Birinci hissə, onuncu fəsil
Страница 1 из 2
Deyirlər, gözləmək ölümdən betərdi. Bu, doğrudu. Bəs arzuları, həvəsləri, ümidləri öldürən dəhşətli ölümün özünü gözləmək necə?? Bir var ki, bilməyəsən o qorxulu kabus səni nə vaxt yaxalayacaq, sinənə çöküb şirin canını alacaq — yuxudamı, yoldamı, iş başındamı? Ölüm hələ əsl siması ilə sənin təsəvvüründə canlana bilmir.
Bir də var ki, öləcəyini bilirsən. Bunu sənə rəhmsizcəsinə və ya bəlkə də haqlı olaraq elan eləyiblər. Bax, bu zaman sən ölümün qanla dolu gözlərini aydın görə bilirsən, soyuq, öldürücü nəfəsini üzündə duyursan — rəngin getdikcə ağarır, saralırsan, solursan. Sənin fikrində ancaq bir şey dolanır — ölüm... Məhz bu zamam insan mənən, ruhən, fikrən ölməyə başlayır.
... Ölüm hökmü oxunandan sonrakı birinci gecədə vilayət həbsxanasının xüsusi otaqlarından birinə salınmış Yusifin qara, dən düşməmiş saçı ağardı. Bir kecədə açılan çiçəklər kimi... Əlbəttə, bunu Yusif bilmirdi.
Salındığı hücrə hündür, qalın divarlı, sement döşəməli, nəm bir otaq idi. Yuxarıda, əl-ayaq çatmayan yerdə, səqfə bitişik dəmir barmaqlıqlı tək pəncərədən ulduzlu göyün kiçik bir parçası güclə görünürdü. Dəmir qapının qalınlığı adamın canına vahimə salırdı. Taxta çarpayıdan başqa gözə dəyəsi heç nə yox idi.
Səqfdən asılmış balaca, tutqun şüşəli elektrik lampası otağı güclə işıqlandırırdı. Gecə-gündüz yanırdı. Söndürsələr otaqda qaranlıqda göz-gözü görməzdi.
Yusif çarpayının üstündə uzanıb əllərini başının altına qoymuş, iri, yuxusuzluqdan qızarmış gözlərini tavana zilləmişdi. Hakimin məhkəmədə dediyi sözlərdən ancaq iki kəlmə beynində dolanırdı:
«Qətl edilsin» — bu iki kəlmə elə bil, beynində yazılmışdı. Dünyada gördüyü, bildiyi hər şey pozulmuş, əvəzinə «qətl edilsin» sözləri həkk edilmişdi. Bütün qüvvəsi yox olmuş, sağlam bədəni taqəti, kəlmə kəsməyə belə qüdrəti olmayan sür-sümük, ət yığınına çevrilmişdi. Çox vaxt nəfəs aldığını belə hiss eləmirdi. Amma sinəsində ürək çırpınırdı və təkcə bu həyəcanlı, nizamsız döyüntülər ona sağ olduğunu xatırladırdı. Hələ sağdı — bu ona dumanlı bir təsəlli bəxş eləyirdi. Bəlkə möcüzə olacaq? Bəlkə vəkilin Elməddinlə birgə əlahəzrətin adına göndərdikləri əfv ərizəsinə müsbət cavab gəldi? Olmazdımı? İynə ucu boyda olan bu ümid Yusifi yavaş-yavaş cana gətirir, beyninin dumanını dağıdır, canına qüvvət verirdi.
«Qətl edilsin» sözlərini ehmalca, hiss edilmədən uzaqdan, çox uzaqdan eşidilən «bağışlansın» sözü əvəz edirdi. Azca keçmiş bu fikir yenə alt-üst olur, hakimin qətiyyətsiz dediyi sözlər yenə qüvvəyə minir və, onun əl-qolunu süstəldib yanına salırdı. Peşmançılıq hissi Yusifin bütün vücudunu yandırıb-yaxırdı. Düşünüb-daşınmadan, ölçüb-biçmədən hərəkət etmək ona neçə dəfə çoxlu ziyan vurmuşdusa da, özünün bu xasiyyətindən əl çəkə bilməmişdi. Çılğınlıq, dəlisovluq axır ki Yusifi ölüm ayağına çəkib gətirmişdi.
«İndi Zümrəy torpaq altında çürüyür, sabah mənim də həyatımın sonuna nöqtə qoyulacaq, — deyə düşünürdü. Ölüm addım-addım yaxınlaşdıqca həyat—günəş, torpaq, su—yer üzündə səfil-sərgərdan da olsa yaşamaq Yusifə daha da şirin və ləziz gəlirdi. Elə şirin və gözəl idi ki, bunu indiyəcən nə üçün duymadığının, gözü dolusu görmədiyinin peşmançılığını çəkirdi. İndiyə qədər adi bir qadın kimi yatıb-durduğu Əfsanənin qəşəngliyi dörd divar arasında gözləri qarşısında cilvələnir, o, sanki arvadına təzədən vurulmağa başlayırdı, onu dərin atəşin məhəbbətlə sevdiyini hiss eləyirdi. Yusif Əfsanəni indiki kimi heç vaxt sevməmişdi. Bəli, ölüm ayağında məhəbbət doğulurdu. Heyf ki, onun ömrü çox gödək olacaqdı - bir gün, iki gün, ya bəlkə də bir neçə saat olacaqdı. Amma bu, Yusif üçün əsil məhəbbət idi, — yaxşı-yaxşı dərk etmədiyi, ləzzətini ürək dolusu duya bilməyəcəyi, gec doğulub tez də torpaqlara gömülməli olan, sevgi idi. Kim bilir, bəlkə də, ölümə məhkum edilmiş bir insanın vücudunda zühur edən həyat eşqinin son çırpıntıları, son şölələri idi ki, Əfsanəyə olan sevgisində təcəssüm eləyirdi? Ya bu, ölümqabağının əzab-əziyyəti idi ki, Yusif çəkirdi?
Yusif həyatının ani, köçəri bil çılğınlığın qurbanı olduğunu dəqiqələr, saatlar, günlər ötüb keçdikcə daha dərindən dərk eləyir və bu, onu dirigözlü öldürürdü.
Yusifin oğul-uşaq adına nişanəsi qalacaqdımı? Onu «ata» deyə çağıran yox idi. O bu dünyadan köçüb gedəndən sonra onu «ata» — deyə yad edən dünyaya gələcəkdimi? Yusif bunu da bilmirdi.
«Məni öldürəcəklər, özü də arvad öldürəcək. Aman allah, dəhşətə bax!»
Bu gecəni də diri gözlə açdı. Saat səkkiz radələrində təkadamlığın qapısı döyüləndə Yusif bədənini tir-tir titrədən şiddətli ürək çırpıntısı ilə qalxıb oturdu. Ağır kilidli qapı açıldı. Əyninə uzun, ağ tuman-göynək geymiş kök, çal saqqallı həbsxana nəzarətçisi astanada göründü. Əlindəki mis qabın içində şorba vardı; bir parça da qara çörək. Ondan iki addım aralı pasiban çiynində tüfəng dayanmışdı.
Nəzarətçi Əbdülqadir kişi quru səslə:
– Dur, çörəyini ye! —dedi.
Yusif yuxusuzluqdan qızarmış gözlərini ona dikib heç nə başa düşmürmüş kimi qımıldanmadı. Əbdülqadir irəli gəlib qabı və çörəyi taxta çarpayının üstünə qoydu:
– Ye.
– Götür, apar. —Yusif əsəbiliklə dilləndi — Yemirəm.
– Acından ölərsən.
– İslanmışın yağışdan nə qorxusu? Necə ölməyin mənim üçün təfavütü yoxdur.
– …
– Məni havaya çıxara bilərsənmi? Burada adamın ürəyi sıxılır.
– İndi yox. Bir saatdan sonra.
Qapı təzədən şaqqıltı ilə bağlandı, Yusif tək qaldı. Əlbəttə, yeməyə əl vurmadı. Ac olsa da ağzı açılmadı, həvəsi gəlmədi.
Xeyli keçəndən sonra onu bayıra çıxartdılar. Əlləri qandallı idi.
Həbsxananın həyətində, xüsusi arakəsmənin içində Əbdülqadir kişi ilə ondan başqa kimsə gözə dəymirdi. Səhər-səhər olsa da hava artıq qızmışdı. Gün adamın canını isidib əzirdi. Yusifin qaranlığa alışmış gözləri gur işıqdan qamaşıb yaşarırdı; əlinin içi ilə gözünün bulağını tez-tez silməli olurdu. Həyətin o başındakı irigövdəli qoz ağacının yaşıl yarpaqları gün altında parlayırdı. Alabəzək bir meynə quşunun uzaqdan uçaraq gəlib ağacın budağına qonduğunu Yusif gördü və köks dolusu ah çəkdi.
Əbdülqadir kişi onunla dabanbasma gəlirdi. Həbsxana qanunlarına əsasən, məhkumu tək qoymağa ixtiyarı yox idi. Yusif kürəyini qoz ağacına söykəyib oturdu.
Taqətsizdi.
Əbdülqadir kişi ağacın o biri tərəfində oturub fikirli-fikirli yeri çöplə eşələməyə başladı. Ölümə məhkum olunmuş adamla üzbəüz dayanmaq, onun qorxu, iztirab, həsrət yazılmış gözlərinə baxmaq maraqlı olduğu qədər də əzablı və dəhşətli idi. Hələ üstəlik onları gəzməyə, «hava almağa» çıxarasan, hələ bu bir yana qalsın ki, bəlkə onun ömrünün son günündə, axır saatlarında görüb danışdığı yeganə adam sənsən. Qatil də olsa, insandır — onun da ürəyi, arzuları var. Onun da ölüm ayağında şirin sözə, təsəlliyə ehtiyacı var. Qatilin halına acımaq lazımdırmı? O, insan öldürəndə onun halına, yetim qalan övladlarına, qara torpağa gömülən eşqinə, arzularına acıyıbmı? — Bu sual illərdən bəri həbsxanada bir tikə çörək qazanmaq üçün işləyən Əbdülqadir kişinin ürəyini rahat buraxmırdı. Neçə dəfə öz-özünə demişdi: «Yox, bura mənim kimi ürəyiyumşaq adamın yeri deyil. Bu əzablar məni vaxtsız qocaltdı. Gedəcəyəm, buradan gedəcəyəm». — Ancaq heç yerə gedə bilməmişdi. Çörək qazanmaq, böyük gülfətini dolandırmaq qayğısı onu həbsxana divarları arasından uzaqlaşmağa qoymamışdı. Əslində, həyat, çörək əldə eləmək dərdi onu da həbsxanaya atmış, azad məhbus etmişdi. Bəzən o özünü belə adlandırırdı. Həftədə bir dəfə bu cansıxıcı mühitdən çıxıb evinə, uşaqlarının yanına gedə bilirdi. Rəhmdil olduğuna görə, dustaqlar, hətta ölüm kəsilmişlər belə onun xətrini çox istəyirdilər. Həbsxana müdiriyyətindən gizlin, xəlvətdə əlindən gələn köməyi edir, bununla «savab» qazanmaq, «o dünyasının» rahatlığını təmin eləmək istəyirdi.
Təzə dustaq gələn kimi Əbdülqadir kişi maraqlanıb onun nə üstə buraya düşdüyünü öyrənirdi. Namus üstə həbs olunanlara xüsusən çox hörməti vardı. «Əsl kişidir» — dsyirdi. — Nədən ki dünyada namusdan böyük bir məsuliyyət yaranmışların boynuna qoyulmayıb – onu qorumaq istəyən əsl kişidir, əsl qəhrəmandır».
İnsanlıqdan xaric iş tutan, pul-para üçün, xırda hisslər üstündə adam öldürənləri isə görməyə gözü yox idi.
Xüsusən Yusif kimilərini ki, əlləri günahsız insan qanına batmışdı. İndi o, Yusifin tamam ağarmış saçlarına arxadan baxır, ürəyində mərhəmət hissi baş qaldırırdı: «Yazıq lap cavandı. Öldürəcəklər...» — sonra insan öldürdüyünü xatırlayır, içində baş qaldıran hissi boğub deyirdi: «Cəzasıdır, qoy çəksin. Haqq-ədalət məhkəməsinin iti qılıncından hələ heç kəs boyun qaçıra bilməyib. Öldürübsən, səni də öldürəcəklər».
Yusifin ilişikli səsi onu fikirdən ayırdı:
– O kök kişi kimdi?
Əbdülqadir başını qaldırıb Yusifin nişan verdiyi səmtə boylandı və Cabbarı gördü. Cabbar yöndəmsiz, həddən artıq kök, peysəri burum-burum piy bağlamış bir kişi idi. Şəvə kimi qara, uzun bığlarını eşib qulağının dibinə gətirmişdi. Yay-qış başını ülgüclətdirən Cabbar həbsxananın cəlladı idi. Ölümə məhkum edilmiş adamın cəzası təyin olunub hökmü oxunandan sonra — havaya çıxarılanda, Cabbar bir bəhanə ilə onun yanından keçir, — boy-buxununa baxır, vəzniniağırlığını fikrində ölçüb-biçir, gələcək «işlərini» götür-qoy edir və onu necə öldürmək barədə düşünürdü. Əlbəttə, bunu məhkum bilmirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-itkin-gelin-birinci-hisse-onuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kitabların da taleyi insanların taleyi kimi müxtəlif olur. Xoşbəxt doğulanı var — ürəklərin, ağılların mənəvi qidası olur, əl-əl gəzir, öləndə də əldə ölür, oxucu əlində. Fərli övlad kimi müəllifinin adını uca eləyir.Bədbəxt doğulanı var — şikəst olur, uzağa gedə bilmir, kitabxanaların, mağazaların rəflərində toz qalağı altında itib-batır, fərsiz övlad təki müəllifinin başını aşağı, gözünü kölgəli eləyir.
Üçüncü hissə, on üçüncü fəsilCeyhun da, Rəhim də on gün bundan qabaq son imtahanı verib orta məktəbi bitirmişdilər. Rəhim Qızıl medalla, Ceyhun elə-belə. Salman həmin gün evdə yaxşı bir süfrə açmış, Ceyhunun sinif yoldaşlarını evə dəvət etmişdi.Onlar sənədlərini Universitetə vermişdilər.— Rəhim şərq, Ceyhun filologiya fakültəsinə, Rəhim cəmisi bir imtahan verəcəkdi — yoxlama imtahanı, Ceyhun isə hamısını.
Üçüncü hissə, on dördüncü fəsilGülmirənin əli işdən soyumuş, fikri dağınıq olmuşdu. Dindirsən dinir, dindirməsən nitqi tutulmuş adam təki lal-dinməz baxır, şəhərdə, institutda kölgə kimi gəzib dolanırdı. Ən gülməli söhbətləri belə təbəssümlə qarşılayırdı.O, qəbiristanlığa çox getmişdi.— Orxanın məzarı üstünə. İndi də həmin çığırla gedirdi. O cığır Gülmirəni düz Əqdəmin qəbrinin yanına aparıb çıxarırdı, çünki o iki cavan bir-birinin yanında dəfn olunmuşdu. Qəbirləri də eyni cür idi, hasarları da, başdaşları da. Sən demə, yaşıd imişlər. Sevdikləri adam da bir olub — Gülmirə!
Üçüncü hissə, on beşinci fəsilSalman Qurbanzadə ictimai elmlər bölməsinin iclasından çıxanda halı özündə deyildi; ayaq üstə güclə dururdu. Elə pörtmüşdü, elə qızarmışdı ki, sanki indicə hamamdan çıxmışdı, çırtma vursaydın, qanı damardı. Azca əvvəl, akademiyanın geniş, bu başından baxanda o başı görünməyən salonunda onunla bir yerdə, yanaşı oturmuş və necə çırpılıb döyüldüyünün şahidi olan adamların gözündə özünü nikbin, heç bir şey olmamış kimi göstərməyə çalışırdısa da, buna heç cür müvəffəq ola bilmirdi. Belini şax tutmaq istəyirdisə də bacarmırdı: elə bil, içəridən kimsə gözəgörünməz əlilə Salmanı çəkib əyir, uca boyunu balacalaşdırırdı. Baxışı, gülüşü, təbəssümü saxta və süni təsir bağışlayırdı. Bayaq, bölmənin bəzi üzvləri tərəfindən yaxşı-yaxşı «döyüləndə» ağzına su alıb susanların indi zalın qapısı ağzında yaxınlaşıb: «Əşşi, belə şeylərə fikir vermə, qanını qaraltma,» «Darıxma, Salman.», «Sənin də mənim kimi qədrini bilmədilər, ay Salman.» — deyənlərə, artıq əzik-üzük olmuş, ütüsü bu iki saatın içində pozulmuş dəsmalıyla alnının, üzünün tərini silə-silə cavab verəndə qeyri-iradi olaraq səsi tutulur, ilişikli çıxırdı. Bir çoxlarına heç cavab vermirdi, eləcə, mənalı-mənalı baxıb başını asta-asta tərpətməklə kifayətlənirdi.Yox, burada daha dayana bilmirdi: sanki bu boyda foyedə hava yox idi, nəfəsi təngiyirdi. Nəsə danışan, gülən alimlərin səsi onun beynini cırmaqlayır, ürəyinin içini ovurdu və ona elə gəlirdi ki, hamı ondan danışır. Od kimi yanan əlini ikinci mərtəbədən burulub birinci mərtəbəyə uzanan, üstünə uzun xalı salınmış mərmər pillənin soyuq sürahisinin üzərində sürüşdürə-sürüşdürə aşağı enərkən ürəyində, beynində bayaq iclasda «qılıncını siyirib üstünə düşənlərə» indi, daldan atılan daş kimi gecikmiş və mənasız olsa da, nifrətlə, acıqla cavab verir, orada camaatın qabağında ehtiyatdanmı, qorxudanmı deyə bilmədiyi sözləri dilinə gətirir, vaxtında ürəyini boşaltmadığına heyifsilənirdi. Ucaboy, enlikürək, çatma qaşları da qar kimi ağappaq ağarmış həyatında belə yığıncaqlarda başının tükü sanı iştirak etmiş Aslanzadənin özünə məxsus təmkin və yumorla, asta-asta Salmana «yedirtdiyi» sözlər beynində təzədən təkrar olunur, rəhmsizcəsinə vurulmuş zərbə kimi canını, ürəyini ağrıdırdı. Ay allah, bu pillələr niyə qurtarmaq bilmir? Nə uzun imiş bu pillələr? Aha. Şükür, qurtardı, qurtardı. Bu, böyük qapı. Bax, bu da geniş, işıqlı, gəl-gedi çox olan küçə. Ox, hava nə sərinmiş, aman allah. Əl atıb qalstukunu boşaltdı, köynəyinin düyməsini açdı. Və üzü aşağı, Nizami muzeyinə tərəf addımladı. Heç kəsi görmürdü, heç kəsi tanımırdı Salman. Beyni uğuldayırdı, uğuldayırdı: «Demək, belə». Demək Salman Qurbanzadə
Стихи других поэтов
thumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Samovar gərəkDəhrdə arifərə,Çay samovar gərək,
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
GəlmədiYenə bahar gəldi, növbahar oldu,Niyə mənim şux baharım gəlmədi?