Qətl meydanına çoxlu adam toplaşmışdı. Ədnan kəndinin məmə yeyəndən pəpə yeyənəcən bütün camaatı bura yığışmışdı. Bu o yer idi ki, burada Yusif Zümrəyi öldürmüşdü. Cahan arvadın ciddi tələbi və təkidi ilə, Yusif gərək burada öldürülə idi.

Əmniyyə idarəsi rəisinin müavini başda olmaqla polis dəstəsi, vilayət məhkəməsinin nümayəndəsi, cəllad Cabbar və həbsxana mollası qətl mərasimini qanun əsasında yerinə yetirmək üçün saat doqquzda gəlmiş, lazımi işləri görmüş, meydanda Yusifin qanı töküləcək çuxuru qazdırmış, polis nəfərlərindəi ibarət dairə yaratmışdılar.

Qəryədar Qulamın həyətindən azca aralı üstüörtülü qara polis maşını durmuşdu. Yusif onun içində idi.

Vidalaşmaq üçün ayrılmış yarım saat artıq qurtarmışdı. Səbihə, Elməddin, Əfsanə, yaxın dost-tanış Yusiflə ağlaya-ağlaya, şivən qopara-qopara öpüşüb ayrılmışdılar. Ayrılıq məqamında Yusif özünü dəyanətlə aparmış, saçını yolub üzünü cıran anasına təsəlli vermiş, qardaşına vəsiyyətini eləmişdi. Elməddin yanaqlarından yaş axa-axa Yusifin son vəsiyyətiii dinləmişdi:

– Əfsanənin oğlu olsa, adımı ona qoyarsan...

Elməddin bu sözlərin əsil mənasını dərk eləməsə də, başını tərpətməklə qardaşının istəyinə əməl edəcəyini bildirmişdi. Ərinin vəsiyyətini ağlamaqdan gözləri qızarmış, çiyinləri tez-tez atılıb-düşən Əfsanə özü də eşitmişdi.

Qəryədar Qulam, Həzrətgül, Yusifin şəhərdən gəlmiş dostu səssiz-səmirsiz onunla öpüşüb vidalaşmışdılar. On birin yarısında cəllad Cabbar ora gəldi:

– Görüş vaxtı qurtardı. — Onun səsi soyuq və qəti idi. Bu sözü eşidən kimi, bayaqdan güclə ayaq üstə dayanan Səbihə arvadın ürəyi getdi. Yerə yıxılanda Əfsanə arvadı tutdu, ehmalca yerə çömbəlib onun başını dizinin üstünə qoydu. Polis nəfərləri Yusifi qabağına qatıb aparanda Əfsanə dizini Səbihənin başı altından çəkərək qalxdı və əlini Yusifə sarı uzatdı... Ancaq ucaboylu, enlikürək polis araya keçib onu yaxın buraxmadı. Elməddin Yusifin dalınca addımladı...

...Bayaqdan arı dəstəsi kimi uğuldayan camaat Yusifin gətirildiyini görüb susdu. Yusif həmişə dik və məğrur tutduğu başını sinəsinə endirmişdi. Saçlarının ağardığını görən Ədnan camaatı təəccüblə, heyrətlə içini çəkir, kimi xısın-xısın ağlayır, kimi «cəzasıdır, qoy çəksin»,— deyirdi.

Yusif addımlarını qətiyyətlə atırdı. Var qüvvəsi ilə çalışaraq süstlüyü, taqətsizliyi yaxına buraxmır, qalan ömrünü «ləyaqətlə» yaşamaq istəyirdi.

Onu meydanın ortasına gətirdilər.

Əmniyyə rəisinin müavini ətrafa göz gəzdirib:

– Məqtulun anası hanı? — deyə soruşdu.

Qabaq cərgədən, polis nəfərlərinin arasından irəli çıxan Cahan arvad əlində tutduğu par-par parıldayan xəncəri havada oynada-oynada cavab verdi:

– Mən buradayam, ağa.

Bayaqdan başını sinəsindən qaldırmayan Yusif qeyri-iradi dönüb Cahan arvada kədərli, məhzun nəzərlərlə baxdı. Əlindəki qılıncı görəndə udqundu — boğazında küt ağrı hiss elədi. Gözlərini xəncərdən çəkib Cahan arvadın üzündə gəzdirdi: arvadın simasında təntənəli bir sevinc vardı. Bəli, intiqam saatı yetişmişdi, o, xəncəri çıxarıb madar balasının qatilinin qanına bulayacaqdı—bəlkə bundan sonra Cahan arvadın ana ürəyi toxtayardı, aram olardı...

«Bəlkə,—Yusif düşündü, — Cahan arvada yalvarmaq, əl-ayağına düşüb sürünmək, bağışlamağını xahiş eləmək? Bəlkə ürəyinə rəhm gəldi, bağışladı. Azmı belə hallar olub? Mənən günahkarı öldürəndən sonra son dəqiqədə cəzasından keçən adamlar çox olub, çox olub?..» Yusif qeyri-iradi ağzını açıb nəsə demək istədi, ancaq qurumuş dodaqları bir-birindən aralanmadı; sinəsindən qopub gələn səs boğazında itib batdı. Və o, ani olaraq özünü Cahan arvadın ayaqları altında təsəvvür elədi. Cahan arvad nəinki onun yalvarışlarını eşitmir, hətta onu təpikləyir, söyürdü:

«—Dur ayağa, bişərəf, binamus».

Elə bil, bu sözləri aşkara eşidirdi. Dumanlanmış beynində bu sözlər qığılcım kimi parladı və o, özünü arvad ayaqları altında görməkdən ikrah edirmiş kimi, çimçəşib gözlərini yumdu. Yox, arvaddan aman istəmək özü də arvadlıqdır. Yox, o öləcək, ancaq yalvarmayacaqdır.

Camaat Cahan arvada söz atırdı:

– Ay arvad, o cavanın qanına qıyma.

– Cəllad olma, arvad!!

– Ay kaftar, onu öldürməklə oğlun diriləcəkmi?

Uğultu getdikcə gücləndi.

Rəis camaatı nizam-intizama çağırırdı:

– Sakit! Sakit olun, ay camaat!

Araya sükut çökdü.

Rəis müavini üzünü gödək, qırmızıyanaqlı, saqqalına həna qoymuş kişiyə tutub:

– Ağayi qazi, buyur, hökmü qiraət elə, — dedi. Kişi irəli yeriyib boğazını arıtladı, cibindən dörd bükülmüş kağızı çıxarıb açdı, camaata nəzər yetirib adamların sakit olmasını gözlədi. Sonra hökmü oxumağa başladı. Hökmdə, cinayətin tarixi müfəssəl şərh edilir, məqtulun günahsız olduğu, qatilin öz cürmünü iqrar etdiyi söylənirdi. Qazinin səsi aram və təmkinli idi. Elə bil, ölüm haqqında hökm yox, adi bir məktub və ya əhvalat oxuyurdu. Oxuduqca da səsini ucaldır, adamlar arasında gəzən pıçhapıçı batırırdı.

O, nəhayət, hökmün qərar hissəsini camaata çatdırdı:

– Xudavəndi-aləmin ərşi-əladan yerə nazil etdiyi Quranimüqəddəsin tələbinə əsasən, ədalətməhkəməsinin ədalətli qərarına binaən, Zümrəyi-bigünahı qətlə yetirən Yusif vələde Səlim sakeneqəryeye-Ədnan ölümə məhkum edilsin. — Qazi sözlərinin təsirini yoxlamaq istəyirmiş kimi, dayanıb cücə gözlərini camaatın üzündə dolandırdı, və ani sükutdan sonra əlavə etdi:

– Məhkumun bağışlanmaq üçün verdiyi ərizəni əlahəzrət və ali məhkəmə qəbul etməmişdir. — Qazi son sözünü deyib ehtiyatla əvvəlki yerinə çəkildi.

İndi söz Cahan arvadın idi. Ölüm hökmü kəsildiyinə baxmayaraq o, oğlunun qatilini bağışlaya bilərdi. Əgər ana oğlunun qanından keçsəydi, hökm, qanun öz kəsərini itirərdi.

Qəryədar Qulam, görünür, axırıncı imkandan istifadə etmək qərarına gəldi. Çünki Səbihənin, Elməddinin yeganə güman yeri qəryədar Qulam idi və ondan bərk yapışmışdılar.

Qəryədar Qulam əlini ağ saqqalına çəkə-çəkə polisləri aralayıb irəli yeridi və iki polisin arasında dayanmış Cahan arvada sarı gəldi.

– Olarmı ağayi-müavin... — deyə o, əvvəlcə müavindən icazə istədi, müavin başı ilə razılığını bildirəndən sonra qəryədar Cahan arvada üz tutdu:

– Cahan, mən də Ədnan camaatı adından bir də səndən iltimas eləyirəm: keç bu cavanın qanından, bağışla onu. Mən bu ağbirçək vaxtında sənin əlinin qana batmasını istəmirəm. Biz hamımız sənin dərdinin böyüklüyünü başa düşürük. Mərhum Zümrəy də bizim balamızdır. İşdir, olub. Öləni geri qaytarmaq olmur, Cahan. Biz hamımız həqqə qovuşacağıq. İntahası, geci-tezi var. Sənin oğlun şəhid olub -yeri cənnətdir, Cahan. Sən gəl mənim, bu Ədnan camaatının sözünü yerə salma.

Cahan arvad hikkə ilə:

– Yox, Qulam, yox! —deyib dururdu.

Bu vaxt Səbihə arvad camaatın səfini yara-yara başıaçıq, saçları üzünə tökülmüş, divanə halda özünü Cahanın ayaqları altına atdı:

– Cahan, başına dönüm, qurbanın olum...

Yusif anasının onun ayaqlarını qucaqlayıb öpdüyünü və Cahanın isə onu təpiklə vurub kənara itələdiyini görəndə əsəbi səslə qışqırdı:

– Lazım deyil, yalvarma, ana!...

– Onsuz da keçən deyiləm, yalvarsa da keçən deyiləm. — Cahan da əsəbiliklə dilləndi.

– Cahan, üç lək pul verirəm, bağışla Yusifi. — Hamı dönüb sözləri deyən adama baxdı. Buralı deyildi. Araqçın qoymuş kişi yanındakına izahat verdi:

– Bu, Yusifin dostudur, şəhərdən gəlib.

– Mənə heç nə lazım deyil, mənə bir ovuc qatil qanı gərəkdir, qatil qanı ki, içim, ürəyim soyusun.

Qəryədar Qulam, Səbihə çəkilib getdilər. Yusifin dostu susdu. Müavin Cahana müraciət elədi:

– Bu, sənin son sözündür?

– Bəli, ağa, son sözümdür. Mənə dünya malı gərək deyil. Müavin üzünü seyrək saqqallı mollaya tutdu:

– Onda, Molla Qulu, başla.

Molla Qulu Yusifə yaxın gəldi, qollarının qandalını açdı və qazılmış çuxurdan azca aralı sərilmiş həsir canamazı ona göstərdi:

– Namazını qıl, bala.

Yusif ağır addımlarla canamaza sarı gəldi, aftafanı götürüb təharətini aldı. Tələsmirdi. Arxayın-arxayın tərpənirdi. Sanki, bununla ömrünü uzatmaq istəyirdi. Həsirin üstünə çıxdı, üzünü qibləyə çevirib heykəl kimi dayandı. Sanki namaz qılmağı yadından çıxartmışdı və ya nə etməli olduğunu unutmuşdu.

Molla Qulu bir də xatırlatdı:

– Namazını qıl, vaxt keçir...

Yusif neçə müddətdən bəri qandalların sıxıb ağrıtdığı əllərini ağır-ağır yuxarı qaldırdı. O nə deyirdi? Namazmı qılırdı? Ya həyatla səssiz-səmirsiz vidalaşırdı? Bunu bilmək çətindi.

Nəhayət, ucundan daş asılmış dəqiqələr sona çatdı, namaz qurtardı. Yusif özü, əmr gözləmədən, həsirin üstündən düşdü və onunçün ayrılan xüsusi yerə gəldi.

Molla xəbər aldı:

– Sözün varmı?

Yusif ani fikirdən sonra:

– Qardaşımı bura çağırın, — dedi. Elməddin gəldi. Baxışdılar. Sakitlikdi. Milçək uçsaydı, eşidilərdi.

Yusif qolundan saatını açdı, Elməddinə sarı uzatdı:

– Al, məndən sənə yadigar olsun.

Elməddin tələsmədən saatı aldı... Göz yaşları arasından əqrəblərə baxdı. On birə beş dəqiqə qalırdı. Birdən o hönkürdü.

Yusif acıqlandı:

– Kişi ol. Məni öldürürlər, sən niyə ağlayırsan?

Sonra onlar qucaqlaşıb sarmaşdılar. Öpüşdülər, öpüşdülər. Tamaşa eləyənlərin də gözü yaşardı.

Ayırdılar. Ayrılmaq istəmirdilər, ancaq ayırdılar.

Dəhşətli an yaxınlaşırdı. hamının üstünə elə bil, su ələnmişdi. Yığışan adamlar Yusifin, onun anasının halına acıyır, Cahan arvadın qəddarlığına təəccüb edirdilər. Cahan arvad isə dünyada ən yaxşı bir iş görmüş və ya görəcək bir qəhrəman kimi qürurla polis nəfərlərinini arasında dayanmışdı. Yusifə — rəngi ağappaq ağarmış Yusifə baxırdı. Yusif heyrətdənmi, qorxudanmı böyümüş gözlərini dolandırıb izdihamın üstündə gəzdirdi və sonra baxışları ilə arayıb Cahan arvadı tapdı. Nəzərləri bir anlığa toqquşdu; bir-birinə baxdılar. Sanki Cahan arvad bayaqdan Yusifi görməmişdi. Diqqətlə fikir verəndə gördü ki, Yusifin başı ağarıb: enlikürəkli, cüssəli Yusifdən əsər-əlamət də qalmayıb; onun əvəzində arıq, üzünün sümükləri görünən, balacalaşmış bir adam dayanıb mühafizlərin arasında. Qarı əvvəl qışqırmaq istədi ki, yox, bu mənim oğlumun qatili deyil, bu ayrı adamdır, verin mənim oğlumun qatilini. Ancaq özünü saxladı, gözlərini qıyıb ona bir də diqqətlə baxdı. Bəli, indi o idi, özü idi: qarı onu gözlərindən tanıdı. O gözlərdən ki, ölümün qorxusundan iriləşib alacalanmışdı. O gözlərdən ki, indi Cahan arvada yalvarıcı, rəhm-aman diləyən baxışlarla zillənmişdi. Cahan arvadın qulaqlarında ondan xahiş-minnət eləyən adamların səsləri səslənirdi, Səbihə arvadın hıçqırıqları eşidilirdi. Beynində uğuldayan bütün bu səs-küy birdən-birə kəsildi, arvadın gözlərinin önünə Zümrəy gəldi, yerə tökülüb laxtalanmış qan gölməçəsi gəlib təsəvvüründə canlandı. İndi, bax, bir neçə dəqiqədən sonra Yusifin də qanı axıb yerə töküləcəkdi, sonra Zümrəyin qanı kimi laxtalanacaqdı və Yusif də Zümrəy kimi həmişəlik yox olacaqdı. Bəli, yox olacaqdı və Səbihə də onun kimi sinədağlı qalacaqdı.

Arvadı fikir aparmışdı. Onun xəbəri olmamışdı ki, müavinin işarəsi ilə polis nəfəri Yusifin əllərini, ayaqlarını uzun və möhkəm kəndirlə bağlamış, çuxurun yanına gətirmişdilər. Cahan qarı onda özünə gəldi ki, artıq güclə ayaq üstə dayanan Yusifin gözlərini qara dəsmalla bağlayırlar. Birdən, heç kəsin gözləmədiyi halda Cahan arvad əlindəki par-par parıldayan qılıncı göyə qaldırıb taqətsiz, yorğun bir səslə dedi:

– Mən onu... oğlumun... ruhuna... bağışlayıram... — Sonra ağır-ağır əlavə elədi. — Qoy... yaşasın...

Ancaq Cahan qarının son sözləri izdihamın uğultulu səsi içərisində itib batdı; camaat, Səbihə, Əfsanə, Elməddin Cahan arvadın üstünə yeridi. Səbihə onun ayaqlarına düşdü, Əfsanə əllərini öpdü. Cahan arvad isə sanki heç nə eşitmir, heç nə hiss etmirdi. Eləcə, heykəl kimi dayanmışdı, lal-dinməz... Ancaq gözlərindən yaş axırdı, elə hey axırdı...

– Arvad cənnəti satın aldı.

– Qatil olmaq istəmədi Cahan qarı.

– Yaşa, Cahan arvad.

Bu sözləri bir adam yox, az qala hamı deyirdi. Camaat buraya matəmə gəlmişdi, ancaq axırı yaxşı oldu: arvad Yusifi bağışladı. Bu hay-küy, qışqırtı-bağırtı içərisiidə Yusif yaddan çıxmışdı. Yanında dayanmış cəllad Cabbar sevinə-sevinə ona deyirdi:

– Anan namaz üstə imiş.

Yusif isə key kimi dayanmışdı. Sanki heç nə başa düşmürdü; gözlərini açmışdılar, ancaq hələ heç nə görmürdü. Elməddin adamları aralaya-aralaya qardaşına sarı gəldi, onu qucaqlayıb şadlıqdan hönkür-hönkür ağlayaraq söylədi:

– Sənə qurban olum, ay qardaş, Cahan arvad səni bağışladı.

Sanki Yusif yatmışdı, indi ayıldı, indicə, Elməddin bu sözləri deyəndən sonra yenidən həyata qayıtdı.

Lakin... birdən Yusifin dizləri bügüldü və o, səntirləyib qardaşının qolları arasından üzü aşağı axdı. Elməddin həyəcan və təşviş dolu səslə:

– Yusif, Yusif! —deyə qışqırdısa da, ondan cavab çıxmadı. Elməddin onun başını dizi üstə qoyub təlaşla silgələyir və çığırırdı:

– Yusif, Yusif, sənə nə oldu? Cəllad Cabbar arxayın bir səslə:

– Sevindiyindən ürəyi getdi yəqin, — dedi.

Ancaq cəllad Cabbar səhv eləyirmiş. Yusifin ürəyi partlamışdı... Bu ağır xəbəri adamlar bir-birinə ötürdülər, sevinc, şadlıq səsləri yenidən kəsildi, hamı susdu və sonra Səbihə arvadın «Can bala!»— deyən fəryadı eşidiləndə hamının gözü doldu...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü hissə, səkkizinci fəsil

Hava ilıq yaz günəşi ilə könül oxşayırdı. Həyətdəki ağaclar yamyaşıldı, gül kollarının üstünə elə bil yaşıl-qırmızı parça sərmişdin. Elməddin fpkirli-fikirli kiçik bağçada gəzinirdi. Qanıqara idi — Simin uşaq xərc eləmişdi. Üç aylıq körpə varlıq, anasının ehtiyatsızlığı üzündən — ağır yük qaldırdığından tələf olmuşdu. Simin çoxlu qan itirdiyindən zəif düşüb yatmışdı. Əfsanə ona tez-tez şərbət içirir, yeməyinə xüsusi fikir verirdi. Simin sakit ola bilmirdi, dalbadal köks ötürür, bunu böyük itki hesab eləyirdi. Əfsanə nə qədər təskinlik verirdisə, gəlin aram olmurdu. Onun bu qanıqaralığı Elməddinə də pis təsir eləmişdi. İki gün idi qaşqabağı açılmır, fikir xəyaldan ayrılmırdı. «Dünyaya gəlməmiş ölən körpəmə» adlı qəmli bir şer də yazmışdı. Şerdə oğul həsrətilə yaşayan bir atanın ürək çırpıntıları, övladının xoş gələcəyi haqqında xoş, şirin düşüncələri qələmə alınmışdı.Əfsanə içəridə — yatağında uzanmış Siminbərə, eyvanda, həyətdə Elməddinə təsəlliverici sözlər deyirdi, ancaq elə bil, ər-arvad onu eşitmirdi, sanki, «eh, sən nə bilirsən, övlad nə deməkdi, ay yazıq!» — söyləyirdi ürəyində. Nədənsə Əfsanəyə elə gəlirdi ki, Elməddin uşağın tələf olmasından çox, arvadının çəkdiyi əziyyətə heyfslənir, yanıb-yaxılır. Və o, bunda sonsuz bir məhəbbət görürdü, bu canıyananalıq, qayğıkeşlik hardasa Əfsanənın gözlərini dumanlandırır qəlbini qəribə bir kədərlə doldururdu. O, belə anlarda özünü dünyanın ən bədbəxt qadını sayırdı. Hərdən anlaşılmaz bir ürək çırpıntısı ilə gözləyirdi ki, bax, indi Simin xəstədir, qan itirib zəif düşüb, başı öz hayındadı, qeyri-iradi bir qadın marağı ilə gah onun, gah bunun ağzına, gözlərinə baxan Simin indi, demək olar ki, çarpayıdan düşə bilmirdi, Əfsanə qızın da yatdığı vaxtlar olur, — bax belə anlarda, dəqiqələrdə, saatlarda, Elməddin ona lütflə, mehribanlıqla baxa bilər, heç olmasa şirin-şirin söhbət edə bilər, ya özündə bir cəsarət, qüdrət tapıb onun otağına keçə bilərdi. Belə arzu ilə yaşadığı günlər çox olmuşdu, ancaq hamısında ümidləri, intizarları boşa çıxmışdı. Simin elə bil Elməddini əfsunlamışdı. Əfsanəyə olan məhəbbətini, marağını öldürmüşdü, soyutmuşdu. Əfsanə bunu özü üçün ən böyük dərd eləyib yaşayırdı, ağrılı qəlbinin giziltilərini ovuda-ovuda yaşayırdı. Doğurdanmı, onun hiss etdikləri həqiqət idi, ya ona elə gəlirdi? Doğrudanmı Elməddin, Əfsanəyə olan sevgisini tamam itirmişdi? Bax bu həqiqəti Əfsanə bilmirdi, başa düşmürdü, şəklə yəqin arasında çırpına-çırpına qalmışdı.

12 мин
Dördüncü hissə, doqquzuncu fəsil

Əfsanə pəncərənin qənşərində dayanıb həyətdə, miz arxasında oturan Şahinlə Elməddinə tamaşa eləyirdi. Şahin nə isə danışırdı, Elməddin lal-dinməz qulaq asırdı. Görəsən, söhbət nədən gedirdi? Əfsanənin ürəyinə dammışdı ki, Şahin bura, Elməddinin yanına onun üçün gəlib. Yəqin indi də elə bu barədə odlu-odlu danışır. İstəyirdi orda ola, onun sözlərinə qulaq asa. Görə nə deyir, necə deyir? Ancaq bu mümkün deyildi. Bu ara balaca Əfsanə gəlmiş:– Madərim səni çağırır, xala — demişdi. Əfsanə tələsik Siminin yanına cummuşdu.

8 мин
Dördüncü hissə, on üçüncü fəsil

Vaxt dolanıb keçdikcə Sərdar Məhəmməd bir tərəfdən hakimiyyətin ona bəxş etdiyi səadətdən, geniş imkanlardan, hamının onun qarşısında ikiqat olub əyilməsindən, sahibi-ixtiyar olmasından əvəzsiz bir nəşə alırdısa, digər tərəfdən daimi qorxu içində yaşaması kefinə soğan doğrayırdı. Hakimiyyəti çox asan ələ almışdı, ancaq görünür, onu əldə saxlamaq o qədər də asan deyilmiş. Uzun illər yüksək dövlət vəzifələrində çalışan, məmləkətin həm iqtisadi, həm də siyasi vəziyyətini çox gözəl bilən rəisi-cümhur anlayırdı ki, şahı qovmaq, məmləkəti cümhuriyyət elan etməklə mövcud vəziyyəti dəyişmək, artıq oyanmış, öz haqqını-hüququnu az-çox dərk etmiş və daha yağlı vədlərə inanmadığından tez-tez küçələrə çıxan, müxtəlif tələblər irəli sürən camaatı sakitləşdirmək mümkün deyil. Məhz bu fikir Sərdar Məhəmmədin canına gizli bir qorxu salırdı. O, yaxın adamları ilə tez-tez məsləhətləşsə də, ağıllı bir tədbir söyləyən adama rast gəlməyib məyus olurdu, belə hallarda çox vaxt təkbaşına qərarlar qəbul edir və onun yerinə yetirilməsinə çalışırdı. Əlində olan məlumatları saf-çürük eləyəndən sonra bu qənaətə gəlmişdi ki, bütün bu nümayişlərin — müzahirələrin yeganə təşkilatçısı və ilhamvericisi hezbi-demokratexəlqi-Əfqanıstandır. Bu, gizli fəaliyyət göstərən, gözəgörünməz orduya, puhəntuna, müxtəlif müəssisələrə uzanan təşkilatın, onun rəhbərlərinin işidir və nəyin bahasına olursa-olsun onu tapmaq, məhv etmək, ocağını söndürmək gərəkdir. Belə olmasa məmləkətin nizamı pozulacaqdır. Odur ki, o, lap bu yaxınlarda vəzirə-ümure-daxiləni, rəisesazmane-əmniyyəni yanına çağırıb xeyli danladıqdan sonra, onları hezbin əsas başçılarını nə cür olursa-olsun, tapmaq, həbs etmək, cəmiyyətin müzür ünsürləri kimi xalqın gözü qabağında mühakimə edib güllələmək tapşırığı vermişdi. Daha başqa çıxış yolu yox idi — təşkilat getdikcə güclənir, nufuzu artırdı, əgər indi qarşısı alınmazdısa, sonra geç olacaqdı. Rəise-sazmane-əmniyyə general Əmir xan günortadan sonra rəisi-cümhurun qəbuluna gəlmişdi. Generalın yaşı altmışı haqlamışdı, başında bir dənə də qara tük yox idi, buna baxmayaraq,o, qəddini dik tutub həmişə şax yeriyərdi. Xırda, yanı qırışlarla örtülmüş gözlərində daim gizli bir təbəssüm gəzirdi. Tədbiri, ağlı, çevikliyi ilə adi zabitlikdən bu rütbəyə qalxmışdı. Sərdar Məhəmməd onu gəncliyindən tanıyırdı və təsadüfi deyildi ki, onun bacarığına inanıb bu işi əsasən ona həvalə etmişdi.General Əmir xan iki gün geçə-gündüz evə də getməmişdi, elə idarədə yatmışdı, ancaq çox iş görmüşdü. Hezbin fəaliyyəti rəhbərləri, əsas nüfuzlu üzvləri barədə illərlə açıq-gizli xəfiyyələrin müxtəlif vaxtlarda yazıb təqdim etdiyi məlumatlar əsasında bir səhifədən ibarət siyahi tərtib etmişdi; bu siyahidə Nur Məhəmmədin, Bəbirin, Mir Əkbərin, Şəfinin, Süleyman Layiqin, Ziyaülhəqtin və başqalarının adı yazılmışdı, səhifənin lap axırında Elməddinin adı qeyd olunmuşdu. Başqa bir-kağızda isə onları ələ keçirmək planı xırda xətlə, təfsilatı ilə şərh olunmuşdu.

9 мин
Dördüncü hissə, on birinci fəsil

Şahin neçə gün bundan qabaq gəlib gedəndən, Əfsanə pərişan və pəjmürdə halda o ittihamedici şeri oxuyandan, vəsiyyətini eləyəndən sonra Elməddinin ürəyi alt-üst olmuşdu. Qorxmuşdu. Əfsanənin danışığından belə yəqin eləmişdi ki, o daha dözə bilmir, daha belə yaşamaq ağır və mənasızdı, yəqin elə buna görə də özünü öldürmək fikrinə düşüb. Bu qorxu qəlbinə yol tapandan sonra Elməddin çaşqın halda iki-üç dəfə Əfsanə ilə söhbət eləmək, onu başa salmaq, o qorxulu qərardan onu daşındırmaq istəmişdisə də, bir nəticəsi olmamışdı — çünki Əfsanə dinləməmişdi onu, qəhər içində boğula-boğula yanından getmişdi.Elməddin aralarında olan həmin söhbəti, çarəsiz qalıb Siminə açmışdı, heyrətlənən arvadına tapşırmışdı ki, Əfsanəni mümkün qədər tək qoymasın, nə vasitə ilə olursa-olsun, başını qatsın, bəlkə o, bu fikrindən daşındı. O vaxtdan Elməddin də, Simin də bir növ Əfsanənin gizli nəzarətçilərinə çevrilmişdi. Simin də, Elməddin də həqiqətən göz qoyub görürdülər ki, Əfsanə əvvəlki Əfsanə deyil, — onun içində nə isə qırılıb, sınıb dağılıb: baxışları da, səsi də qəmli olub. Həmişə xəyal aləmindədi, hər şeyə donuq və mənasız nəzərlərlə baxır. Söz deyəndə çox vaxt eşitmir. Siminin «axı sənə nə olub bacı?» — deyən sorğu-suallarını «heç» deyə cavabsız qoyur. Beləliklə, Şahin gəlib-gedəndən sonra, evdə son dərəcə gərgin bir vəziyyət yaranmışdı. Hər gün, hər saat nə isə dəhşətli bir hadisə olacağını gözləyirdilər. Elməddin hər dəfə evə dönəndə qorxa-qorxa həyətə girirdi, Əfsanəni sağ-salamat görəndə rahat nəfəs alırdı.

11 мин

Стихи других поэтов