XIII fəsil
Bəhruz başını qaldıranda özünü kitabxananın qabağında gördü. Xatirə burada işləyirdi. Bu kitabxana Bəhruz üçün nə qədər də əziz və unudulmazdı. Burada onun gənclik xatiratı yaşayırdı. hər dəfə bura gələndə o, Xatirənin eşqinə düşdüyü ilk günlərdə olduğu kimi, həyəcanlanır, o vaxt keçirdiyi halları yada salıb xoşbəxtliklə gülümsünürdü. Bəhruzu Xatirə ilə bir yerdə işləyən qızlar da yaxşı tanıyırdı; o bura gələndə qızlar başına yığışır, deyib-gülür: «Ey, bizim Xatirəii az incit ha, evdə. Yoxsa səni kitabxanamızın üzvlüyündən çıxardarıq», – deyə zarafat edirdilər.
Ancaq bu gün Bəhruz həmişəki kimi şən və üzügülər deyildi. Qayğılı, fikirli olduğu o dəqiqə nəzərə çarpırdı. Oxu zalının qabağında qarşısına çıxan Xatirə onu belə pərişanhal görüb tez soruşdu:
– Sənə nə olub?
– Heç nə.
– Yoxsa... kişi... ölüb? – Xatirənin səsi titrədi.
– Yox, yox.
– Bəs niyə beləsən? İş vaxtı... Səndən nə əcəb? – Bunu deyib Xatirə pəncərəyə yaxın gəldi, həyətə sarı boylandı: – Bəs maşın hanı? Bəhruz astaca cavab verdi:
– Maşını?! Aldılar...
– Maşını aldılar??!–Xatirə bu sözləri qeyri-iradi olaraq elə ucadan təkrar etdi ki, oxu zalında oturub qabaqlarına qəzet, jurnal, kitab töküb mütaliəyə məşğul olan adamların çoxu başını qaldırıb onlara baxdı.
Xatirə sustaldı, əlləri yanına düşdü. Doluxsundu, bədbəxt bir hadisə üz vermiş kimi hüznlə dilləndi:
– Daha denən özüm adam basmışam da, Bəhruz! Niyə dünəndən sözün düzünü demirsən? Sən ki, indiyəcən məndən heç nə gizlətməmişdin?! Görürsən, heç mənim ağlıma da gəlmir ki, sən də adam vura bilərsən...
Bəhruz gözlərini rəflərdə səliqə ilə yan-yana düzülmüş kitablardan çəkmədən cavab verdi:
– Yox, Xatirə, mən adam vurmamışam...
– Bəs onda nə üçün sənin maşınını əlindən alsınlar, Bəhruz. Sən ki, pis iş görməmisən. Çölün düzündə qalmış bir yaralını xilas eləmisən! Bunun üstündə sənin maşınını nə üçün tutub alsınlar?!
– Qanun belədir, Xatirə. Gərək yoxlasınlar, bilsinlər…
– Bu, mənim ağlıma heç batmır, Bəhruz!
– Batdı, batmadı. Belədir, yoxlayacaqlar, kişi özünə gələndən sonra da ondan soruşacaqlar ki, səni hansı maşın vurub.
– Əgər birdən, dilim-ağzım qurusun, kişi ölsə.., onda necə?.. Xatirənin bu sualı Bəhruzu silkələdi. «Doğrudan, əgər?! Polkovnik də dedi ki, onun özünün ifadəsi»... hardansa naməlum, müdhiş bir qorxu axıb ürəyinə doldu. O, narahatlıqla Xatirəyə baxıb dedi:
– Bu kitabı apararsan evə. Mən getdim xəstəxanaya.
– Bəs hələ getməyibsən?
– Getmişdim. Hələ özünə gəlməmişdi. Arvadı, qızı yanında idi,
– deyə Bəhruz Dilaramı, Sevili yadına salıb gülümsündü. – Elə yaxşı ailəsi var ki. Nə isə, sonra gəlib danışaram. Mən getdim.
Bəhruz bir addım atıb dayandı. O, hiss eləyirdi ki, Xatirənin əli-ayağı yerdən üzülüb. Qorxur. «Maşının alındığını nahaq dedim». Ona təsəlli vermək üçün:
– Darıxma, Xatirə. Toğrul canı, heç nə yoxdur. Ürəyini buz kimi saxla, yaxşı?! Söz verirsən?! – dedi.
– Yaxşı... – Xatirə naümid halda dilləndi.
Bəhruz çıxdı. İyirmi dəqiqə sonra o, artıq xəstəxanada idi. Onun Narıngül qarıdan xələt alıb yuxarı qalxdığını görən Balaxanım qəbul məntəqəsindən çıxıb qapıçı arvadın yanına gəldi; əlini belinə vurub sinəsini qabartdı.
– Ay Narıngül xala ey, sənə bir söz deyim.
– Hə, de.
– Deyəsən bu oğlan ağıldan bir az kəmdir axı.
– Niyə, ay Balaxanım?!
– Əşi, deyək ki, yaxşılıq eləyibsən, kişini götürüb gətiribsən. Yaxşı, atan rəhmət. Bu gün də gəlib dəyibsən, halından xəbər tutubsan. Bir də atan rəhmət. Bəs indi niyə gəlibsən? Yox, adamdan soruşarlar ey, indi niyə gəlibsən?
– Nə olar, ay qız? Bu ağlın kəmliyindən döyül ha... Bu, onun ürəyinin yumşaqlığındandı, saflığındandı. Adam adama gərək həyan olsun. Beş günlük dünyadı, hamımız karvanımızı çəkib gedəcəyik. Amma bircə insanlıq qalacaq, yaxşılıq qalacaq, Balaxanım.
– Eh, deyirsən də, ay arvad. İndi adam öz qohum-əqrəbasına, yaxınına yaxşılıq eləyə bilmir. Onda qala...
– Eləyən eləyir. Adam olan eləyir, Balaxanım, adamlıqdan payı olan eləyir.
...Bəhruz palataya çatanda yerindəcə donub qaldı. Birdən... Gözlərinə inanmaq istəmədi. İki-üç dəfə kirpik çaldı. Yox, səhv eləmirdi. Qədirin çarpayısı idi. Pəncərənin ağzındakı çarpayı... Bəs bu adamlar kimdir? Onun dodaqlarında bir söz çırpındı: «Ölüb!» Bütün bədəni buza döndü. Üzünün cod tükləri qabardı. Qurumuş dodaqları bir də o sözü pıçıldadı: «Ölüb!»
Bəhruza nə oldu? Taqəti yoxdu, ya qorxurdu? Niyə irəli yeriyə bilmirdi? İlk anlar səbəbini ayırd eləyə bilmədi. Polkovnikin sözlərini xatırladı. «Onun özünün ifadəsi...» «Yox, yoldaş polkovnik, o, artıq sizə heç nə deyə bilməyəcək» – deyə ürəyində ona cavab verdi. Çırpınan balıq gözləri önünə gəldi. Yenə çırpındı, çırpındı... Sonra susdu... «Demək, o da, Qədir də...»
«Dilaram tək qaldı, Sevil atasız...»
Qəribə idi. Elə bil Sevil adını eşitdi. Qız çarpayıların arası ilə ona sarı qaçdı:
– Əmi!
Bu səs Bəhruzu ayıltdı. O, Sevilin sarışın saçlarına, «mırıq» dişlərinə, qayğısız simasına baxıb fikirləşdi: «Can bala, sən hələ ölümün nə demək olduğunu başa düşmürsən». Qəhərləndi, əyilib qızı qucağına aldı. Ağzını doldurub: «Sevil, atan necədir?!» demək istədi, ancaq ürəyi gəlmədi. Pis cavab eşidəcəyindən qorxub sözlərini uddu.
İrəli yeridi. Qapıdan Qədirin çarpayısına qədər cəmi yeddi-səkkiz addımlıq yol olardı. Ancaq o məsafə necə də uzun göründü.
Çarpayının o üz-bu üzündə oturmuş, ayaq üstə dayanmış adamları Bəhruz tanımadı.
Dilaram onu görən kimi ayağa qalxdı. Sifətində təbəssüm oynadı. Bəhruzun qabağına gəlib sevinə-sevinə astadan pıçıldadı:
– Bu gün, şükür, özünə gəlib.
– Özünə gəlib? – deyə Bəhruz ucadan soruşdu. Qəlbini sıxan, taqətini əlindən alan o dəhşətli fikir bircə anın içində ondan uzaqlaşdı, rahat nəfəs aldı. Dilaram başa saldı ki, bunlar onun iş yoldaşlarıdır, dəyməyə gəliblər. Yoldaşlarına da dedi ki, Bəhruz Qədiri xilas eləyən adamdır. Hamısı ona minnətdarlıq elədi.
Bəhruz çarpayıya lap yaxın gəldi. Qədirin iri alnında tər damcıları vardı: ağır-ağır nəfəs alır, ağrıdan arabir üz-gözünü qırışdırırdı. Dilaram ehmalca Qədirin qoluna toxundu:
– Qədir, ay Qədir...
– Hm...
– Gözlərini aç, gör bir kim gəlib ey?! Bəhruz yolda, qan içində ikən zorla açılıb ona baxan o tək ala gözü xatırladı. «Tanıyarmı? Yox, tanımaz!» Qədirin şişi tamam çəkilməmiş göz qapaqları astaca tərpənəndə Bəhruzun ürəyi qəribə bir təlaşla əsdi.
Yaralının çəkdiyi ağrıları, əzabları ayna kimi əks eləyən gözlər açıldı; o, oturanların üzünə baxdı, baxışları dolanıb sevinclə gülümsünən və nə edəcəyini bilmədən çaşıb qalmış Bəhruzun sifətində dayandı. Baxdı, baxdı, qansız, solğun dodaqlarında güclə sezilə biləcək bir təbəssüm gəzdi. Bu, onun ağarmış bənizini tamam işıqlandırdı. Qədirin taqəti olsaydı, yerindən sıçrayıb qalxar, özünü onun üstünə atıb iri, qüvvətli qolları ilə bağrına basar, «mənim xilaskarım, mənim balalarımın, ailəmin xilaskarı» – deyərdi, üz-gözündən öpər, öpərdi. Ancaq... o, taqətsiz halda, bu sözləri pıçıldaya bildi:
– Sağ ol, qardaşım!
Bu söz Bəhruzun fikrini çəkib uzaqlara, ilk kənclik illərinə apardı.
Bəhruzun nə bacısı vardı, nə qardaşı... O vaxt Bəhruzun ən böyük arzusu bu idi ki, bir qardaşı, ya da heç olmasa bir bacısı olaydı... Bəhruz tək olmaq istəmirdi.
«Mənə qardaş deyən bir adam olsaydı, dərdim olmazdı. Qardaş! Bu kəlmədə nə hikmət varsa, var. Elə bil adam arxasını dağa söykəyir...» – deyə düşünürdü. Ancaq tale onu tək yaratmışdı. Tək də qaldı.
İndi isə budur, bu gün Dilaram da, Qədir də ona «qardaş» deyir. İndi onun bacısı da var, qardaşı da.
Bəhruzun ürəyi fərəhdən böyüdü. O, çarpayıda uzanmış Qədirə, mehriban Dilarama, yaralıya dəyməyə gəlmiş fəhlə yoldaşlarına baxıb öz-özünə dedi: «Elə insanlar bir-birinə qardaşdılar, bacıdılar».
Qədir dili ilə qurumuş dodağını islatmağa çalışdı; Dilaram tez limondan bir dilim kəsib onun dodaqlarına sürtdü. Susuzluğu keçdi... Ancaq yenə taqətsiz halda gözlərini yumdu.
Bəhruz Dilarama sarı əyilib yavaşcadan soruşdu:
– Bir şey deməyib ki?..
– Biz heç soruşmadıq. Ancaq dünənki müstəntiq bayaq da gəlmişdi. O dindirdi. Deyir, bir qara «Volqa» vurub. Elə yola təzəcə çıxmışmış ki, vurub...
– Nömrəsini götürə bilib?
– Yox. Təkcə rəngini görə bilib.
– Elə bu da bəsdi. Tapacaqlar. Göyə də uçsa, tapacaqlar.
–Eh, Bəhruz qardaş!.. Tapmağın nə faydası. Bizə olan oldu. Keçəni geri qaytarmaq mümkün deyil ki...
– Orası elədir... Amma hər halda, o da cəzasını çəkməlidir. Xüsusən qoyub qaçdığına görə...
– Elədir! – deyə balacaboy fəhlə təsdiq elədi.
Araya sükut çökdü. Bir azdan balacaboy fəhlə yoldaşlarına sarı dönüb:
– Yaxşı, gedəkmi? – deyə soruşdu və onlardan, «hə» cavabını alınca üzünü Dilarama tutdu: – Dilaram bacı, icazə versəydiniz, biz yavaş-yavaş tərpənərdik, – dedi.
– Buyurun, buyurun, – deyə Dilaram razılıqla dilləndi. – Əziyyət çəkibsiniz, çox sağ olun!..
– Borcumuzdur, bacı!..
Onlar durdular. Balacaboy fəhlə Bəhruzun əlini sıxıb:
– Sən də çox sağ ol, eloğlu. Sağ ol ki, bizim yoldaşımızın həyatını xilas eləmisən... – dedi.
Bəhruz da eynən o fəhlə kimi cavab verdi: – Borcumuzdur, qardaş!..
Bir-bir görüşdülər.
– Hə, Dilaram bacı, sabah maaş günüdür, mən Qədirin pulunu alıb gətirərəm, – deyə balacaboy fəhlə gedəndə söylədi.
– Sizə əziyyət olar.
– Yox, canım, nə əziyyət...
Onlar çıxıb getdilər, Bəhruz, Sevil və balaca İslam Qədirin çarpayısı yanında qaldı. Dnlaramla Bəhruz xeyli söhbət elədi.
– Bəhruz qardaş, siz şəhərin hansı səmtində olursunuz?
– Nərimanov prospektində. Şüşə bazarın yanında.
– Biz də orada-oluruq ki!
– Doğrudan?
– Hə, Cəfər Cabbarlı kinoteatrının o böyründə yaşayırıq.
– Lap yaxşı, lap yaxşı...
– Bəhruz qardaş, təvəqqe edirəm, evinizin ünvanını deyin, sağlıq olsa, Qədir xəstəxanadan çıxandan sonra biz sizə gələk, siz bizə gəlin.
Bəhruz ünvanını söylədi.
– Gəlin, nə vaxt gəlsəniz qapımız üzünüzə açıqdır. Yoldaşım, balaca oğlum çox şad olarlar. Gəlin... Bax bu Sevil xanımı da, o balaca partizanı da gətirin...
Çox şeydən danışdılar, ancaq Bəhruz maşınının, sənədinin alındığını söyləmədi. Yenicə özünə gəlməyə başlayan Dilaramı da, hələ ağrıdan gözlərini əməlli-başlı aça bilməyən Qədiri də kədərləndirmək istəmədi.
Bəhruz ayağa durdu:
– Mən gedim, Dilaram bacı.
– Gedirsiniz? Gedin, qardaş. Sizdən yerdən-göyə qədər razıyıq... Qədir də gözlərini açıb Bəhruza baxdı:
– Gedirsən? – deyə o, taqətsiz halda soruşdu.
– Yenə gələcəyəm...
– Yox, yox, bir də əziyyət çəkməyin, – Qədirin zəif səsi eşidildi. – Görüşərik, qardaş...
Xudahafizləşdilər. Bəhruz çıxanda Dilarama bir də tapşırdı:
– Ondan muğayat ol, Dilaram bacı. Darıxmağa qoyma.
– Yox, yox...
Sevil irəli gəlib Bəhruzun əlindən yapışdı:
– Getmə, əmi.
– Əmi işə gecikər, qızım, – deyə Dilaram Sevili ondan kənar eləməyə çalışdı.
– Qoy gedim, Sevil, yenə gələrəm, yaxşı? Sevilin «mırıq» dişləri göründü.
– Yaxşı, ancaq gəl ha!
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-inam-xiii-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bahar öz qaranquşları ilə gəlmişdi. Alça, ərik ağacının ağlı-qırmızılı tumurcuqları çırtlamışdı. Torpaqdan ağ duman qalxırdı. Elə bil, qışın şaxtası, soyuğu buxarlanıb yerin canından çıxır, gün adamın canını qızdırırdı.Camaat kəndin qırağına — düzənliyə axışmışdı. Yeniyetmələr yumurta döyüşdürür, aşıq atırdılar. Qoç vuruşduran, xoruz döyüşdürən, it boğuşduranların dövrəsinə dəstə-dəstə adam yığılmışdı. Bir yanda üç-dörd cavan güləşirdi.
Birinci hissə, üçüncü fəsilİydə sovulmuşdu. Ancaq qollu-budaqlı ağacın əl-ayaq çatmayan nazik şaxlarının ucunda qalmış beş-altı iydə yeri-yurdu yandıran isti Gülüstan günəşi altında sarı kəhrəba dənəsi kimi parıldayırdı. İki boz sərçə cikkildəşə-cikkildəşə budaqdan-budağa atılır, iydələri dimdikləyir, həyətdə hökm sürən sükutu pozurdu.Saplağından üzülmüş iydə dənəsi ağacın kölgəsində həsirin üstündə oturmuş, ovduq-doğrama düzəldən Əfsanənin qabağına tappıltı ilə düşəndə gəlin səksənən kimi oldu. Bıçağı kasanın içinə qoyub iydəni götürdü; iydənin göynəyini sərçələr yırtmışdı — qabığını soyub ağzına atdı. Yaxşı yetişmişdi, xarlanmışdı. Tumunu çıxartmamış biri də Əfsanənin önünə düşdü, gülümsünə-gülümsünə onu da götürüb yedi və başını qaldırıb iydə «göndərən» sərçələri görmək istədi, lakin sıx, bozumtul yarpaqlar arasında gözünə heç nə dəymədi. Həsirin üstünə süfrə salınmışdı. Göy soğan, üç-dörd göy xiyar, arpa unundan bişirilmiş təndir çörəyi, üç dənə kasa və qatıq küpəsindən qeyri ortalıqda bir şey yox idi.
Birinci hissə, dördüncü fəsilArtıq günün şaxı sınmışdı: bozumtul yarpaqlı iydə ağacının kölgəsi sürünüb yerini dəyişmişdi. Hava azca sərinimişdi. Səbihənin iki saat qabaq yoğurduğu xəmir «gəlmişdi». Arvad dizlərini yerə qoyub gündələyirdi. Hasarın dibindəki təndirin qırmızı, tüstüqarışıq alov dilləri burula-burula yuxarı qalxır, yanan çör-çöpün, ot-əncərin qaralmış-bozarmış xırda gülləri havada oynaşırdı.Elməddin təzəcə payalarını basdırdığı çardağın üstündə dayanıb (elə bil, bu saat uçacaqdı) qamış döşəyirdi — altına odun-ocaq, tir-tikan yığmaq üçün. Yanacaq qışın yağışı-qarı altında qalıb çürüməsin deyə. Əfsanə tövlənin böyründə qalaqlanmış tikanı çardağın altına daşıyırdı. Heç kəs ona belə göstəriş verməmişdi — özü işləmək, evin işinə kömək etmək istəyirdi. Tikanların əlinin nazik dərisinə batdığı yerdən xırda-xırda qan qətrələri pırtlayıb çıxırdı. Göynərtisi ürəyini sızıldadırdı. Sanki əllərinin ikisini də biləkdən aşağı isti suyun içinə basıb pörşələmişdin — od tutub yanırdı. Dirəyin üstündən baxan Elməddinin gözü Əfsanənin qızarmış əllərinə sataşanda canıyananlıqla söylədi:
Birinci hissə, beşinci fəsilKəndin kənarındakı düzənlikdə qırmızı lalələr açılmışdı. Göz işlədikcə hər yan sanki alışıb-yanırdı, sakit bir atəşlə yanırdı. Hərdən çırpınan bahar mehi çöllərin allı-güllü xalısını dalğalandırırdı.Kömgöy çəmənlikdə ağır-ağır, tələsmədən addımlayan Elməddinin ayaqqabıları səhər şehindən islanmışdı. Ağ dağın zirvəsindən yenicə qalxmış Günəş hələ lalələrin xallı piyalələrindəki ağ mirvari danələrini ilıq nəfəsi ilə qurutmağa macal tapmamışdı.