Bağışlanandan bir neçə dəqiqə sonra Yusifin gözlənilməz ölümü evdə dəhşətli, soyuq, tükürpədən bir boşluq əmələ gətirmişdi. Elə bir boşluq və mənasızlıq ki, adamın canına üşütmə salırdı. Bundan belə həyatın davam edə biləcəyinə şübhə doğururdu. Sanki bu üç nəfər dərdli insanı dünyada maraqlandıracaq heç nə, heç şey qalmamışdı. Hamısı Yusifin ağ kəfəni içərisində qara torpaqlar altında gömülmüşdü.

Günlər, həftələr ötüb keçdikcə Yusifin qəbri köhnəlir, çökürdü; ancaq Elməddinin düzəltdiyi başdaşı qəbiristanlığa gələnləri hüznlə ayaq saxlamağa məcbur edirdi. Doğrudan da Yusifin dərdi adam qocaldan dərd idi: bunu ana da, qardaş da, Əfsanə də dərindəndərinə duyur, anlayırdı və anlaya-anlaya saatbasaat, günbəgün qocalırdılar.

Qəbir köhnəlir, çökürdü—ancaq dərd köhnəlmirdi. Dərd yandırır, sızladır, ağladırdı. Yusifi Cahan arvad öz əli ilə qətlə yetirsəydi, bəlkə də bu ağrı onları belə göynətməzdi. «Öldürmüşdü, onu da öldürdülər»—deyə bəlkə də bir təskinlik tapmaq olardı. Ancaq belə, bağışlanandan sonra, qəflətən ölməyinə ana da, qardaş da, Əfsanə də heç cür inana bilmirdilər. Onlara elə gəlirdi ki, Yusif doğrudan da, bayılıb, haçansa özünə gələcək və təzədən torpağın altından dikəlib evinə, ailəsinin yanına qayıdacaqdı. Vaxt keçir, ancaq Yusif qayıtmırdı, qayıtmayacaqdı da.

Səbihə arvad atasını, anasını, ərini dəfn edəndə belə göynədici sızıltı, varlığını yandırıb-yaxan, yerə-göyə-nifrət yağdırmağa çağıran ağrı hiss eləməmişdi. Bu ağrını cavan oğlunu öz əllərilə torpağa tapşırmış analar duya bilərlər!!

...Soyuq nəfəsli payız gəlmişdi. Ağaclar yaşıl yarpaqlarını töküb çılpaqlaşmış, adamlar isə qalın geyinməyə başlamışdı. Tez-tez yağışlar yağırdı. Dolu da düşürdü. Ağ noğul dənələri kimi iri, bərk dolu...

Dərdsiz, qayğısız adamlar belə payızda, yağışlı, çiskinli günlərdə qəmlənirlər. Dərdli adamların isə dərdi daha da çoxalır, evlərində kədər, ürəklərində hüzn, ələm yuva salır.

Payızın girməsi ilə Səbihənin dərdi aşıb-daşmışdı. Yusifin yoxluğu daha artıq nəzərə çarpırdı. O biri yandan da ana üçün Cahan arvad ilə üz-üzə gəlmək, səsini-sözünü eşitmək çox çətin idi. Cahan arvadı görəndə o hər şeyi bütün təfərrüatı ilə xatırlayırdı — Yusifin anadan olandan həlak olduğu günəcən bütün həyatı birər-birər gözünün qabağından keçir və arvadın əsəbləri möhkəm gərilirdi. İxtiyarsız olaraq göz yaşları axmağa başlayırdı. Cahan arvadı qınayan az idi. O, ana kimi öz ciyərparasının qanını almaq istəyirdi. Son ana— Yusifi bağışlayana qədər hamı ona bir cəllad kimi baxır, daşürəklikdə qınayırdı. Ancaq lap son anda ürəyində baş qaldırmış insanlıq hissi onu camaatın da, Səbihənin də gözündə ucaltmışdı. Elə ucaltmışdı ki, Elməddin də, Əfsanə də, Səbihə də, Yusifin dostları da ona səcdə eləməyə hazır idilər.

Lakin... Yusifin qəfil ölümü hamını çaşbaş saldı, toy-bayrama çevriləcək bir mərasim yasa döndü.

Səbihə arvad hadisədən xeyli keçməsinə baxmayaraq Cahan arvada münasibətini müəyyənləşdirə bilmirdi. Gah ona yazığı gəlir, oğlu ölmüş bir ana kimi onun halına acıyır, dərdinə qalırdı, gah da öz balasının ölümündə onu günahkar sayır, ürəyində Cahan arvada kinküdurət hissi coşub-çağlayırdı. Səbihə arvad özünün bu dəyişkən, təzadlı halından baş aça bilmirdi, qətiyyən baş aça bilmirdi.

Sonralar baş vermiş hadisə Səbihənin dərdini azca yüngülləşdirdi. Sən demə, Cahan arvadın öz əsəbləri çox möhkəm deyilmiş, taleyindən ağır zərbələr dadmış arvadın hərəkətlərində, danışıqlarında indiyəcən heç kəsin görmədiyi qəribəliklər meydana çıxdı. Bu, əvvəl Səbihəni acıqlandırdı, ancaq sonra Molla Qulu onu başa salanda nə qədər qəribə olsa da, Səbihə uşaq kimi sevindi.

Molla Qulu ona demişdi:

«Cahan arvad dəli olub!»

...Yusifin ölümündən sonra Cahan arvad hücrəsinə çəkilmişdi. Elə bil arvad oğlunun qatilinin nagahani vəfatından sonra qeyb olmuşdu və ya ağır, çətin döyüşlərdə-qələbə qazanmış qəhrəmanlar kimi istirahətə çıxmışdı.

Amma əslində belə deyildi. Oğlunun ölümündən keçən müddət ərzində əzab-əziyyət, qəm-qüssə, kimsəsizlik əlində yanıb-qovrulan, gecələr səhərəcən göz qırpmayan, öz-özünə ağlaya-ağlaya danışan, intiqam saatını səbirsizliklə gözləyən Cahan arvadın bütün gücü-taqəti itmişdi. Yeməkdən qalmışdı. Gözləri zəiflikdən qaranlıq gətirir, dizləri titrəyirdi. Onu təkcə intiqam eşqi yaşadırmış — bu arzusuna çatandan sonra ölsəydi də, eybi yox idi. Amma o günü görməmiş arvad ölmək istəmirdi, əcəllə, əzraillə də-cəng eləyib intiqam gününəcən yaşamaq üçün möhlət almağa hazır idi.

Nəhayət, o gün gəlib çatdı: düzdür, o əlini qana bulamadı, ancaq oğlunun qatilinin ölümünü gözlərilə görüb rahat oldu. Həmin məşum mərasimə gələndə Cahan arvad özünü quş kimi yüngül və qıvraq hiss eləyirdi: süstlük, yorğunluq yerini sevinc qarışıq gümrahlığa vermişdi.

Amma o mərasimdən sonra...

Cahan arvadın ikinci faciəsi sonra başladı. Əsəb telləri taleyin rəhmsiz əllərilə baş tükü kimi qarışdırılıb parakəndə salındı. Və məhz onda arvadın danışığında, hərəkətlərində nizamsızlıq, qeyriadilik zühur elədi. Görünür, oğlunun ölümündən əlavə, Yusifin ölümü də ona az təsir etməmişdi. Cahan arvad hərdən sevinirdi ki, nə yaxşı, onu bağışladı. Onsuz da o, öləcəkmiş, Cahanın əlində ölmədi. Amma yenə fikri dolanır, özünü Yusifin ölümündə günahkar sayırdı. Yusif xəyala, kölgəyə dönmüşdü, gecə-gündüz, ayıq vaxtı da, yuxuda da Cahan arvaddan əl çəkmir, nəsə anlaşılmaz sözlər deyirdi. Arvad nə qədər çalışırdısa, bu xəyalı özündən uzaqlaşdıra bilmir, qaçmağa yer axtarırdı. Lakin hara gedirdisə, nə eləyirdisə Yusifin şəkli onun gözləri önündən çəkilib getmir, beynindən, ürəyindən çıxmırdı. Belə hallarda o, üz tutub qəbiristanlığa yollanır, oğlunun məzarı üstə oturub ağlayır, öz-özünə danışıb gözlərini də, qəlbini də boşaldırdı. Qəbiristanlıqdan çıxanda sanki Yusif də qəbirdən qalxıb onun dalınca düşür, nəsə deyə-deyə Cahanla birgə kəndə qayıdırdı. Səbihəgilin evinin yanından keçəndə Yusifin xəyalı öz evlərinə dönmür, Cahan arvadın beynində, ürəyində birbaş onlara gəlirdi. Bu zaman Cahan arvad hövllənir, canını qoymağa yer tapmır, dəli kimi ora-bura vurnuxur, nə etdiyini özü də bilmirdi.

Payız səhərlərinin birində Cahan arvad qəbir üstünə getmək məqsədilə evdən çıxdı. Yolunu Səbihəgilin evinin yanından saldı, araya düşmənçilik düşməmişdən qabaq olduğu kimi, doqqazın qabağında dayanıb səsləndi: - Ay Səbihə, ay Səbihə.

Səbihə doqqazın ağzına gəlib Cahan arvadı görəndə, təəccüb içində çaşıb qaldı.

Cahan arvad heç bir şey olmamış təki:

– Səlaməleyküm! — dedi.

– …

– Deyirəm, qəbir üstünə gedirəm, kedək uşaqların məzarını ziyarət eləyək. Haçandı getmirik!—Amma dünən getmişdi.

Səbihəyə elə gəldi ki, Cahan ona acıq verir, yarasının qaysağını qopartmaq istəyir. Odur ki, dəli bir hərəkətlə-özünü saxlaya bilməyib Cahanın üstünə cumdu:

– İtil cəhənnəmə, səni görəndə gözüm ağrıyır.

Səbihənin üstünə şığıdığını görən Cahan arvad ciddiləşdi, tumanının balağını əlinə yığıb qaçmağa üz qoydu. Qaça-qaça ucadan qəhqəhə çəkib gülürdü. Bu, onun ilk qeyri-adi gülüşü idi ki, Ədnan camaatı eşidirdi. Həyət-bacadakı uşaq-böyük küçəyə, darvaza ağzına çıxmışdı, ona baxırdı. Səbihənin daha təqib eləmədiyini görüb qaçmağına ara verdi, ancaq gülüşünə yox.

Saqqalına həna qoymuş Molla Qulu irəli yeriyib Cahanın yanına gəldi, xırda gözlərini geniş açıb arvada diqqətlə fikir verərək bir şey öyrənməyə çalışdı. Lakin heç nə başa düşmədiyinə görə soruşdu:

– Nə olub, ay Cahan? Cahan gülə-gülə:

– Necə yanı nə olub, ay Molla Qulu? Vay sənin Molla Qulu. Ə kişi, qəbir üstünə gedirəm ey, Zümrəy çağırıb, deyir, sənsiz darıxıram, yanıma gəl. Özün bilirsən, Zümrəy Yusifnən danışmır, küsülüdür. Bilirsən də dava eləyiblər axı! Daha kimnən danışacaq? Gedək, sən öz oğlunla görüşərsən, mən də öz oğlumla. Gedək.

«Arvadın başına hava gəlib» — deyə ürəyindən keçirən Molla Qulu mümkün qədər aram səslə dedi:

– Mənim oğlum ölməyib, Cahan.

– Ölməyib? Xa, xa, xa, əşi, nə olsun, ölməyib, öləcək də. Gedək. — Molla Qulu onu qaytarıb evinə gətirmək istədi. Ancaq arvad boyun qoymadı və yola düzəlib getdi. Molla Qulu doqqaz ağzında dayanmış Səbihəyə yanaşdı:

– Arvad dəli olub, Səbihə, — dedi.

– Doğrudan?

– Vallah, danışığını, sözünü bilmir. Səbihə sevincini gizlətmədi:

– Qurban olum Allaha, qəzəb elədi ona. Nəzirim qəbul olundu. Sənə inanmayana lənət, xudaya.

Onlar qanrılıb Cahanın getdiyi səmtə baxanda gördülər ki, kəndin səkkiz-on yaşlı uşaqları onu dövrəyə alıblar: çırtıq çalır, Cahan sol əlini göyə qaldırıb, sağ əlilə də tumanının ətəyindən tutaraq şirin-şirin oynayır, arabir də şaqqanaq çəkib gülür.

Molla Qulu sözü düz çıxmış adam kimi dedi:

– Gördün?!

– Gördüm, Molla Qulu, gördüm!

...Bu xəbər tezliklə butün Ədnan kəndinə yayıldı: «Cahan arvad dəli olub!».

Xüsusən uşaqlar üçün böyük bir əyləncə tapılmışdı. Cahan arvad evdən çıxan kimi onun başına cəmlənir, dövrə vurub çalıbçağırırdılar, o da oxuyub oynayırdı.

Evdən çıxanda həmişə deyərdi:

– «Qəbir üstünə». — Ancaq başı oynamağa-oxumağa elə qarışırdı ki, qəbiristanlığa getmək yadından çıxırdı. Hamı Cahan arvadın bu halına acıyırdı.

...Bir ay sonra qəryədar Qulamın məsləhəti və köməyilə, Cahan arvadı vilayət mərkəzindən gəlmiş maşında dəlixanaya apardılar.

Ədnan kəndində bir evin qapısından qıfıl asıldı... O qıfıl bir də açılacaqdımı?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, beşinci fəsil

Makinaçılar otağının qapısı açıldı, Gülalı arıq, uzun gövdəsilə makinaçının qarşısında zahir olub dişlərini ağartdı:—Əssəlamün-ələyküm, Elvira xanım — deyə o, sağ çiynini aşağı dartan iri qovluğunu boş stolun üstünə qoyub əllərini övkələdi.— Hə, necəsən?

7 мин
Üçüncü hissə, altıncı fəsil

«15 dekabr 196...-cı il.Güllər, həqiqətən, qəşəng güllərdi. Gözəlliyinə, cazibədarlığına söz ola bilməzdi. Pəncərənin ağzındakı xırda dibçəklərdəki bu güllər küçədən keçənlərin, evimizə gəlib-gedənlərin diqqətini cəlb eləyirdi. Təbiəti az-çox sevən, onun azad və ətirli qoynunda böyümüş hər kəs qeyri-ixtiyari olaraq dibçəklərə yaxın gəlmək, qəddini əyib o güllərin qan daman ləçəklərini qoxulamaq, onların göz oxşayan gözəlliklərindən məst olmaq istəyirdi.

9 мин
Üçüncü hissə, yeddinci fəsil

Öz iş otağına çəkilib Orxanın əlyazmalarını vərəqləyən, ona məlum çap olunmuş əsərlərini və işıq üzü görməmiş məqalələrini açıb bir yana yığan Salman o arıq, çəlimsiz vücudda nə qədər böyük qüvvə, qüdrət, tükənməz həvəs və şövq olduğunu sanki bu günlər başa düşür, möcüzə qarşısında dayanmış adam təki heyrətlənirdi. Elə bil, Orxan illərlə onun tələbəsi olmamışdı, illərlə onun şöbəsində gözünün qabağında işləməmişdi. Sanki Salman Orxanı təzədən — sağlığında yox, öləndən sonra tanımağa başlayırdı. Sağlığında o nə qədər sakit, az deyib, az danışan bir adam idi. Başqalarından nə gülüşü, nə danışığı, nə yerişi ilə seçilən, kölgə kimi gəzib dolanan Orxanın, sən demə, ürəyində od-alov varmış. Elə ona görə də ürəyindən ölmədimi?!Salman səliqə və səbirlə yazılıb nömrələnmiş, ayrı-ayrı qovluqlara yığılmış məqalələri, əsərləri heç bir çətinlik çəkmədən sahmana salırdı. Düşünə-düşünə, öz-özünə danışa-danışa. Salman etiraf eləyirdi ki, cavan olsa da, Orxanda öyrənməli şeylər çoxdu: hər gün işləmək, əlyazmasına məsuliyyət hissi ilə yanaşmaq, onu dönə-dönə köçürmək, tamam «bişiriləndən» sonra oxucunun hüzuruna çıxarmaq! Bunlar elə keyfiyyətlərdi ki, təkcə indi elm aləmində çalışan cavanların çoxunda deyil, hətta yaşlı, təcrübəli elm adamlarının da çoxunda yox idi.

13 мин
Üçüncü hissə, səkkizinci fəsil

Aradakı incikliyi, giley-güzarı unudan Salman otağa girən kimi təzə xəbəri Nadirəyə birnəfəsə söylədi. Nadirə əlindəki qələmi yerə qoyub qulaqlarına inanmırmış təki Salmanın üzünə baxdı.– Heç nə başa düşmürəm, — dedi. Salman Orxanın gündəliyini Nadirəyə sarı uzatdı, vərəqləyib son səhifəsini açdı:

2 мин

Стихи других поэтов