İkinci hissə, on dördüncü fəsil
İki gün sonra ər-arvad arasında belə bir söhbət oldu:
– Bu gün işdən bir az tez gəl ha, Şəfi can. Birdən yadından çıxar, axı Elməddin bizi axşama qonaq çağırıb!
– Hə, yadımdadı.
– Sənin bu təntənəli günlərində mən deyərdim ki, Elməddindən çox sevinən yoxdu dostlarının arasında! Elə bil, sənin yox, onun özünün şəkli çıxıb əlahəzrətlə ruznamələrdə. Oğlan şadlığından yerə-göyə sığışmır.
– Bəs qonaq gedirik, Elməddin üçün nə hədiyyə aparaq? Bir şey fikirləşmisən?
– Yox, Şəfi can. Doğrudan a, nə aparaq? Əliboş getmək yaxşı düşməz.
– Mən yaxşı bir şey düşünmüşəm. Əgər ağlına batırsa, elə eləyək.
– Nədi, ay kişi? Sən pis şey fikirləşməzsən.
Uşaqlar eşitməsin deyə Şəfi əyilib Məleykənin qulağına nə isə pıçıldadı: Məleykə əvvəl şaqqanaq çəkib güldü, sonra ciddiləşib bu dəfə o pıçıltı ilə Şəfinin qulağına nə isə söylədi. Şəfi ani fikirdən sonra: «Mən belə məsləhət bilirəm, Məleykə! — dedi. — Sən işində ol. Axşam saat yeddidə orda olarsınız. Qalan hamısı mənim boynuma»...
Məleykə xanım gülürdü—deyəsən ərinin təklifi ürəyincə idi.... Elməddin yaxşı bir süfrə açmışdı. Əhədulla maşını «Spinzər» restoranının qabağında əyləyib ertədən Elməddinin telefonla sifariş verdiyi yeməkləri qazanqarışıq götürüb evə gətirmişdi, sonra bazardan meyvə, göyərti və s. almışdı.
Elməddinin stol açmaqda, süfrə bəzəməkdə səriştəsi olmadığından, bütün işləri Əhədulla öz öhdəsinə götürmüşdü və elə süfrə açmışdı ki, baxan deyərdi ki, bu ən səliqəli bir qadının əlinin işidi. Elməddin sevinirdi. İlk dəfə idi ki, bu mənzildə belə qonaqlıq təşkil olunurdu — onun öz evində qardaş kimi, ata kimi sevdiyi Şəfinin şərəfinə. Elməddinin sevincini qat-qat artıran bir də bu oldu ki, axşamçağı Məleykə xanımla Fatimə və Siminbər də təşrif gətirdilər. Əhədulla təəccüb eləsə də, heç nə demədi, dərhal başa düşdü ki, onları Məleykə xanım dəvət edib. Az sonra kişi arvadının və qızının gəlişindən fərəhləndi də: «Qoy qaynayıb-qarışsınlar!» Elməddin isə qadınlara «xoş gəldin» eləyib sual dolu nəzərlərlə Məleykəni süzdükdə qadın bir bacı mehribanlığı ilə gülümsündü və:
– Biz sizə kömək eləmək üçün gəlmişik, Elməddin qardaş!— dedi
– Əcəb eləmisiniz. Bura sizin evinizdi. — Və bu sözləri elə dedi ki, qadınların hər üçünə aid oldu. Fatimə arvad müştəri gözü ilə gələcək kürəkəninin həyət-bacasına, ev-eşiyinə baxırdı, ürəyində qızına xoşbəxtlik, saadət arzulayırdı. Siminbər qəşəng və güllü don geymişdi. Yanaqları qıpqırmızı idi — eynən buxarı qırağında oturduğu vaxtdakı kimi. Uzun, yaraşıqlı kirpiklərini qaldırıb Elməddinə baxmağa utanırdı. Nədənsə çox həyəcanlı görünürdü bu dəfə, tək gələndə heç belə sıxılmırdı, özünü sərbəst hiss eləyirdi. İndi isə...
Elməddin arada fürsət tapıb Məleykə xanıma yanaşaraq:
– Nə ağıllı iş görübsən, bacı, bunları da gətiribsən. Düzü, mənim ürəyimdən keçirdi, ancaq dedim yaxşı düşməz! — söylədi.
– Ustadının məsləhətidi, Elmi! Onlar daha bizim ailənin üzvləridir. Niyə sənin sevincinə şərik olmasınlar!? Həm də qız qoy adam içinə çıxsın, açılışsın, görsün, götürsün. — Sonra Məleykə xanım şən bir ədayla: — Yox, əgər istəmirsənsə, qaytarım aparım Siminbəri! — dedikdə Elməddin tələsik:
– Yox, yox, siz nə danışırsız, Məleykə bacı! —deyə cavab verdi. — Böyük savaba batmısınız onu bura gətirməkdə!
– Bəlkə qaynananı qaytarım?— Məleykə yenə zarafat elədi.
– Yox. Onu da yox; Yaxşı arvada oxşayır.
Məleykə xanım Elməddindən aralanıb həyətdə kabab bişirən Əhədullanın yanına gəldi və teştdəki tikələrə, çataçat yanan manqala baxıb:
– Hə, Əhədulla qardaş, eşitmişəm sən əla kabab bişirirsən. Çoxu elə sənin kababına görə gəlmişəm, — dedi.
Əhədulla, kefi kök olduğundan, güldü və Məleykə xanımın tərifini cavabsız buraxmamaq üçün:
– Bu Kabildə mənim kimi ikinci kabab bişirən olsa, bax, bu əllərimi kəsərəm, bacı, — söylədi. Məleykə xanım Əhədullanın arvadının, qızının bura gəlməsindən əvvəlcə tutulduğunu o dəqiqə hiss eləmişdi və indi kişinin ağzını aramaq, necə deyərlər, könlünü almaq üçün münasib fürsət düşdüyünü görüb:
– Şəfi səhər gedəndə, mənə tapşırdı ki, axşam gələndə Fatimə xanımı da, Siminbər xanımı da gətirim. Daha biz özgə deyilik. Su qaba girdi, necə deyərlər, oldu içməli. Doğrudan da, necə ola bilər ki, Şəfinin, Elməddinin şad günündə bizim Siminbər xanım, Fatimə xanım kənarda qalsınlar?! — söylədi.
– Elədir, Məleykə bacı, — dedi. — Sağ olun. Düzü, biz də çox sevinmişik Şəfinin belə böyük şərəfə nail olmasına, söz tapıb deyə bilmirəm, Əhədullaya bu söhbətdə ən çox ləzzət eləyən onun arvadına, qızına «xanım» deməsiydi Məleykənin...
Şəfi və Ziyaülhəqq saat yeddiyə qalmış gəlib çıxdı, hər ikisinin kefi əla idi. Mehribanlıqla görüşdülər, hal-əhval tutdular. Qadınlar xörəkləri qızdırıb süfrəyə gətirdilər. Hamı yığışıb əyləşdi. Şəfi, ağsaqqal kimi, mətbəxdə oturmaq istəyən Fatiməni, Siminbəri stol arxasına dəvət elədi. Onlar sıxıla-sıxıla olsa da gəlib əyləşdilər.
– Burada bircə nəfər də olsun kənar adam yoxdur. Hamımız böyük bir ailənin üzvləriyik. Xahiş edirəm, özünüzü sərbəst aparın, deyin, gülün, yeyin-için! —deyə Şəfi lap əvvəldən hər cür sıxıntını, gərginliyi aradan götürmək istədi. Və həqiqətən də az sonra oturanlar şirin-şirin yeyir, danışır, gülürdülər. Elməddinin uçmağa qanadı yox idi. Ustadı haqqında xeyli danışandan, özünün taleyində, həyatında onun çox böyük əmək sərf etdiyini, qayğıkeş bir ata kimi həmişə dadına çatdığını, ömrü boyu ona borclu olduğunu söylədikdən sonra, qoltuq cibindən dörd bükülmüş bir vərəq çıxarıb:
– Mən, ustadımın bu şad günündə ona bəslədiyim hissləri şerə çevirmişəm, icazə versəydiniz, həmin şeri sizə oxuyardım» — dedi. Ziyaülhəqq tikəsinn udub:
– Buyuracaqsan, Elməddin! — söylədi. Hamı susdu. Qaşıqlar, çəngəllər yerə qoyuldu. Siminbər gözucu mizin aşağı başında dayanan Elməddinə sonsuz bir fərəh hissilə baxırdı. Elməddin gülümsər gözlərini ustadına tərəf çevirib vərəqi açdı, kağıza ötəri bir nəzər salıb adəti üzrə boğazını arıtlayandan sonra şeri əzbərdən söylədi:
Ömür kitabıma zərlə yazılıb,
Hər müdrik kəlamın, sözün, ay ustad.
Gözlərindən nur veribsən gözümə —
Heç düşməsin nurdan gözün, ay ustad.
«Ana torpaq, səni yada vermərəm» —
Bax, bununçun əllərindən öpərəm.
Çiçəyini yollarına səpərəm —
Dərənin ay ustad, düzün, ay ustad.
Sən bir tacsan, Məleykəndir bəzəyin.
Gözəl-köyçək balaların — ürəyin.
Dəyanətin, mərdliyindir köməyin —
Halaldır çörəyin, duzun, ay ustad.
Qoy var olsun bu büsatın, bu çağın.
Bir atəşsən, od doludur qucağın.
Ürəyimdə yandırdığın ocağın
İndi sən oduna qızın, ay ustad.
Elməddin şeri qurtardıqda məclisdəkilər əl çaldılar. O, stulunu geri itələyib ustad əyləşən tərəfə addımladı, Elməddinin gəldiynni görən Şəfi ayağa qalxdı. Elməddin vərəqi ustadına verib qucaqladı, üzündən öpdü. Şəfi də onun alnından öpüb gözləri yaşarmış halda:
– Çox sağ ol qardaş! — dedi. — Mənə yazıldığı üçün demirəm, ürəklə yazılmış, səmimi şerdir, yazan əlin var olsun!
Elməddin alnının tərini silib yerinə keçdi, əyləşdi. Məclis xeyli uzandı; siyasi söhbətlərdən başqa, hər şeydən danışdılar; lətifə söyləyib gülüşdülər. Maqnitofonu qurdular, əfqan mahnılarını dinlədilər. Oyun havası çalınanda isə, Ziyaülhəqq ayağa qalxıb yaxşıca sındırdı. O, kök və tosqun olduğuna baxmayaraq, elə çevik oynayırdı ki, sanki on səkkiz yaşında bir oğlan idi. Ziyaülhəqq Şəfinin işarəsi ilə Əhədullanı ortalığa çəkdi; Əhədulla əvvəl sıxıldı, amma sonra elə atılıb-düşdü ki, oturanların hamısının xoşuna gəldi. Ziyaülhəqq ustadın qənşərində gəlib dayandı, Şəfi arvadının qulağına nəsə pıçıldayıb ayağa qalxdı:
– Mənim əzizlərim, — dedi, xahiş edirəm bir dəqiqəliyə məni dinləyin. Elməddin, sən o nəvarı geri hərlə, ancaq qulağın məndə olsun.
– Baş üstə, ustad. Eşidirəm sizi, — dedi Elməddin və lenti geri fırlamaq üçün maqnitofonun düyməsini basdı.
Araya sükut çökdü. Hamı Şəfiyə baxırdı Fatimə və Siminbərdən başqa...
– Əzizlərim! — dedi yenidən Şəfi. — Biz bura şənlənməyə yığışmışıq. Yaxşı da şənləndik. Mən istəyirəm ki, bu gün tarixi bir gün kimi, Elməddinin yadında və Siminbərin xatirində qalsın, həmişəlik qalsın. Elə bilirəm ki, bizim hörmətli Əhədulla dostumuz da, Fatimə bacımız da, biz hamımız da məclisimizdə oturan bu iki kəncin Siminbər xanımın və Elməddinin xoşbəxt ailə həyatının təməl daşını elə bu gün qoymağa, yəni bu iki cavanı elə bu gün, bax, bu gözəl məclisdə bir-birinə tapşırmağa razı olarıq. Hə. Necə baxırsınız bu işə?
Elməddin təəccüb içində gah ustada, gah Məleykə xanıma baxırdı. Əhədulla Fatimədən gözünü çəkmirdi. Məleykə qabağa düşdü:
– Allah mübarək eləsin!
Ziyaülhəqq söylədi:
– Xoşbəxt olsunlar, qoşa qarısınlar.
Siminbər durub yan otağa qaçdı. Şəfi üzünü Əhədullaya tutdu:
– Hə, Əhədulla kişi, sənin səsin heç çıxmır? Fatimə xanım, sənin də səsini eşitmirəm.
Əhədulla çaş-baş qalmışdı. Məsələ mahiyyətcə həll olunmuşdu, evdə hər şey ölçülüb-biçilmişdi. Ancaq belə, gözlənilmədən olacağını ağlına da gətirmirdi. Nəhayət, öz aləmində bir ilişəcək nöqtə tapıb sevinən kimi oldu:
– Mənim etirazım yoxdu, ağa, Ancaq... kəbinsiz...
– Hə, kəbin məsələsidi sənin qabağını kəsən? Ziyaülhəqq yerindən saata baxıb söylədi:
– İndi molla Qurban gələcək, Əhədulla. O barədə nigaran qalma.
– O başqa məsələ. — Əhədulla çarəsiz-çarəsiz arvadına baxıb udqundu.
Şəfi zarafat üçün dedi:
– Zənnimcə, Elməddin, sən bu xeyir işə çoxdan razısan, elə deyilmi?
Elməddin başını aşağı salıb gülümsündü.
Şəfi şərbət tökülmüş piyaləni yuxarı qaldırdı:
– Elməddin, Siminbər xanımı o otaqdan gətir bura. Elməddin az sonra Siminbərlə içəri girdikdə Şəfi sözünə davam etdi:
– Elə orada dayanın, ayaq üstə. Bu axşam sizə xeyir-dua veririk, balalarım. Xoşbəxt olun. Şairin xeyir-dua verdiyi ailə xoşbəxt olmalıdı.
Məleykə, al bu üzükləri, cavanların barmağına tax. Sən axı hər ikisinin böyük bacısısan! — deyə cibindən kağıza bükülmüş iki nişan üzüyü çıxarıb arvadına verdi. Məleykə xanım yerindən qalxaraq irəli yeridi, üzüyün birini Siminbərin, o birini isə Elməddinin barmağına taxdı və sonra hər ikisinin alnından öpdü:
– Mübarəkdi. Xoşbəxt olun; qoşa qarıyın. Şəfi üzünü Elməddinə sarı tutdu:
– Hə, təzə bəy, indi o düyməni bas. Mən sizin toyunuzda oynamaq istəyirəm.
Elməddin yanındakı Siminbərin qulağına nə isə pıçıldayıb maqnitofonun düyməsini basdı, otağı oynaq, xoş musiqi sədaları doldurduqda Şəfi qollarını qaldırıb ortalığa çıxdı.
Şəfi oynayır, məclisdəkilər əl çalırdı. Fatimənin isə gözləri yaşarmışdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ikinci-hisse-on-dorduncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nəzər müəllim o oktyabr gecəsi, taxta çarpayısının üstündə, ağ miçətkənin içində səhərəcən çimir belə eləməmişdi. Gec yatmışdılar; ər-arvad üzbəüz oturub xeyli dərdləşmişdilər, götür-qoy eləmişdilər, saat bir tamamda Bikə əsnəməkdən açılan ağzını əlilə örtüb:⎯ Dur ta yat, ay kişi. Səhər tezdən qalxassan, ⎯ deyəndə, çəkilib hərəsi öz yerinə girmişdi. Nəzər tək qalandan sonra ilk dəqiqələrdə lap xoflanmışdı, ürəyinə yeni vəzifənin naməlum, dumanlı qorxusu axıb dolmuşdu. Muradın sözlərini xatırlamışdı. Ancaq, Muradın qəlbinə bələd olduğundan, bu qorxu tez keçib getmişdi, yerini bir qətiyyət, bir həvəs tutmuşdu. Nəzər fikrində, müəllimlik illərində vərdiş elədiyi kimi, planlar qurmuşdu, nədən, necə başlayacağını ölçüb-biçmişdi. Rayonu, onun adamlarını, təxminən beş barmağı kimi tanıyırdı. Kəndlərin, kolxozların, idarələrin vəziyyətini bilirdi. Kimin nə yuvanın quşu olduğundan da xəbərdar idi ⎯ özü şəxsən tanımadığı adamlar barədə də orda-burda, məclislərdə, toylarda, yaslarda danışılanları eşitmişdi. Bunlar ona kömək edəcəkdi, şübhəsiz. Fikir-xəyal qoynunda çırpındı, çırpındı, çimir elədimi, eləmədimi ⎯ düz-ağıllı bilmədi, ancaq səhər tezdən qızarmış gözlərini açıb sol qolundakı saata baxaraq düz səkkizin yarısı olduğunu görəndə uşaq kimi sevindi. Sevindi ki, beynindəmi, ürəyindəmi qurulmuş, az qala ömür boyu bir dəqiqə o yan-bu yan eləmədən ona sədaqətlə qulluq göstərmiş, ancaq son vaxtlar kökdən düşməyə başlamış o qəribə, gözəgörünməz elektron cihaz yenidən köklənib, yenidən öz işinə başlayıb. Yenə onu hər səhər düz səkkizin yarısında yuxudan oyadacaq, o, yenə qalxıb azacıq idman edəcək, yuyunub üzünü təraş edəcək, geyinib-keçinib evdən çıxacaq... Onda məktəbə gedirdi, indi rayon mərkəzinə gedəcək...
İkinci hissə, altıncı fəsil⎯ Mən bura sizi rəsmi iclasa yox, elə-belə, tanış olmaq, söhbət eləmək üçün çağırmışam, ⎯ deyə Nəzər müəllim oturduğu yerdə sözə başladıqda sədrin otağında əyləşmiş qadınlı-kişili iyirmiyəcən adam qulaq kəsildi. ⎯ Xahiş eləyirəm, özünüzü sərbəst hiss edin. Heç nədən, heç kəsdən çəkinməyin, dərdimizi-sərimizi açıq danışaq, görək neyləməliyik, necə eləməliyik ki, işimiz istənilən nəticələri verə bilsin. Bəri başdan deyim ki, biz böyük bir kollektivik, üzərimizə çox mühüm məsuliyyət qoyulub ⎯ biz gərək bir nəfər kimi, əl-ələ verək və işləyək. Özümü öymək üçün demirəm, çünki buradakıların çoxu məni yaxşı tanıyır, şəxsən tanımayanlar da yəqin qiyabi surətdə tanıyırlar. Sözümün canı odur ki, mən rəsmi sədr olsam da, yoldaşınızam.Nəzər bu sözləri deyib susdu, nəzarət komitəsi işçilərinə, kəndlərdən, məktəblərdən, idarələrdən çağırılmış nəzarət qrupları nümayəndələrinə yoxlayıcı bir baxış fırlatdı, qısa giriş sözünün necə təsir buraxdığını öyrənmək istədi, lakin oturanlar qımıldanmadılar, eləcə susub baxdılar. Nəzər davam etdi:
İkinci hissə, yeddinci fəsilSon günlərin dalbadal baş verən hadisələri o qədər maraqlı, çalın-çalpaşıq, gözlənilməz olmuşdu ki, Nəzərin ürəyi, beyni qəribə bir çaxnaşmaya, təlatümə düşmüşdü. Öz şagirdi Süleymanla, nəhayət, otuz ildən sonra görüşə bilməsi, Rayon partiya komitəsinin geniş yığıncağında eşitdikləri, gördükləri, təzə işçiləri ilə keçirdiyi iclas və Xuramanın çıxışı… ⎯ bütün bunlar ildırım sürətiylə bir-birini əvəz edən, biri digərini unutdurub kölgədə qoyan və dərindən-dərinə düşünməyə belə imkan verməyən hadisələr idi və kişi, ötən günlər ərzində elə arxayın bir məqam tapa bilməmişdi ki, onları saf-çürük eləsin. İmkan düşəndə də Bikə xanım sualları, sorğuları ilə istər-istəməz buna mane olmuşdu və axırda iş o yerə çatmışdı ki, Nəzər bozarmışdı: «Sən atovun goru, bəsdi ta, qoy görək bu işlərin axırı nə olur. Hələ özüm heç düz-əməlli baş açammıram, sən də başlayıbsan filan-bəsməkan…» ⎯ deyə, adəti xilafına çımxırmışdı. Doğrusu, bu, arvadın xətrinə yamanca dəymişdi, mat-mat ərinin üzünə baxmışdı.Kişi Bikənin ürəyinə toxunduğunu hiss eləyib, onunla dərdi-dil edirmiş kimi astadan, mehriban və qayğılı bir səslə:
İkinci hissə, səkkizinci fəsilNeçə gündü, Nəzər key təkiydi. Eynən təqaüdə çıxdığı ilk çağlarda olduğu kimi. Yuxusu qaçmışdı, iştahı pozulmuşdu. Deməyigülməyi yox idi. Qaşları həmişə düyünlüydü, elə bil nə isə çətin bir məsələnin həllini tapşırmışdılar, aciz qalmışdı, cavabını tapa bilmirdi. Sən demə, uzaqda yox, gözünün qabağında, bir zamanlar ⎯ komsomol vaxtlarında, cavan dəli-dolu çağlarında dostlarının, özünün gecə-gündüz bilmədən, yorulmadan qurub-yaratdığı, az sonra isə, döşünü irəli verərək yağıların tapdağı olmaqdan qorumaq üçün qızıl qanını axıtdığı bu əziz, doğma torpaqda, şirin, yaşadıqca yaşamaq istədiyin, heç cürə doymaq mümkün olmayan bu dünyada tamam ayrı cür, anlaşılmaz, nə istədikləri bilinməyən, acgöz, yedikcə «doydum» deməyən, verdikcə «yenə ver» deyən qəribə adamcıqlar və aləmlər yaranıbmış.Müharibədən sonra, uzun-uzun illər boy onun səhərlər gedib, axşamlar qayıtdığı, təmiz, müqəddəs sandığı o məktəb çox balaca bir dünyaymış və o dünyadan kənarda böyük, mürəkkəb, ucu-bucağı görünməyən başqa bir dünya da varmış. Nəzər bu dünyanı görürdü, sadəcə inanmaq istəmirdi, təsadüfi, ötəri hal hesab eləyirdi. «Keçib gedəcək, meşə çaqqalsız olmaz» ⎯ fəlsəfəsi neçə müddət onun düşüncələri ilə gördükləri arasına qalın bir pərdə çəkmişdi.
Стихи других поэтов
Aşıq Səfilinin Zediban kəndindən yaxın dostu, İbrahim adlı dəyirmançı vəfat edir. Zedbana gəlib dəyrmanı boş görən Səfili kədərlənir, sazını alıb dəyirmana, sonra gedib məzarlığa, dostu İbrahimin türbəsinə və fələyə müraciət edir:Səfili:**
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz