Bəbrək hər gün məktəbdən saat birdə gəlirdi. Ancaq bu gün nədənsə gecikirdi. Saat üç olmuşdu, lakin o, hələ gəlib çıxmamışdı. Məleykə xanım bərk nigarançılıq hissi keçirirdi: «bu uşaq harda qaldı?»—deyə həyət-bacada vurnuxur, küçəyə çıxır, yollara baxırdı. Ananın ürəyinə cürbəcür qara fikirlər gəlir, qəlbini didib-parçalayırdı. «Qaraçuxamız yatıb. Dilim-ağzım qurusun, balam maşın-zad altına düşər birdən» — deyə aram ola bilmirdi.

Nəhayət, saat beşdə Bəbrək çantasını yelləyə-yelləyə gəldi. Məleykə aynabənddən onun sağ-salamat gəldiyini göpəndə əvvəl çox sevindi: — «Şükür sənə, pərvərdigara!» — söylədi öz-özünə. Ancaq bir an sonra qəzəbi tüğyan elədi, Bəbrəkin qabağına çıxıb onu danlamaq, tənbeh eləmək istədi. Oğlan həmişəki kimi yorğun və əzgin deyildi, üzündə-gözündə işıqlı bir təbəssüm cilvələnirdi. Məleykəni bu, bir az təəccübləndirdi, arvad ani olaraq çaşıb əli ağzında qaldı. Buna baxmayaraq lap yaxın gəlmiş oğlunun yaxasından yapışıb qeyzlə silkələdi.

– Hardasan?

Bəbrək çantasını ayağının yanında yerə qoyub iri, ala gözlərini anasına zilləyərək:

– Mühaziratda idim, ana! —dedi.

– Nə? Harda idin?

– Mühaziratda. — deyə Bəbrək gülümsündü.

– Sənin mühaziratda nə ölümün var, oğul. Mən səni məktəbə göndərmişəm, ya mühazirata?

Bəbrək yaxasını anasının əlindən çıxartdı və təmkinli bir səslə ona izah eləməyə başladı:

– Qulaq as, ana. Gec gəldiyim üçün məni bağışla. Ancaq mən getməyə bilməzdim.

– Borclu idin ki, mühazirata gedəsən?... — Ana qorxu içində idi. Nümayişin nə olduğunu bilirdi. Belə nümayişlərdə iştirak eləyən adamların elə orda olmasa da, sonralar başı çox ağrıyırdı. Şübhəli, etibarsız adamlar siyahısına düşürdü adı. Kişi həbsxanada yatır, oğul da — hələ ağzından süd iyi gələn oğul da bu yandan mühaziratda iştirak eləyir. Yox, buna qətiyyən yol vermək olmaz, — deyə Məleykə ürəyində qəti qərara gələndən sonra səsini alçaldıb pişim-pişimlə soruşdu:

– Məni başa sal görüm bu nə hoqqadı çıxardırsan, bala?!

– Heç bir hoqqa-zad çıxartmıram, ana. Məsələ belədi ki, bu mühazirat qibləgahımı azad etmək üçün təşkil olunub. Sənin şəhərdən xəbərin yoxdu. Küçələrdə adam əlindən tərpənmək olmur, ana. Uşaqlı-böyüklü nə qədər adam qibləgahımın azad olmasını tələb eləmək üçün səhər tezdən mühazirata çıxıb.

– Hə?

– Hə! — Bəbrək qürurla cavab verdi. — Qibləgahım həbsxanada aclıq elan eləyib. Çörək yemir.

– Necə çörək yemir, bala?

– Yemir də. Bununla etirazını bildirir.

– Vay, vay...

– Az qala hər adamın əlində qibləgahımın bir şəkli vardı. Şüarlar yazıblar: «Məhəmməd Şəfi Rəhgüzər azad olmalıdır!» «Şairi həbsdən buraxın!» Natiqlər— heç tanımıram kimlərdir — bir-bir çıxıb danışırlar, qibləgahımın şerlərini sinədən deyirlər. «Vəzarətidaxiliyyənin» imarəti qabağında iynə atsan yerə düşməz.

– Bəs polis yoxdu?

– Eh, polis nə eləyəcək? Əvvəl istədilər camaatı dağıdıb qovlasınlar. Sonra gördülər mümkün deyil. Özləri də kənarda durub tamaşa eləməyə başlalılar.

– Belə de!!

– İndi bildin, mən niyə gec gəlmişəm?

– Bildim, oğul, bildim.

– Camaat mənim qibləgahım üçün müzahirata çıxanda mən evdə otura bilmərəm ki?! Mən gərək lap ön cərgədə olaydım. Amma ora gedib çıxmaq mümkün deyil. Hər halda mənim orda olmağım vacibdir, ana.

– Düz deyirsən, oğul. Ancaq gərək ehtiyatlı olasan. Sən hələ uşaqsan, bala. Əl-ayaq altında qalarsan, bala.

– Eh, məndən də balacaları var orda. İndi sən mənə bir az yemək ver, yeyim gedim.

Məleykə oğlunun başını tumarladı:

– Bunu yəqin qibləgahının dostları düzəldib. Sağ olsunlar. Elməddin əmini görmədin ki, orda?

– Yox. Bəlkə də ordadı. Ancaq mən görmədim. — Sonra Bəbrək qətiyyətlə nigaran anasına sığınıb təsəlli verdi: — Darıxma, ana, belə getsə, qibləgahımı tez, lap tez buraxacaqlar. Qorxularından buraxacaqlar, ana...

Məleykə köks ötürdü:

– Təki sən deyən olsun, bala. Allah ağzından eşitsin, tanrının o kişiyə, bizə yazığı gəlsin...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, beşinci fəsil

Əqdəmlə Gülmirə dörd yanı gül-çiçəkli, salxım söyüdlü fəvvarənin böyründə oturacaqda əyləşmişdilər. Axşamçağı idi, bulvarda getdikcə bir canlanma əmələ gəlirdi. Dənizdən əsən meh hovuzun ortasından xışıltı ilə göyə millənən fəvvarənin xırdaca damcılarını onların üzünə vururdu. Fəvvarənin dibində yanan göy-yaşıl işıq suların da rəngini yaşıllaşdırmışdı; fəvvarə özü hovuzun qırağındakı, yaşıl budaqlarını aşağı sallamış söyüd ağacına oxşayırdı. Elə bil, hovuzun ortasında da bir söyüd əkilmişdi.Gülmirə ağ donunu geymişdi; təzə gəlinə bənzəyirdi. Özünü Əqdəmin böyrünə qısaraq başını onun ulduzlu paqonunun üstünə qoymuşdu. Nazik, qara məstdən tikilmiş uzunqunc zabit ayaqqabılarının yanında bir cüt qəşək, tökmə ayaq gözə dəyirdi, qızıl suyuna çəkilmiş dikdaban ayaqqabıda...

3 мин
Birinci hissə, altıncı fəsil

Sərin bahar axşamı idi. Ağ abbasılıqlar kimi göylərə səpələnmiş ulduzların arasında parlayan Ay yuxulu, yorğun göz təki yerə baxırdı. Geniş həyətdə, ucaboylu çinarların arasında qoyulmuş yaşıl oturacaqların birində məhəllənin yeniyetmələri əyləşərək deyib-gülür, zarafat edirdilər. Ağ köynək geyib saçını yana daramış oğlan qıçını-qıçının üstünə aşıraraq gitara çalırdı. Sarı, qalın simlərdən qopan, az qala insan kimi sözləri, kəlmələri aydın deyən titrəyişli səslər bu aprel gecəsinin məlahətini daha da artırırdı. Oğlan başını azca yana əyərək, Nadirənin çox sevdiyi «Gilavar» mahnısını oxuyurdu:Ay gilavar, ay gilavar...

14 мин
Birinci hissə, yeddinci fəsil

– Ceyhun.– Nədi?

12 мин
Birinci hissə, səkkizinci fəsil

Orxan bu zaman alimlər evindəki geniş mənzilinin aynəbəndində oturub, sahildən xeyli aralı lövbər salıb dayanmış, işıqları yanan gəmiyə tamaşa edirdi. O, həmişə burada, qaranlıqda əyləşib, düşünməyi xoşlardı. İşləyib yorulanda yazı masasının arxasından durar, aynabəndə çıxıb bir papiros yandırar, tüstülədə-tüstülədə dənizin gecə mənzərəsinə baxıb həyat haqqında, tanıdığı-bildiyi adamlar haqqında, yazdığı əsər haqqında xəyala dalardı. Bu mənzili ona keçən il vermişdilər. Anası, bacıları şəhərdən kənardakı bağlı-bağatlı qəsəbədə, ata-baba mülklərində yaşayırdılar. Yol üç-dörd saat vaxtını alırdı deyə o, evlərinə gedib-gəlmirdi. Buraya köçənə qədər subay dayısından qalma otaqda gün keçirmişdi. Təzə mənzilinə yığışanda kitablarından və bircə dəst təmiz yorğan-döşəkdən savayı gözə dəyən bir şeyi yox idi. Orxanın evinə mübarəkbadlığa gələn iş yoldaşları iri otaqları bom-boş görəndə çiyinlərini çəkib, qaşlarını dartmışdılar.Qonaqları gülərüzlə qarşılayan anası Şirin arvad irəli çıxıb:

7 мин

Стихи других поэтов