Üçüncü hissə, doqquzuncu fəsil
Saat birə on dəqiqə qalana qədər ağayi Nəcməddin Elməddinlə söhbət etdi: ona gələcək vəzifəsinin incəlikləri, xüsusi məharət və dəqiqlik tələb eləyən cəhətləri barədə danışdı. Elməddin məsul və ağır bir işə iqdam etdiyini başa düşürdü və bəzən canına gizli vahimə lərzə salırdı. Anlayırdı ki, çətin olacaq. Amma nə etməli? Başqa çarə yox idi — o, bu müşkül vəzifəni boynuna götürməli idi. Ağayi Nəcməddinin fikirlərindən anlaşılırdı ki, onun müəssisələrinin, fabriklərinin cəmləşdiyi ümumi şirkət özü-özlüyündə dövlət içində balaca bir dövlət idi. Ağayi Nəcməddin bu dövlətin başçısı, o isə bu gündən etibarən, ağanın zarafatla dediyi kimi, vəzire-maliyyəsi idi. Ticarət əlaqələrinə, alqı-satqı işinə rəhbərlik etmək ona tapşırılırdı.
Ağ xalat geydiyinə görə doktora oxşayan restoran xidmətçisi xüsusi maşında yemək-içmək gətirdi. Ağayi Nəcməddinə baş əyib ehtiramla təzim edəndən sonra işgüzar bir görkəmlə:
– Harada oturacaqsınız, ağa? — deyə xəbər aldı.
– Elə buraya düz, — dedi, — bura həm sərindi, həm də yaşıllıqdı.
Xidmətçi gətirdiyi xörəkləri — bişmiş, qızardılmış toyuqları, göy-göyərtini, ala-bəzək viski butulkasını səliqə ilə stolun üstünə düzdü, keçib mətbəxdən qab-qaşıq gətirdi. İki piyalə qoydu.
Məzuniyyət.
Maliyyə naziri.
– Birini də gətir, — deyə ağayi Nəcməddin xidmətçiyə göstəriş verdi. Elməddin düşündü ki, yəqin qonağı gələcək. Xidmətçi çıxıb gedən kimi həyətdə ağ, yastı «Folksvagen» maşını dayandı. Maşından ortaboylu, şıq geyimli, qəhvəyi saçlarını açıq halda çiyinlərinə tökmüş ağsifətli bir qız düşdü. Alabəzək parçadan tikilmiş donu dizlərindən xeyli yuxarı qalxmışdı. Dünən gecə qonaqlar çəkilib gedəndən sonra Şəfinin təriflədiyi, Məleykənin eyhamla «bəlkə» deyə işarə etdiyi qızı xatırladı. Bəli, hökmən.
– Ağayi Nəcməddinin qızıdı bu!
Pilləkənləri tıqqıldada-tıqqıldada, tələsik addımlarla yuxarı çıxdı, böyük və geniş zaldan keçib aynabəndə gəldi. Tanımadığı adamı görən kimi azca təəccüblənən kimi oldu.
– Tanış ol, Elməddin, bu mənim istəkli, ağıllı, mehriban qızım Zərrintacdır. Elməddin:
– Çox yaxşı, — deyib ayağa qalxdı. Zərrintac ahəstə-ahəstə irəli gəlib kağız kimi ağ, pambıq kimi yumşaq və hərarətli əlini ona uzatdı:
– Xoş gəlmisiniz.—Dişləri qızıl idi. İncə, nar yarpaqı təki qırmızı dodaqları vardı. Gözləri, sürməli kirpikləri sifətinə olmazın bir yaraşıq verirdi. Baxışları iti və nüfuzedici idi. İlk baxışdan adamın ürəyinə baş vurub nə yuvanın quşu olduğunu öyrənmək istəyən qızlara oxşayırdı.
– Ağayi Elməddin mənim təzə dostumdur və bizim vəziremaliyyəmizdir, Zərrintac, — deyə ata təzə qonağını qızına təqdim etdi, — özü də şairdir. Dünən şerləri ilə bizi feyziyab eyləyən cavan oğlan bax budur, qızım. — Zərrintac sınayıcı, davamlı baxışlarını Elməddinin üzündən çəkmədən:
– Çox yaxşı, — dedi. — Elməddin qızın sirayətedici baxışlarından sıxılırdı. Canını qorxu hissi alırdı: «Kişi indi hiss eləyər, məni buradan qovar». — deyə düşünür, Zərrintaca diqqətlə baxa bilmirdi. Amma «gözəl qızdır», — deyə ürəyində etiraf eləməyə vaxt və imkan tapmışdı.
– Əl-üzünü yu, gəl otur, naharımızı eləyək, — deyə kişi qızına sarı döndü. Qız çevrilib getdi, az sonra ayrı paltarda — çin ipəyindən tikilmiş xalatda, yüngül, dəri çəkələklərdə gəlib atasının böyründə oturdu... Elməddinlə üzbəüz...
Almaniyada istehsal edilmiş yüngül minik maşını.
Nəcməddin viski şüşəsinin ağzını açıb üç piyaləyə süzdü. Yemək başlandı. İki-üç tikədən sonra ağayi Nəcməddin badəsini götürdü:
– Qaldırın badənizi, içək ağayi Elməddinin sağlığına. Bizim evə xoş gəlibsən, Elməddin!
Zərrintac da badəsini qaldırdı, Elməddin badəsini onların badəsinə astaca toxundurub yerə qoydu.
Hər ikisi — ata-bala içdi.
– Bəs niyə içmirsiniz?—deyə Zərrintac təəccüblə qaşlarını çatıb Elməddinə baxdı.
– Mən... mən heç içməmişəm.
– İçməmisən?
– Şair olasan, içməyəsən? — sonra o, üzünü atasına tutub, — bu necə şairdi, ata? — deyə soruşdu.
– İç, iç, Elməddin. Bizi biabır etmə.
– Vallah, içə bilmərəm.
– İçərsən, — deyə Zərrintac da təkid etdi: — Mən qızlığımla içə bilirəm, sən kişiliyinlə yox? Özün də ki şairsən!
Söz Elməddini yamanca tutdu. İlk dəfə kirpiklərini qaldırıb diqqətlə Zərrintacın üzünə, gözlərinin içinə baxdı və gülümsündü. Bu sözdən keçmək olmazdı: zəhər içirmiş kimi qorxa-qorxa badənin qırağını dodaqlarına toxundurdu, Əvvəl bir qurtum içdi, sonra hamısını başına çəkdi. Gözlərinin qabağında elə bil, şimşək çaxdı. Başını xəstə toyuq kimi o yan-bu yana silgələdi.
Elməddinin bu hərəkətinə Zərrintacın da, Nəcməddinin də gülməyi tutdu. Özünü ələ alıb o da gülənlərə qoşuldu. Az sonra hər şey adi qaydaya düşdü.
Şirin yemək başlandı.
Zərrintac xəlvəti atasına göz vururdu ki, içkidən süzsün.
Nəcməddin piyalələri doldurdu...
– Daha mən içməyəcəyəm.
– Bu badələri mənim sağlığıma içəcəyik, — deyə Zərrintac badəsini qaldırdı, — elə deyilmi, ata?
– Əlbəttə, əlbəttə. Sənin sağlığına mənə zəhər də versən içərəm, qızım.
Elməddinin beyni dumanlanmışdı. Sifəti qızarmışdı, alışıb-yanırdı.
– Sizə içmək düşür, — Nəcməddin dedi.
– Niyə görə deyirsiniz?
– Adamın ki, içkidən sonra sifəti qızarıb allandı, demək ona içki düşür, o, içsə yaxşıdır. Yox, əgər sifəti bozarıb ağardısa, demək heç. İçməsə yaxşıdır o adam.
– Mən bilmirdim. — Elməddin şit-şit güldü və o anla gülüşünün yersiz olduğunu anladı.
– Götürün badələri, — Zərrintac söylədi. — Mənim sağlığıma. Ya atam, ya siz, ağayi Elməddin, gərək mənim sağlığıma badə qaldırmağı təklif edəydiniz, gördüm sizdən səs çıxmadı, məcbur oldum özüm öz sağlığıma badə qaldıram. Götürün, içəyin mənim sağlığıma.
Nəcməddin bilatəxir içdi, toyuğun budunu dişinə çəkib iştahla yeməyə başladı.
– Mən sizi gözləyirəm, — deyə Zərrintac üzünü Elməddinə tutdu.
Elməddin odla su arasında qalmış kimi duru və şəffaf içki ilə dolu piyaləyə nəzər salıb birdən qəti hərəkətlə badəni başına çəkdi.
– Bax belə. Afərin. İndi ye, — deyə Zərrintac da badəsini boşaltdı.
– Yox, maşallah, yaxşı içə bilirsən, — Nəcməddin qeyd elədi.
Üçüncü badəni də ev sahibinin — Ağayi Nəcməddinin sağlığına içdilər.
Daha məcburiyyət olmadı. Nəcməddin iki badə də qaldırandan sonra əməlli-başlı kefləndi. Durub geyinməyə başladı.
– Hə, necəsən, ağayi vəzire-maliyyə?
– Yaxşıyam, ağacan!!!
– Hə, bax belə. Yaxşı ol. Ağıllı ol, ye də, iç də, amma ağlını əldən vermə. Dünyada ən böyük sərvət, dövlət ağıldı. Bax, mən ağıllı olmasaydım, bu mərtəbəyə çatmazdım. Beş oğul böyütmüşəm, var-dövlət sahibi eləmişəm. Bu saat onların məndən də çox mal-dövləti var. Hərəsi özü üçün bir padşahdı, ağayi Elməddin! Qızım özü də elə padşahdır. Mənim bütün var-yoxum onundur, — qurban olum sənə, qızım. Sən olmasaydın, mənim bağrım çoxdan çatlamışdı. Öpürəm səni, Zərrim mənim. Gəl səni bir öpüm. — Ağayi Nəcməddin səndələyə-səndələyə Zərrintaca yaxınlaşdı, onun pərişan saçlı başını qucaqlayıb enli alnından marçıltı ilə öpdü. Atası onu öpəndə Zərrintaç xumar gözlərini dolandırıb Elməddinə baxdı.
Elməddin sanki cəsarətlənmişdi. Gözlərini ondan çəkmədi. Baxışdılar, baxışdılar.
Ağayi Nəcməddinin yadına birdən nə düşdüsə dayandı və qətiyyətlə dedi:
– Mən gedirəm.
– Hara, ata?
– Bir yer var, dəyib qayıdacağam. Elməddin də qalxdı:
– İcazənizlə mən də gedim.
– Yox, yox, sən otur, mən tez qayıdacağam, — Nəcməddin onu oturtdu, — lap tez qayıdacağam.
– Yenə ora gedirsən? — Zərrintac xəbər aldı. Nəcməddin şəhadət barmağını silkələyərək:
– Ay şeytan, — dedi, — yox, ora getmirəm.
Nəcməddin həyətə düşdü. Uzun, gilənar rəngli şevoreleti qarajdan çıxarıb getdi.
Üzbəüz oturmuş Elməddinlə Zərrintac neçə dəqiqə lal-dinməz dayanmışdılar. Zərrintac fikirli-fikirli çəngəllə toyuq ətini didirdi. Sükutu Elməddin pozdu:
– Atanız hara getdi ki?!
Zərrintac cavab verməmişdan qabaq bir piyalə viski içdi:
– Atam cavan bir qız saxlayır. Baqe-bala tərəfdə... Dilinə ki içki dəydi, hökmən özünü onun yanına verməlidir.
– Bəs, ağa niyə tək yaşayır?!
– Anam beş ildi ki, ölüb. Kişi də qocalıb, daha evlənmək istəmir. O qızı da elə-belə saxlayır...
– Bəs evə niyə gətirmir onu?
– Mən qoymuram.
– Niyə? Qoy kişi qocalığını yaxşı başa vursun. Ona qulluq edən, nazını çəkən lazımdı.
– Bura gəlsə mənə şərik çıxacaq. Ona görə qoymuram. Nazını çəkən lazımdı; atam onunçun hər şərait yaradıb, qoy orda çəksin nazını! Olmaz?
– Olar, əlbəttə!
Zərrintac özü üçün də, Elməddin üçün də içki süzdü. Bu dəfə qonaq etiraz eləmədi. İçdilər.
– Kişilərin hamısı şorgözdü. Qocası da, cavanı da.
– Nədən bilirsiniz, Zərrintac xanım?
– Atamın hərəkətlərindən. O qocalıb, görürsünüz. Ona indi qadın lazım deyil. Amma o, on səkkiz yaşında qızın yanına gedib-gəlir və hər dəfə də ona, neçə min pul məsrəf eləyir.
– Bəlkə ruhən cavandı kişi?
– Nə deyim...
Arada ani sükut oldu. Elməddin birdən soruşdu:
– Sənin neçə yaşın var? — O, özü də hiss etmədən, Zərrintac kimi, «sən»ə keçdi.
– İyirmi bir.
Elməddin məst baxışlarla onun allanmış yanaqlarına diqqət yetirdi. Boğazı ağappaqdı. Xalatının açıq yaxasından mərmər sinəsinin bir parçası görünürdü. Zərrintac sifətində oğlanın iti baxışlarını duyub gözlərini qaldırdı, ona baxıb iltifatla gülümsündü:
– Musiqiyə qulaq asmaq istəyirsən?
– Hə, istəyirəm.
Zərrintac qalxıb o biri otaqdan qara, yaraşıqlı yapon maqnitofonunu gətirib qurdu. Həzin, ahəngdar musiqi otağa yayıldı. Sonra rəqs musiqisi çalındı.
– Oynayaq?
– Oynayaq.
Elməddii qalxıb kinolarda gördüyü təki onun «əlindən tutdu, əli isti idi. O biri əlini incə belinə toxundurub onu fırlamağa başladı. Zərrintacın xurmayı saçları dalğalanırdı. Gözlərini süzdürüb altdan yuxarı ona baxır, şeytan-şeytan gülümsəyirdi.
Elməddinin isti, hərarətli nəfəsi onun üzündə gəzdikcə bədənində xoş bir qımıltı hiss eləyirdi. Oğlanın bədəninin təmasından qızı uçunmaq tuturdu.
– Mən çox şadam ki, sən bizim evə gəlmisən...
– Mən səndən də şadam, Zərrintac xanım.
– Nəyə görə, Elməddin?
– Sən bunu məndən də yaxşı bilərsən. Zərrintac fikrə getdi. Sonra;
– Anladım, — dedi və ürəkaçan, adamı bihuş eləyən bir təbəssümlə qımışdı...
Musiqi çalınırdı, onlar fırlanırdı. Dünya da sanki şadlıq və sevinc içində bu iki cavanla birgə fırlanırdı.
Musiqi çalınırdı, çalınırdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-itkin-gelin-ucuncu-hisse-doqquzuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şəfi son iki günü çox həyəcanlı idi. İşdə də, evdə arvad-uşağının yanında da özünü nə qədər tox tutmağa çalışsa da, daxili bir1 gərginlik, gizli bir təlatüm vardı ürəyində. Srağagün vəzire-dərbar Əli xan şəxsən lütf eləyib zəng çalaraq əlahəzrəti-humayunun onu qəbul etmək arzusunda olduğunu bildirdikdə, Şəfi heç nə düşünməyə imkan tapmadan, tələsik razılıq vermiş, əlahəzrətlə görüşmək səadətinin özü üçün şərəf saydığını söyləmişdi. Vaxtı-vədəsi cümə gününə düşürdü. Bu qəbul nə üçün idi, tək onumu qəbul edəcəkdi əlahəzrət? — Belə şeyləri soruşmaq ədəb dairəsindən kənar olduğu üçün şair heç nə xəbər almamış, qulaqları guruldaya-guruldaya dəstəyi yerinə qoymuşdu. Əsl təlatümlü anlar, saatlar sonra başlamışdı. Qarşısında oturan Elməddin Şəfinin telefon danışığından məsələnin nə yerdə olduğunu anlayıb mat-mat ustadının üzünə baxırdı. Onun yanında birinci dəfə belə iş baş verdiyindən bilmirdi ki, buna sevinsin, ya kədərlənsin! Hər halda onun fikrincə, bu, balaca məsələ deyildi—əlahəzrət bu məmləkətdə hər şer yazıb adını şair qoyanı hüzuruna çağırmırdı; bildiyinə görə, o, ancaq ən nüfuzlu, görkəmli adamları (onların da hamısını yox!) nadir hallarda, bu və ya digər münasib bir gündə, lazım bildiyi məsələ ilə əlaqədar qəbul edirdi. Ona görə də Elməddin belə hesab etdi ki, bu, ustad üçün də, heç şübhəsiz, bir şərəf olmalıdı, buna ancaq sevinmək olar. Odur ki, Şəfi dəstəyi asan kimi, Elməddin, ani təxirdən sonra, Şəfini təbrik etməyi lazım bilmişdi:
İkinci hissə, on üçüncü fəsilBu, Məhəmməd Şəfinin çoxdankı arzusu idi; ömür yarı olmuşdu, ad-sanı məmləkəti tutmuşdu, onunla oturub-durmaq, kəlmə kəsmək həvəsində olanların sayı-hesabı yox idi—ancaq o, hələ bircə dəfə də, «xalqın atası», «məmləkətin sahibi» sayılan əlahəzrətlə bir məclisə düşmək, onunla üzbəüz əyləşib söhbət eləmək, yaxından gözlərinin içinə baxmaq, bir şair kimi özünü narahat eləyən məsələlər barəsində bu «şəxsi-əvvəlin» nə düşündüyünü anlamaq, nəhayət, camaatın nəzərində sirli-sehrli bir dünyaya oxşayan «Ərkeşahi»nin içərisindəki cah-calallı saraya tamaşa eləmək «səadətinə» nail olmamışdı. Əlahəzrət bu sarayda tez-tez qəbullar düzəldərdi, yüksək məqamlı adamları, generalları, gələn xarici qonaqları qəbul edərdi, lakin heç vaxt Şəfi onların arasında görünməzdi. Sadəcə olaraq onu dərbardakılar «görmürdülər». Bu, bir tərəfdən yaxşı idi— dərbardan uzaq olanlar nadir hallarda qəzəbə düçar olurdular. Yaxın olanlar isə nə zaman harada «günaha batacaqlarını» bilmədiklərindən həmişə nigarançılıq içində yaşayırdılar və Şəfi də bunu çox yaxşı bilirdi. O biri tərəfdən isə pis idi «görünməməzlik» dərdi—çünki bu, sayılmamaq demək idi, adilik demək idi, yüksək məqamlara çatmamaq kimi də qiymətləndirilə bilərdi. Şəfi şöhrətpərəst deyildi, heç vaxt da olmamışdı. Bəzən elə düşünürdü ki, əlahəzrətin ətəyinə əli çatanlar qorxaq və yaltaq olduğundan nə xalqın, nə məmləkətin dərdləri barədə ona heç nə demirlər, deyə bilmirlər. Amma o, bu «şərəfə» nail olsa, mütləq hər şey barədə açıq danışar, başa salar, qorxmadan, çəkinmədən əsl həqiqətləri, əsl dərdləri deyər. Şəfi məhz bu arzu ilə yaşamışdı illər boyu və ona elə gəlmişdi ki, bunları əlahəzrət hümayuna söylərsə, bu, mütləq təsirsiz qalmaz.Şəfi dünən Bəbirlə gecəyarıdan keçənə qədər dərdi-dil eləmişdi, malı bir yerə, gümanı min yerə gedən adam kimi əlahəzrətin bu iltifatından çaşbaş qalan şairi Bəbir xeyli sakitləşdirmiş, dəvətin mümkün səbəbini izah eləmişdi:
İkinci hissə, on dördüncü fəsilİki gün sonra ər-arvad arasında belə bir söhbət oldu:– Bu gün işdən bir az tez gəl ha, Şəfi can. Birdən yadından çıxar, axı Elməddin bizi axşama qonaq çağırıb!
İkinci hissə, on beşinci fəsilKiçik çillə çıxhaçıxda idi. Son günlərini yaşadığından quduzlaşmışdı sanki, necə deyərlər, gəlinlərin əlini un çuvalında, yetimyesiri, acı-çılpağı küçələrdə dondurmaq istəyirdi. Qar üstünə qar yağır, axşamlar gölməçələrin, çayın, yolun suyunu palçığını dondurub bərkidən şaxta indi gündüzlər də öz hökmünü göstərir, iliklərə işləyirdi.Belə şaxtalı sazaqlı bir gündə, ləbi-dəryadakı cında bazarında cındır, köhnə-külə paltar, ayaqqabı alandan çox satan vardı. Kətili, taxta yeşiyi olan oturmuşdu, mallarını qabağına yığıb əsə-əsə müştəri haraylayırdı. Çoxu isə satılan köhnə-küləsini qolu üstə atıb gəzinir, alıcı gözləyirdi. Ayağında uzunboğaz ayaqqabı, əynində dəri yaxalıqlı isti palto, başında yun şal olan bir qadın bayaqdan bazar əhlinin diqqətini cəlb etməkdə idi. O, əlində ağ yundan toxunmuş təzə bir jaket tutmuşdu, heç nə demədən o tərəf — bu tərəfə gedir, hərdən jaketi silkələyirdi. Geyimindən, rəftarından bazar adamına oxşamadığından adamlar gah ona, gah da əlindəki jaketə baxır, dinibdanışmadığını görüb lal-dinməzcə yanından sovuşub keçirdilər. Qadın isə ayaq üstə güclə dururdu. Acından başı hərlənirdi. Jaketi almaq istəyən olsaydı, dəyər-dəyməzinə verməyə razı idi. Təki pulu olsun əlində, bir loğma çörək alıb yesin, çuğundur, yaxud qaynamış noxud alıb yesin. Sonra allah kərimdi.