Neçə gündü ki, Məhəmməd Şəfi özündə deyildi. Yaxşı yata bilmirdi, çörək yeyə bilmirdi. Fikrini cəmləşdirib masa arxasında oturmağa da qərarı gəlmirdi. Düşüncəli-qayğılı gəzib-dolanır, yuxulu, yaxud sarsıntı keçirmiş və bunun nəticəsində də keyləşmiş adama oxşayırdı. Möhsünün, — satqın, xəfiyyə olsa belə, — ölümü onu yamanca silkələmişdi. Bir yandan istexbaratın divarları arasında olmazın işkəncələrə məruz qalan, lakin mərdanə susub heç kəsin adını çəkməyən şeyx Əhmədin dərdi, o biri yandan da bu Möhsünün öldürülməsi, onun başsız-sahibsiz qalan ailəsinin dərdi Məhəmməd Şəfinin ürəyini alt-üst eləmişdi. «Həyatın qanunları necə sərtdi, aman allah!— deyə gəzib-dolanır, hər şeyi ürəyinə salıb dərd eləyirdi. — Həyat nə qədər təzadlıdı; şirindi həyat, əzablıdı həyat eyni zamanda. Bir yanda süslü saraylar, xanimanlar, harınlar, o biri yanda isə bir tikə çörək üçün şərəfini satmağa, başını bıçaq altına qoymağa hazır olanlar, aclar, yalavaclar... Yox, mənim ürəyim bu ağrılara, əzablara dözə bilmir... Bu zəiflikdir, nədir, heç bilmirəm. Amma Bəbir möhkəm adamdır. Ziyaülhəqq sərt adamdır. Mən belə ola bilmirəm, bacarmıram. Lakin dərindən fikirləşəndə bəlkə onlar haqlıdırlar? Hamının, böyük əksəriyyətin əzabla yaşamasına son qoymaq üçün bəlkə beş-on nəfər satqını, alçağı əyan-əşrəfi aradan qaldırmaq ən doğru yoldur? Mən Bəbirə inanıram — onun ağlına, müdrikliyinə inanıram».

Məleykə ərindən yaman nigaran idi. Şəfinin neçə gündü bulud kimi tutulub açılmaması, öz-özünə danışa-danışa gəzib-dolanması Məleykəni demək olar ki, lap qorxutmuşdu. Şəfi işdə, çöldə-bayırda olan söz-söhbətin hamısını evdə arvadına danışırdı, çox şeydə onunla məsləhətləşərdi; Məleykə ən ağır anlarda ərinin qılığına girir, təsəlli verir, deyib-gülür, kişinin kefinn açırdı. Ancaq bu dəfə nə illah eləyirdisə, Şəfinin qırışığı açılmırdı. Məleykə şeyx Əhmədin tutulduğunu bilirdi, Möhsün adlı xəfiyyənin də ələ keçdiyini Şəfi demişdi ona. Ancaq Möhsünün öldürüldüyünü gizləmişdi, onun dörd uşağının yetim qaldığını gizləmişdi. Məleykənin ürəyini bilirdi, desəydi, bu ona dərd olacaqdı. Məhz buna görə söyləməməyi lazım bilmişdi. İşə getmək vaxtı idi. Şəfi gecəni səhərəcən yatmasa da, tezdən durmuş, üzünü təraş etmiş, çay-çörəyini də yemişdi, ancaq getməyə tələsmirdi. Pəncərənin qabağında dayanıb payızın xına çəkdiyi ağaclara tamaşa edir, siqaretini siqaretin oduna yandırırdı.

Arxasında hənirti eşidib qanrıldı. Məleykə böyründə səssiz-səmirsiz dayanıb ərinin ağarmış saçlarına baxaraq fikrə getmişdi:

– Şəfi can! — deyə Məleykə ehmalca sol əlini ərinin sağ çiyninə qoydu, — Şəfi can! — səsi ağlayırdı Məleykənin. Şəfi nə qədər qayğılı, başqa aləmdə olsa da, sevimli arvadının ağlar səsinə, nəmlənib yaşarmış gözlərinə biganə qala bilmədi və hətta bu, ona bir qədər qəribə də göründü. Və yalnız indi Şəfiyə çatdı ki, bu neçə günü Məleykəyə çox əzab verib: onun qayğılarını, arzularını cavabsız qoyub, rəhmsizlik eləyib arvadına və ona görə özünü ürəyində yamanca danladı. Dönüb Məleykə ilə qabaq-qənşər dayandı, titrək əlilə onun tel-tel ağarmağa başlayan saçlarını sığalladı.

– Sənə nə olub, ay mənim Məlaikəm? — deyə mehriban bir səslə soruşdu. Məleykə boğazına yığışıb düyünlənmiş qəhəri udub:

– Mənə heç nə! Sənə nə olub, Şəfi, qurban olum? — dedi, — niyə məndən gizləyirsən, Şəfi?!

Məhəmməd Şəfi onun qolundan tutdu, çəkib divanda, özü ilə yanaşı oturtdu. Məleykə onun bu hərəkətindən lap kövrəldi!

– Yaxşı, yaxşı... Ağlama, sən allah. Vallah, heç nə olmayıb... Sadəcə dilxoram, Məleykə!

– Yox axı... Mən səni yaxşı tanıyıram, sən heç belə olmamışdın indiyəcən, Şəfi? Son günlər... nə yeməyin yeməkdi, nə yatmağın yatmaqdı. Sənin özündən xəbərin yoxdu, elə bil bu üç-dörd günün içində on il qocalıbsan, Şəfi can? Nə olub ki, dilxorsan, qurban olum! Səni tutacaqlar?

Şəfi güldü:

– Məni? Niyə tuturlar ki, məni?

– Nə bilim, ay Şəfi. Sən belə olanda ürəyimə əlli min fikir gəlir. Elə bilirsən mən gecələr yatıram? Yox, qurban olum, mən də səni oyaq görüb yerimin içinə qor düşmüş kimi çapalayıram.

Şəfi günahkar kimi ah çəkdi:

– Bağışla məni, əzizim. Səni özümün də xəbərim olmadan yamanca incitmişəm, Məleykə. Məni bağışla, canım-ciyərim. Bilirsən Məleykə, bizim yaşadığımız həyat dəhşətlərlə doludur. Hara baxırsan, adamın ürəyi parçalanır, qana dönür. Sən evdə oturmusan, şəhərdən, məmləkətdən az xəbərin var... Nələr olur, sən bilmirsən, əzizim? — Şəfi az qalmışdı Möhsünün öldürülməsi məsələsini Məleykəyə danışsın, özünü saxladı, arvadının yalvarışına, təkidinə baxmayaraq həqiqəti deməkdən vaz keçdi və elə bu an yadına Elməddinin təzə yazdıqı «Qan» hekayəsi düşdü. O, qanqaralığının səbəbini həmin hekayə ilə bağlamaq qərarına gəldi. — Bilirsən, bizim bu Elməddin dəhşətli bir hekayə yazıb. Neçə gündü onun təsiri altındayam, özümə gələ bilmirəm. Ha istəyirəm unudum, unuda bilmirəm.

– Elməddin deyəsən tənqiddən qorxmayıb! — deyə üstündən dağ götürülmüş təki rahat nəfəs alan Məleykə qəmli-qəmli gülümsündü və ürəyində söylədi: «Şükür, qorxulu bir şey yoxdu. Lap ürəyimi yemişdim».

– Elməddin qorxana, ruhdan düşənə oxşamır, Məleykə. İradəli, mətin adamdı. Mən özümlə onu bəzən müqayisə edirəm, görürəm ki, o, deyəsən məndən dözümlüdür. Məni tənqid eləyəndə bir ay özümə gəlmirəm. Amma o, maşallah, heç vecinə də almır.

– Belə olmağı yaxşıdı, yox, Şəfi?

– Əlbəttə. O, mən deyərdim, bizim cəmiyyətimizi bir təbib gözü ilə müayinə edir, yaraları vaxtında görür və göstərir. Bu isə balaca iş deyil. Belə getsə, o çox məşhur, hamının sevəcəyi bir sənətkar olacaq, Məleykə...

– Olsun, olsun, Şəfi. Ancaq, — o güldü, — qoy bura gəlsin, qulağını dartacağam onun. Səni az qala öldürmüşdü öz hekayəsi ilə, məni isə dəli eləmişdi. Deyəcəyəm bir də elə hekayə yazmasın.

Şəfi güldü:

– Yox, qoy yazsın. O, hamımızın dərdini yazır. Kefi durulub qırışığı açılmış Məleykə ərinə sığındı:

– Nə hekayədi o elə? Oxu mənim üçün, Şəfi, onu. Görək bu «Qan» nədi?

Şəfi əslinə qalsa bu «Qan» hekayəsini də Məleykəyə oxumaq istəmirdi. Çünki o da sarsıdıcı olacaqdı Məleykə üçün. Amma gec-tez oxuyacaqdı deyə Şəfi naçar qalıb qəzetin arasına qoyduğu «Qan» hekayəsini Məleykəyə oxumağa başladı:

«— Dağların ətəyində yerləşən şəhərin ucqarındakı palçıqdan-kərpicdən tikilmiş yastı-yapalaq evlərdən xeyli aralı, çayın qırağında qara, pırtlaşıq saçları çoxdan daraq görməmiş, cırıq çit tuman geymiş, boynu muncuqlu, ayaqyalın bir qız uşağı dayanmışdı. Altı-yeddi yaşı ancaq olardı qızın. Onu bura çay sahilindəki qumların üstündə şəkil çəkmək, oynamaq həvəsi çəkib gətirmişdi.

O, başını aşağı əyib şəhadət barmağı ilə qumluqda cürbəcür rəsmlər cızır, xoşu gəlməyəndə iki addım oyana keçib təzəsini çəkirdi. Enli çayın içində qoyun-quzu kimi orda-burda yatışmış iri, boz daşların arasından axan suyun şırıltısı qızın qulağını oxşayır, o hansı bir uşaq mahnısını isə zümzümə eləyirdi.

Qız öskürək səsi eşidib qanrıldı və əlini uzunkirpikli gözünün üstünə qoyub hənirti gələn səmtə baxdı. Başına çalma bağlamış topasaqqal, arıqcüssəli, gödək şalvarından nazik qıçları görünən bir kişi ona yaxınlaşırdı. Qıza yaxınlaşıb dayandı, pırpız qaşları altında qaynayan şübhəli-qorxulu qara gözlərini qıza zillədi, sonra kimdənsə ehtiyat edirmiş kimi o yan, bu yana boylandı. Yaxınlıqda ins-cins yox idi.

Kişi azca irəli yeriyib suyun qırağında çömbəldi, əlini yuya-yuya qızdan xəbər aldı:

– Adın nədir, qız?

– Mənim? — Qızın mırıq dişləri göründü.

– Hə, sənin.

– Adım Bibigüldü.

– Atan var?

– Yox, atam yoxdur.

– Bəs anan necə?

– Var.

– Hardadı?

– Gedib ağagilə.

– Ağa kimdi, qız?

– Nə bilim, anam deyir böyük ağadı.

– Orda gedib neyləyir anan?

– Orda paltar yuyur. Sonra ağa ona pul verir: o da mənə noğul alıb gətirir, çörək alır, ət alır...

– Noğul istəyirsən? — deyə kişi qalxdı, əlini çalmasının çiynindən sallanan ucuna sildi, cibindən beş-altı dənə ağ, qırmızı, sarı noğul çıxardıb qıza sarı uzatdı...

– Al, əmi sənə gör neçə noğul gətirib... ye, gör necə şirindi?

Bibigülün ürəyi çoxdan noğul istəyirdi, anası hər dəfə ağagilə gedəndə qız yalvarırdı ki, mənə noğul al gətir, ancaq anası əldə elədiyi beş-on rupini çörəyə, pendirə verib gətirirdi, körpələrinin ac qarnını doydururdu və hər dəfə də uşağı aldadıb deyirdi ki, noğulsatan yox idi, gələn dəfə hökmən alıb kətirəcəyəm. Gələn dəfə də belə... Bibigül indi bu tanımadığı kişinin əlində rəngbərəng noğulları görəndə ağzı sulandı, şirin şey yemək istəyi bütün qüdrətilə ürəyində baş qaldırdı; o, noğullara baxıb udqundu:

– Götür, qız, götür! — dedi kişi.

Bibigül gözlərini kişidən çəkmədən noğulları onun açıq, iri ovcunun içindən qamarlayıb götürdü. Bir-bir ağzına atıb çürük-sınıq dişləri ilə xırtıldada-xırtıldada yeməyə başladı.

– Şirindi? — şübhəylə ətrafa boylanan kişi soruşdu. Bibigül xoşbəxtcəsinə gülümsünüb başını tərpətdi:

– Şirindi.

Bibigül məst adam kimi bəxtəvər idi. Dördüncü noğulu ağzına atıb qumun üstündə oturdu. Az sonra gözləri xumarlandı. Əlində iki noğul qalmışdı.

– Bunu anama sax... — O, sözünü tamamlaya bilmədi, böyrü üstə uzanıb noğul tutduğu əlini yumub başının altına qoydu. Bir saniyə sonra gözləri astaca yumuldu.

– Yatdı!— deyə naməlum kişi, marığa yatmış vəhşisayağı, bunu gözləyirmiş kimi cəld qıza sarı cumdu, əvvəlcə uşağın totuq yumruğunu açıb onun anasına saxlamaq istədiyi o iki noğulu götürüb: «lazım olar!» — deyərək cibində gizlədi, sonra qızı qucağına götürüb çayaşağı addımladı, özünü daşlı-kəsəkli dərəyə saldı. Dünyadan bixəbər Bibigülü yerə uzatdı və...».

Şəfi bura çatanda Məleykə özünü saxlaya bilməyib, demək olar ki, qışqırdı:

– Daha bəsdi, Şəfi. Oxuma dalını. Doğrudan da dəhşətdi!

Şəfi gözünü varaqdan çəkdi:

– Hələ qurtarmayıb, Məleykə, hekayə.

– Bilirəm nəynən qurtaracaq. Aman allah, altı-yeddi yaşında qız... — Məleykə gözünün qabağında kiminsə ətini kəsirmişlər kimi — can, can! — dedi.

Şəfi ah çəkdi:

– Bilirsən nəynən qurtaracaq? — söylədi.

– Bilirəm, Şəfi. — Sonra o, əyilib ərinin qulağına nəsə pıçıldadı.

Şəfi başını tərpətdi:

– Yox.

– Hə?

– Hə!

– Onda bəs?

– Onda... dalına qulaq as... Buracan, sənin düşündüyün dünənki dərdimizdi, Məleykə, bundan sonra eşidəcəyin isə bugünkü dərdlərimizdi, əzizim.

– Yaxşı, oxu. İlahi, nə görəcəkli günlərimiz varmış!

Şəfi davam itdi:

«— Kişi tələsik qoltuq cibindən şpris çıxartdı, qızın köynəyinin sol qolunu çırmalayıb kəndirlə sıxıb boğdu, iynəni arıq— bir sümük, bir dəri olan qolunda köyərən damarına keçirtdi; şpris qanla doldu. Qan şüşənin içinə fışqırdı; şpris ikinci dəfə də, üçüncü dəfə də... doldu. Şpris dolub boşaldıqca yazıq qızcığazın onsuz da qansızlıqdan bomboz olan sifəti ağarırdı. Kişi onun avazımış üzünə baxmamağa çalışırdı. İşini qurtardıqdan sonra ayağa durdu, ətrafa nəzər salıb iti addımlarla oradan uzaqlaşdı. Dərədən çıxandan sonra rahat nəfəs aldı. Artıq heç bir təhlükə yox idi.

Kişi sevinirdi. Onun gözləri önündə indi tanış daru-xapə sahibinin gülümsər çöhrəsi və evdə yolunu gözləyən altı ac uşağının, əmzikli arvadının üzü canlanırdı. Kişi sevinə-sevinə ürəyində deyirdi:

– Bu qanı aparıb satacağam, puluna sizə çoxlu çörək alıb gətirəcəyəm. Bu gün doyunca çörək yeyəcəksiniz, balalarım...»

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, on beşinci fəsil

Balaca Əfsanə artıq oynayıb yorularaq anasının çarpayısında yuxuya getmişdi. Papaqlı gecə lampasını yandırmışdı Simin — otaq zəif, mavi işıq içində mürgü vururdu. Ara qapı açıqdı. Siminlə Əfsanə Elməddinin iş otağında kresloda əyləşib çay içə-içə söhbət edirdi. Təzə evin gəlini öz sadəliyi, mehribanlığı ilə köhnə evin gəlininin elə xoşuna gəlmişdi ki, elə bilirdi onu çoxdan, lap uşaqlıq vaxtından tanıyır. O, qəlbiaçıqlıqda, xeyirxahlıqda dayısı Həzrətgülün ikinci arvadı Nazənini xatırladırdı. Buna görə Əfsanə ilk dəqiqələrdə hiss elədiyi sıxıntı məngənəsindən azad olmuşdu, özünü sərbəst aparırdı. Hər kəlməbaşı ona «bacı» deyən bu cavan gəlini, həqiqətən, bacı sayırdı. Siminin danışığından aydın olmuşdu ki, Elməddin Əfsanə ilə olan macərasını yerli-yataqlı arvadına danışıb. Simin bu əhvalatları elə təfsilatı ilə bilirdi ki, sanki özü də orada — Ədnan qəryəsində imiş, hadisələr gözünün qabağında baş veribmiş. Bəli, Simin Əfsanənin həyatını, itkin düşdüyü günə qədər bilirdi. Ancaq ondan sonrası... Elməddin üçün də, Simin üçün də, elə kənd camaatı üçün də müəmma olaraq qalırdı, maraqlı bir kitabın açılmamış bir səhifəsi kimi. Simin bu müəmmanı Əfsanənin öz dilindən eşitmək istəyirdi.– Can bacı, sənin həyatın lap dəsmal götürüb ağlamalıdı. İnanırsan, Elməddin bu neçə ili itiyi itmiş adam kimi yaşayıb. Onun dərdi mənə də sirayət edib — mən də gecə-gündüz sənin fikrini çəkmişəm. Özün bu evdə olmasan da, adın, sözün, söhbətin dilimizdən əskik olmayıb. Kişiyə təsəlli olsun deyə uşağın adını «Əfsanə» qoydum, sənin şəklini mən böyütdürdüm asdım divardan. Mən, cavan da olsam, başa düşürdüm ki, sən Elməddinin ürəyinin ən müqəddəs hissi, arzususan. Onu çox istədiyim üçün hissləri də, arzuları da mənə əzizdi, bilirsənmi? Elməddini mən üç-dörd ildi tanıyıram, ancaq sən məndən də qabaq tanıyırsan, yaxşı tanıyırsan — o, gözəl insandı, Əfsanə. Qəlbi dağ qarı kimi, bulaq suyu kimi təmizdi, xeyirxahdı, mərddi, namuslu-qeyrətlidi. Onda padşah qururu var, bacı. Var-dövlətə əyilən-satılan deyil. Məndən qabaq biriynən evlənmişdi — milyoner qızı idi. Ancaq külbaş, Elməddinin qədrini, qiymətini bilmədi, burunladı. Ayrı kişi olsaydı, o var-dövlətin xatirinə əri yox a, nökəri də olmağa razı olardı. Amma o tüpürdü, çıxdı.

28 мин
Üçüncü hissə, on altıncı fəsil

Elməddin xoruzun ilk banında qayıdıb gəlmişdi. Başı çatlayırdı, beynində dəyirman daşının uğultusuna bənzər bir səs vardı. Neçə illər tutqun bir ümidlə gözlədiyi bu qəribə görüş axşamını, tərsliyə bax ki, o, Əfsanənin yanında keçirə bilməmişdi. Çağırıb aparmışdılar, neçə saat iclasda oturmuşdu, mübahisələr olmuşdu, natiqlər kəskin, maraqlı çıxışlar eləmişdi, ancaq Elməddin, tamam başqa bir dünyadan gəlmiş adam kimi, laqeyd, küt nəzərlərlə adamlara baxmış deyilənləri dinləmiş, lakin heç nə başa düşə bilməmişdi Cismən burda otursa da, fikrən evdə, Əfsanənin, Siminin yanında olmuşdu. İndi, o gurultulu, mübahisəli məclisin qurtarmasından iyirmi-iyirmi beş dəqiqə keçsə də, Elməddindən soruşan olsaydı, bircə dənə də dəqiq şey deyə bilməzdi, hamısını qatıb-qarışdırar, baş-ayaq danışardı.Həyətə girən kimi qəlbi sıxılmışdı — işıqlar sönmüşdü, yəqin ki, Əfsanə də, Simin də yatmışdı. Halbuki, Elməddin onların, xüsusilə Əfsanənin bu uzun ayrılıq illərindən sonra əvəzsiz bir nemət, misilsiz bir səadət kimi ələ düşmüş, şirinliyi, acılığı hələ bilinməyən bu əsrarəngiz görüş gecəsi əsla yatmayacağını, oturub Siminlə söhbət edəcəyini, onu gözləyəcəyini düşünmüşdü. Elməddinin aləmində, bu gecə yatdı yox idi, bu gecə düz səhərəcən üzbəüz oturacaq, başlarına gələn əhvalatları, olub-keçənləri — hər şeyi, hər şeyi lap birinci gündən sonuncu günəcən bir-birinə danışacaqdılar, gah sevinəcək, gah da kövrəlib susacaqdılar, bir-birinə doyunca, bu sonsuzluq kimi uzun görünən, hicran illərinin tüstü kimi acı həsrətini yox edəcək göz də, ürək də toxtayınca baxacaqdılar. Ancaq işə bax ki, itirdikləri səadətin, bəxtəvərliyin müqabilində çox kiçik görünən bu səadət də onlara nəsib olmamışdı. Elməddin qayıdıb gəlincə Əfsanə öz dərdli macərasının tarixçəsini Siminə nəql eləmiş, Simin də Elməddinin başına gələnləri ona danışmış, sonra xeyli gözləmiş, qonağın tez-tez əsnədiyini görən ev sahibəsi onun üçün kiçik otaqda yer salmış, neçə gecə Kabilin küçələrində, dalanlarda səhəri demək olar ki, diri gözlü açan, yorğun yuxusuz olan Əfsanə yatağına girib yatmışdı. Yatmışdımı? Yox, azca əvvəl, Siminlə danışarkən o, həqiqətən yuxudan sarı ölürdü. Lakin yumşaq, təmiz yorğan-döşəyə girən kimi elə bil yuxusu ərşə çəkilmişdi, yorğunluğu da harasa uçub getmişdi. Bu evə ayaq basandan gördüklərini, eşitdiklərini, hiss elədiklərini dərk etmək istəyirdi, anlamaq istəyirdi, ancaq, fikirləri bir-birinə qarışır, düyün düşür, Əfsanə tora düşmüş balıq kimi çalıxıbçapalayırdı. İlk təəssüratı o qədər güclü və mürəkkəb idi ki, ildırım sürəti ilə bir-birini əvəz edən, hərəsi bir cür gözqamaşdıran o təəssüratların heç birisinin üstündə ani də olsa qərar tutub dayana bilmir, hisslər axıb gedir və bu, onu az qala ağlamaq dərəcəsinə gətirirdi. Kim bilir, görəsən indi o yatan bu yorğan-döşəkdə Elməddin haçansa yatmışdımı? Yorğan-döşək, qəribə idi ki, ona doğma, əziz görünürdü. Elə bil, Elməddinin nəfəsi hopmuşdu ona, Əfsanə sinəsinə çəkdiyi yorğanı iyləyirdi, qəlbi sakitləşirdi. —Yadına neçə illər qabaq, Elməddinlə kəbini kəsilən gün soyunub girdiyi yorğan-döşək düşürdü. Onda həmin yorğan-döşəkdən, balışdan Yusifin iyini duymuşdu Əfsanə. Lakin indi ancaq Elməddinin qoxusu gəlirdi, ancaq Elməddinin! Yusifin bədəninin iyini illər çoxdan qovub harasa aparmışdı, unutdurmuşdu.

14 мин
Üçüncü hissə, on yeddinci fəsil

Gec yatdıqlarına baxmayaraq, Simin hamıdan tez oyanmışdı, mətbəxdə çay qaynatmış, stolun üstünə stəkan-nəlbəki düzmüş, çörək, yağ-pendnr, bal qoymuş, üzünə milçək-filan qonmasın deyə dəsmal sərmişdi. Səhər yeməyinin vaxtı əslində çoxdan keçmişdi. Saat ikiyə işləyirdi — Elməddin şirin-şirin yatmışdı. Simin ev-eşiyi yığışdırandan, həyət-bacanı süpürəndən sonra tək qalıb darıxdığı üçün yavaşca, barmaqlarının ucunda Əfsanənin otağına girdi. Əfsanə, görünür, bərk uyumuşdu, Siminin gəldiyindən heç xəbəri də olmamışdı — çünki nə tərpəndi, nə də qımıldandı. Başı da, sinəsi də açıq idi. Hörülmüş, uzun saçlarının biri ağ balış üstündə qara ilan kimi qıvrılmışdı, əynindəki gecə köynəyinin üçbucaq şəkilli yaxasından ağ sinəsinin bir parçası görünürdü. Arxası üstə yatmışdı, sol biləyini də alnına qoymuşdu. Ayaq tərəfdə dayanan Simin aram-aram nəfəs alan, ağ, qəşəng sifətində əzablı-ağrılı bir ifadə həkk olunan (bu, deyəsən, onu daha da gözəlləşdirirdi) Əfsanənin həqiqətən gözəl olduğunu elə bil indi, bax bu anlarda görüb hiss elədi. Dünən gələndə deyəsən o belə gözəl deyildi, axşam, ikisi üzbəüz oturub söhbət eləyəndə də bu cür deyildi. Amma indi... Simin istər-istəməz bir qadın kimi özünü bu yatmış, bu dərdli gözəllə müqayisə elədi, müqayisə elədi və anlaşılmaz, qəlbinə yad bir sıxıntı içində istər-istəməz üstünlüyü Əfsanəyə verdi. Və bu an Əfsanə ona Simindən qüdrətli, Simindən ağıllı göründü; ona elə gəldi ki, bax, bu qabağında yatmış gözəl qadın illərin arxasından, uzaq-uzaq yerlərdən məhrumiyyətlərə dözə-dözə, onun-bunun qoltuğuna sığına-sığına, Şahin kimi sevən bir cavanı rədd edib gözüyaşlı qoyaraq, Siracəddin kimi bir «əjdahanın» torundan xilas olaraq bura — Elməddinin ocağının başına nahaq gəlməyib, əbəs gəlməyib. O gəlib ki, Siminin Elməddinini — demək, səadətini əlindən alsın, xoşbəxtliyini uçurub dağıtsın. «O mənimdir, Simin!» — deyərək hər şeyi alt-üst eləsin. Bu acı fikirlər ürəyini cırmaqladı, gözləri qaraldı, başı gicəlləndi. Əfsanə elə bil yatağında əriyib yox oldu, yerində nə isə qara, qatran kimi qapqara bir vücud qaldı —yalnız bu zaman, səhərə yaxın Elməddinin Əfsanə barəsində dediyi sözlər yadına düşdü, qulaqlarında səsləndi və onu bu qara fikirlərin zəhərli caynağından qopartdı: «Mən Əfsanəni alsaydım, elə o vaxt alardım. Onda ürəyim qəbul etməmişdi, indi də etməz. Çünki mənim ürəyim elə həmin ürəkdi, əqidəm də elə həmin əqidədi, Simin!» Bu sözlər onun beynini, baxışlarını durultdu, hövllənib tez-tez çırpınan ürəyi qara, qorxulu təhlükənin sovuşduğunu hiss edib adi qaydasına düşdü. Yatağında uzanmış Əfsanə də o qara, qatran kimi qapqara vücuddan dönüb əvvəlki Əfsanə oldu — saçı yenə ilan kimi qıvrılıb yatmış, əli alnında, sinəsinin bir parçası açıq... Əfsanə oldu. Və Simin onun ağ sifətinə həkk olunmuş ağrılı əzablı ifadəni daha aydın oxudu və onun nəfəs almağında da, sifətində də bir yazıqlıq, bir bədbəxtlik gördü, onun haqqında belə düşündüyünə görə utandı Simin! Balacalaşdı, cılızlaşdı, çirkinləşdi Simin! Özünü, qəlbini indiyə qədər yaxşı tanımadığına heyrət içində gözünü döydü. Daha bundan sonra belə qara fikirləri yaxına buraxmayacağına, bu cür alçalmayacağına səssiz-səmirsiz and içdi.Qəhərləndi, boğazı acışdı və öskürdü. Səsə Əfsanə gözünü açdı — uzun, qatlama kirpiklərini qaldırıb ayaq tərəfində Simini görəndə.... yuxulu-yuxulu gülümsündü. Simin irəli gəldi, döşəyinin yanında diz çöküb:

10 мин
Üçüncü hissə, on səkkizinci fəsil

Elməddin döyülmüş, əzgin adam kimi yataq otağına girdi, soyunub çarpayısında uzandı, üzünü də, kədərli və dilxor vaxtlarında olduğu kimi, divara çevirdi. Simin yanına gələndə onu uzanmış görüb təəccübləndi.– Bıy, sən təzədən yatdın? Elməddin çevrilmədən;

13 мин

Стихи других поэтов