Dördüncü hissə, on birinci fəsil
Страница 1 из 2
Şahin neçə gün bundan qabaq gəlib gedəndən, Əfsanə pərişan və pəjmürdə halda o ittihamedici şeri oxuyandan, vəsiyyətini eləyəndən sonra Elməddinin ürəyi alt-üst olmuşdu. Qorxmuşdu. Əfsanənin danışığından belə yəqin eləmişdi ki, o daha dözə bilmir, daha belə yaşamaq ağır və mənasızdı, yəqin elə buna görə də özünü öldürmək fikrinə düşüb. Bu qorxu qəlbinə yol tapandan sonra Elməddin çaşqın halda iki-üç dəfə Əfsanə ilə söhbət eləmək, onu başa salmaq, o qorxulu qərardan onu daşındırmaq istəmişdisə də, bir nəticəsi olmamışdı — çünki Əfsanə dinləməmişdi onu, qəhər içində boğula-boğula yanından getmişdi.
Elməddin aralarında olan həmin söhbəti, çarəsiz qalıb Siminə açmışdı, heyrətlənən arvadına tapşırmışdı ki, Əfsanəni mümkün qədər tək qoymasın, nə vasitə ilə olursa-olsun, başını qatsın, bəlkə o, bu fikrindən daşındı. O vaxtdan Elməddin də, Simin də bir növ Əfsanənin gizli nəzarətçilərinə çevrilmişdi. Simin də, Elməddin də həqiqətən göz qoyub görürdülər ki, Əfsanə əvvəlki Əfsanə deyil, — onun içində nə isə qırılıb, sınıb dağılıb: baxışları da, səsi də qəmli olub. Həmişə xəyal aləmindədi, hər şeyə donuq və mənasız nəzərlərlə baxır. Söz deyəndə çox vaxt eşitmir. Siminin «axı sənə nə olub bacı?» — deyən sorğu-suallarını «heç» deyə cavabsız qoyur. Beləliklə, Şahin gəlib-gedəndən sonra, evdə son dərəcə gərgin bir vəziyyət yaranmışdı. Hər gün, hər saat nə isə dəhşətli bir hadisə olacağını gözləyirdilər. Elməddin hər dəfə evə dönəndə qorxa-qorxa həyətə girirdi, Əfsanəni sağ-salamat görəndə rahat nəfəs alırdı.
Belə günlərin birində... gecəyarısı qayıtmış Elməddin Siminin həyətdə, ağac altında, taxt üzərində saldığı yerinə yarıbihuş-yarıayıq soyunub uzanmışdı. Yüngül meh əsirdi, söyüdün yaşıl yarpaqları asta-asta xışıldayır, Elməddini pərişan ruhunu oxşayırdı. İlahi, nə gözəl gecə idi, nə şairanə axşam idi bu axşam! Əslində dünən də, srağagün də gecə elə belə idi, sakitdi, aylı-ulduzlu idi, nəğməli, mehli idi. Ancaq o, buna fikir verməmişdi. İndi isə... o, ayrı fikrə düşmüşdü
– bu gecə, lap səhərə yaxın, nə olacaq qoy olsun, o yavaşca qalxacaq, barmaqlarının ucunda Əfsanənin otağına keçəcək, onun vüsalına qovuşacaq. Onu da xoşbəxt eləyəcək, özünü də... Əfsanəni o müdhiş fikrindən daşındıracaq, o, bəxtəvər olacaq və yaşayacaq... Təki Əfsanə yaşasın, sonra kim nə deyir, desin, nə olur olsun. Bax, sakitlikdi — Əfsanə öz yerində, Simin öz otağında yatır. Yox, hələ tezdir, qoy bir az da keçsin... Şirin xəyal, gecənin sərin mehi yavaş-yavaş onun beyninin gərginliyini yuyub aparır və o, bir azdan qovuşacağı səadətin şirinliyindən məst olur, xumarlanırdı.
Gecənin nə vaxtı idisə — aman allah — Elməddin gördü ki, başdan-ayağa dümağ paltar geymiş, saçlarının hörüyünü açıb sinəsinə tökmüş Əfsanə ayaqları yerə dəymədən, sanki havada uça-uça taxta yaxınlaşdı, onun başı üstündə dayanıb təbəssümlə nurlanmış sifətinə baxdı, baxdı, sonra qətiyyətsiz bir hərəkətlə, utana-utana Elməddinin üstünə çəkdiyi ağ mələfəni qaldırıb yanına girdi. Bu gözlənilməz hərəkətdən, bəlkə də xoşbəxtlikdən Elməddinin dili tutuldu sanki, heç nə deyə bilmədi. Sonra... birdən Əfsanə çılpaq qollarını onun boynuna doladı, hərarətlə gözlərindən, dodaqlarından öpməyə və gözlərindən leysan yağışı tökməyə başladı. Titrək, təntimiş bir səslə, yavaşcadan pıçıldayırdı:
– Mən sənə qurban olum, mən sənə qurban olum.
Əvvəl çaşıb qalmış, nə edəcəyini, nə deyəcəyini belə bilməyən Elməddin handan-hana özünə gəlib qollarını Əfsanənin incə belinə dolayıb bərk-bərk sıxdı, çevrilib onun ağ sinəsindən, ağ buxağından, gözlərindən öpə-öpə ağlamağa başladı. Bunu görən Əfsanə nəfəsi tıncıxa-tıncıxa pıçıltı ilə soruşdu:
– Daha niyə ağlayırsan, əzizim? Elməddin tövşüyə-tövşüyə:
– Gözlərimə inanmıram, Əfsanəm, — dedi, — yəni doğrudan bu sənsən?
– Mənəm, mənəm, ay mənim həsrətim, mənəm, gözlərinə inan! — deyə Əfsanə də pıçıltı ilə cavab verdi.
– Sən, sən mənimsən, Əfsanəm, daha səni heç kimə verən deyiləm.
– Mən də, Elmi. Mən...
Birdən... Elməddin hənirti duydu və gördü ki, ağ paltar geymiş Yusif taxtın ayaq tərəfində dayanıb onlara baxır. Saçı da ağarıb, saqqalı da... heç nə demirdi, ancaq iri gözlərindən gildir-gildir yaş axırdı.
Elməddin... dəhşət içində, qucağında nazlanan Əfsanəni kəskin hərəkətlə kənara itələyib vəhşi bir səslə:
– Yusif, qardaşım! — deyə bağırdı. Bağırdı, ancaq səsi çıxmadı. Və daxilində, hardasa, ilişib qırılan bu səsin vahiməsindən:.. gözlərini açdıqda... taxtın üstündə tək-tənha uzandığını görüb... sevindi. Nə Əfsanə vardı, nə Yusif. Alnını soyuq tər damcıları bəzədi... O qalxıb mələfənin ucuyla sifətini sildi, gördüklərinin, elədiklərinin hamısının yuxu olduğunu anlayıb dərindən nəfəs aldı...
– Şükür, yuxu imiş!.. — dedi öz-özünə. — Yox, yox! Çıxar başından bu iyrənc fikri. Elməddin, tamam-kamal çıxart! Əmr elədi özünə.
...Sonra Mir Əkbəri öldürdülər. O, az bir müddət ərzində Mir Əkbəri ciddiliyinə, mehribanlığına, başına gələn müsibətlərə görə sevmişdi. Yaşasaydı, lap yaxın dost ola bilərdilər. Amma, hayıf oldu
– o, öz əllərilə, dostları ilə bir yerdə Mir Əkbəri torpağa tapşırdı. İndi də, üstündən dörd gün keçmiş, ustadını, Bəbiri, Nur Məhəmmədi tutublar, Süleyman Layiqi, Anahitanı, Ziyaülhəqqi tutublar. Təkcə o qalıb. Simin də, Əfsanə də əhvalatdan xəbərdardı. Məleykə başına gələn müsibəti danışmışdı onlara. Simin Elməddin üçün çox qorxurdu — ona elə gəlirdi ki, bax elə indicə onu da gəlib aparacaqlar. Elməddin Bəhramdan qayıdan kimi işin nə yerdə olduğunu bilmişdi. Xəbəri eşidəndə sarsılmışdı. Qolu-qanadı qırılmış quş kimi, taqətsiz halda çarpayıya uzanmışdı, gecəni səhərəcən Bəhram şəhərində yatmadığından, yuxusuzluqdan taqəti qalmamışdı...
Əfsanə ürəyində neçə vaxtdan bəri gəzdirdiyi intihar fikrini keçən axşam yerinə yetirməyi qərara almışdı. Ancaq, görünür, tale onun ömrünün bir gün də artıq olmağını istəyirmiş. Həmin axşam Elməddin Bəhrama getdiyinə görə evə gəlmədi. Əfsanə onu axırıncı dəfə görmək, boy-buxununa, gözlərinə doyunca baxmaq, onun surətini gözlərinin aynasına, beyninə həkk eləyib özü ilə o dünyaya aparmaq istəyirdi sanki. Və o, Elməddini gözləməli idi. Görməli idi, sonra... köçməli idi dünyadan.
İndi, budur, şükür, sağ-salamat gəlib. Gördü onu, baxdı, səsini eşitdi. Yorğundu, qoy hələ yatsın, dincəlsin... Simin yoldaşlarının başına gələn qəzavü-qədəri həyəcanla ərinə danışarkən Əfsanə onun yanında dayanıb Elməddinə tamailə eləyirdi. Həsrətli baxışlarını ondan çəkmirdi. Elə hey baxır, baxırdı. «Bu gün, axırıncı gündü ki, sənin qonağınam Elmi. Sən bunu bilmirsən hələ. Sabah biləcəksən. Gözlərini məndən niyə yayındırırsan? Üzümə bax, Elmi, nə qədər bacarırsan çox bax, bir də məni görə bilməyəcəksən. Qoy mən də sənə doyunca baxım, Elmi. Mən də səni görməyəcəyəm daha, görə bilməyəcəyəm, qoy baxım, Elmi... Baxmırsan? Baxmırsan, baxma..
Mən baxıram, çünki mən səndən doymadım, doymamış da gedirəm. Eh, Elmi, Elmi... Əlvida, əzizim, əlvida. Mənim xahişlərim sənin yadından çıxmayıb ki? Yox?.. Bir də əlvida, mənim taleyimin işıqsız ulduzu, əlvida! Sənə də əlvida, Simin, mənə qismət olmayan bu səadəti sənə halal eləyirəm. Sən buna layiqsən...»
Əfsanə beləcə ürəyində vidalaşmışdı Elməddinlə Siminlə. Sonra balaca Əfsanənin yanına gəlmiş:
– Gəl gedək şəhərə, qızım, gedək səni bir az gəzdirim, — demişdi. — Qibləgahın da yorulub, qoy bir az yatıb dincəlsin. Geyin, gedək, qızım. — Əfsanə tələsik geyinmişdi, qaça-qaça anasının, atasının yanına gəlmiş və:
– Mən Əfsanə xala ilə şəhərə gəzməyə gedirəm, — demişdi, Simin Elməddinin üzünə baxmışdı, Elməddin isə demişdi:
– Tək buraxma onu, sən də get, Simin. Mən yatmaq istəyirəm. Simin getmək arzusunda deyildi. Ona görə bir az ləng tərpəndi və həlim bir səslə:
– Elə yorğunam ki, Elmi, — dedi. — Ayaq üstə dura bilmirəm. Qorxma, ona heç nə olmaz. Şəhərdə neyləyə bilər? O, özünə nə eləsə, evdə eləyəcək — evdə də mən bircə an da onu gözdən qoymuram.
Siminin sözləri nədənsə Elməddinin ağlına batdı və daha sözü çevirmədi.
Əfsanə Siminin onlarla gedəcəyini gözləyirdi. Ancaq əslində istəmirdi ki, bu son gəzintidə Simin də yanında olsun. Tək olmaq istəyirdi, həm uşaqla, həm də şəhərlə — həqiqətdə isə dünya ilə vidalaşmaq istəyirdi. Simin isə buna bir növ mane olacaqdı. Ancaq gethaget məqamında Siminin tərpənmədiyini görəndə Əfsanə sevinən kimi oldu. Balaca Əfsanənin əlindən tutub... evdən çıxdı... Çıxarkən Siminə baxdı. Simin onun iri, yaraşıqlı gözlərində dərin, silinməz bir kədər oxuyub baxışlarını yayındırdı. Pərişan halda Elməddinə mane olmasın deyə Əfsanənin otağına keçdi və taxta çarpayının (Elməddin ona təzə çarpayı almışdı bu yaxınlarda) üstünə uzandı və gecəni səhərəcən yuxusuz qaldığından o saat yatdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-dorduncu-hisse-on-birinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Elməddini indicə buraxdılar. «Sən azadsan!» — dedi həbsxana rəisi. Əlbəttə, Elməddin bu xəbərə çox sevindi, deyəsən çoxdandı belə sevinməmişdi. Geri qayıtmağa, dustaq yoldaşları ilə görüşüb xudahafizləşməyə izacə vermədilər. Elə ordanca yola saldılar. Şəfini də görmək mümkün olmadı.Bayırda təmiz, soyuq bir hava vardı. Göylər tutqun idi, geniş idi. Küçə də elə bil enlənmişdi, ora-bura tələsən adamlar da sanki dəyişmişdilər... Əslində, heç nə dəyişməmişdi, küçə də, adamlar da... Sadəcə, Elməddinin gözləri bu mənzərələrdən yadırğamışdı, ona hər şey başqa cür görünürdü.
Dördüncü hissə, səkkizinci fəsilMəleykə Elməddini həyətdə görəndə özünü itirdi, əvvəl gözlərinə inanmadı. Sonra tanıyıb uşaq kimi qabağına qaçdı:– Xoş gəlibsən, ay qardaş! — dedi və gözləri ilə onun dalınca gəlməli olan Şəfini axtardı; o yox idi, Elməddin tək gəlmişdi.
Dördüncü hissə, doqquzuncu fəsilBəbrək hər gün məktəbdən saat birdə gəlirdi. Ancaq bu gün nədənsə gecikirdi. Saat üç olmuşdu, lakin o, hələ gəlib çıxmamışdı. Məleykə xanım bərk nigarançılıq hissi keçirirdi: «bu uşaq harda qaldı?»—deyə həyət-bacada vurnuxur, küçəyə çıxır, yollara baxırdı. Ananın ürəyinə cürbəcür qara fikirlər gəlir, qəlbini didib-parçalayırdı. «Qaraçuxamız yatıb. Dilim-ağzım qurusun, balam maşın-zad altına düşər birdən» — deyə aram ola bilmirdi.Nəhayət, saat beşdə Bəbrək çantasını yelləyə-yelləyə gəldi. Məleykə aynabənddən onun sağ-salamat gəldiyini göpəndə əvvəl çox sevindi: — «Şükür sənə, pərvərdigara!» — söylədi öz-özünə. Ancaq bir an sonra qəzəbi tüğyan elədi, Bəbrəkin qabağına çıxıb onu danlamaq, tənbeh eləmək istədi. Oğlan həmişəki kimi yorğun və əzgin deyildi, üzündə-gözündə işıqlı bir təbəssüm cilvələnirdi. Məleykəni bu, bir az təəccübləndirdi, arvad ani olaraq çaşıb əli ağzında qaldı. Buna baxmayaraq lap yaxın gəlmiş oğlunun yaxasından yapışıb qeyzlə silkələdi.
Dördüncü hissə, onuncu fəsilAğayi Nəcməddin Elməddinlə görüşəndən sonra dirçəlmişdi. Ayağa qalxmışdı. İlk sarsıntılar sovuşub keçmişdi. Bu sarsıntılar tufan kimi gəlmişdi, dağ kimi kişini vurub ayaqdan salmışdı; indi isə ağrıları qalmışdı. O, özündə səbir, dözüm tapıb gözləməyi qərara almışdı. Burda da — namus kimi ciddi məsələdə də o, tələsməməyi, hər şeyi ölçüb-biçməyi, dönə-dönə yoxlamağı üstün tutmuşdu. Düzdü, indi artıq gəzirdi, işə çıxırdı, deyib-gülürdü də bəzən. Ancaq heç kəs bilməsə də, o özü yaxşı bilirdi ki, bütün bunlar zahiri parıltılardı. Əslində, içində nə isə qırılmışdı, səadəti harasa uçub getmişdi, qüruru sınmışdı. Kölgə kimi gəzib-dolanırdı.Elməddin nə qədər israr eləmişdisə də, heç nə deməmişdi. «Əlahəzrətlə bir az aramız sərinləyib!» — söyləmişdi və bu sözləri Dünyanın yanında dilinə gətirmişdi. Və bununla da hər ikisinin ağzını yan salmışdı.
Стихи других поэтов
Baharın gülşən çağında,Uçar daşdan-daşa kəklik.
Deyişmə: Dağıstandan gələn gəlin— Lətif:Dağıstandan gələn gəlin, mən səni qonaq eylərəm,
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
Bürümüş tənimi, canımı fəraqBürümüş tənimi, canımı fəraq,Ağırdır, günlərim keçsə bu sayaq.