Dördüncü hissə, doqquzuncu fəsil
Əfsanə pəncərənin qənşərində dayanıb həyətdə, miz arxasında oturan Şahinlə Elməddinə tamaşa eləyirdi. Şahin nə isə danışırdı, Elməddin lal-dinməz qulaq asırdı. Görəsən, söhbət nədən gedirdi? Əfsanənin ürəyinə dammışdı ki, Şahin bura, Elməddinin yanına onun üçün gəlib. Yəqin indi də elə bu barədə odlu-odlu danışır. İstəyirdi orda ola, onun sözlərinə qulaq asa. Görə nə deyir, necə deyir? Ancaq bu mümkün deyildi. Bu ara balaca Əfsanə gəlmiş:
– Madərim səni çağırır, xala — demişdi. Əfsanə tələsik Siminin yanına cummuşdu.
– Nədi, Simin? — soruşmuşdu. — Nə olub?
– Ürəyim axır, mənə bir gilas şərbəti ver, Əfsanə.
– Bu dəqiqə.
O şərbət hazırlayıb gətirəndə Simin:
– Bəs Elməddinin yanındakı kişi kimdi? — deyə xəbər almışdı.
– Şahindi.
– Şahin? Şahin kimdi?
– Sənə haqqında danışmışam. Reyhan nənənin nəvəsi. Qarabağ qəryəsindən...
– Hə, hə. Yadıma düşdü. Səni sevən oğlan...
– Hm.
– Niyə gəlib görəsən?
– Nə bilim vallah.
– Yəqin sənin dalınca gəlib, — Simin şərbətin təsirindən çox, bu fikrin təsirindən dirçəldi. — Kaş dura biləydim, baxaydım, görəydim necə oğlandı?
– Yox, sənə hələ durmaq olmaz. Yat sən hələ. Oğlandı da.
– Qəşəngdi?
– Nə bilim, heç yaxşı fikir vermədim. Ancaq böyüyüb, kişiləşib...
Simin daha heç nə soruşmamışdı. Ürəyində Allaha yalvarmışdı ki, Şahin Əfsanənin dalınca gəlmiş olaydı. Onu alıb aparsaydı, yaxşı olardı. Simin uşaq deyildi, başa duşürdü görürdü ki, Əfsanə Elməddini sevir, çox sevir. Elməddin isə ona məhəl qoymur. Yazıq qadın əzab çəkə-çəkə qalıb. Simin bunu da başa düşürdü ki, özü Əfsanədən az əzab içində deyil. Fatimə arvada Allah kömək olsun — qızının fikrini çaşdırmışdı, ürəyinə qısqanclıq toxumu səpmişdi o vaxtdan. Simin səksəkə içində yaşayırdı. Ürəyində anlaşılmaz bir qorxu yaranmışdı ki, Elməddin... günlərin birində... Əfsanənin yanına gedə bilər! Simini unuda bilər!.. Əfsanə ərə getsəydi, çox gözəl olardı.
Əfsanə öz otağına çəkilib pəncərədən baxanda... görmüşdü ki, Şahin gedib. Elməddin isə... başını əlləri arasına alaraq tək oturub, Şahin niyə belə tez getmişdi? Heç xudafizləşməmişdi də. Bu, nə olan iş idi? Yox, burda nə isə başqa məsələ var. Bəlkə sözləri çəp gəlib? Bəlkə...
Əfsanə çəkələklərini sürüyə-sürüyə həyətə endi, Elməddinin yanına gəldi. O, ağır xəbər eşitmiş, sarsılmış adam kimi oturmuşdu, beli də elə bil bükülmüşdü. Görünür, çox pis halda idi ki, Əfsanənin gəlişindən də xəbər tutmamışdı. Əfsanə böyründə dayandı:
– Elmi, ay Elmi. Elməddin yuxulu adam kimi səksənmiş halda başını qaldırdı:
– Hə.
– Sənə nə olub?
– Mənə? Heç...nə!
– Bəs... gözlərin niyə qızarıb?
– Gözlərim qızarıb? — O, ovuclarının içi ilə gözlərini ovxaladı, elə bil, Əfsanə deyən qırmızılığı silib təmizləmək istəyirdi.
– Heç, elə belə.
– Bəs... Şahin hanı?
– Şahin? Hə, Şahin... getdi. — Elməddin həqiqətən qızarmış gözlərini qaldırıb Əfsanəyə baxdı və nəzərlərilə stulu göstərərək zəif, taqətsiz bir səslə:
– Otur, Əfsanə... — dedi, — otur, səninlə söhbətim... var! Əfsanə qanrılıb qapıya, Siminin otağının pəncərəsinə qorxaq bir nəzər salıb əyləşdi. Elməddin siqaret yandırdı, Əfsanə gördü ki, kişinin əli əsir. «Yox, Elməddinə nə isə olub! Bu igid ölmüş hayandan gəlib çıxdı?» — deyə düşünən Əfsanə Elməddinə diqqətlə göz qoyub:
– Axı... sənə birdən-birə nə oldu, Elmi? Heç özündə deyilsən. O çərxi dönmüş sənə bəd xəbər gətirib? Elməddin dikəldi:
– Çərxi dönmüş kimdi?
—Şahini deyirəm də!
«Çərxi dönmüş. Demək, Əfsanə onu sevmir? Sevmir, Sevmir. Sevsəydi belə deməzdi!» — Elməddinin qırışığı azca da olsa açıldı. Əfsanənin üzündəki, gözlərindəki təşvişi, həyəcanı görüb sevinən Elməddin qəmli-qəmli gülümsündü:
– Hə, bəd xəbər gətirib, Əfsanə!
– Ürəyimə gələn başıma gəlir. Mən o saat elə belə də başa düşdüm. Yoxsa, sənə birdən-birə... nə oldu ki, tanınmalın qalmadı? Nə olub axı, nə deyirdi?
Elməddin ah çəkdi:
– O sənin dalınca gəlib, Əfsanə! O səni sevir... Əfsanə yerində qurcalandı. Qızardı. Ani olaraq susdu. Sonra:
– Bu sənin üçün təzə xəbərdi? Mən bunu arvadına da, sənə də demişdim. O, elə o vaxt, qəryədəykən məni sevirdi. Mən elə ona görə Reyhanın evindən qaçdım, Elmi! Sevir. Nə olsun sevir? Qız ağacı, qoz ağacı — deyiblər. Qızı, qadını çoxu sevə bilər, Baxır ki, qız kimi sevir?!
Elməddin lap dirçəldi:
– Qız... kimi sevir, Əfsanə?
– Qız onu sevməyəni sevir, sevəni yox, Elmi!
İkisi də susdu. Aydın idi. Qız — Əfsanə idi, sevməyən — Elməddin.
– Qız... səhv fikirləşir. Qızın... sevdiyi adam da onu sevir, çox, lap çox sevir. Gecə-gündüz onun haqqında fikirləşir, rahatlığı yoxdu, yuxusu yoxdu... Ancaq...
– Hə, bu ancaq məsələsi... uzun məsələdi. Sonrasını deməyə də bilərsən, Elmi onlar mənə məlumdu. Mən sənin qardaşının arvadı olmuşam, alnımda damğam var, üstümdə möhürüm var. Sənin isə arvadın, uşağın... Bunlar məlumdu, mənə, Elmi.
Elməddin təzə siqaret yandırdı. Həsrətlə Əfsanəyə baxdı — onun vücudunun əsdiyini, alt dodağının titrədiyini görüb sarsıldı. Ürəyində dəli bir istək qalxdı. Durub elə buradaca, həyətin ortasında o titrəyən, həsrətdən, məhəbbətdən sızım-sızım sızıldayan vücudu bağrına basıb öpmək, əzizləmək istədi, heç kəsdən utanmadan qorxmadan... Bəs... Simin? Simin kimdi? Kimdi Simin?! Yox, olmaz. Bu, bədnamlıq olar, bu, qeyrətsizlik, namussuzluq olar! Yox, yox, uzaq bu fikirdən, uzaq, uzaq!..
O dəhşətli, eyni zamanda cazibədar fikri başından çıxartmaq üçün Şahinin bir az əvvəl dediklərini yadına saldı, onun titrək, ağlar səsini, ağlar gözlərini xəyalında canlandırdı. Deməli idi, istəyinin üstündən qələm çəkməli idi; taleyinin qurduğu oyunla barışmalı idi. Onsuz da bədbəxt olan Əfsanəni təzədən bədbəxt etməyin, çürütməyin nə mənası vardı?
– Amma Şahin səni çox istəyir, Əfsanə!.. Elə danışırdı ki, lap yazığım gəldi ona! Yaxşı oğlandı Şahin. Cəsarətlidi, ən başlıcası isə... səni çox sevir, lap çox, məndən də çox, Əfsanə. Yazıqdı. O da yazıqdı... Deyir böyüyümüz ol, qabağa düş, ağsaqqalıq elə, bizi xoşbəxt elə... Bu sözləri ondan eşitmək də, sənə demək də mənim üçün çox ağırdı, Əfsanə!... İnan, çox ağırdı. Amma mən odla su arasında qalmış bir adam kimiyəm indi. Əslində nə dediyimi, nə elədiyimi bilmirəm, inan.
Əfsanə ona qulaq asırdı, gözlərində gilələnmiş yaş damcıları yanaqlarından axırdı. Hər şey indi ona gün kimi əyan idi. Elməddin onu — öz sevdiyini başqasına — Şahinə vermək istəyirdi. Acı təəssüf hissi içərisini zəhər kimi yandırırdı Əfsanənin. Kaş, bu sözləri ondan eşitməyəydi, qulaqları kar olaydı. Kaş, bu sözləri Elməddin deməyəydi, deyə bilməyəydi, dili lal olaydı. Yox, yox həqiqəti bilmək, nə qədər acı və ağır olsa da, xoşdur. Yalançı gümanlara, inamlara, xəyallara son qoyur həqiqət. Özü heç öz taleyi, məhəbbəti heç, — o, əvvəlcədən də, lap bura gəldiyi ilk gündən hiss eləmişdi ki, gec-tez belə olacaq, bu söhbət ortalığa gələcək. O bunu eşitməyə müəyyən qədər hazır idi. Ancaq bunu irəlicədən görməmişdi, anlamamışdı ki, bu sözlər Elməddini onun gözündən salacaq, kiçildəcək, cılızlaşdıracaq, lap öldürəcək. Demək o, Əfsanəyə onu hər gün görmək, qulluq eləmək səadətini də çox görür, onu bu evdən uzaqlaşdırmaq istəyir. Demək o, Elməddin üçün daha gərəksiz adamdı. Elməddin onsuz da yaşaya bilər, hələ rahat da yaşaya bilər. Bu hiss Əfsanənin — ilk gəncliyindən bu günə qədər Elməddinin xəyalı, arzusu ilə yaşayan, bir gün, haçansa, taleyin buraxdığı o yanlışlığın düzələcəyi, sevdiyinin vüsalına çatacağı ümidiylə çırpınan Əfsanənin ürəyini yandırdı və o, qarşısında oturan, insafla deyilsə, çıxılmaz vəziyyətdə qalan, çarpaşıq düşüncələrin içində, gözünün qabağında qocalan Elməddinə ağır, çox ağır sözlər demək, onu dönük, etibarsız adlandırmaq istədi. Bəli, bəli. Elə sadəcə deyəydi — çıx get. Bax beləcə desəydi, çox yaxşı olardı. Amma gör nə deyir? Şahin yaxşı oğlandı, Şahin yazıqdı... yəni ona ərə get, onun arvadı ol... Bax, bu nöqtə yandırdı onu. Lakin Əfsanə elə gərgin halda idi ki, ürəyindəkiləri nizama salıb deyə bilmirdi, hisslər də sözlər də sanki əriyib bir-birinə qarışmışdı. Bu dəm... dərdindən-qəmindən son vaxtlar çoxlu şer oxuyub şerpərəst olmuş Əfsanənin yadına Elməddinin kitabxanasından götürüb oxuduğu kitabların birindən əzbərlədiyi bir şer düşdü və ona elə gəldi ki, həmin şer elə onun üçün yazılıb — onu Elməddinə desə, ürəyini boşaldar.
– O göy cildli kitabda bir şer var, Elmi. Yəqin oxumuş olarsan.
—…
– O şer mənim dərdimi izhar elədiyi üçün yadımda qalıb. Onu sənə demək istəyirəm, Elmi.
—…
Vicdanının gözü kormuş
Hayıf, indi düşdüm başa.
Zalım məni yaman saldı
Çiskin vaxtı dağa-daşa.
Yetim qaldı əlimdə gül,
Dəli oldu yazıq könül,
Ürək, qana dönüb tökül,
Gözlərimdən daşa-daşa.
Qaynayırmı içində kin?
Nə ağırmış müsibətin?
Sənin inci məhəbbətin
Dəyişildi qaşa-daşa.
Arzuların getdi bada,
Heç düşmürsən daha yada, Diri gözlü atdı oda,
Gülüb dedi — indi yaşa!
Bu dünyanı dolanıb gəz,
Namərd mərdlik nədir bilməz, Qədirbilməz qədir bilməz, Nahaq döymə dizə-başa.
Şeri qurtarandan sonra Əfsanə ayağa qalxdı: ürəyi boşalmışdı sanki. Nəmli gözlərini Elməddinii ağarmış üzündə dolandırıb:
– Bax, belə! — dedi və qəmli-qəmli gülümsündü. Elməddin nəsə demək istədi, ancaq heç nə ağlına gəlmədi. Əfsanə örpəyinin ucuyla gözlərini, yanaqlarını silib bir də: «Belə» Elmi!» — deyərək getdi. Elməddin donmuş halda arxasınca baxa-baxa qaldı. Ancaq Əfsanə üç addım atmamış nə isə fikirləşib dayandı, geri qayıtdı və ani sükutdan sonra:
– Mənim... Ömrüm... az qalıb, Elmi. — dedi. — Ürəyim çürüyüb içəridə. Bilirsən də ki, səndən başqa bir kimsəm yoxdu dünyada. Bu, mənim çoxdankı arzum idi, arzu eləmişdim ki, qəbir evinə sənin çiynində gedim, Elmi. Heç olmasa bu arzumu yerinə yetirərsən, Elmi, — Susdu, udqunub boğazının qəhərini uddu, dedi: — Bir də... bu yaxında radiodan eşitdiyim bir şerin iki sətrindən xoşum gəlib. Səninlə mənim halıma çox uyğundu. Xahiş edirəm o iki sətir şeri mənim məzarımın üstünə yazdırarsan. Gərək ki, belə idi:
«Ayrılıq var — sonu şirin vüsaldı,
Ayrılıq var — sonu yoxmuş, ay aman!»
Yadında qalar? Bir də təkrar eləyirəm:
Ayrılıq var—sonu şirin vüsaldı,
Ayrılıq var — sonu yoxmuş, ay aman!
– bax bu sətirləri yazdırarsan sinə daşıma. Vəssalam. Səndən bu iki şeydən başqa heç bir təmənnam yoxdu, Elmi. Sənə verdiyim əzablar üçün bağışla məni, halal elə. Hər şey üçün çox sağ ol, Elmi. — Elməddinin vucudu titrədi. Beynində dəhşətli bir fikir gəzib dolandı: «Özünü öldürəcək!» Və o qışqırdı:
– Sən nə danışırsan, Əfsanə? Heç bilirsən nə danışırsan?
Əfsanə son dəfə ona ağlar gözləri ilə baxdı, cavab vermədi, ayaqlarını taqətsiz halda sürüyə-sürüyə evə getdi, qapını arxasınca örtdü.
– Əfsanə, Əfsanə!..
Cavab gəlmədi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-dorduncu-hisse-doqquzuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axşam idi. Orxan telestudiyadan yenicə gəlmişdi — görkəmli ədəbiyyatşünas alim Mirzə Yanarın yetmiş illiyi ilə əlaqədar televizorda çıxış eləmiş, onun həyatından, əsərlərindən ürəkdolusu danışmışdı. Mirzə Yanar — az yaşamışdı, amma bu az ömründə Azərbaycan ədəbiyyatının onlarla nəhəng və naməlum şəxsiyyətini tədqiq edib öyrənmiş, haqqında əsərlər yazmış, xalqa tanıtdırmışdı. Özünü şəxsən görməsə də, Orxan ona güclü, istedadlı bir alim kimi çox pərəstiş eləyirdi, — doğrudan da, Mirzə Yanar öz ürəyini, beyninin işığını əsərlərinə köçürmüşdü, gecə-gündüz bilmədən, bütün diyarı gəzərək klassiklərin əsərlərini toplamış, onları itib-batmaqdan, unudulub ölməkdən xilas eləmişdi. Sonra vaxt gəlmişdi, tufan qopmuşdu, Mirzə Yanarı da köklü-köməcli yerindən qoparıb aparmışdı, qurunun oduna yaş da yanmışdı. Tək özü yox, əsərləri də oxucu üzünə həsrət qalmışdı. İndi bir neçə ildi ki, ədalət yerini tutmuşdu. Özü qayıtmamışdı, amma partiya onun təmiz adını və əsərlərini əsil sahibinə — xalqına qaytarmışdı.İndi onun altmış illiyini də qeyd edirdi ədəbi ictimaiyyət. Onun şərəfinə həsr edilmiş yığıncaqlar keçirilirdi, sağ qalan yoldaşları Mirzə Yanar haqqında xatirələr də danışırdılar. Üç gün əvvəl institutda elə Salman Qurbanzadə Mirzə Yanar barədə çıxış eləmiş, az qala gözləri yaşara-yaşara onunla birgə keçən günlərindən, təmizliyindən, xeyirxahlığından, böyüklüyündən xeyli söhbət etmiş, Mirzə Yanarın aramızdan vaxtsız getməsinə dərindən təəssüfləndiyini bildirmişdi. Orxan Mirzə Yanardan ürəklə, həvəslə danışmışdı bu gün televizorda. Televiziya Komitəsinin işçiləri onun çıxışını çox bəyənmişdilər. O, evə qayıdıb gələndən sonra da tanış-biliş, dostlar zəng eləyib Orxanı təbrik eləmişdilər. Zəng çalanlar içində Gülmirə, Cəfər, Nadirə də vardı. Salman isə xüsusi danışmışdı:
İkinci hissə, iyirmi ikinci fəsilVaxta az qalırdı. Bir azdan camaat geniş otağa yığışacaq, müzakirə başlanacaqdı. Gülmirə bərk həyəcan keçirirdi. İndi ona təsəlli, ürək-dirək vermək lazım idi. Orxan isə bayaqdan öz yerində oturub başını yuxarı qaldırmır, heç kəsin üzünə baxmırdı. Onun bu hərəkəti Gülmirəyə lap qəribə görünürdü. Ancaq dünənki yaxınlıq, vədələşmək yadından çıxmadığına görə o, indi nə üçünsə Orxandan utanır, ona yanaşıb bir şey soruşmurdu. Saat bir olanda professor ucadan danışa-danışa şöbəyə gəldi:– Hə, camaatı yığ, Gülalı. Başlayaq.
İkinci hissə, iyirmi üçüncü fəsilŞirin arvad həftədə bir dəfə Orxanın evinə gələrdi. İndi yolunu dəyişib, qəbir üstünə gedirdi. Qabaq bazar günləri gələrdi, indi cümə axşamları. Onda oğlu üçün yemək-içmək, cürbəcür ləzzətli xörəklər bişirib gətirərdi, oğlundan xoş xəbər eşitmək ümidi ilə gələrdi. İndi yeməli heç nə gətirmirdi. Dərdli bir ürək, iki ağlar göz... bir də, bir dəstə gül gətirirdi.Aradan neçə ay keçsə də, ana onun ölümünə inanmaq istəmirdi. İnanmaq istəmirdi bura, bu yaşıl qəbiristanlığa gələnə qədər. Ayağı bura dəyəndə, dəmir hasara alınmış qəbir — o dikəlmiş torpaq ananı inandırırdı.
Üçüncü hissə, birinci fəsilPayız günəşi daranmış qara yuna bənzəyən buludlar arasında gizləndi. Havadan yağış qoxusu gəlməyə başladı. Yağacaqdı. Bu gün elə bir gün idi ki, səmanın sinəsi göz qamaşdıran qılıncla yarılmalı, göylər hönkürtü ilə ağlamalı idi. Çünki göylər vurğunu Əqdəmin səma kimi təmiz, saf ürəyi yaralanmış, bircə anın içində uzun illər boyu qəlbində əmin-amanlıqla yaşayan səadəti qəfil bombardmandan uçulub xarabazara dönən şəhər kimi korun-korun tüstülənməyə başlamışdı. Adicə bir təsadüfün sükuta qərq olmuş ölülər dünyasına gətirib çıxartdığı təyyarəçi ləngərli addımlarla qəbirlər arasında gözdən itəndən az sonra halsız-hərəkətsiz, heykəl sayağı dayanıb qızarmış gözlərini Orxanın başdaşına həkk olunmuş gülümsər şəklindən çəkməyən Gülmirə harda olduğunu xatırlamağa çalışan adam təki yan-yörəsinə baxındı. Bura haçan və niyə gəlmişdi? Bu günmü, dünənmi? Bir qərinə əvvəlmi? Orxan nə zaman ölmüşdü, niyə ölmüşdü?Yox, hələ o, anlaşılmazlıq aləmindən ayrılmamışdı. Zaman məfhumu, səbəblər, suallar anlayışı bu dəqiqə Gülmirə üçün öz hökmünü itirmişdi. hər şey ona ilğım dənizində olduğu kimi gah aydın, gah da uzaq, əlçatmaz, xəyali görünürdü.
Стихи других поэтов
Könlümün sevdiyi ey uca dağlar,Ölməyib səfanı bir də sürəydim.
Cib dəftəriİş otağının divarlarına,hər səhər içdiyim çayın buxarına,
Nihani bəslənir ləlin xəyalı can arasındaNihani bəslənir ləlin xəyalı can arasında,Bəli, can riştəsi vardır, deyirlər, qan arasında.
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,