İkinci hissə, yeddinci fəsil
Страница 1 из 2
Son günlərin dalbadal baş verən hadisələri o qədər maraqlı, çalın-çalpaşıq, gözlənilməz olmuşdu ki, Nəzərin ürəyi, beyni qəribə bir çaxnaşmaya, təlatümə düşmüşdü. Öz şagirdi Süleymanla, nəhayət, otuz ildən sonra görüşə bilməsi, Rayon partiya komitəsinin geniş yığıncağında eşitdikləri, gördükləri, təzə işçiləri ilə keçirdiyi iclas və Xuramanın çıxışı… ⎯ bütün bunlar ildırım sürətiylə bir-birini əvəz edən, biri digərini unutdurub kölgədə qoyan və dərindən-dərinə düşünməyə belə imkan verməyən hadisələr idi və kişi, ötən günlər ərzində elə arxayın bir məqam tapa bilməmişdi ki, onları saf-çürük eləsin. İmkan düşəndə də Bikə xanım sualları, sorğuları ilə istər-istəməz buna mane olmuşdu və axırda iş o yerə çatmışdı ki, Nəzər bozarmışdı: «Sən atovun goru, bəsdi ta, qoy görək bu işlərin axırı nə olur. Hələ özüm heç düz-əməlli baş açammıram, sən də başlayıbsan filan-bəsməkan…» ⎯ deyə, adəti xilafına çımxırmışdı. Doğrusu, bu, arvadın xətrinə yamanca dəymişdi, mat-mat ərinin üzünə baxmışdı.
Kişi Bikənin ürəyinə toxunduğunu hiss eləyib, onunla dərdi-dil edirmiş kimi astadan, mehriban və qayğılı bir səslə:
⎯ Yox, rayonda vəziyyət yaman ağırdı, ⎯ demişdi, ⎯ gör iş nə yerə çatıb ki, allahın suyunu, dondurmasını, siqaretini, kibritini öz qiymətinə almaq olmur. ⎯ Bikə xanım bu sözləri eşitmişdi, əməlli-başlı incidiyini bildirmək üçün, heç nə söyləmədən çıxıb bağçaya getmişdi.
Nəzərin yeni vəzifəyə qoyulmasını bir ucu Bakıda, o biri ucu Cürəlidə olan bu ailənin üzvləri iki cür qarşılamışdı. Bir dəstə ⎯ Tapdıq, Güldanə, Güllü, Bikə sevinmişdi ki, «Yaxşı oldu, kişinin başı qarışacaq, darıxmayacaq. Yoxsa tez tələf olardı. İşə öyrənmiş adam birdən-birə bekar qalanda… Allah göstərməsin, ölümdü…»
İkinci dəstə ⎯ Sadıq və Qərib idi. Onlar buna, hərəsi özünə görə, ayrı cür baxırdı. Sadıq qayınatasının vəziyyətinin çətin olacağını irəlicədən təsəvvür eləyirdi. «Yox, o iş Nəzərin axırına çıxmasa, yaxşıdı. Onun kimi qanunpərəst adamın yeri deyil ora. Bədnam eləyəcək özünü». Ancaq, Sadıq bir çox başqa düşüncələri kimi, bu fikrini də açıb Güllüyə söyləmirdi.
Qərib isə…
Oğlanın çiçəyi çırtlamışdı. Xəyalpərvər olmuşdu, ürəyində bəslədiyi arzularının yerinə yetəcəyi çağların nəhayət, yaxınlaşdığına böyük inam bəsləyib sevinirdi. Bu axar-baxarlı, gen-bol həyətdə təzə, ağ daşdan ev tikiləcəyi, qaraj qoyulacağı, maşın alınacağı istəyini çox gəzdirmişdi ürəyində, uzun illər gəzdirmişdi. Ancaq kişi təqaüdə çıxanda o, bunların heç vaxt yerinə yetməyəcəyinə tam inanıb naümid olmuşdu. Və bir müddət bu ümidsizlik içində məyus-məyus yaşamışdı. İndi isə… oğlanın danışığı, ədası, yerişi də dəyişmişdi elə bil. Bu vaxta qədər kənddə, rayonda tay-tuşları arasında qəribə bir sıxıntı içində gəzən Qərib daha şax yeriyirdi, qaşqabağı açılmışdı, deyirdi-gülürdü. Rayonda onun kimin oğlu olduğunu bilənlərin, maraqlı idi ki, çoxunun münasibəti dəyişmişdi Qəribə. Kolxozlara konsertə çıxışa gedəndə də, sədrlər, briqadirlər Qəribə hörmət eləməyə çalışırdılar və bəziləri hətta onun vasitəsilə Nəzərə salam da göndərirdi.
Bunlar, əlbəttə, Qəribə ləzzət eləyirdi. Ancaq… günlərin birində…
⎯ İşlərin nə təhər gedir, a bala? ⎯ deyə Nəzər soruşdu.
Qərib, mizin üstdəki dəsmalla ağzını silib:
⎯ İşdi də. İşləri elə qurublar ki, elə öz-özünə gedir. ⎯ dedi Qərib.
⎯ O nə təhər şeydi, a bala. Necə yəni öz-özünə gedir?
⎯ Gedir də. Proqram var, hər kəs vəzifəsini bilir. Vaxt məlum, iş məlum, rəqs məlum, mahnı məlum. Ta nə olacaqdı ki. Ona görə, gedir.
Nəzər güldü. Tut ağacına vurulmuş əlüzyuyanın altında yuyundu, gəlib oturdu Qəribin qabağında. Elə əlini çörəyə yenicə uzatmışdı ki, birdən gözü divarın dibində iki kağız kisəyə sataşdı.
⎯ O kisələr nəmənədi, a bala?
⎯ Kisədi də. ⎯ Qərib Nəzərin başı ilə işarə elədiyi səmtə heç baxmadı da.
⎯ Kim gətirib onları?
⎯ Mən.
⎯ Nədi, sementdi?
⎯ Hə.
⎯ Hardan gətirmisən?
Qərib atasının xasiyyətini yaxşı bildiyindən bu sorğu-sualın başlanmasından dilxor olub üz-gözünü turşutdu, ağzını sürütdədi. Qərib axır vaxtlar bu qərara gəlmişdi ki, evi birdən-birə tikmək mümkün deyil, yavaş-yavaş, ordan-burdan material almaq, yığmaq, sonra başlamaq gərəkdi.
⎯ Deyirəm hardan gətirmisən?
⎯ Mağazadan almışam…
Nəzər əlindəki tikəni yerə qoydu, tərs-tərs oğluna baxdı:
⎯ Yalan danışmağı da öyrənmisən?
⎯ Yalan niyə olur ey?.. ⎯ Qızarsa da, boz-boz cavab verdi. ⎯ Mağazadan almışam deyirəm.
⎯ Ə, hansı mağazadan? Tahirin mağazasından?
Qərib astaca başını tərpətdi.
⎯ Ə, heç Tahirin mağazasında sement var? Dünən özüm girmişdim o mağazaya, Tahir dedi bəlkə ayın axırına aldıq. İndi sən deyirsən…
⎯ …
⎯ Düzünü de, hansı tikintidən almısan?
⎯ …
⎯ Ə, sənnənəm. Hansı tikintidən götürmüsən onu? ⎯ Qərib ilişmişdi.
⎯ Təzə məktəbin tikintisindən. Xuduş verdi.
⎯ Neçəyə almısan?
Daha yalan danışmaqdan keçmişdi.
⎯ Heç neçəyə. Pulsuz. Bağışlayıb…
Nəzər fikrə getdi, dönüb o kisələrə baxdı, sonra qayıdıb:
⎯ Necə gətirmisən, eləcə də apar qaytar, eşidirsən? Bax, indicə apar qaytar. Faşist uşağı faşist, ⎯ dedi.
Qərib başa düşmədi ki, atası onu söyür, yoxsa Xuduşu. Sonra anladı ki, hər ikisini tutur bu söyüş. Cınqırını çıxartmadı. Çünki bilirdi ki, söz güləşdirməyin faydası yoxdu. Cavab qaytarsaydı, kişi bir az da qızışacaq, aləmi bir-birinə qatacaqdı. Hələ bəlkə Xuduşun da üstünə gedəcəkdi, məsələ yoğunuyacaqdı.
⎯ Yaxşı, yaxşı, aparıb qaytararam.
⎯ Ə, niyə başa düşmürsən ki, onun dövlətin malını satıbsovmağa, dağıtmağa ixtiyarı yoxdu? Bu, axı cinayətdi! İndi mən onun atasını yandırım, sən də tamaşa elə. O cür elədilər ki, məktəb tikintisi bu il də qurtarmışdı. Biri daşını satır, o biri taxtasını, şiferini satır, biri də sementini bağışlayır.
⎯ Satarlar da. Görürlər camaatın ehtiyacı var, satırlar. Elə bilirsən onlar özləri yalvarıb bu şeyləri satırlar camaata? Yox, camaat özü yalvarır onlara, artıq pul verir, alır. Bax, məsələn, biri ev tikmək istəyir; daşı, taxtanı, sementi hardan alsın? Bu böyük rayon mərkəzidi, bir dənə də iri mağaza açıbsız, adını da qoymusuz «Tikinti materialları». Girirsən içinə, bomboşdur. Cəftə, nə bilim, rəng, mıx… xırda-xuruş şeylər… List dəmirlər vardı, bir kişi almaq istəyirdi, Tahir dedi, elə-belə sata bilmərəm, gərək rayispolkomdan arayışın olsun. Dedi onda şifer ver. Dedi ona da rayispolkomdan arayış lazımdı. Kişi lap əsəbiləşdi. Getdi unitasdı, nədi, ondan yapışdı, dedi, ə, bajı oğlu, bunun üçün də rayispolkomdan arayış lazımdı? Tahir gülüb söylədi ki, yox. Kişi onda qəzəbnən dedi: «Pa, nə əcəb. Bu yəqin səhv düşüb ⎯ mütləq bunu da almaq istəyənin cibində rayispolkomdan arayışı olmalıdı…» Bax, belə eləyirsiz. Axı fikirləşmək lazımdı ⎯ mən öz pulumu verib, evimin, xarabamın üstünə şifer alıram, dəmir alıram, bu arayış nədi axı soxursuz ortalığa. Lazımdı ki, alıram da, lazım olmasa dəliyəm gedəm pulumu verəm zir-zibilə? Heç kəs pulunun, malının dəlisi döyül ki, aparıb atsın çölə. Bax, bu «Tikinti materialları» mağazasında hər şey olsa, mən niyə gedib Xuduşun qabağında boynumu bükməliyəm? Niyə? Hə, dillənmirsən? Elə bilirsən, Sovet hökumətinin taxtası, şiferi, sementi yoxdu ki, qoyub azad satsın? Kim də bilməsə, sən yaxşı bilirsən ki, var, hər şey var. Ancaq… bunu bəzi lotu-potu fikirləşib, qıtdığ yaradıb, ayın-oyunu baha-baha satıb varlanmaq üçün düşünüb. Tikinti idarəsinin, prorabın cibini doldurmaq üçün kiməsə belə lazımdı. Bunlar bir tərəfdən yeyir; səhər gəlib sənin milisin dirənir adamın boğazına ki, bu taxtanı hardan alıbsan, kağızın hanı? Kağız yoxdu. Oğurluğa nə kağız? Dünyanın heç yerində hələ bir oğrunun əlinə kağız verməyiblər ki, get, sənə zaval yoxdu. Bəli, milis də bu yandan haqqını alır. Narodnı kontrol… ⎯ Qərib qızışmışdı, az qalmışdı öz atasını da qatsın o cərgəyə, dayandı, ancaq fikrini ayrı cür izah elədi ⎯ Narodnı kontrol deyəndə mən səni nəzərdə tutmuram. Tək sən döyülsən ki. Səndən başqa da o idarədə adamlar işləyir və onların da ağzı var, yemək istəyirlər. Sən özünün də ağzını, boğazını bağlayıbsan, bizim də. Mən səndən danışmıram.
Nəzərin gözləri geniş açılmışdı, səhər yeməyinə əl vurmamış, adicə bir sözdən belə kükrəyib coşan (sən demə, uşağın ürəyi doluymuş) Qəribə qulaq asırdı. Yalan deyir məgər? Yox, onun sözlərində müəyyən həqiqətlər var; bu həqiqətlər hardasa Nəzərin özünün dünən gördüyü, bəlkə sabah da görəcəyi həqiqətlərə çox oxşayırdı və kişi buna sevinirdi ki, bunları hələ uşaq hesab elədiyi oğlu da başa düşür, deyir. Nəzər daha bir yanğının üstünə bir az da yağ töküb alışdırmaq istəmədi, sadəcə, nəsihət verirmiş kimi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-yeddinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Öz iş otağına çəkilib Orxanın əlyazmalarını vərəqləyən, ona məlum çap olunmuş əsərlərini və işıq üzü görməmiş məqalələrini açıb bir yana yığan Salman o arıq, çəlimsiz vücudda nə qədər böyük qüvvə, qüdrət, tükənməz həvəs və şövq olduğunu sanki bu günlər başa düşür, möcüzə qarşısında dayanmış adam təki heyrətlənirdi. Elə bil, Orxan illərlə onun tələbəsi olmamışdı, illərlə onun şöbəsində gözünün qabağında işləməmişdi. Sanki Salman Orxanı təzədən — sağlığında yox, öləndən sonra tanımağa başlayırdı. Sağlığında o nə qədər sakit, az deyib, az danışan bir adam idi. Başqalarından nə gülüşü, nə danışığı, nə yerişi ilə seçilən, kölgə kimi gəzib dolanan Orxanın, sən demə, ürəyində od-alov varmış. Elə ona görə də ürəyindən ölmədimi?!Salman səliqə və səbirlə yazılıb nömrələnmiş, ayrı-ayrı qovluqlara yığılmış məqalələri, əsərləri heç bir çətinlik çəkmədən sahmana salırdı. Düşünə-düşünə, öz-özünə danışa-danışa. Salman etiraf eləyirdi ki, cavan olsa da, Orxanda öyrənməli şeylər çoxdu: hər gün işləmək, əlyazmasına məsuliyyət hissi ilə yanaşmaq, onu dönə-dönə köçürmək, tamam «bişiriləndən» sonra oxucunun hüzuruna çıxarmaq! Bunlar elə keyfiyyətlərdi ki, təkcə indi elm aləmində çalışan cavanların çoxunda deyil, hətta yaşlı, təcrübəli elm adamlarının da çoxunda yox idi.
Üçüncü hissə, səkkizinci fəsilAradakı incikliyi, giley-güzarı unudan Salman otağa girən kimi təzə xəbəri Nadirəyə birnəfəsə söylədi. Nadirə əlindəki qələmi yerə qoyub qulaqlarına inanmırmış təki Salmanın üzünə baxdı.– Heç nə başa düşmürəm, — dedi. Salman Orxanın gündəliyini Nadirəyə sarı uzatdı, vərəqləyib son səhifəsini açdı:
Üçüncü hissə, doqquzuncu fəsilNeçə ay bundan əvvəl Müseyib kişinin Gəncədən üzülüşüb Bakıya gəlməsi Sədəfin sakit, səssiz-küysüz hücrəsində yeni, mənalı bir canlanmaya səbəb olmuşdu. Sükut bu evdə yoxa çıxmışdı. Bunu hamıdan çox Rəhim hiss eləyirdi. O, babasının gəlişiylə sanki canlanmış, gümrahlaşmışdı. Anası ilə danışmağa söz tapmayan, fikrini-zikrini ancaq kitablara verən Rəhimin indi dili açılmışdı. Babası ilə hər barədə söhbətə girişir, daha doğrusu, çoxlu suallar verir, bu və ya digər məsələ haqqında onun fikrini soruşurdu. İlk günlər o fikirləşirdi ki, Müseyib kişi adi bir hambaldı, onunla nə barədə danışmaq olar?! Yanıldığını, mülahizəsinin yanlış olduğunu tezliklə başa düşdü. Müseyib kişi yaşının ötməsinə baxmayaraq, gümrah qalmışdı, sözündə və hərəkətlərində yük altında əyilib düzəlmiş adamdan çox, müdrik adama oxşayırdı. Söhbətləri elə şirin, elə məntiqli olurdu ki, Rəhim bəzən saatlarla qulaq assa da, yoruldum demirdi. Xasiyyətindəki tündlük Rəhimin o qədər xoşuna gəlmirdi. Məsələn, xalasına dediyi sözlər, Rəhimin fikrincə, lazım olduğundan sərt idi. Elə şeylər var ki, onları açıb-ağartmaq, üzə vurmaq lazım deyil. Bir soyuq münasibət sənin bu fikrini dediyin acı və sərt sözlərdən daha yaxşı çatdırmırmı sahibinə? Rəhim belə düşünürdü. Amma Müseyib Rəhim deyildi, o, dünya görmüşdü; o, isti-soyuq dadmışdı. Sərt və ağır günlər yaşamışdı. Bəlkə xasiyyətindəki sərtlik də elə bundandı? Ömrü boyu ürəyindəki dilində olmuşdu. Heç nədən, heç kəsdən qorxmamışdı. Bu dəfə Rəhimlə qabaq-qənşər oturub söhbət eləyəndə Müseyib kişi danışdı:– Mən sözü adamın düz gözünün içinə deməyi xoşlayıram. Kimdən, kimsədən qorxum yoxdur, balası. Stol, vəzifə, bir də arvad-uşaq adamı qorxaq eləyir. Bu üç şeyi düşünən adam qorxaqlıqdan əlavə, bəzən yaltaqlığı da boynuna götürür, sözün düzün demir, həqiqəti ört-basdır eləyir, arada isə sənin-mənim halalca haqqım tapdanır. Qorxur ki, stolu, vəzifəsi əlindən çıxar, arvad-uşağını ürəyi istəyən kimi dolandıra bilməz. Mənim belə adamlarnan salam-əleykümüm olmayıb. Bir də, — o susub əlavə eləmişdi, — mən nədən qorxacam ey! Palanımı alacaqdılar əlimdən? Amma sənə deyim ki, elə adamlar olub ki, mənim palanımı da əlimdən almaq istəyib. Elə bilirsən, özü üçün? Yox sözün düzünü dediyimə görə mənim palanımı alıb çaya, qatarın altına atmaq, mənim bir tikə çörəyimə bais olmaq istəyib. Ancaq mən yenə qorxmamışam. Mənim qorxduğum yeganə şey varsa, o da vicdan əzabıdı, bala. Mən belə qocalmazdım, mən ağır gün, ağır yük altında qocalmazdım, əgər vicdan əzabı olmasaydı.
Üçüncü hissə, onuncu fəsil...Qapı astaca açıldı, astanada zahir olan Əqdəm ehmal, səssiz addımlarla içəri girdi. Əlindəki çamadanı yerə qoyub iri açılmış gözlərini paltar yuyan Gülmirəyə zilləyib neçə saniyə sükut içində dayandı.Gülmirə çiynindən üzüaşağı sallanan saçını başının hərəkəti ilə dalına atıb qəddini düzəltdi. Sabunlu əllərini bir-birinə sürtə-sürtə, gözlərinə inanmırmış kimi, Əqdəmi nəzərdən keçirdi.
Стихи других поэтов
Ey dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.