Dördüncü hissə, üçüncü fəsil
Buxarı gurhagur yanırdı. Üst-üstə qalanmış daş kömür parçaları nazik, şəffaf alov dilləri altında qızıl külçəsi kimi par-par parıldayıb qızarırdı. Buxarının yanları da qızarmışdı. Əziz xan sol tərəfdə, Bəbir sağ tərəfdə yumşaq kresloda əyləşmişdi. Bayaqdan heç biri danışmırdı. Əziz xanın sur təsbehinin aramsız şıqqıltısından başqa otağın sakitliyini heç nə xələldar eləmirdi. Bəbir əlində tutduğu güllü piyalədən qurtum-qurtum çay içir, iri gözlərini qızarmış buxarıya zilləyib düşünürdü. Aradakı darıxdırıcı sükutu Əziz xan pozdu:
– Nə yaman fikirlisən, oğul? Nə olub belə? Bəbir boş piyaləni böyründəki kətilin üstündə olan siniyə qoyub:
– Heç! — dedi.
– Yox, oğul, görürəm, vəziyyətin neçə vaxtdan bəri yaxşı deyil. Ordusu əsir düşmüş sərkərdəyə oxşayırsan.
Bəbir təəccüblə atasının üzünə baxdı: o, Bəbirin düşdüyü vəziyyəti qocaman bir hərbçi kimi necə də dəqiq ifadə elədi bir cümlə ilə. Doğrudan da Bəbirin indiki halı eynilə belə idi, atasının dediyi kimi. Onun ən yaxşı, bacarıqlı, iş görən «əskərləri» düşmən əlində idi: Məhəmməd Şəfi Rəhgüzər, Elməddin, Şeyx Əhməd indi artıq neçə müddətdi ki, həbsxanada idi. Təşkilatın danışan dili olan qəzet susmuşdu. Bəbirin səsi heç kimə çatmırdı. Halbuki indi daha cəsarətlə, daha qətiyyətlə iş görmək — hücum etmək, kütlələri silahlandırmaq lazım idi. Düşmən onu, belə bir məsul və həlledici vaxtda susmağa vadar etmişdi. Nə vaxtdı ki, yaranmış bu gərgin vəziyyətdən çıxış yolu axtarır, ancaq bir yana çıxara bilmirdi. Doğrudur, şəhərdə, yerlərdə iş dayanmamışdı, azadlıqda qalan, gizli fəaliyyət göstərən yoldaşlar boş-bikar dayanmamışdılar, gecə-gündüz çalışırdılar, təşkilatın əsas məramını camaat arasında yayır vz izah edirdilər. Ancaq bu çox az idi, çox az...
Bəbirin bir də əsas nigarançılığı həbs olunmuş yoldaşlardan sarı idi. Onlar siyasi işdə çox gərəkli, nüfuzlu adamlar idi, onların yoxluğu o saat hiss olunurdu. Onların taleyi Bəbiri bir an da rahat buraxmırdı. Necə olur olsun, bir tədbir görmək, onları dörd divar arasından xilas etmək gərək idi. Lakin necə?
Bəbir atasının üzünə baxıb qəmli-qəmln gülümsündü:
– Bunu yaman dedin, qibləgahım, həqiqətən də belədir.
– Mən bilirəm ki, Rəhgüzər və Elməddin sənin dəstənin ən ləyaqətli üzvləridir, oğul. Onların həbsxanaya düşməsi, ruznamənin bağlanması sizin işə çox böyük ziyan vurub. İş bununla bitmir hələ. Məni qorxudan bir də budur ki, həbs olunan yoldaşlarınızdan, allah eləməmiş, zəiflik göstərsə, satılsa, təşkilatınızın varlığı, umumən yaşaması təhlükə altına düşəcəkdir. Onda sən də kedəcəksən, oğul.
– Sən mənim üçün qorxursan, qibləgahım?
– Niyə də qorxmayım, bala? Mənim səndən başqa kimim var ki?
– Qorxma məndən, qibləgahım! Lap elə tutulub öldürülsəm də, bu sənə başalçaqlığı gətirməz, əksinə, sən başıuca gəzə bilərsən. Sənin oğlun bu xalqın azadlığı uğrunda ölə bilsə, bu sənin üçün ancaq şərəf olar, qibləgahım. Amma belə olmaz, biz yaşamalı və mübarizə aparmalıyıq, qibləgahım. Sən mənim yoldaşlarımdan qorxma — onlar ölərlər, ancaq satılmazlar. Şəfi, Elməddin, Şeyx Əhməd son dərəcə etibarlı və iradəli adamlardı, qibləgahım.
– Eh, ay oğul. Sən cavansan, sən hələ çox şeyləri bilmirsən, Bilmirsən ki, bu istexbarat necə fitnə-fəsad ocağıdır, qan çanağıdır. Bu taxt-tac onların üstündə bərqərar olub, bala. Onlar ölünü də danışdırırlar, dəmiri də dilə gətirirlər, oğul. İyirmiici əsrin əsrarlı texnikası tək yer üzündə, fəzada yox, zirzəmilərdə də çox dəhşətli işlər görməyə qadirdir. İnsan ağlının kəşf edib yaratdığı növbənöv əsləhədən, cihazlardan həmişə insanın xeyrinə istifadə olunmur, oğul, bəzən onlardan insanı diz çökdürmək, məhv etmək üçün də istifadə eləyirlər.
– Tamamilə doğru buyurursan, qibləgahım. Ancaq bunların hamısından küclü bir silah da var insanın əlində. O da onun məsləki, iradəsidir.
Məsləki yolunda ölənlər çox olub, bilirəm. Lakin can da şirin şeydi. Deyirlər su meymunun boğazına çatanda, balalarını ayağının altına qoyur.
– Hələ ki bizim yoldaşlar möhkəm dayanıblar, hələ ki heç kəsi ayaqlar altına qoymayıblar, qibləgahım.
– Təki elə olsun, oğul. Əgər sənin yoldaşların da sənin kimi dönməzdirlərsə, onda qorxusu yoxdur. Mən səni yolundan döndərə bilmədim, ancaq sən məni bu qoca vaxtımda öz yolumdan döndərdin, oğul. — Bunu deyib qoca general məmnun halda gülümsündü.
– İndi ağıllı və qeyrətli adamların yolu ancaq budur, qibləgahım. — Susdular. Bəbir durub əlini belinə qoyaraq gəzinməyə başladı. Əziz xan onun boy-buxununa, enli kürəyinə, qara, cod saçlarına arxadan tamaşa eləyib fərəhləndi. eynən özü idi, öz gəncliyi idi; öz yerişi, duruşu idi. Qoca general düşündü: «İnsan öz övladının simasında yenidən dünyaya gəlir. Budur, bax, qurban olduğum lap mən özüməm. Ancaq gör nə böyük fərqimiz var. Mən bu yaşda olanda nə düşünürdüm, bu nə düşünür. Bir zamanlar mənim həvəslə qurub-yaratdığım, müdafiə elədiyim, keşiyində durduğum həyatı indi bu uçurmağa, dağıtmağa, onun xərabələri üzərində təzə dünya qurmağa çalışır. Görünür, hər dövrün, hər nəslin öz tələbi, öz vəzifəsi var. Dünən biz məmləkətin qanını soran, var-yoxunu talan eləyən xariciləri qovmalı idik, xalqı onların zülmündən, həqarətindən xilas etməli idik; bu, bizim nəslin qarşısında duran ən müqəddəs vəzifə idi və biz bunu canla-başla yerinə yetirirdik, öz əlimiz, öz başımız olsun — deyirdik. Onda qabağa düşüb bizi mübarizəyə aparanlara inanırdıq, etibar edirdik, onları bu xalqın, bu torpağın əsl rəhbəri, sahibi hesab eləyirdik. İndi isə... vəziyyət, görünür, tamam dəyişib. İndi həmin adamlar, həmin xanədan, həmin quruluş bu millətin düşməninə çevrilib. Soyub-talayır. Zülm ərşə dayanıb. İndi bizim övladlarımız bu xanədanı, bu quruluşu uçurub dağıtmaq istəyir. Həyat nə qəribədir! Görünür, belə çıxır ki, biz aldanmışıq? Ya kim bilir, bəlkə bunlar — Bəbirgil aldanır? Yəqin hər nəslin öz vəzifəsi və eyni zamanda, öz faciəsi var ki, illər, uzun illər keçəndən sonra öz ağrılarını-əzablarını göstərir».
Qoca general çaydandan piyaləsinə çay süzdü. Hələ də otağın enini-uzununu ölçən oğluna müraciətlə:
– Gəl otur, sənə bir-iki sözüm var! — dedi...
Bəbir otağın başında ayaq saxladı, atasına diqqətlə baxdı, heç nə demədən gəlib kresloda əyləşdi və sual dolu nəzərlərini kişinin qayğılı sifətinə zilləyib durdu.
Əziz xan artıq soyumuş çaydan bir qurtum içib dodaqlarını yaşlayandan sonra:
– Mən sizin proqramınıza-filana yaxşı bələd deyiləm, oğul. Sən bir çox şeyləri məndən pünhan saxlayırsan. Görünür, hələ etibar eləmirsən. Bu, sənin yaxşı cəhətindir, mən bunu təqdir edirəm. Ancaq mən hiss edirəm ki, sizin işiniz deyəsən, birtərəfli gedir.
– Nə mənada, qibləgahım? — deyə Bəbir maraqla soruşdu və hiss elədi ki, dünyagörmüş atası indi nə isə faydalı bir şey deyəcək. «Öyrənmək heç vaxt kec deyil» — deyə ürəyindən keçirtdi.
– O mənada ki, siz fəaliyyətinizi, deyəsən, hərtərəfli ölçüb-biçməmisiniz. Mən görürəm ki, siz ancaq qara camaata, az-maz əmələyə istinad edirsiniz, halbuki onların əlində heç nə yoxdur. Təkcə iki əllərinə çatır onların kücü — yabasına, dəryazına, çəkicinə. Daha böyük bir qüvvə var ki, siz ondan yapışmağı unutmamalısınız.
– Hansıdı o qüvvə?
– Ordudu, oğul. Ordu — bu quruluşun, bu səltənətin ən böyük istinad nöqtəsidir. Və yuxarıda oturanlar ancaq və ancaq ona arxalanırlar. Əbəs deyil ki, sənin cəmiyyətində ordu zabitləri ən yüksək maaş alırlar, ən yaxşı yaşayan zümrədirlər. Silah onlarda, top-tüfəng onlarda. Unutma ki, bunlar sənin əlahəzrətinə təkcə xarici basqınlardan qorunmaq üçün lazım deyil, onlar eyni zamanda daxildən baş qaldıranları əzmək, yerlə yeksan eləmək üçün də lazımdır. Və ən çox bunun üçün lazımdır, oğul. O biri yandan da siz bir şeyə də diqqət yetirin; şərq məmləkətlərində, xüsusən ərəb dünyasında çevriliş edənlər kimlərdi? Hərbçilər. Çünki onlar həmin ölkələrin ən qadir qüvvələridir və onlara istinad edənlər həmişə qalib gəliblər. Bu təcrübədən siz nahaq istifadə etmək istəmirsiniz, oğul.
– Ağıllı və faydalı məsləhətlərin üçün çox sağ ol, qibləgahım. Sənin bu sözlərin məni çox sevindirdi. Sən əməlli-başlı siyasət adamı imişsən, qibləgahım.
– Bir elə də yox, — Əziz xan güldü, — ancaq azdan-çoxdan başım çıxır.
– Biz sən deyən nöqtəni unutmamışıq. Biz ordunun kücünü və imkanlarını yaxşı bilirik. Əlbəttə, sənin bildiyin qədər yox, — lakin bilirik. Ordu daxilində, əskəri hissələrdə iş gedir, yaxşı adamlarımız var zabitlər arasında. Ancaq biz bu işi çox ehtiyatla görürük, kiçicik bir səhv hər şeyi alt-üst eləyə bilər.
– Düzdür. Əgər belədirsə, siz nə isə edə biləcəksiniz, buna inanmaq olar.
Bəbir başını tərpətməklə «hə!» — dedi. Bu vaxt Hikmətəli içəri girdi və üzünü Bəbirə tutub söylədi:
– Ağa, sizi bir nəfər istəyir!..
Bəbir qalxıb çölə çıxdı. Həyətdə, qarın içində şaxtababaya oxşayan adamı əvvəl tanıya bilmədi. Gələn adam qaragül papağını çıxarıb qarını çırpanda Bəbir onu tanıdı. Bu, Ziyaülhəqq idi. Başını tərpətməklə salam verdi:
– Gəl yuxarı, gəl.
…Onlar ikisi oturmuşdu üz-üzə. Ziyaülhəqq əlini buxarıya tutub qızınırdı — barmaqları xoş bir gizilti ilə sızıldayırdı. Hikmətəli təzə çay gətirmişdi. Bəbir nigaran-nigaran ona baxırdı, nə deyəcəyini gözləyirdi. Nəhayət, o, ağır-ağır dilləndi...
– Şeyx Əhməd...
Bəbirin ürəyi ayaqlar altına düşdü:
– Satdı?
– Yox... Öldü...
– Necə??
– Hə! Öldü...
– Öldü, ya öldürdülər?..
– Yox, özünü öldürdü.
– Nə danışırsan?
– Bəli... tiryək atıb özünü öldürdü. Dünən axşam... Çox işkəncə verirmişlər. Görünür, dözməyib...
Bəbirin iri gözləri qıyıldı, bəbəklərindən qığılcım kimi od parladı az qala. Əlləri düyüldü... Lakin susdu...
Bu dəfəki sükut uzun çəkdi, çox uzun. Nəhayət, Bəbir titrək səslə:
– Qəbri nurla dolsun!—dedi. Bəs Şəfinin, Elməddinin halı necədi?
– Elməddin yaxşıdı. Ancaq Şəfinin hücrəsinə casus salıblar. Söz çəkmək üçün... Yenə araya ağır sükut çökdü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-efsanesiz-iller-dorduncu-hisse-ucuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bəhruz başını qaldıranda özünü kitabxananın qabağında gördü. Xatirə burada işləyirdi. Bu kitabxana Bəhruz üçün nə qədər də əziz və unudulmazdı. Burada onun gənclik xatiratı yaşayırdı. hər dəfə bura gələndə o, Xatirənin eşqinə düşdüyü ilk günlərdə olduğu kimi, həyəcanlanır, o vaxt keçirdiyi halları yada salıb xoşbəxtliklə gülümsünürdü. Bəhruzu Xatirə ilə bir yerdə işləyən qızlar da yaxşı tanıyırdı; o bura gələndə qızlar başına yığışır, deyib-gülür: «Ey, bizim Xatirəii az incit ha, evdə. Yoxsa səni kitabxanamızın üzvlüyündən çıxardarıq», – deyə zarafat edirdilər.Ancaq bu gün Bəhruz həmişəki kimi şən və üzügülər deyildi. Qayğılı, fikirli olduğu o dəqiqə nəzərə çarpırdı. Oxu zalının qabağında qarşısına çıxan Xatirə onu belə pərişanhal görüb tez soruşdu:
XIV fəsilBəhruz dəhlizdə həkim Sultanzadə ilə qarşılaşdı. Balaxanım da yanında idi.– Salam, salam, Bəhruz, necəsən?! – deyə baş həkim gümrahlıqla Bəhruza əl verdi.
Birinci hissə, birinci fəsilQara «Volqa»nın yanında dayanmışdı, sol əlini böyründəki uzun gövdəli ağaca söykəmişdi, sağ əlinin dırnaqları saralmış barmaqları arasındakı siqareti tez-tez sümürür, nigarançılıq içində çırpına-çırpına küçənin gah aşağı, gah yuxarı tərəfinə boylanırdı: kimisə gözlədiyi o dəqiqə nəzərə çarpırdı. Ağ, kraxmallı köynəyinin yaxasının üst düymələrini açmış, ortasına qızıl sancaq taxılmış qara qalstukunun yaraşıqlı düyününü boşaltmışdı. Bir yerdə dayanmışdı, qaçmırdı, qovan yox idi, amma buna baxmayaraq tövşüyürdü, ürəyi sinəsində tora düşmüş balıq kimi çabalayırdı. Qarışıq, dumanlı, çalpaşıq fikirlərdən, neçə aydan bəri bütün varlığın qurb kimi gəmirib didən və cavabsız qaldığından dəli olmaq dərəcəsinə gətirən suallar azmış kimi, dünən səhər, saat doqquza qalmış, işə gedərkən kənarda, uzaqda yox, elə maşının içində tamamilə təsadüfən gördüyü və hələ də düz-ağıllı dərk eləyə bilmədiyi qəribə bir müəmmadan şişib keyləşmiş başı elə bil ağır, pudluq daşa dönüb çiyinlərindən aşağı basır, şax qədd-qamətini əyir, öz gözünün qabağında onu açıq-aşkar balacalaşdırırdı.Suallar, suallar… Ən dəhşətlisi bu idi ki, cavabsız suallardı bunlar və onu yandıran da o idi ki, özünü dünyanın ağıllıbic, çoxbilmiş adamlarından sayan o, bunların heç birinə yerli-yataqlı, ürəyini soyudub sərnidən bir cavab tapa bilmirdi ki, bilmirdi. «Məni niyə ordan ⎯ yuxarıdan ⎯ Mərkəzi Komitədən çıxartdılar? Səbəbkarı kim idi? BİRİNCİ ⎯ təzə gələn? O, məni şəxsən tanımırdı, münaqişəmiz olmamışdı. Ola bilməzdi ki, elə durduğu yerdə, gecə yatıb yuxusunu görsün və səhər məni səbəbsiz-filansız ordan uzaqlaşdırmaq fikrinə düşsün. Yox, burada şeytan barmağı var idi: amma kimin idi o barmaq, kimin? ⎯ Bir cavabsız sual idi bu. «Bu cəhənnəm. Yüksək vəzifədən çıxarılan nə birinci adamam bu dünyada, nə də axırıncı.
Birinci hissə, ikinci fəsilAslanla Leyla arxa tərəfdə, yanaşı oturmuşdular. İkisi də gərginlik içindəydi, ancaq heç biri dinib danışmırdı. Əslində isə hər ikisi, daha doğrusu, hər üçü ürəyində danışırdı. Aslan bağa getmək fikrinin baş tutmasına, Leylanın buna razılıq verməsinə sevinsə də, hadisələrin necə cərəyan edəcəyindən, söhbətdə nələr eşidəcəyindən yaman bərk nigarançılıq keçirirdi. Hiss eləyirdi ki, irəlidə onu dəhşətli, sarsıdıcı şeylər gözləyir, bunları bilmək, bəlkə də ürəyinin partlaması ilə nəticələnəcəkdi, lakin bütün bunlara baxmayaraq, o, dizləri əsə-əsə bu mənasız ölümə doğru könüllü surətdə özü gedirdi, çünki daha dözümü qalmamışdı; «Nə olacaq qoy olsun, birdəfəlik bu daxili əzablardan canım qurtarsın». Özü haqqında fikirləşirdi, böyründə əyləşmiş Leyla xanım barədə heç nə düşünməməyə çalışırdı, çünki artıq qorxurdu. Qadın gözünün odunu yaman almışdı ipə-sapa yatmayan, təbiəti etibarilə hökmlü adam olan Aslan, necə deyərlər, özü də fərqinə varmadan, quzuya dönmüşdü və artıq əmin idi ki, Leyla xanım insafsızlıq eləyib desə ki, təpəsi üstə dayan, heç bir etiraz eləmədən, «Axı niyə? Axı sən kimsən ki, mənə belə əmrlər verirsən?» ⎯ söyləmədən dayanacaqdı. Həm gülməliydi, həm ağlamalıydı onun halı, lakin təəssüf ki, nə gülə bilirdi, nə ağlaya bilirdi.Leyla xanım sürücünün arxasındaydı, onun boynunun ardına baxırdı, Aslan barədə düşünmürdü, çünki fikrini qarşısındakı beli azca donqar, saçları artıq çallaşmış, enli kürəkli, ba-yaqdan bəri dinib-danışmayan, ancaq yola baxan sürücü cəlb eləmişdi. Kişi tez-tez ah çəkirdi və sərnişinlərin də eşidə biləcəyi səslə: «Allah, sən özün kömək ol, ümid bir sənə qalıb» ⎯ deyirdi. Ürəyindən keçirdiklərini isə Leyla aydın eşidirdi: «İlahi, sən özün mənim aman-zaman qız balamı o odun-alovun içində hifz elə. Nə anasının sözünə baxdı, nə mənim. Elə bil Vətən tək bunundu, elə bil Qarabağda dünyaya gəlib. Yazıq heç Qarabağın üzün də görməmişdi. Dünyanın düz vaxtı elə hey dedim ki, yığım arvad-uşağı, aparım oralara, İsa bulağının üstünə, gəzsinlər, görsünlər, qismət olmadı. Zalım uşağı oturublar burda, stol üstündə, vəzifə üstündə bir-birinin ətini ye-yirlər, orada isə torpaq əldən gedir, lay divar kürəkli cavanlarımız qırılır. Hamısı da kasıb-kusub balasıdır. Bir dənə dövlətlinin, vəzifəlinin oğlu, qardaşı yoxdu orda. Allah eləməmiş, o qızın başına bir iş gəlsə, anası dəli olacaq. Elə indi öz-özünə danışır, televizorun, radionun qabağından çəkilə bilmir. Ay atam-qardaşım, bizim bu böyüklərimiz niyə belə qeyrətsiz oldu görəsən? Bunlar gecələr evlərində necə rahat yata bilirlər, ilahi? Boğazlarından çörək necə keçir? Yox, o uşağıma bir şey olsa, baxmayacağam ağına-bozuna, işimi-gücümü atacağam, güdəcəyəm, o şərəfsizin başına harada əlimə keçsə, bir güllə çaxacağam. Yoxsa mənim ürəyim soyumaz.» Kişi cismən burdaydı, maşının içindəydi. Ancaq Leyla hiss eləyirdi ki, o, fikrən ordadı, cəbhədədi ⎯ qızının yanındadı. Kim də başa düşməsə, Leyla onu yaxşı başa düşürdü, çünki özü də o dərdliydi, çünki onun da, ailəsinin özündən sonra sağ qalmış yeganə nümayəndəsi ⎯ yeganə qardaşı Mərdan da cəbhədəydi: Leyla nə qədər eləmişdi, bu sürücünün qızı kimi, onu fikrindən döndərə bilməmişdi. «Yox, bacı, ⎯ demişdi Mərdan, ⎯ mən qala bilmərəm, mən atamın, qardaşımın, öldürülənlərimizin, buzda-şax-tada donanlarımızın, evimizin-eşiyimizin intiqamını almasam, yer üzündə yaşaya bilmərəm, bacı. Sən nahaq ağlayırsan, nahaq yalvarırsan, bacı, məni sən yox ha, Allah özü də gəlsə saxlaya bilməz. Mən getməliyəm». Və doxsanıncı ilin fevralında, imperiyanın qırmızı ordusunun rəhmsizcəsinə biçib məhv elədiyi şəhidlərin qırxı çıxan günün səhəri, tək-tənha «Şəhidlər xiyabanına» gedərək qərənfil yorğanı altında uyumuş qurbanlarımızın məzarları arasında gəzinə-gəzinə səssiz-səmirsiz and içmiş, oradan da çıxıb getmişdi. Elə o zaman Leyla qardaşının gələcək bədbəxt taleyindən xəbərdar idi, lakin açıb ona deyə bilmirdi, buna görə də həmişə dərd çəkirdi. Mərdan hələ sağ idi, vuruşurdu və hələ vaxtına çox vardı ⎯ dəhşətli sona hələ çox qalırdı.
Стихи других поэтов
Yenə bır mahlıqa şolə salıb bag içrə,Sanki tavusi-çəmən çətr vurub zağ içrə.
GörüşəndəBağ arası sular daşar,Qönçə güllər pıçıldaşar.
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.