Страница 2 из 2 · 50%

Siminbər əvvəl elə başa düşdü ki, Zərrintac xanım özünün həyatını nəzərdə tutur belə deməklə. Güzəranı doğrudan da cənnətdi onun. Əri tutulduğuna görə yəqin əzab çəkir — onun üçün də cəhənnəmi də bu dünyada hesab eləyir... Ancaq çox keçməmiş, Zərrintacı deyib-gülən görüb bu fikrində yanıldığını anladı. Yox, Zərrintac Elməddin əmisinin tutulmasının fikrini çəkən qadına oxşamırdı. Buna görə də qəlbində onu yüngülcə, öz uşaq ağlınca, məzəmmət elədi.

– Nə bilim, anam nağıl danışanda deyir ki, o dünyada bir cənnət var, bir də cəhənnəm. Mən də onun üçün...

– Yalan şeydi. İnsan cənnətini də, cəhənnəmini də bu dünyada görür. Hə, indi çıxaq yuxarı.

Onlar evə keçdilər. Otaqları bir-bir gəzdilər və bağ-bağça Siminbərin yadından silinib getdi. Qız gəbələri, par-par parıldayan mebeli, pianonu, divarlardan asılmış bahalı şəkilləri görüb hayıl-mayıl olmuşdu. Sanki yuxudaydı və ayılmağa qorxurdu. Gözlərini açarsa, göz-könül oxşayan bu cah-calalın harasa qeyb olacağından ehtiyat eləyirdi qızcığaz. Bütün otaqları gəzib-dolaşandan sonra Siminbər Zərrintac xanımın sözlərindəki həqiqəti tamam çılpaqlığı ilə dərk etdi, öz yoxsul hücrələrini gözünün önünə gətirib bu imarətlə fikrən müqayisə eləyəndən sonra öz-özünə pıçıldadı ki, xanım doğru deyir, cənnət-cəhənnəm elə bu dünyadadı. Cənnət Zərrintac xanımın evi-eşiyi, bağ-bağçası, güzəranıdı, cəhənnəm isə —onun yaşadığı hücrədədi, ehtiyacdadı, yavan pendir-çörəkdədi. Bəli, burdadı, bu dünyadadı cənnət-cəhənnəm, onları başqa yerdə axtarmaq lazım deyil.

Siminbər iş-kücü, səliqəsi, bacarığı, ən ümdəsi isə başa düşən olması ilə ilk gündən Zərrintacın xoşuna gəldi, onu qız bütün ev qayğılarından azad elədi. Aralarında tez bir zamanda mehriban bir ünsiyyət yarandı. Yeddi-səkkiz yaş böyük olan Zərrintac xanım Siminbəri heç də uşaq hesab eləmirdi, çünki qız özü diribaş, çoxbilmiş və «şeytan» idi, hər şeylə maraqlanır, xanımına cürbəcür suallar verir, cavabları ilə təzə gəlini heyran qoyurdu. Vaxtlı-vaxtında yaxşı, dadlı xörəklər (bazarlığı Əhədulla eləyirdi) yediyi üçün tez bir zamanda kökəlmiş, bəyaz yanağına bir qızartı çökmüş, qıvraqlaşmışdı. Atası onun burada gününün xoş keçdiyini görüb sevinirdi.

Günlər keçdikcə Siminbər Zərrintaca daha çox isinişirdi, xanım da heç nədə onun xətrinə dəymirdi. Ancaq qız qiyabən çox istədiyi, hələ üzünü görmədiyi Elməddindən bu evdə heç söz-söhbət düşmədiyini görüb ürəyində heyfsilənir, ərlə-arvadın münasibəti onu maraqlandırırdı:

– Yəqin Elməddin ağadan ötrü darıxırsınız, xanım, hə?—deyə bir dəfə Zərrintac xanımı tutqun görüb marağını boğa bilməyərək soruşanda Zərrintac xanım kinayəli bir təbəssümlə cavab verdi:

– Yox! Heç darıxmıram.

– Heç elə şey olar, xanım? Təzə evlənibsiz... Qibləgahım həmişə deyir ki, ağayi Elməddin çox yaxşı adamdı. Elə adamdan ötrü siz darıxmırsınız?!

– Sənə qəribə görünür? — O, ani fikrə gedib davam etdi. — Doğrusu, bu mənim özümə də qəribə görünur, Simin.

– Niyə ki, xanım?

– Bilmirəm. Əvvəllər, hələ evlənməmiş, o bizə gəlib-gedərdi. Vurulmuşdum ona, heç özünün də xəbəri olmadan vurulmuşdum. Bizə gec gələndə darıxırdım, dayana bilmirdim, onu görmək istəyirdim. Sən görməmisən ki, onu?

– Yox.

– Bilirsən, boylu-buxunlu, qədd-qamətli oğlandı. Sir-sifətdən də qəşəngdi. Qibləgahım deyir ki, yaxşı da şairdi — mən onun şairliyindən bir şey qanmıram, doğrusu. Hə. Ancaq...

– O da səni istəyirdimi?

– Hə, mənə elə gəlirdi ki, istəyir. Ancaq görünür, mən aldanmışam, Simin. Siminbər təəccüblə:

– Niyə, xanım? — deyə xəbər aldı tələsik,

– O başqasını sevir... — Zərrintac ah çəkdi.

– Başqasını sevir?

– Hə. Hələ kənddə olanda başqasını sevirmiş, o qızı qardaşı alıb, buna qismət olmayıb, sonra qardaşı ölüb, həmin qızı buna veriblər, lakin «qardaşımın arvadıdı» — deyib yaşamayıb onunla. O da evdən çıxıb gedib...

– Hara?

– Bilən yoxdu. Bəlkə də özünü öldürüb?

– Vay, vay! Yazıq! — Tanımadığı, görmədiyi o nakam qızın taleyi təmizürəkli, hələ zamanın qara ləkə vurub yaralamadığı ürəyində dərin bir təəssüf hissi oyatdı və o az qaldı ağlasın. Ancaq bunun xanımının acığına kələcəyini düşünüb özünü ələ aldı, köks ötürüb söylədi:

– Bu səndən qabaq olmuş əhvalatdı, xanım. Onun sizin məhəbbətə nə dəxli var ki...

– Eh, hələ sən uşaqsan, Simin... Məhəbbətin nə demək olduğunu bilmirsən, ona görə belə deyirsən. Bu hadisənin mənim məhəbbətimə dəxli olmazdı, əgər Elməddinin məhəbbətinə dəxli olmasaydı...

Siminbər bu sözlərdən bir şey başa düşmədiyinə görə mat-mat Zərrintac xanımın üzünə baxıb susdu, o isə izah elədi:

– İş burasındadır ki, üstündən neçə il keçməsinə baxmayaraq Elməddin yenə o qızı sevir, Simin.

– Yenə sevir?

– Hə, sevir.

– Özü deyir?

– Yox, — o gülümsündü. — Belə şeyləri dillə demirlər, Simin.

– Bəs necə deyirlər?

Zərrintac yenə fikrə getdi. Ürəyini haçandan bəri didib parçalayan, atasına, Dünya xanıma demədiyi sirrini — bilirdi ki, Dünyaya desə, o da məsələni açıb atasına söyləyəcəkdi, — indi Siminbərə açmaq fikrindən vaz keçmək istədi, lakin fikirləşdi ki, bəlkə qəlbi bir az yüngülləşər. Ona görə danışdı:

– Elə zifaf gecəsi... Bilirsən zifaf gecəsi nədi?

– Yox, xanım, nədi ki?

– Zifaf gecəsi... ərlə-arvadın ilk dəfə bar yastığa baş qoyduğu gecəyə deyirlər.

– Hə, bildim.

– Bəli, elə həmin gecə Elməddin yamanca çaşdı... Məni bağrına basıb özündə olmadığı halda «sənə qurban olum, Əfsanə!» — dedi... Düzü, mən onda ona heç nə demədim, ancaq o gecə mənim bütün qürurumu qırdı, ona bəslədiyim bütün hisslərimi öldürdü, — heç özü də bilmədən öldürdü, məni məhv elədi.

– Demək, onun əvvəlki sevgilisinin adı Əfsanə imiş!..

– Hə.

– Bədbəxtin yaxşı adı varmış, Əfsanə... Sonralar yenə çaşıb sənə Əfsanə deyirdi?..

– Hərdən-birdən... Yuxuda. Məni qucaqlayıb onun adını çağırardı. Bundan başqa, tez-tez o qızın şəklini də çəkərdi. İşlədiyi vərəqlərin üstünə çəkərdi. Mənə şerlər yazırdı, ancaq bilirdim ki, o şerləri mənə yox, Əfsanəyə yazır... — O yenə dərindən ah çəkdi, gözlərini bir nöqtəyə zilləyib xeyli susdu. Həyatında ilk dəfə belə söhbətə düşən Siminbər, Zərrintacın bir qadın kimi dərdinin böyük olduğunu anlasa da, təsəlli verə biləcək sözlər tapıb deməkdə acizlik çəkdi. Beləcə xeyli sükut hökm sürdü arada. Sonra, Zərrintac dərdli-dərdli dedi:

– Məhəbbət gərək bütöv olsun, Simin. Sənin həyatın hələ qabaqdadı, sən də kimisə sevə bilərsən, kiminsə arvadı ola bilərsən. Çalış sevəcəyin adamın ürəyi tək sənin olsun, ürəyində tək sən olasan. Belə olmasa, ləl-cavahirat içində yaşasan da, səadətin olmayacaq. Məhəbbət və ürək parçalanmağı sevmir. Parçalandımı — dalınca çox fəlakətlər gətirir, Simin. Xəyanət də, etibarsızlıq da.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, onuncu fəsil

...Qapı astaca açıldı, astanada zahir olan Əqdəm ehmal, səssiz addımlarla içəri girdi. Əlindəki çamadanı yerə qoyub iri açılmış gözlərini paltar yuyan Gülmirəyə zilləyib neçə saniyə sükut içində dayandı.Gülmirə çiynindən üzüaşağı sallanan saçını başının hərəkəti ilə dalına atıb qəddini düzəltdi. Sabunlu əllərini bir-birinə sürtə-sürtə, gözlərinə inanmırmış kimi, Əqdəmi nəzərdən keçirdi.

7 мин
Üçüncü hissə, on birinci fəsil

Yeddisi çıxandan sonra gəlib-gedənlərin arası seyrəldi. Gülmirə öz dərdli ürəyi və qəmli taleyi ilə tək-tənha qaldı.Bir axşam otağa çəkilib leytenantın gətirdiyi şeyləri yerbəyer eləyirdi. Bax, bu onun səliqə ilə ütülənmiş hərbi kostyumu idi. O, ütülü paltar geyməyi çox xoşlardı; həmişə özü ütülərdi. Bu, onun mavi köynəyi, bu onun qalstuku. Bu nişanlar da onundur. Pasportu, hərbi bileti... Qəzet bükülüsü arasında nəsə vardı. Açdı. Pul idi. «Özünə qismət olmadı — deyə fikirləşdi.— Yox, bu pulların bircə qəpiyinə də əl vurmaram. Qəbrini düzəltdirəcəm, Orxanın qəbri kimi, gözəl, yaraşıqlı...»

4 мин
Üçüncü hissə, on ikinci fəsil

Kitabların da taleyi insanların taleyi kimi müxtəlif olur. Xoşbəxt doğulanı var — ürəklərin, ağılların mənəvi qidası olur, əl-əl gəzir, öləndə də əldə ölür, oxucu əlində. Fərli övlad kimi müəllifinin adını uca eləyir.Bədbəxt doğulanı var — şikəst olur, uzağa gedə bilmir, kitabxanaların, mağazaların rəflərində toz qalağı altında itib-batır, fərsiz övlad təki müəllifinin başını aşağı, gözünü kölgəli eləyir.

2 мин
Üçüncü hissə, on üçüncü fəsil

Ceyhun da, Rəhim də on gün bundan qabaq son imtahanı verib orta məktəbi bitirmişdilər. Rəhim Qızıl medalla, Ceyhun elə-belə. Salman həmin gün evdə yaxşı bir süfrə açmış, Ceyhunun sinif yoldaşlarını evə dəvət etmişdi.Onlar sənədlərini Universitetə vermişdilər.— Rəhim şərq, Ceyhun filologiya fakültəsinə, Rəhim cəmisi bir imtahan verəcəkdi — yoxlama imtahanı, Ceyhun isə hamısını.

2 мин

Стихи других поэтов