Təklik dəhşətli şeymiş! Bunu Heyran əvvəllər bilməzdi, deyən olsaydı, inanmazdı. Ancaq biçarə Cabbarın o qarlı gündə ölümündən sonra keçən bu yalqızlıq aləmində Heyran dünyada kimsəsiz qalmağın, dörd divar arasında tənha yaşamağın nə demək olduğunu anlamışdı, böyüklü-kiçikli, qonaqlı-qaralı olmamışdı, Cabbar səhər gedib axşam yorğun-arğın qayıdıb gəlmişdi. Bütün günü evdə, həyət-bacada tək qalan Heyran onda heç vaxt özünü yalqız hesab eləməmişdi. Cabbarın axşam, yataqda dediyi bir xoş sözü, bir isti nəvazişi bütün günü yadına salıb rahatca gəzib-dolanmış, səbirsizliklə ərinin işdən qayıtmağını gözləmişdi. Cabbar xəstələnib yatağa düşəndə də o, gah ərilə danışmış, gah da ürəyində allahla həsb-hal eləmiş, ona cansağlığı diləmişdi. Hər iki halda Heyranın başını qarışdıran, ona tək olmadığını hiss etdirən bir şey olmuşdu. Ancaq indi...

Cabbar gözünün qabağında ölmüşdü. Onun qışqırığına yığılıb gələn qonum-qonşu—ağsaqqallar, qoca arvadlar Cabbarın ağır xəstəlikdən öldüyünü zənn edirdilər. Təkcə Heyran bilirdi ki, o, xəstəlikdən ölmədi, bu xəstəliklə hələ çox yaşaya bilərdi, məsələn, hələ beş il də yaşaya bilərdi. Heyran yaxşı bilirdi ki, Cabbarın bağrı çatladı, öldü; əgər onu yarsaydılar, tibbi muayinə eləsəydilər, mütləq təyin edərdilər ki, Cabbarın ürəyi partlayıb! Heyran cənazənin üstündə saç-birçəyini yola-yola, üz-gözünü cıra-cıra ağladıqca, «Cabbarım!» deyə ağı söylədikcə bu məşum hiss — özünün günahkar olmağı hissi azalmırdı və onun ürəyini, beynini yandırırdı. Qonşulardan yığılıb gəlmiş beş-altı kişi, Cabbarı yuyub kəfənə bükərək, günortadan sonra dəfn eləməyə aparanda da, yaxınlıqdakı qəbiristanda torpağa tapşırıb geri qayıdanda da, yasa gəlmiş beş-on qonşu arvad gecə saat onda dağılışıb evlərinə-eşiklərinə gedəndə də, on beş-on altı il ərzində ilk dəfə damın altında tək-tənha qalıb gecə səhərəcən göz qırpmayanda da, bir-birinin dalınca çox böyük ləngərlə ağır-ağır ötüb keçən bu qırx gün müddətində də—heç vaxt, bircə an da olsa o məşum günahkarlıq hissi Heyranı tərk eləməmişdi, onu köz üstə atılmış ət parçası kimi - cızhacızla yandırmışdı. Qəribə idi, Cabbarla yaşadığı on beş ilin acılı-şirinli xatirələrindən indi bircəciyi də yada düşmürdü; yada düşən ancaq onun ölümqabağı keçirdiyi çılğın vəziyyət idi. — Heyranın təzə paltarda əlidolu qayıdarkən gördüyü anlarda düşdüyü vəziyyət idi. Bəli, on beş illik həyatdan ancaq bu qalmışdı Heyran üçün. İlahi, o da elə ağır idi, elə yandırıcı idi—isti yaranın üstünə səpilən duz kimi cızdağını çıxarırdı. Bu, cəmi üç-dörd dəqiqə çəkməmişdi heç. Amma bir ömrün, özünə görə xoş olan bütün şirinliklərinin, gözəlliklərinin üstündən xətt çəkmişdi. İnsan necə də anlaşılmaz məxluq imiş! On beş ildə Heyran bircə dəfə də olsa, Cabbarda belə sifət görməmişdi, hirsləndiyini, ona güldən ağır bir söz dediyini eşitməmişdi, duymamışdı. Amma onda Cabbar tamam başqa adama çevrilmişdi, tanınmalısı qalmamışdı. Yəqin onun o dəqiqələrdə iqtidarı olsaydı, durmağa taqəti olsaydı, vücudu sözünə baxsaydı, Heyran Cabbarın daha başqa snfətlərini də görə bilərdi. Yəqin ürəyində tüğyan eləyən o lənətə gəlmiş qısqanclıq hissi ilə vücudunun qüdrəti uyğun gəlmədiyinə görə, hirsindən, hikkəsindən ürəyi partlamışdı Cabbarın. Bu faciənin əgər yarısı qəzəbindən baş vermişdisə, yarısı da gücsüzlüyündən, zəlilliyindən meydana gəlmişdi.

Bunlar indi — Heyran tək qalandan sonra bütun incəliklərinə qədər xəyalında varaqlanıb dönə-dönə oxunur, onda gah təəssüf, göz yaşı, gah da qəzəb və təəccüb doğururdu. İndi vaxt çox idi, indi mane olan, qulluq tələb eləyən, ağrıdan zarıyan yox idi; bu da qəribə idi ki, bəzən bu yoxluğu görəndə, hiss eləyəndə Heyranın gözlərindən ixtiyarsız yaş süzülürdü, onun çarpayısını boş görəndə kirpiklərini endirirdi; bəzən isə, bu yoxluqdan, boşluqdan sevinən kimi olurdu — bu isə ən çox Cabbarın həyatının son anlarını, o ağır sözlərini, qışqırığını xatırlayanda olurdu. Belə anlarda, çox anlaşılmaz idi ki, o, Cabbara da, özünə də nifrət eləyir, dünyanın ən alçaq adamı kimi baxırdı. Ərinə də, özünə də belə həqarət gözü ilə baxanda isə zülüm-zülüm ağlayırdı, varından yox olurdu, elə bilirdi ki, Cabbarın dalınca özü də ölüb və öz ölümünə ağlayır!

Günlər ötüb keçdikcə Cabbarın son anlarında qışqıra-qışqıra, sonsuz nifrət hissilə (bunu Heyran indi başa düşürdü) dediyi o ürək sındıran sözlərin əks-sədası azalmırdı, tərsinə, getdikcə daha güclənir, daha tikanlı olur, Heyranın mənliyini, içərisini, heysiyyətini cırmaqlayıb qanadırdı. Elə bil o sözlər dər-divara yazılmışdı, vaxt-bivaxt eynən o cür, o aydınlıqla, o kəskinliklə təkrar olunurdu. Onları eşitməmək üçün Heyran qalan ömrünü verərdi. Lakin bu, mümkün deyildi. Cabbar özü getmişdi, o acı sözləri qalmışdı və görünür, elə həmişəlik qalacaqdı; çünki dər-divara yazılmışdı, o səs o taxta çarpayıdan gəlirdi sanki.

Vaxt çox idi. Heyran düşünürdü. Cabbarı, özünü saf-çürük eləyirdi, gah onu müttəhimlər kürsüsündə oturdurdu, gah da onun yerində özünü təsəvvür eləyirdi.

Bu ölüm Heyranın bacısıgilə getməyindən başlamışmış, demə. Yadına düşür ki, o, Əbdülün yanından birinci dəfə əlidolu qayıdanda Cabbar çuxura duşmüş gözlərini geniş açaraq tavana baxa-baxa: «İlahi, elə ölmək istəyirəm?!» demişdi. Və bu sözlər havayı deyilməmişdi. Elə o anda yəqin ki, Cabbarın Heyrana olan inamı yaralanıbmış. Yadına düşür ki, elə o gün, ürəyinə ayrı heç nə gətirməyən Heyran, xəstə və üzgün ərinə canıyananlıq, mehribanlıq göstərmək üçün əyilib alnından öpmək istəyəndə o, incik halda, kəlmə belə kəsmədən başını yana çevirmişdi. Bu da şübhə imiş, bu da qısqanclıq imiş. Heyran başa düşməyibmiş.

Cabbar haqsız idi, Cabbar ağlına gəlməyən bir şeydə — xəyanətdə Heyranı — o təmiz qadını təhqir eləmişdi. Hardansa qəlbinə axıb dolan o axmaq şübhəni yoxlamaq imkanı yox idi Cabbarın. İnamını qırmağı isə Heyran bacarmamışdı. Gərək bacısıgilə getməyəydi? Pulu Əbdüldən almayaydı? Axı bəs onda da Cabbar acından ölməli idi. Son iki kartofu əri üçun qoyub getmişdi. Getməyəydi? Yenə o, əri ac qalmalı idi. «Kaş getməyəydim, kaş acından öləydi, onda məni bu qədər yandırmazdı. Mən onun xatirinə, ac qalmağıma, tanımadığım bir kişiyə (bacımın nökəri olanda nə olar?) əl açmağa razı oldum, o isə mənim bu fədakarlığımı başa düşmədi, qiymətləndirmədi. Elə deyil, Cabbar, əzizim, vallah elə deyil, mənim əlimə səndən başqa indiyəcən yad bir kişinin əli toxunmayıb, nəfəsi toxunmayıb. Sənin əziz canına and içirəm, Cabbar». Heyran dəli kimi öz-özünə, gecənin bir aləmi danışarkən birdən gözü onun boş yerinə sataşır və Cabbarın «əziz canının» artıq torpaqlar altında olduğunu xatırlayıb sözünu dəyişirdi: Sənin qəbrinə and içirəm, Cabbar. Bu, belə deyil, sən düşünən kimi deyil, deyil, deyil. O bu sözləri ucadan deyirdi ki, bəlkə uzaqda qəbirnstanlıqda, qara torpaq altında uyuyan şübhəli Cabbar eşidə bildi. Eşidə bilərdimi?

Heyran daha bazara-dükana getmirdi, qonşular, yazıqları gəldiyinə görə, ona öz puluna çörək, ət, kartof alıb gətirirdilər. Əbdül verən puldan hələ xeyli qalırdı. Dəfnə az xərci çıxmışdı, ehsan verməmişdi. Kasıblar ehsan vermək qəmindən azad idilər, onları kimsə də qınamırdı. Kasıbların ehsanı — ürəyi yananların axıtdığı göz yaşları olurdu. Belə yoxsul məhəllələrində ölən çörək — qazanc gətirən idisə, onda ailənin müsibəti daha böyük olurdu. Yox, əgər qoca idisə, xəstə idisə, onda qalanların dərdi-səri bir az yüngülləşərdi, evdə yer boşalırdı, bir qarın çörək qalırdı, bir geyimlik paltar qalırdı ki, bunları tapıb əldə eləmək çox çətin idi. Ancaq Cabbarı Heyran heç cür bu arşınla ölçə bilmirdi. Cabbar onun üçün əziz olmuşdu, qulaq yoldaşı olmuşdu; o, xəstə yatdığı bu beş ildə heç vaxt ərini öz üzərində ağır yük hesab eləməmişdi. Ona görə də, indi tək qaldığı bu günlərdə Heyran Cabbarın yoxluğundan dəhşətli surətdə vahimələnir, təəssüflənirdi, ancaq əli bir yana çatmırdı; gedəni geri qaytarmaq mümkün deyilmiş, sən demə. Bu həqiqəti də — həyatın pozulmaz qanunlarından olan bu hikməti də Heyran məhz indi anlayırdı. Əbdülün verdiyi puldan xərclədikcə, qəribə bir təəssüf hissilə onun özü haqqında da düşünürdü. Hər dəfə döşəyin altından pul götürəndə o ortaboylu, dolubədənli kişi istər-istəməz gəlib yadına düşürdü; necə yaxşı adamlar varmış dünyada. O kişi, demək olar ki, ehtiyac içində boğulan bu kiçik ailəni xilas etmək üçün nə lazım idisə eləmişdi: «Köçün, gəlin bizə, — demişdi, — bu da pul.» Bu, həqiqətən Cabbarı acından ölməkdən, Heyranı dilənməkdən, pis yola getməkdən xilas etmək demək, idi. Ancaq, əvəzində nə oldu? Cabbar bu xeyirxahlığı necə başa düşdü? Qısqanclıqdan, qəzəbdən və gücsüzlükdən ürəyi partladı biçarənin! Köçmək üçün Əbdülün verdiyi puldan müəyyən miqdarı onun dəfninə xərcləndi—köçdü Cabbar, ancaq təzə və isti evə yox, soyuq və qaranlıq torpaq altına! Hələ üstəlik, neçə vaxtdı da Əbdül yol gözləyir. Gözləyir ki, Heyran xəstə ərini də götürüb bura gələcək. Gözləyir. Qırx gündü gözləyir! Qırx gün! Dünən Cabbarın qırxı tamam olmadımı? Ey vay, gör vaxt nə tez gəlib keçir, aman allah? Demək, qırx gün, qırx gecədi ki, Cabbar qara torpaq altındadı, qırx gün, qırx gecədi ki, Heyran bu dörd divar arasında tək-tənha qalıb, öz-özüylə, boş çarpayıdan gələn o qəzəbli səslə danışır, ağlayır, yatıb durur, təzədən göz yaşı axıdır?! Demək, bir bu qədər vaxtdı da o xeyirxah insan — Əbdül onların yolunu gözləyir, gözləyir? Bəlkə də heç onlar Əbdülün yadına da düşmür. Sadəcə o fikirləşəcək ki, Cabbar razı olmadı, ona görə də gəlmədilər. Ağlına gələrmi ki, Cabbar öldü, ölərkən Heyranın qəlbini parçaladı. Yəqin bu da ağlına gəlməz ki, Cabbarı, nəticə etibarilə o öldürdü? O öldürdü? — Heyran bu, fikrindən diksindi. — «yox, Cabbarı öz qəlbiqaralığı öldürdü. Eh, mürəkkəb məsələdi — bəlkə də onun elə düşünməyə haqqı vardı. Məgər həyatda azmı elə şeylər olur? Mən səhv elədim, Cabbar, əzizim. Mən əgər ora, Əbdülün yanına getməsəydim, o paltarları geyməsəydim onda sən hələ yaşardın, Cabbar. Getməyəcəyəm onun yanına.»

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, on birinci fəsil

Qətl meydanına çoxlu adam toplaşmışdı. Ədnan kəndinin məmə yeyəndən pəpə yeyənəcən bütün camaatı bura yığışmışdı. Bu o yer idi ki, burada Yusif Zümrəyi öldürmüşdü. Cahan arvadın ciddi tələbi və təkidi ilə, Yusif gərək burada öldürülə idi.Əmniyyə idarəsi rəisinin müavini başda olmaqla polis dəstəsi, vilayət məhkəməsinin nümayəndəsi, cəllad Cabbar və həbsxana mollası qətl mərasimini qanun əsasında yerinə yetirmək üçün saat doqquzda gəlmiş, lazımi işləri görmüş, meydanda Yusifin qanı töküləcək çuxuru qazdırmış, polis nəfərlərindəi ibarət dairə yaratmışdılar.

9 мин
İkinci hissə, birinci fəsil

Bağışlanandan bir neçə dəqiqə sonra Yusifin gözlənilməz ölümü evdə dəhşətli, soyuq, tükürpədən bir boşluq əmələ gətirmişdi. Elə bir boşluq və mənasızlıq ki, adamın canına üşütmə salırdı. Bundan belə həyatın davam edə biləcəyinə şübhə doğururdu. Sanki bu üç nəfər dərdli insanı dünyada maraqlandıracaq heç nə, heç şey qalmamışdı. Hamısı Yusifin ağ kəfəni içərisində qara torpaqlar altında gömülmüşdü.Günlər, həftələr ötüb keçdikcə Yusifin qəbri köhnəlir, çökürdü; ancaq Elməddinin düzəltdiyi başdaşı qəbiristanlığa gələnləri hüznlə ayaq saxlamağa məcbur edirdi. Doğrudan da Yusifin dərdi adam qocaldan dərd idi: bunu ana da, qardaş da, Əfsanə də dərindəndərinə duyur, anlayırdı və anlaya-anlaya saatbasaat, günbəgün qocalırdılar.

7 мин
İkinci hissə, ikinci fəsil

Ağ dağın başında ötən ildən qalan xarlanmış, qurdlamış qarın üstünə təzə qar yağmışdı, amma ətəklərində yerləşən kəndlərdə, obalarda qızıl payız hökmranlıq eləyirdi. Gündüz havalar mülayim keçsə də, gün əyiləndən sonra soyuyur, gecələr səkilərdə, damlarda yatan adamlar üstlərinə yorğan örtürdülər. Payızın soyuq nəfəsi ağacların saçına daraq çəkmişdi. Qış addım-addım dağların zirvəsindən sürüşüb aşağı enirdi.Sarsıntılı anlar, günlər, dəqiqələr arxada qalmışdı.

5 мин
İkinci hissə, üçüncü fəsil

Payızın son günü idi. Duman dağlardan üzüaşağı sallanır, Ədnanın üstünü alırdı. Havadan yağış qoxusu gəlirdi, ara-sıra haralardasa göy guruldayır, uzaqlarda qızılı şimşəklər bulud laylarını yarıb göyləri titrədirdi. Amma güclü yağış əvəzinə çiskin başladı. Sanki payız ömrünün son dəqiqələrini yaşayan qoca kimi ağlayırdı; ürəkdolusu ağlamaq üçün göz yaşı qalmamış qoca kimi...Səbihə əkin yerindən, bağ-bağçadan yığdığı ələf-əncəri islanmasın deyə çardağın altına yığa-yığa Elməddinin o günkü qəti cavabı barədə düşünürdü: «Gedəcəyəm». O, oğlunun xasiyyətini hər kəsdən daha yaxşı bilirdi: ağlına bir şey düşməsin, düşdümü, onu yerinə yetirməyincə rahat olan deyildi. İnadkarlıq, sözündən dönməzlik onun uşaqlıqdan canına-qanına hopmuşdu.

5 мин

Стихи других поэтов