Страница 2 из 2 · 50%

Ağayi Nəcməddin gərnəşə-gərnəşə eyvanda görünəndə Zərrintac yenə öz kreslosunda oturmuşdu. Qız atasına fikir verdi. Gözləri şişmişdi, qızarmışdı. Ağ saçları pırtlaşıq idi. Açıq yaxasından görünən sinəsinin tükləri pambıq kimi ağarırdı. Qız onun qırışmış alnına, torbalanıb sallanmış buxağına baxıb qəmli-qəmli düşündü; «Qibləgahım qocalır, özünü şax tutmağa çalışsa da qocalır kişi».

– Deyəsən, təzədəm çayın var, qızım? — deyə əsnəyəəsnəyə keçib o biri kresloda oturdu, ayağını ayağının üstünə aşırdı.

– Hə, qibləgahım. Əla çaydı. — Qız piyaləyə çay süzdü. Nəcməddin qırmızı noğuldan bir dənəsini ağzına atıb ciyərparasına baxdı, çaydan qurtum-qurtum içdi.

– Gözümə bikef dəyirsən, qızım?

Zərrintac əlini xalatının yaxasında, düymələrində gəzdirəgəzdirə:

– Darıxıram, qibləgahım, — dedi.

– Niyə, qızım, — Nəcməddinin səsində heyrət hiss olundu.

– Heç özüm də bilmirəm. Ancaq anlayıram ki, bu bir həyat deyil biz yaşayırıq.

– Nə danışırsan, qızım? Sənin nəyin çatmır ki, bala? Bəlkə bir arzun var, istəyin var, mənə demirsən? Bilirsən ki, qibləgahın...

– Yox, qibləgahım. Heç bir arzum-filanım yoxdu. Kim bilir, bəlkə də elə ona görə darıxıram ki, ürəyim bomboşdur, arzumməqsədim yoxdur? Həyatımız yaman maraqsızdı, qibləgahım...

Zərrintacın məyus-məyus dediyi bu sözlər Nəcməddini tamam ayıltdı. Kişini fikir götürdü. İndiyəcən onu ən xoşbəxt qız hesab edirdi; heç nəyin dərdini çəkməyən, hər şeyi olan bir qız... Amma gör o nələr danışırdı. Görünür, gözünün ağı-qarası olan bircə qızını da o qədər var-dövlətlə xoşbəxt eləyə bilməyib? Demək, firavan həyat, naz-nemət, zər-ziba, geyim-kecim, maşın-filan hələ səadət deyilmiş? Bəs səadət, bəxtiyarlıq nədədir görəsən? Bu yaşadıqca doymaq mümkün olmayan dünyada? Yox, qız daha yetişib, çoxdan yetişib, onu ərə vermək gərəkdir. Öz evi, öz ailəsi olar, oğul-uşaqı olar, başı qarışar, onda həyatda, dünyada yaşamaq da onun üçün toy-bayrama, şadlığa, sevincə çevrilər. Bir cəhətdən uşaq düz deyir, mənim də başa düşdüyüm, ancaq nədənsə dilimə gətirməyə belə cəsarət eləmədiyim bu fikirləri o söyləyir. Mən özüm də darıxıram. Evə, eşiyə, şəhərə sığışmıram, bir yerdə qərar tutub qala bilmirəm. Nə yaxşı ki, o gözəlgöyçək Dünya xanım varmış, yoxsa bağrım çoxdan çatlamışdı. Məni yaşadan pul-para, var-dövlət deyil, Dünyadı, mənim şirin, doyulmaz Dünyamdı».

Nəcməddin çoxdan demək istədiyi, ancaq ürək eləmədiyi üçün susduğu fikri, nəhayət, münasib məqam düşdüyünə görə dilinə gətirdi:

– O gün əlahəzrətlə ova gedərkən işarə elədi ki, mənnm gəlinim necədi? Dedim əlinizi öpür, əlahəzrət, ömrünüzə duaçıdı. Səni kiçik oğluna almaq istəyir, qızım.

– O idbara, o adamaoxşamaza?—deyə Zərrintac az qala qışqırdı.

– Niyə elə deyirsən, qızım? Mən onu lap yaxından görmüşəm. Sən deyən qədər də idbar deyil. O sənə yaxşı ər olar, can bala. Onda belə darıxmazsan, həyatın tamam dəyişər, mən də arxayın olaram.

– Yox, qibləgahım. Mən ona ərə getməyəcəyəm. Əxlaqsızın, əyyaşın biridi. Şəhərdə gəzmədiyi, bədbəxt eləmədiyi qız yoxdu. Bunu birdəfəlik yadında saxla, qibləgahım. Özümü öldürərəm, ancaq ona... getmərəm. Hər nə desən, qulunam. Ancaq, icazə ver, ərə getmək məsələsində.. Mən özüm...— Zərrintac doluxsunmuş halda üzünü yana çevirdi və heç bircə dəqiqə keçməmiş, bu söhbətə xitam verdiyini bildirmək üçün qalxıb həyətə endi.

Nəcməddin ev paltarının cibindən siqaret çıxarıb yandırdı, eyvanda var-gəl eləməyə başladı. Buradan qarşıdakı dağlar əzəmətlə görünürdü. Dağın zirvəsində ağ tırım kimi qar ağarırdı. Bir az aşağıda iki qartal uçurdu. Şəhərin, dağların ətəyinə söykənən yerində uşaqlar havaya çərpələng buraxmışdılar.

Nəcməddinin ürəyi sıxıldı. Keçib içəridə geyindi və çoxdan bəri fikrində dolandırdığı qərarı qəti surətdə yerinə yetirəcəyinə özündə, axır ki, təpər tapdı. Demək olar ki, bir uşaq cəldliyi ilə pillələri qaça-qaça düşdü. Həyətdə, öz maşınının yanında qurdalanan Zərrintacı tapdı və dedi:

– Qızım, icazə ver, gedim Dünya xanımı evimizə gətirim, çox xahiş edirəm, yox demə. — Sonra yalvarıcı səslə əlavə etdi: — İcazə ver, qızım. Mən də belə yaşaya bilmirəm. O gəlsə, bəlkə həyatımızın axarı dəyişir. O, çox yaxşı qızdı, bala. Şəndi, oynaqdı, deyib-güləndi. Qoymaz bizi darıxmağa.

Zərrintac atasının düz gözlərinin içinə baxdı və onlarda kədərli bir yalvarış oxudu. Nədənsə içəridə qəlbi əsdi — ancaq səbəbini anlaya bilmədi. Anlar keçəndən sonra birdən-birə anası yadına düşdü. Atası anasının, əziz anasının yerinə təzə arvad gətirmək istəyirdi. Özü də kimi? Kimliyi, əsli-nəsli məlum olmayan bir qızı! Ürəyində bir gizilti gəzdi. Etiraz eləmək, «olmaz» demək istədi, ancaq dodaqları tərpənmədi. Əlini maşının açıq qapısının üstünə qoyub handan-hana aciz və yazıq bir tövrlə:

– Bəs camaat nə deyər, qibləgahım?! — deyə bildi.

– Tüpürüm camaata! Kim nə deyir, qoy desin. Mənə dəxli yoxdur. Mən camaat üçün yaşamıram, özüm üçün yaşayıram, qızım.

– …

– Həyatımız tamam dəyişəcək, görərsən, qızım, dəyişəcək.

Zərrintacın atasına yazığı gəldi. Kişi baxışları ilə, bütün vücudu ilə yalvarırdı. «Bəlkə kişinin ömrü uzandı» —deyə düşündü və səssizcə, başını tərpətməklə «hə» — dedi.

Nəcməddin sevindiyindən bilmədi neyləsin, özünü itirdiyindən kəkələdi, nəhayət, toxtayıb qızının başını sinəsinə çəkib alnından öpdü:

– Çox sağ ol, qızım — dedi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, beşinci fəsil

Əbdül maşın səsi eşidib uşaq kimi qaçaraq darvazanı laybalay açdı, gələnin ağası olduğunu görüb əlini döşünə qoyaraq ədəblə baş endirdi. Dünya arxa oturacaqda əyləşmişdi. İçəri girən kimi elə pəncərə arxasından cah-calallı imarətə, bağ-bağatlı həyətə, səliqə-sahmana ötəri nəzər salıb ürəyində gizli, nəşəli bir sevinc duydu. Əyninə xələt geymiş, su sonasına bənzər qız pilləkənin başında dayanmışdı. Tərpənmirdi, əgər yüngül külək çiyninə atdığı güllü, zərli yaylığı astaca tərpətməsəydi, elə sanmaq olardı ki, o, heykəldi, pilləkənin üstündə, yaraşıq üçün düzəldiblər. İndiyədək üzünü görməsə də, Dünya onun Zərrintac olduğunu anladı və ilk baxışda xoşuna gəldi. Düzdü, hələ ürəyini, xasiyyətini bilmək olmazdı, ancaq Zərrintac zahirən gözoxşayan, qəlbəyatan bir görkəmə malik idi və bu Dünyanın həyəcanlarını, nigarançılığını azaltdı.Nəcməddin maşından düşmüşdü. Aşağıdan-yuxarıya qızına baxır və onun fikrini üz-közündən oxumaq istəyirdi. Qız isə sükut içində dayanmışdı. Nəcməddin nəhayət, həya-qarışıq bir ərklə:

4 мин
Birinci hissə, altıncı fəsil

Əbdül çatıltı-patıltı ilə qızaran manqalın üstündə kabab bişirirdi. Əmlik ətinin xoş ətri həyəti başına götürmüşdü. Dünya bu evə gələni Əbdülün də işi xeyli yüngülləşmişdi; bazar işi onun payına düşmüşdü, bişirib-düşürmək işi, evlərin silinib-süpürülməsi, yır-yığış isə Dünyanın. Əbdül az bir zaman ərzində anlamışdı ki, əslində Dünya da elə onun kimi bu evin nökəri, qulluqçusu idi. Fərqi bu idi ki, Dünya əziz nökər idi, Nəcməddinin çox əziz və əvəzsiz nökəri idi, qəşəng nökəri idi. İndi qızlar eyvanda stol açırdılar, iş görə-görə ucadan danışır, şaqqanaq çəkib gülürdülər. Dünyanın gəlişi doğrudan da əvvəllər səssiz-küysüz, sakinləri küsülü kimi gəzib-dolaşan Nəcməddinin evinə bir canlanma, qaynama gətirmişdi. Sükut, sükunət burdan qaçaq düşmüşdü. Bu isə sakinlərin hamısını, ən əvvəl isə Nəcməddini xoşhal eləmişdi.Bayaq eyvanda dayanıb səfər təsbehini çevirən Nəcməddin ortalığa demişdi:

14 мин
Birinci hissə, yeddinci fəsil

«Zərnigar» parkında oturmuşdular. Şəhərdən və parkdan əl-ayaq çəkilmişdi. Təpənin üstündəki dirəyin yeganə lampası yanır, ətrafa solğun, dumanlı bir işıq səpələyirdi. Parkın küçəyə çıxan qapısı ağzında iki polis nəfəri gəzişirdi.Havada şaxta vardı: quru bir şaxta dolaşırdı parkın içində. Ətraf dağlardan seyrək duman axıb gəlmişdi, ağacları, evləri nazik, boz pərdəyə bürümüşdü.

12 мин
Birinci hissə, səkkizinci fəsil

Doğma kənd üçün, Ədnan üçün bu qədər bərk darıxdığını indiyəcən Elməddin belə dərindən hiss eləməmişdi. Əslində orda onun heç nəyi qalmamışdı. Boş, kimsəsiz evlərindən başqa heç nəyi... Bir də uşaqlığı, dərdsiz-qayğısız günləri qalmışdı orada, ilk eşqə düşdüyü o əzablı-şirinli günlər qalmışdı orada. Hərdən o kənd üçün, onun güllü-çiçəkli torpağı üçün burnunun ucu göynəyir, varlığını bir həsrət yandırırdı, ancaq işinin çoxluğu, vaxtının azlığı tezcə bu göynərtini, bu həsrəti yuyub aparır, unutdururdu.Ancaq bu gün, şəhərə, qardaşı Mümtazgilə gəzməyə gəlmiş, Ətiqullanın səyi nəticəsində tapışıb qabaq-qənşər oturmuş qəryədar Qulamla söhbət eləyəndə Elməddin bir daha dərk elədi ki, doğulub böyüdüyü, ömrünün iyirmi üç ilindən çoxunu qoynunda keçirtdiyi o Ədnandan ötrü nə qədər də möhkəm darıxıbmış! Qəryədar Qulamla görüşü az qala onun üçün toy-bayrama çevrilmişdi, üzü də, gözləri də gülürdü. Elə bil, ən doğma adamını tapmışdı bu yad şəhərdə, sevincək olmuşdu; bu iki ildə qəryədar Qulam elə bil heç dəyişməmişdi, ağ qaşları altında parıldayan xırda, qonur gözləri elə əvvəlki kimi sakit-sakit, nüfuzedici baxışlarla Elməddinə, evinin əşyalarına tamaşa eləyirdi. Təkcə o vaxt dəngil-düngül qara tükləri olan saqqalı dümağ ağarmışdı. Yerişi, hərəkətləri gümrah idi. Yenə məntiqlə, sərrast danışır, ağ sədəf təsbehini aramla çevirirdi. Elməddin neçə il əlinin altında işlədiyi, xasiyyətinə, rəftarına yaxşıca bələd olduğu qəryədar Qulama baxıb elə hey gülümsünür, kənddə ondan sonra baş vermiş hər şeyi mümkün qədər öyrənmək ümidilə gözünü onun ağzına dikib dururdu. Qəryədar Qulam isə, təbiətən azdanışan, daha çox ürəyində həsb-hal etməyi xoşlayan adam olduğundan, öz aləmində ən mühüm hesab elədiyi məsələləri Elməddinə çatdırırdı:

6 мин

Стихи других поэтов