Birinci hissə, onuncu fəsil
− Sən gəl məni düzgün başa düş, Xəzan. Bax, bir aya yaxındı xəstəxanadasan. Maşallah, xeyli yaxşılaşıbsan – dilin, qulaqların, əllərin «dirilib» – doktor Kamilin təbirincə desəm. Sən hamıdan çox, özün-özünü qorumalısan, öz həkimin özün olmalısan, Xəzan. Axı sən… nə danışacaqsan mənə! Axı mən hər şeyi əlimin içi kimi bilirəm – məndən ayrılandan sonra keçən bütün həyatını bilirəm – onları indi təzədən mənə danışmaq, ürəyini yüngülləşdirmək, bir növ etiraf eləmək istəyirsən. Ancaq mən bilirəm ki, sən danışsan, istər-istəməz həyəcanlanacaqsan, əsəblərin gəriləcək, hisslər, xatirələr burulğanına düşəcəksən – bu isə, sənə hələ olmaz, Xəzan.
− Mən onları danışmayacağam, Əsəd.
− Bəs nə danışacaqsan? Çəkdiyin əzabları-əziyyətləri danışacaqsan, eləmi?.. Axı onlar da həyatının bir parçasıdı, Xəzan. Sənin əzabların – sənin ömür yolunun kölgəsidi, nəticəsidi. Onları da danışma – mən onları sənin danışacağından artıq təsəvvür eləyirəm, Xəzan. Odur ki, lazım deyil, Xəzan. Yaxşısı budu, sən mən deyənə qulaq as – allah qoysa, tamam-kamal sağalarsan, səni evə apararam, bax, evdə arın-arxayın, ürəyin istəyən qədər danışarsan.
− Niyə qoymursan… - dedi Xəzangül və sözünün dalını gətirə bilmədi, qəhər boğdu onu, gözləri yaşardı. Əsəd bu an düşündü ki, o özü də qəribə olub: illər uzunu içində, ürəyində dalbadal doğulan suallarına cavablar axtarmışdı, lakin tapa bilməmişdi – çünki bu suallara cavab verə biləcək adama əli, səsi-ünü yetməmişdi. Əli çatanda isə, Xəzangülün danışmaq iqtidarı olmamışdı. Beləliklə, bütün sorğuları cavabsız qalmışdı. Düzdü, onun marağını Sahilə, anasının güzəranından ordan-burdan danışdığı şeylərlə söndürmüşdü, üstünə su çiləmişdi, Əsədi bir qədər sakitləşdirmişdi. Lakin… bütün olub-keçənləri Xəzan-gülün öz dilindən eşitmək necə nə maraqlı idi Əsəd üçün. Buna baxmayaraq, Əsəd bu güclü istəyini boğurdu – Xəzangülün özünün xatirinə boğurdu.
− Bax, görürsən, heç də danışmamış ağlayırsan, Xəzan…
− Danışsam ağlamaram, Əsəd…
Əsəd çarəsiz qaldı. Kətilin üstündən qalxıb onun yastığını düzəltdi. Xəzangülün dodaqlarını dili ilə yaladığını görüb «!Barjom» şüşəsindən armudu stəkana su tökdü:
− Al iç! – dedi – Dil-dodağın quruyub.
Xəzangül nəmli gözlərilə qəmli-qəmli gülümsündü:
− Sən məndən çox yaşayacaqsan, Əsəd.
− Niyə belə deyirsən, Xəzan. Xahiş edirəm belə sözləri dilinə gətirmə.
Xəzangül iki-üç qurtum sudan içib stəkanı Əsədə uzatdı:
− Bilirsən, elə ağzımı doldurub su istəmək istəyirdim səndən ki, sən özün verdin… Sağ ol, Əsəd…
− Dəyməz, Xəzan… Bax, bir az toxdadım indi. Hə, əgər çox istəyirsənsə, danış…
Xəzangül uşaq kimi sevindi:
− Danışım? Danışım deyirsən?
− Hə. Danış, ancaq göz yaşı olmasın, ağlamaq olmasın – Sənə olmaz… Xəzangül elə bil bu sözə – icazəyə bənd imiş. Gözlərini yumdu, ani olaraq susdu – ona indiyəcən elə gəlirdi ki, bircə Əsədin razılığına bənddi – hər şeyi əvvəldən-axıra qədər, yerli-yataqlı danışmağa qadirdi. Amma sən demə, belə deyilmiş. Bütün fikri qarışdı, həyatının ağlı-qaralı günləri gəlib yumulu gözləri önündə canlandı, ancaq qatma-qarışıq şəkildə. Elə halda ki, əvvəli-axırı bilinmədi. Xəzangül çaşıb qaldı. İçini acı bir hiss yandırdı. İyirmi il ərzində – nişan günündən, toy gününədək tutmuş xəstələndiyi günə qədər bir dənə işıqlı, fərəhli, könülaçan bir xatirə tapa bilmədi – hamısı kədər idi, hamısı göz yaşı idi, təhqir idi, təəssüf, peşmançılıq idi. Əvvəllər ona elə gəlirdi ki, həyatından qalın bir kitab bağlamaq olar. Ancaq indi başa düşdü ki, heç nə olmayıb həyatında. Yaşamayıb o, insan kimi ömür sürməyib!.. Kiminsə sözü, təkidi ilə, könlünü
– bahar çiçəyi kimi təravətli, gözəl qəlbini bir zalıma tapşırıb – o da insafsızca, bir-iki dəfə qoxulayandan sonra ayaqları altına atıb, tapdalayıb – evə girəndə tapdalayıb, gecələr tapdalayıb, evdən çıxanda tapdalayıb. Sonra da, o gül solub ətrini, təravətini itirməmiş, çıxıb gedib… Öz həyatını danışmalı olsa, birinci o zalımdan başlamalı idi. Onun adını – Xəzangül indi anladı bunu
– Əsəd kimi bir insanın yanında dilə gətirmək, ən azı onu təhqir etmək olmazdımı?! Xəzangülə elə gəldi ki, Əsədin dünyada bircə nəfər də düşməni ola bilməz. Əgər varsa, o da Aşurzadə ola bilər. Çünki o, təkcə Xəzangülü yox, Əsədin özünü də bədbəxt eləmişdi. Gözlərini açıb Xəzangül Əsədin ağ saçlarına baxa-baxa fikirləşdi ki, bu saçların belə qar olmasında o zalımın az günahı olmayıb. Yox, əsil günah elə Xəzangülündü, Xəzangülündü. «Nə danışım, necə danışım – danışsam ağzımda dilim yanar. Əsəd düz deyirmiş… Danışmaq olmaz, olmaz… Bəlkə elə Əsəd özü də eşitmək istəmir – Qanını qaraltmaq istəmir…»
− Çətindi, Əsəd… - deyə Xəzangül çırpınıb-çırpınıb, nəhayət, dilləndi – Danışa bilmirəm, Əsəd…
Əsəd sevindi:
− Heç lazım da deyil, Xəzan. Vallah, lazım deyil. Elə uşaq kimi, iki ayağını bir başmağa dirəmisən ki, danışacağam. Unut getsin olub-keçənləri.
− Sən unuda bilirsən?
− Yox, Xəzan. Elə deməyimə baxma.
− Mən də unuda bilmirəm, Əsəd… İnsan öz keçmişini necə unuda bilər axı. Bu, qətiyyən mümkün deyil.
− Düzdü, Xəzan. Unutmaq olmur, ancaq danışmamaq ki, olar?
Xəzangül ah çəkib mələfəni boğazına qədər sinəsinin üstünə çəkdi. Sonra baxışlarını dolandırıb Əsədə nəzər saldı. O, yorğun idi. Elə bil, bütün günü daş daşımışdı. Ancaq sifətinə yazılmış əzginlik, yorğunluq gözlərindən uzaq idi. O xırda gözlər lap əvvəldəki kimi heyranlıqla Xəzangülə, onun dən düşmüş saçlarına, əzablı bir ifadə həkk olunmuş sifətinə tamaşa eləyirdi. Bu bir ay müddətində Əsəd bircə an da Xəzangülün yanında olanda çimir eləməmişdi. Xəzangülü huş aparsa da, yatsa da Əsəd elə hey ona baxmışdı – sanki uzun illərin həsrətini canından çıxarmaq istəmişdi. Lakin iyirmi ilin hicranının törətdiyi daxili aclığı bu az müddətdə dəf etmək mümkün olan şeyə oxşamırdı.
Xəzangülün danışmaq həvəsi sönüb getmişdi və buna çox sevinirdi – danışsaydı, şübhəsiz, ağlayacaqdı, halı pozulacaqdı. Bu da yəqin idi ki, Əsədin də könlü pərişan olacaqdı… Amma indi Əsəd… mehriban-mehriban ona baxırdı, gözlərinə, onun hər nəfəsini, hər hərəkətini yığa-yığa baxırdı.
Xəzangül düşündü ki, neçə vaxtdı elə hey özü haqqında Əsədə söhbət eləmək, başına gələnləri danışmaq, onu hali etmək istəyir. İndi anladı ki, bu, etiraf eləmək arzusu imiş. Əsəd isə, buna qulaq asmaqdan qaçır, hər vəchlə qaçır və deyir ki, mən hər şeyi bilirəm sənin haqqında… «Bəs… bəs mən nə bilirəm onun barəsində? Heç nə… heç nə… Bu barədə nədənsə indiyəcən düşünməmişəm. Niyə axı? Vaxtım olmayıb, imkanım olmayıb?.. Yox, qorxmuşam. Soruşmasan da bilirəm ki, onun həyatı da bir həyat olmayıb… Sahilə deyir təkdi, evində arvad-uşaq yoxdu. Sənin şəklini stolunun üstünə qoyub. Yəni evlənməyib? Bəlkə evlənib – ayrılıb?.. Yazıq Əsəd… Səni mən bədbəxt eləmişəm…» – deyə Xəzangül yerində çevrikdi, sağ əlini başının altına qoyub:
− Mən danışa bilmədim, Əsəd. – dedi – Heç olmasa sən danış… Görüm günün-rüzgarın necə keçib, Əsəd?..
− …
− Mən təsəvvür eləyirəm, Əsəd…
− …
− Niyə susursan?
− Nə deyim, Xəzan?.. Həsrətlə keçən ömür, ömür deyil, Xəzan!..
− Kimlə evləndin, Əsəd?.. – Xəzangül özü də bilmədən soruşdu. Əsəd nə üçünsə mənalı-mənalı qımışdı, ah çəkdi. O, bu sualı elə vermişdi ki, guya Əsədin evlənməyi ona qəti aydın idi – sadəcə kiminlə ailə qurduğunu bilmək istəyirdi. Əsəd onu qınamırdı. Çoxları kimi, Xəzangülün özü də, görünür, ağlına sığışdırmırdı ki, könlü bir dəfə qırılan, ilk oxu daşa dəyən Əsəd, daha heç kəsə könül aça bilməyib, nişan taxıb toy eləməyib, ev-eşik, arvad-uşaq sahibi olmayıb. İndi hansı zəmanədi ki, bu cür sevən adam tapasan – belələri, indi demək olar ki, yoxdu. Çıraqla gəzsən bir nəfər tapasan ya tapmayasan. Tapsan da tapmaq istəməzsən. Deyərsən, bu, ağıllı adam deyil. Çünki indi bu gün sevirəm – deyir biri, səhər nişanı qaytarır, o biri gün başqası ilə evlənir. Çünki indi, bu gün arvadı ölür, aparır dəfn eləyir, axşam yasa gələn qadınların arasında özünə bab qadın axtarır gözaltı. İndinin kişiləri belə olub. Əlbəttə, onda təkcə Xəzangül yox, heç kəs inanmaz ki, Əsəd evlənməmiş olar.
Əsəd bayaq Xəzangülün sualını eşidəndə buna görə köksünü ötürmüşdü.
− Bir allah bəndəsilə, Xəzan – dedi Əsəd. Xəzangülün gözləri parladı. «Nə yaxşı. Allah səni xoşbəxt eləməli idi».
− Gözəldi?..
− Hə.
− Bəs indi hardadı?
− İndi?.. – Əsəd cod tüklü başını qaşıdı. – İndi xəstəxanadadı, Xəzan.
− Xəstəxanada? – Xəzangül başını qolunun üstündən qaldırıb dikəldi – Nə danışırsan?
− Hə.
− Nəyidi?..
− Ağır idi, Xəzan. İndi yaxşıdı…
− Bəs… Bəs… sən onu orda, xəstəxanada qoyub… - Xəzangülün səsi titrədi, sözünü bitirə bilmədi. Deməsəydi də, fikri aydın idi: «Onu xəstəxanada qoyub neçə aydı gecə-gündüz mənim yanımda sərgərdansan?» Bu hiss boğazını tıxadı. Gözləri alacalandı. «Gör məni nə qədər sevirmiş bu, ilahi! Öl, yerə gir, Xəzangül».
− Həyəcanlanma, Xəzan… Gündüzlər sənin yanında oluram, axşamlar onun yanına gedirəm…
Xəzangül bir az sakitləşdi.
− Bəs… oğuldan-uşaqdan nəyin var, Əsəd?
− Bir qızım var, Xəzan.
− Allah saxlasın, allah saxlasın… Adını nə qoymusan, Əsəd?..
− Adını? – Əsəd ani sükutdan sonra cavab verdi – Adını Sahilə qoymuşam, Xəzan.
Xəzangülün qulağı guruldadı:
− Nə?
− Sahilə…
− A… Nə xoş təsadüfdü bu, Əsəd…
− Təsadüf deyil, Xəzan. − Əsəd gülümsündü yenə – mən öyrəndim ki, sən qızının adını Sahilə qoymusan, mən də qızımı elə çağırdım, Xəzan…
− Demək, sənin məndən xəbərin varmış… Bəs niyə gəlmirdin, bəs niyə səsini çıxartmırdın, Əsəd?! Niyə özünü göstərmirdin, Əsəd. Gəlsəydin, görsəydim, bəlkə bu hala düşməzdim, Əsəd.
− Nə bilim…
− Bəs… Onun adı nədi?
Əsəd fikirli halda:
− O kimdi? – deyə soruşdu.
− Arvadının adını deyirəm…
− A… arvadımın?.. Hə də, arvadımın… - Əsəd kəkələdi.
– Adı… Xəzangüldü, Xəzan!
− Nə? Nə dedin?.. – Xəzangül qalxıb oturdu.
− Xəzangüldü adı…
− Nə danışırsan, Əsəd?.. – O, demək olar ki, qışqıra-qışqıra dedi bu sözləri – elə şey olmaz, Əsəd…
− Olar, Xəzan… Olar… Mənim bir Xəzangülüm var, Xəzan. Bütün ömrüm boyu bir Xəzangülüm olub, Xəzan – o da sənsən…
− Ay allahım, ay tanrım. Sənə qurban olum – çılğınlıqla söylədi Xəzangül və heç özü də bilmədi çarpayıdan nə zaman yerə düşdü, beş il torpağa dəyməyən ayaqlarını döşəməyə qoyub səndirləmədən şax, qollarını geniş açaraq, onun bu qeyri-adi sıçrayışından səksənib ayağa durmuş Əsədin boynunu qucaqladı, üzündən, gözündən, saçlarından öpməyə başladı. Öpmürdü, duz kimi yalayırdı və nəfəsi tıncıxa-tıncıxa: − Sənə qurban olum, ay mənim allahım, ay mənim tanrım – deyirdi. Əsəd onun çiyinlərindən bərk-bərk yapışmışdı, yıxılacağından qorxurdu. Əsəd heç bilmirdi onun ayağa qalxmağına belə sevinir, yaxud öz əzizini qolları arasında, nəfəs-nəfəsə gördüyündən belə şaddı. Xəzangül qollarını çəkdi Əsədin boynundan:
− O yana dur, Əsəd! – dedi. Əsəd çaşqın halda onun çiyinlərini buraxıb geri çəkildi – Bir az da o yana, Əsəd.
«Bu nədi, məni qovlayır, nədi? Yoxsa, başına hava gəldi?» – deyə düşünürkən Xəzangül bir də yalvarıcı səslə:
− Qurban olum, bir az da o yana dur – dedikdə, Əsəd onun məqsədini başa düşdü və çılğınlıqla deyilmiş bu sözlərin təsiri altında, müti bir uşaq kimi, lap qarşı divarın dibinə çəkildi. Elə bu zaman Xəzangül durduğu yerdən quş kimi qopub, qollarını geniş açaraq Əsədə sarı yeridi. Hərəkətlərində, addımlarında bir qətiyyət vardı, qorxu-ürkü hissindən uzaq idi Xəzangül… İki-üç addımlıq yolu gəlib ona çatanacan Əsəd ürəyini yedi, özünü saxlaya bilməyib, o da qolları havada ona sarı əyildi. Və sarmaşdılar. Əsəd onu öpə-öpə belindən yapışdı, ayağını yerdən üzüb fırladı…
− Sən yeriyirsən, Xəzan – dedi Əsəd qışqıra-qışqıra.
− Mən yeriyirəm, Əsəd – Xəzangül havada fırlana-fırlana söylədi. – Qoy məni yerə, qoy məni döşəmənin üstünə.
Əsəd onun üzündən, saçlarından öpə-öpə ehmalca yerə qoydu, çəkilib kənarda dayandı. Xəzangül ona, özünün ayaqlarına baxdı, baxdı, yox yıxılmırdı. Yox, o, ayaq üstə dayanmışdı. Birdən Xəzan-gül təzədən yerindən qopdu, Əsədə sarı gəldi və onu qucaqlayıb üzündən, pencəyindən öpə-öpə sürüşüb ayaqlarına yıxıldı:
− Sənin ayaqlarından öpəcəyəm, Əsəd. – dedi, ancaq Əsəd buna imkan vermədi, qolları altından tutub qaldırdı və sinəsinə sıxdı…
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-olum-yoxdur-birinci-hisse-onuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Buxarı gurhagur yanırdı. Üst-üstə qalanmış daş kömür parçaları nazik, şəffaf alov dilləri altında qızıl külçəsi kimi par-par parıldayıb qızarırdı. Buxarının yanları da qızarmışdı. Əziz xan sol tərəfdə, Bəbir sağ tərəfdə yumşaq kresloda əyləşmişdi. Bayaqdan heç biri danışmırdı. Əziz xanın sur təsbehinin aramsız şıqqıltısından başqa otağın sakitliyini heç nə xələldar eləmirdi. Bəbir əlində tutduğu güllü piyalədən qurtum-qurtum çay içir, iri gözlərini qızarmış buxarıya zilləyib düşünürdü. Aradakı darıxdırıcı sükutu Əziz xan pozdu:– Nə yaman fikirlisən, oğul? Nə olub belə? Bəbir boş piyaləni böyründəki kətilin üstündə olan siniyə qoyub:
Dördüncü hissə, dördüncü fəsil...Dünya xanım səhər tezdən yuxudan ayılanda Nəcməddini yanında görməyib heyrətləndi. Şirin-şirin gərnəşib əsnəyərək, ətrafına baxındı və ərini çarpayıda yox, otağın o başında qoyulmuş yumşaq divanda pallı-paltarlı yatmış görəndə təəccübü daha da artdı. «Bu orda niyə yatıb?» — Varlığında dolaşan ilk sual bu oldu, sonra yenə səssizcə ürəyində: «Özü də paltarlı» — dedi. Dünya xanım başını silkələyib tam ayılmağa çalışdı və keçən axşamkı xudmani məclisi xatırladı: «Hə, içmişdi axşam. Lap çox içmişdi. Yəqin bərk sərxoş olub, ya soyuna bilməyib, ya da yadından çıxarıb soyunmağı?!»Neçə il birgə yaşadıqları muddətdə belə şey olmamışdı. Əvvələn, Nəcməddin heç vaxt bu qədər içməmişdi, dünən nə isə dəmi gəlmişdi, ya çərxi dönmüş o Əbdülün həvəsinə düşüb içmişdi — o, bilmirdi. İkincisi, hər dəfə içəndə; Nəcməddin daha da şən, gümrah olurdu, Dünya xanımın yatağına girər, onunla mehribanlıqla, nəvazişlə rəftar edər, səhərə az qalana qədər, yorulub əldən düşənə qədər Dünyanı yatmağa qoymaz, gah zabitəli olar, gah da uşaq kimi ağlardı. Belə gecələrdə Dünya xanım özü də Nəcməddinin nazı ilə az oynamamışdı.
Dördüncü hissə, beşinci fəsilAz qala gen-bol otaqlarına, doğma şəhərinə, məmləkətinə sığışmayan şairi, balaca, sement döşəməli, adam boyundan yuxarı, göyərçin hininin qapısı boyda pəncərəsi, lay dəmir qapısı olan bir otağa salmışdılar. Gündüz o əl boyda pəncərədən gün işığı düşürdü içəri, axşamlar tavandan asılmış iyirmi şamlıq elektrik lampası solğun-solğun parıldayırdı. Divarın sol dibində qırmızı kərpicdən tikilib suvanmış daş «divan» vardı — Məhəmməd Şəfi onun üstündə oturur, onun üstündə yatırdı. Havası xəfə idi, rütubət iyi verirdi. Bu otaq uzun, alaqaranlıq dəhlizin lap axırında yerləşirdi. Dustaqlar arasında «otaği-siyasi» adı ilə məşhur idi. Buraya ancaq siyasi işlər üstündə həbs olunmuş, siyasi cəhətdən qorxulu adamlar salınırdı və onları əsl ad-familiyası ilə yox, «siyasi» kəlməsi ilə tanıyırdılar. Mühafizlər dəhlizdə gəzinir, nizam-intizama diqqət yetirir, belə «siyasi»lərin o biri dustaqlarla təmasda olmasına heç cür imkan vermirdilər.O biri tərəfdə, həyətin o başında ümumi həbsxana yerləşirdi. Bir sözlə, bura daş hasarlı, tikanlı məftilli, dəmir qapılı, qarovulçulu balaca bir şəhər — dünya idi. Buranın da sakinləri vardı, daimi və müvəqqəti sakinləri vardı, varlısı, kasıbı vardı, oğrusu vardı, davakarı vardı, işləyəni, işləməyəni vardı, «padşahı» vardı — amiri-həbsxana idi. Casusu, xəfiyyəsi də vardı. Şairləri də vardı — Rəhgüzər idi, Elməddin idi. Elməddin «ümumilər» içərisində idi, Şəfi kimi, hamıdan ayırmamışdılar.
Dördüncü hissə, altıncı fəsilHəbsxana rəisinin kabinetinin böyründə dəmir qapılı bir otaq da vardı: qapının üstünə qara hərflərlə «istintaq otağı» sözləri yazılmışdı və Elməddin burada indiyə qədər bircə dəfə olmuşdu. Qolları qandallı gətirmişdilər, danışdırmışdılar, hədələmişdilər, sonra yenə aparmışdılar.İndi də o qapının ağzına çatan kimi Elməddin anladı ki, yenə sorğu-sual başlanacaq, yenə o dazbaş, eynəkli müstəntiqin üzünü görəcək və nalayiq sözlərini eşidəcək. İkrah hissi duydu ürəyində. Mühafiz demək olar ki, onu itələyib saldı içəri. Otaq həmin otaq idi, müstəntiq də həmin müstəntiq. Ancaq arxası qapıya tərəf oturmuş çalsaç bir adam da vardı. Arxadan Elməddin onu tanıdı. Bu, Şəfi idi. Qəlbi çırpındı, ani olaraq özünü ustadın üstünə atmaq, qucaqlayıb əllərindən öpmək arzusu bütün vücudunu sardı, lakin dayandı: «Olmaz, olmaz!» — beynində özünə əmr elədi. Şəfi əvvəlcədən bilirdi ki, Elməddini gətirəcəklər, çünki müstəntiq yanındaca həbsxana rəisinə onu bura gətizdirməyi tapşırmışdı. Buna görə Şəfi Elməddinlə necə görüşəcəyini irəlicədən müəyyənləşdirmişdi. Şəfinin bu cavan oğlana yazığı gəlirdi, onun arzularına, ürəyinə yaxşı bələddi, onu heç nədən, yolunun lap başlanğıcında qurban vermək olmazdı. «Hər şeyə dözmək lazımdı, nəyin bahasına olursa-olsun onu xilas etmək gərəkdi. Nəcməddin də görünür, bacara bilmədi, azad elətdirə bilmədi onu». — Şəfi belə düşünürdü və bütün fikri-zikri bunda idi ki, görüş zamanında özünü ləyaqətlə apara bilsin. O, Elməddindən qorxurdu ki, birdən dözə bilməz, hisslərini cilovlaya bilməz və onda hər şey məhv olub gedər.
Стихи других поэтов
Ey ağalar necə olurHalı yardan ayrılanın
Tərcibənd: Ey tərfə nigari mah-ruxsarEy tərfə nigari, mah-ruxsar,Ey hur-ləqa, fəriştəkirdar,
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.