Dördüncü hissə, ikinci fəsil
Страница 1 из 2
Yaxşılıq itmirmiş — düz imiş. Elməddinin öz sürücüsü Əhədulla ilə xoş, mehriban münasibəti səkkiz-doqquz uşaq atası olan, kasıb güzəran keçirən, balalarını pendir-çörəklə güclə dolandıran Əhədullanın ürəyində, taleyində silinməz iz buraxmışdı və ona elə gəlmişdi ki, heç bir qohum-əqrəbası, yaxını-simsarı olmayan bu qatmaqarışıq şəhərdə özünə bir qardaş tapıb, arxa tapıb. Həyatda o qədər çətinliklər və pis adamlar görmüşdü ki, Elməddinə rast gələndə, onun insani rəftarını görəndə əvvəl inanmaq istəməmişdi, «yəqin bu da bir kələkdi» — deyə düşünmüşdü, çünki iyirmi il yaşadığı, dolaşdığı bir mühitdə böyükdən-kiçiyə hamının bir-birini aldatmaq, pulunu, son tikəsini əlindən almaq istədiyinin dəfələrlə şahidi olmuşdu. Varlı da, yoxsul da gözdən tük qapmağa, yumurtadan yun qırxmağa çalışırdı — varlı daha dövlətli olmaq üçün, yoxsul azca da olsa güzəranını yaxşılaşdırmaq üçün... Ancaq Elməddin belə deyildi: Əhədulla onun rəftarına, işinə, ürəyinə baxanda sanırdı ki, o bu şəhərə ya göydən gəlib, ya tamam başqa bir aləmdən. O, Əhədulla ilə bir insan kimi davranır, dərdləşir, məsləhətləşirdi, yeri gələndə öz sürücüsünün həyatı ilə maraqlanır, lazım olanda ona əl də tuturdu. Bu, Əhədullanın o qədər xoşuna gəlmişdi ki, indi özünü bu böyük şəhərdə tək, kimsəsiz hesab eləmirdi, arxalı sayırdı. Evdə arvadının, uşaqlarının yanında o qədər Elməddindən danışmışdı ki, hamısı onu əziz adamları sayırdı. Üzünü görmədikləri adamın adını «əmi» deyə yad edirdilər. Arvadı isə Elməddinin adını çəkəndə yanına bir «qardaş» kəlməsi də əlavə eləyirdi. O, demək olar ki, qiyabi surətdə hələ bircə dəfə də ayaq basmadığı bu evin, bu ailənin hörmətli bir üzvü olmuşdu. Qızlar Elməddinin alıb göndərdiyi parçadan paltar tikdirib geyəndə «Bunu mənə Elməddin əmi alıb!» — deyə öyünürdülər və Əhədulla uşaqlarının — indiyə qədər təzə parçadan paltar geyməmiş qızlarının sevincini görüb qəlbində ona dua eləyir, «dünyada yaxşı adamlar da varmış, —deyirdi. — Mən ömrüm boyu, son nəfəsimə qədər sənin bu yaxşılığını yadımdan çıxartmaram, ağa!».
Ancaq Əhədullanın xoş günləri uzun sürmədi: Elməddini həbs elədilər. Bu xəbəri eişdəndə o, yamanca sarsıldı. Qulaqlarına inanmaq istəmədi, «ola bilməz!» — dedi. Həmin sözü Elməddinin arvadı — Zərrintac da söyləyəndə onun inanmaqdan özgə çarəsi qalmadı. Uşaqları, arvadı isə bu xəbəri lap matəm kimi qarşıladılar. Üstlərinə su çilənmiş kimi boyda-boyda bir-birinin yanına düzülüb məyus halda başlarını aşağı saldılar.
Bax, bu zaman Əhədulla özünü bu böyük və qatmaqarışıq şəhərdə yenə kimsəsiz hesab elədi və dərd onun belini bükdü. Səbəbini anlaya bilmirdi. Bilmirdi ki, Elməddini nəyin üstündə həbs ediblər. Ancaq idarədə xidmətçilərdən biri onu başa saldı: «Baş vəzirin karikaturasını çəkib ruznamədə. Ona görə...» Əhədulla üzdə bir söz deməsə də, ürəyində «əcəb eləyib?» — dedi və Elməddinə bəslədiyi rəğbət hissi daha da artdı.
Lakin Əhədulla Zərrintac xanımla bu barədə söhbət eləyəndə xeyli məyus oldu. Kişi gördü ki, Zərrintac xanım bu xəbərdən o qədər də pərişan deyil, üz-közündə də elə bir dəyişiklik filan yoxdu. Ağlamırdı, sıtqamırdı. Elə bil heç onun ərini həbs eləməmişdilər — o, harasa getmişdi, bir azdan yenə sağ-salamat qayıdıb gələcəkdi. Bu, Əhədullanı çox təəccübləndirdi. Gərək indi o — Zərrintac xanım saçbirçəyini yolaydı, şivən qoparaydı, özünün də əlindən bir iş gəlməsəydi, atası ağayi Nəcməddini məcbur edəydi ki, nə olur-olsun, nəyin bahasına olur-olsun, Elməddini buraxdırsın. Axı onlar təzə evləniblər, yenicə ailə qurublar! Yox, bunların heç birinin əsər-əlamətini görmürdü Əhədulla Zərrintacda! Və öz aləmində düşünürdü ki, heyf o oğlandan ki, düşüb bu qızın əlinə. Qədrini bilmir deyəsən. Gül kimi insandı Elməddin. Çıraqla axtarsan tapmazsan. Eh, bir də bu zənginlər kimin, nəyin qədrini bilirlər ki, Elməddinin də qədrini bilsinlər?! Onlar hər şeyi pulla, var-dövlətlə ölçürlər — varın-dövlətin var, insansan. Yoxdu, heç!!!
Əhədullanın əvvəllər də Zərrintacdan xoşu gəlməzdi. Açıq-saçıq, maşına minib belədən-belə gəzən, ancaq özünü düşünən bir qız kimi tanımışdı onu. «Beləsindən ev arvadı olmaz» — demişdi öz-özünə. Ağasının Zərrintacla evlənmək xəbərini eşidəndə və nəhayət, bu işin baş tutduğunu görəndə qəlbində heyfsilənmişdi, ancaq heç kəsə açıb-ağartmamışdı. «Mən kiməm ki?» — deyə susub durmuşdu. İndi, Elməddin həbsxanaya düşəndən sonra, o yanılmadığını aydın görürdü. Bütün bunlara baxmayaraq, Əhədulla bu ailəyə can-dildən qulluq eləyirdi, Elməddinin xətrinə!
Elə o ağır xəbəri eşitdiyi günün səhərisi Əhədulla öz evində böyük qızı Siminbərə üz tutub demişdi:
– Dur geyin, hazırlaş gedək, qızım?
– Hara, ay kişi? — deyə qızdan əvvəl arvadı Fatimə dillənmişdi.
– Elməddin əmisigilə. Kişini aparıblar, gəlin tək qalıb. Yenə qulaq yoldaşı olar, evdə-eşikdə əl tutar. Yazıqdı. — Fatimə azca fikirləşib:
– Hə, yaxşı məsləhətdi, kişi. Qız, hazırlaş... — söyləmişdi.
Siminbər bu təklifi çox böyük sevinclə qəbul etmişdi. Balaca deyildi, artıq on altı yaşın içində idi. İndiyə qədər dağın ətəyində yerləşmiş palçıq daxmadan — qonum-qonşunu çıxmaq şərtilə, heç yana ayaq basmamışdı, şəhəri görməmişdi. Artıq həddi-büluğa çatmaq üzrə olan bu ağıllı və işgüzar qız üçün dünya indiyə qədər palçıq evdən ibarət olmuşdu. Halbuki, yoxsullar, tavansızlar yaşayan bu kiçik məhəllədən də başqa gözəl, işıqlı, maşınlı, çilçıraqlı, müzəyyən evlər, yaxşı bəzənib-düzənmiş, geyinib-kecinmiş insanlarla dolu başqa bir dünya da vardı və bu dünya nağıl kimi maraqlı, tamaşalı idi yəqin. Hələ milyoner qızı Zərrintacın ev-eşiyi, həyət-bacası...
Siminbər yeganə təmiz paltarını geyinmiş, əvvəlcə anasının, sonra bir-birindən balaca bacılarının, nəhayət körpə qardaşı Vətənyarın üzündən öpmüş və atasının dalınca həyətdən çıxanda bacılarının ağladığını görüb ayaq saxlamışdı.
– Həmişəlik ketmirəm ki... Elməddin əmi gələn kimi qayıdacağam, — demişdi.
Bağçada nar ağacının altında dayanmış Zərrintac Əhədullanın yanında solğunbənizli, ancaq irisümüklü qızı görəndə maraqla baxmışdı: qız başını endirməklə ipək xalat geyinmiş xanıma salam vermiş və sonra gözlərini ondan çəkmək istəmişdisə də, bacarmamışdı. Zərrintac xanım qızı təpədən dırnağa süzərək:
– Bu qız kimdi, Əhədulla? Nə qəşəng qızdı? — deyə xəbər alanda Əhədulla bir addım da irəli yeriyib demişdi;
– Sizin nökərinizdi, xanım. Bəndənin böyük qızıdı — Siminbərdi.
– Nədi adı?
– Siminbər.
– Yaxşı addı — və sonra ürəyindən kinayə ilə keçirmişdi: «Kasıb itinin adını gümüş qoyar — buna deyiblər! Ancaq yaraşır bu ad ölmüşə!»
– Xanım, uşağı gətirdim ki, sizə qulaq yoldaşı olsun. Tək darıxmayasınız. Elməddin ağa gələnəcən, əgər icazə versəniz, yanınızda qalar, sizə ev işlərində kömək eləyər!..
Zərrintac xanım ani fikrə getdi. Nə isə düşündü və sonra razılıq hissilə dilləndi:
– Əcəb eləmisiniz, nə olar, qoy qalsın...
Xanımın razılıq verməsi hər ikisinin — atanın da, balasının da sevincinə səbəb oldu. Çünki Əhədulla ehtiyat edirdi ki, Zərrintac xanım uzun müddət atasının evində tək yaşayıb və təkliyə öyrəşib. Ola bilərdi ki, desin — lazım deyil. Bir insan kimi Əhədulla düşünürdü ki, bununla ilk növbədə Elməddinin qarşısında öz borcunu yerinə yetirmiş olar, həm də qızı — gözünün ilk ovu, ilk ciyərparası Siminbər beş-on gün, bəlkə də bir-iki ay öz balaca, məhdud dünyasından çıxıb, işıqlı aləmə baxar, bir şey görüb-götürər.
Zərrintac xanım, Əhədulla çıxıb gedəndən sonra Siminbərin əlindən tutdu, əvvəlcə həyət-bacanı gəzdirdi, bağ-bağçada dolaşdırdı. Siminbər elə bil behiştə düşmüşdü. Onların evinin həyəti qayalıq olduğundan bircə dənə də nəinki ağac, heç kol da bitmirdi. İndi birdən-birə gül kolları, nar ağacları, söyüd, çinar əkilmiş bağça qızın gözlərini qamaşdırdı. Hər koldan, hər ağacdan bir cür ətir gəlirdi. hər ağacın bir cür meyvəsi vardı. Siminbər heyran-heyran gəzir, tamaşa eləyirdi.
– Hə, necədi, bağçamız xoşuna gəlir, Siminbər xanım?
Siminbər qulaqlarına inanmadı. Ona Zərrintac xanım, milyoner Nəcməddinin qızı, Elməddin əminin arvadı «xanım!» — deyirdi. Ona heç kəs indiyəcən xanım deyə müraciət eləməmişdi. Atası, anası onu bir kimsəyə təqdim eləyəndə «nökərinizdi» — demişdi. İndi birdən-birə «xanım»... O, bu sözü eşitdiyinə görə birinci növbədə atasına, sonra isə Zərrintac xanıma qarşı ürəyində minnətdarlıq hissi duydu və fərəh içində:
– Bəli, xanım, çox gözəldi bağçanız, —dedi. —Lap cənnətdi.
Zərrintac qayğısız-qayğısız güldü:
– Cənnət? Elə danışırsan ki, guya cənnəti görübsən? Cənnət də, cəhənnəm də bu dünyadadı, Siminbər xanım. Yalan şeydi ki, o dünyada da cənnət var, nə bilim nə var. Bu, avam, aciz adamların uydurmasıdı. Yadında birdəfəlik saxla, cənnət də, cəhənnəm də bu dünyadadı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-efsanesiz-iller-dorduncu-hisse-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
...Qapı astaca açıldı, astanada zahir olan Əqdəm ehmal, səssiz addımlarla içəri girdi. Əlindəki çamadanı yerə qoyub iri açılmış gözlərini paltar yuyan Gülmirəyə zilləyib neçə saniyə sükut içində dayandı.Gülmirə çiynindən üzüaşağı sallanan saçını başının hərəkəti ilə dalına atıb qəddini düzəltdi. Sabunlu əllərini bir-birinə sürtə-sürtə, gözlərinə inanmırmış kimi, Əqdəmi nəzərdən keçirdi.
Üçüncü hissə, on birinci fəsilYeddisi çıxandan sonra gəlib-gedənlərin arası seyrəldi. Gülmirə öz dərdli ürəyi və qəmli taleyi ilə tək-tənha qaldı.Bir axşam otağa çəkilib leytenantın gətirdiyi şeyləri yerbəyer eləyirdi. Bax, bu onun səliqə ilə ütülənmiş hərbi kostyumu idi. O, ütülü paltar geyməyi çox xoşlardı; həmişə özü ütülərdi. Bu, onun mavi köynəyi, bu onun qalstuku. Bu nişanlar da onundur. Pasportu, hərbi bileti... Qəzet bükülüsü arasında nəsə vardı. Açdı. Pul idi. «Özünə qismət olmadı — deyə fikirləşdi.— Yox, bu pulların bircə qəpiyinə də əl vurmaram. Qəbrini düzəltdirəcəm, Orxanın qəbri kimi, gözəl, yaraşıqlı...»
Üçüncü hissə, on ikinci fəsilKitabların da taleyi insanların taleyi kimi müxtəlif olur. Xoşbəxt doğulanı var — ürəklərin, ağılların mənəvi qidası olur, əl-əl gəzir, öləndə də əldə ölür, oxucu əlində. Fərli övlad kimi müəllifinin adını uca eləyir.Bədbəxt doğulanı var — şikəst olur, uzağa gedə bilmir, kitabxanaların, mağazaların rəflərində toz qalağı altında itib-batır, fərsiz övlad təki müəllifinin başını aşağı, gözünü kölgəli eləyir.
Üçüncü hissə, on üçüncü fəsilCeyhun da, Rəhim də on gün bundan qabaq son imtahanı verib orta məktəbi bitirmişdilər. Rəhim Qızıl medalla, Ceyhun elə-belə. Salman həmin gün evdə yaxşı bir süfrə açmış, Ceyhunun sinif yoldaşlarını evə dəvət etmişdi.Onlar sənədlərini Universitetə vermişdilər.— Rəhim şərq, Ceyhun filologiya fakültəsinə, Rəhim cəmisi bir imtahan verəcəkdi — yoxlama imtahanı, Ceyhun isə hamısını.
Стихи других поэтов
Çığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
کی به هر چشمی نظربازان تماشایش کنند؟هم مگر نور اقتباس از روی زیبایش کنند
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
RəngdirUyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir.Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir,