin təqdim etdiyi, az sonra, özünün redaktorluğu ilə nəşr olunan «Pərçəm»in birinci və dördüncü səhifələrində çıxmış məqaləni oxuyanda bir daha başa düşmüş və sevincdən gözü yaşarmışdı. Həmin nömrədə, baş məqalə kimi, Bəbirin yoldaşlara oxuduğu kəsərli məqalə dərc edilmişdi, onun altında isə Mir Əkbərin şəkli və tərcümeyi-halı çıxmışdı. Burada onun bütün həyatı, ailəsinin başına gələn müsibət, həbsxana illəri, polis və jandarm idarəsindəki məcburi xidməti, inqilabi fəaliyyəti, sürgün olunması və s. qeyd edildikdən sonra deyilirdi:«Mir Əkbər Xeybərin əfqan xalqının demokratik hərəkatının meydana gəlməsi və təkamülündə çox böyük və təsirli xidmətləri vardır. Buna görə də, o, istefaya çıxandan indiyə qədər əziz, igid, sadiq, təvəzökar, alim və vətənpərvər bir yoldaş kimi əfqan xalqı ilə, əfqan xalqının demokratik hərəkatı ilə sıxı əlaqədə fəaliyyət göstərir və bu hərəkatın rəhbərlərindən biri kimi kargər sinfinin idoelogiyasını, onun elmi dünyagörüşünü müdafiə edir və Bəbir Karməndin döyüş dostu kimi qorxmadan çalışır.
Dördüncü hissə, yeddinci fəsilİsti iyul ayının ikinci yarsının ikinci günü məmləkətə heç kəsin ağlına gəlməyən, çoxlarının gizli arzusu olan, ancaq kimsəyə etibar edib demədiyi bir xəbər ildırım sürətilə yayıldı: «Əlahəzrətin taxt-tacı devrilmişdir. Şahlıq-üsulu-idarəsi ləğv edilmişdir. Əfqanıstan respublika olmuşdur. Əlahəzrətin doğma bacısı oğlu Sərdar Məhəmməd məmləkətin rəisi-cümhurudur. O Sərdar Məhəmməd ki, düz on il baş nazir olub.»Bu xəbər bütün məmləkəti silkələmişdi. Uşaq da, böyük də sevinirdi. Sevinməyənlər də vardı, təbii ki, Əlahəzrəti sevənlər, onu allahın kölgəsi hesab edənlər, uşağının adını əlahəzrətin adıyla çağıranlar sevinmirdi, təbii ki! Dostları, övladları qohum-əqrəbası yas içində idi.
Dördüncü hissə, səkkizinci fəsilHava ilıq yaz günəşi ilə könül oxşayırdı. Həyətdəki ağaclar yamyaşıldı, gül kollarının üstünə elə bil yaşıl-qırmızı parça sərmişdin. Elməddin fpkirli-fikirli kiçik bağçada gəzinirdi. Qanıqara idi — Simin uşaq xərc eləmişdi. Üç aylıq körpə varlıq, anasının ehtiyatsızlığı üzündən — ağır yük qaldırdığından tələf olmuşdu. Simin çoxlu qan itirdiyindən zəif düşüb yatmışdı. Əfsanə ona tez-tez şərbət içirir, yeməyinə xüsusi fikir verirdi. Simin sakit ola bilmirdi, dalbadal köks ötürür, bunu böyük itki hesab eləyirdi. Əfsanə nə qədər təskinlik verirdisə, gəlin aram olmurdu. Onun bu qanıqaralığı Elməddinə də pis təsir eləmişdi. İki gün idi qaşqabağı açılmır, fikir xəyaldan ayrılmırdı. «Dünyaya gəlməmiş ölən körpəmə» adlı qəmli bir şer də yazmışdı. Şerdə oğul həsrətilə yaşayan bir atanın ürək çırpıntıları, övladının xoş gələcəyi haqqında xoş, şirin düşüncələri qələmə alınmışdı.Əfsanə içəridə — yatağında uzanmış Siminbərə, eyvanda, həyətdə Elməddinə təsəlliverici sözlər deyirdi, ancaq elə bil, ər-arvad onu eşitmirdi, sanki, «eh, sən nə bilirsən, övlad nə deməkdi, ay yazıq!» — söyləyirdi ürəyində. Nədənsə Əfsanəyə elə gəlirdi ki, Elməddin uşağın tələf olmasından çox, arvadının çəkdiyi əziyyətə heyfslənir, yanıb-yaxılır. Və o, bunda sonsuz bir məhəbbət görürdü, bu canıyananalıq, qayğıkeşlik hardasa Əfsanənın gözlərini dumanlandırır qəlbini qəribə bir kədərlə doldururdu. O, belə anlarda özünü dünyanın ən bədbəxt qadını sayırdı. Hərdən anlaşılmaz bir ürək çırpıntısı ilə gözləyirdi ki, bax, indi Simin xəstədir, qan itirib zəif düşüb, başı öz hayındadı, qeyri-iradi bir qadın marağı ilə gah onun, gah bunun ağzına, gözlərinə baxan Simin indi, demək olar ki, çarpayıdan düşə bilmirdi, Əfsanə qızın da yatdığı vaxtlar olur, — bax belə anlarda, dəqiqələrdə, saatlarda, Elməddin ona lütflə, mehribanlıqla baxa bilər, heç olmasa şirin-şirin söhbət edə bilər, ya özündə bir cəsarət, qüdrət tapıb onun otağına keçə bilərdi. Belə arzu ilə yaşadığı günlər çox olmuşdu, ancaq hamısında ümidləri, intizarları boşa çıxmışdı. Simin elə bil Elməddini əfsunlamışdı. Əfsanəyə olan məhəbbətini, marağını öldürmüşdü, soyutmuşdu. Əfsanə bunu özü üçün ən böyük dərd eləyib yaşayırdı, ağrılı qəlbinin giziltilərini ovuda-ovuda yaşayırdı. Doğurdanmı, onun hiss etdikləri həqiqət idi, ya ona elə gəlirdi? Doğrudanmı Elməddin, Əfsanəyə olan sevgisini tamam itirmişdi? Bax bu həqiqəti Əfsanə bilmirdi, başa düşmürdü, şəklə yəqin arasında çırpına-çırpına qalmışdı.
Dördüncü hissə, doqquzuncu fəsilƏfsanə pəncərənin qənşərində dayanıb həyətdə, miz arxasında oturan Şahinlə Elməddinə tamaşa eləyirdi. Şahin nə isə danışırdı, Elməddin lal-dinməz qulaq asırdı. Görəsən, söhbət nədən gedirdi? Əfsanənin ürəyinə dammışdı ki, Şahin bura, Elməddinin yanına onun üçün gəlib. Yəqin indi də elə bu barədə odlu-odlu danışır. İstəyirdi orda ola, onun sözlərinə qulaq asa. Görə nə deyir, necə deyir? Ancaq bu mümkün deyildi. Bu ara balaca Əfsanə gəlmiş:– Madərim səni çağırır, xala — demişdi. Əfsanə tələsik Siminin yanına cummuşdu.
Стихи других поэтов
Dostlar, sizdən ayrılandaMən özümdən ayrılıram.
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Mürəbbe: Şikar edib tutdum bir şahi-tərlanŞikar edib tutdum bir şahi-tərlan,Sən etdin əqlimi zail, ay Yaxşı,
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər