Страница 1 из 2

⎯ Mən bura sizi rəsmi iclasa yox, elə-belə, tanış olmaq, söhbət eləmək üçün çağırmışam, ⎯ deyə Nəzər müəllim oturduğu yerdə sözə başladıqda sədrin otağında əyləşmiş qadınlı-kişili iyirmiyəcən adam qulaq kəsildi. ⎯ Xahiş eləyirəm, özünüzü sərbəst hiss edin. Heç nədən, heç kəsdən çəkinməyin, dərdimizi-sərimizi açıq danışaq, görək neyləməliyik, necə eləməliyik ki, işimiz istənilən nəticələri verə bilsin. Bəri başdan deyim ki, biz böyük bir kollektivik, üzərimizə çox mühüm məsuliyyət qoyulub ⎯ biz gərək bir nəfər kimi, əl-ələ verək və işləyək. Özümü öymək üçün demirəm, çünki buradakıların çoxu məni yaxşı tanıyır, şəxsən tanımayanlar da yəqin qiyabi surətdə tanıyırlar. Sözümün canı odur ki, mən rəsmi sədr olsam da, yoldaşınızam.

Nəzər bu sözləri deyib susdu, nəzarət komitəsi işçilərinə, kəndlərdən, məktəblərdən, idarələrdən çağırılmış nəzarət qrupları nümayəndələrinə yoxlayıcı bir baxış fırlatdı, qısa giriş sözünün necə təsir buraxdığını öyrənmək istədi, lakin oturanlar qımıldanmadılar, eləcə susub baxdılar. Nəzər davam etdi:

⎯ Mən də on gündü sizin heç birinizi, hətta müavini də narahat etmədən, səhərdən axşamacan idarənin vəziyyəti ilə, sənədlərlə, iş planları ilə tanış olmuşam, öyrənmişəm. Açığını deyim ki, xalq nəzarət komitəsinin fəaliyyəti indiyəcən yarıtmaz olub. Bu idarənin əslində adı olub, özü yox. Formal yaşayıb bu idarə, son üç ildə bir dənə mühüm məsələ qaldırmayıb, bu və ya digər bir işdə öz həlledici sözünü deməyib. Rayon fəallarının son iclasında birinci katibimiz komitənin keçmiş sədri Arif Qulamovu ciddi tənqid etdi. Və bu tənqid tək ona aid deyildi, elə sizin hamınızın ünvanına deyilirdi. Biz bu tənqiddən nəticələr çıxartmalıyıq ⎯ başqa heç cür irəliləmək mümkün deyil.

Yenə sükut idi. Hər kəs sakitcə Nəzəri dinləyirdi, ürəyində danışırdı. Elə bil, nə isə onların dilini bağlamışdı. Bunu Nəzər duyurdu, lakin səbəbini anlamaqda çətinlik çəkirdi. «Bu nədi görəsən? Yoxsa sözü bir yerə qoyub məni qəbul eləmək istəmirlər? Olmazmı? Bəlkə bunların hamısı Arifin adamıdı, yaxınlarıdı, hə? Ya bu adamların gözünün odunu alıb Arif? Bəlkə bunlar…» Bir-birinin dalınca doğan sualları beynində dolandıra-dolandıra müəllimlik təcrübəsindən istifadə edib onları dindirməyin yollarını axtarırdı.

⎯ Görürəm, siz ağzınıza su alıb balıq kimi susursuz. Mənə elə gəlir ki, siz bu idarəni özünüzə doğma hesab eləmirsiz, onun adı-sanı, hörməti sizin üçün əhəmiyyətsiz bir şeydi. Siz yanmırsız bu idarə üçün. Yoxsa səhv edirəm? ⎯ sualı verdi və otağa göz gəzdirdi. Küçəyə baxan pəncərənin qabağında əyləşmiş uzun sifətli, iri ala gözlü, kənd qızlarına nisbətən çox arıq görünən, uzun əllərini dizləri üstünə qoymuş qız ayağa qalxıb ürəkdən gələn bir səslə:

⎯ Əlbəttə, səhv eləyirsiz, Nəzər müəllim, ⎯ dedi.

Hamı qanrılıb ona diqqət yetirdi. Nəzər istəyinə nail olmuş müəllim kimi gülümsündü və hamının gözlədiyinin əksinə olaraq ⎯ çünki qız o sözləri çox sərt bir ədayla demişdi ⎯ mehribanlıqla üzünü ona tutaraq:

⎯ Qızım, oturub danışa bilərsən, ⎯ dedi.

Qız eyni tərzdə:

⎯ Mən oturanda danışa bilmirəm, Nəzər müəllim, ⎯ deyib cavab verdi. ⎯ Bunu bizə uşaqlıqdan, lap birinci sinifdən adət elətdiriblər. Siz müəllimlər…

Nəzər qımışdı:

⎯ Yaxşı. Ayaq üstə danış. Ancaq səndən də, səndən sonra danışacaq yoldaşlardan da xahiş edirəm, söz deyəndə özünüzü təqdim edin. Necə olsa, mən sizin aranızda təzə adamam, adınızı, hansı təşkilatdan olduğunuzu öyrənməliyəm ya yox? ⎯ Güldü, ⎯ Hə, buyur, qızım.

Qız elə bil, Nəzərdən «qızım» sözünü eşidəndə sifətindəki, gözlərindəki gərginlik çəkilib getdi, o, bayaqkına nisbətən həlim və arxayın səslə davam etdi:

⎯ Mənim adım Xuramandı, Nəzər müəllim, «Şəfəq» kolxozundanam, nəzarət qrupunun sədriyəm. ⎯ Nəzər stolun altına uzatdığı qatlanmayan ayağının yerini dəyişdi və gümrahlıqla:

⎯ Hə, Səfərin kolxozundansan, eləmi?.. ⎯ dedi. ⎯ O kəndə az-çox bələdəm, qızım, nəvələrim orda yaşayır.

⎯ Bəli. Bilirəm. Tanıyıram, Nəzər müəllim. Yaxşı ailədi.

⎯ Hm. Maraqlıdı. Danış.

Xuraman Nəzərin düz gözlərinin içinə baxa-baxa söylədi:

⎯ Siz deyirsiz yanmırsız bu idarə üçün. Yox, Nəzər müəllim, siz hələ, özünüz deyən kimi, təzə adamsız, çox şeyi bilmirsiz, təsəvvür eləmirsiz. Məni bağışlayın belə dediyim üçün.

⎯ Buyur, buyur, qızım. Xoşdu. Mən belə açıq söhbət tərəfdarıyam.

⎯ Hə, siz səhv eləyirsiz. Biz ⎯ hər halda bizim çoxumuz ⎯ bu idarə üçün, onun adı-sanı üçün az yanmırıq. Amma nə olsun? Kimdi bizim sözümüzə baxan, yanan ürəyimizi görən? Heç kəs, Nəzər müəllim. Dəyirman bildiyini eləyir, çax-çax baş ağrıdır.

Nəzər maraq içində yerində qurcalandı. Xuraman bir an duruxdu, Nəzər köməyinə gəldi:

⎯ Heç nədən çəkinmə, qızım. Sözünü de.

⎯ Çəkinmirəm. Mən yaxşı başa düşürəm, bizim bu idarəni dövlət, partiya nə üçün yaradıb. Camaata, xalqa kömək üçün. Lakin… açığını deyim ⎯ siz də bayaq bunu söylədiz ⎯ indi bu idarə ölü bir idarədi. Bir tutarlı iş görmədiyinə görə rayonda, camaat arasında heç bir nüfuzu yoxdu. Halbuki, bu idarənin adı gələndə camaat zağ-zağ əsməlidi.

⎯ Camaat yox, qızım. Oğru-əyri, rüşvətxor, yalançı.

⎯ Bəli. Mən fikrimi düzgün deyə bilmədim. Oğru-əyri, rüşvətxor, yalançı, bürokrat zağ-zağ əsməlidi.

⎯ Bə bu niyə belə olub, qızım? ⎯ Nəzər ehtiyatla Xuramanın sözünü kəsib fikrini bilmək üçün xəbər alanda qız, cavabı çoxdan hazır imiş kimi söylədi:

⎯ Siz məndən yaxşı bilərsiz, Nəzər müəllim, belə bir el sözü var, deyir; «Balıq başdan iylənər». Vəzifəsi də, məramı da müqəddəs olan bu idarə də başdan iylənmişdir. Keçmiş sədrimiz Arif Qulamov ⎯ adamın heç yoldaş deməyə də dili gəlmir ⎯ bəli, o, bu komitənin axırına çıxdı. Siz yəqin elə bilirsiz ki, mən yıxılana balta çalıram, dalıyca danışıram. Yox, mən, buradakı yoldaşların çoxu şahiddi, bu sözləri onun üzünə də demişəm. Təkbaşına işləyib Arif. Özü istəyən kimi eləyib. Yoxlamalara tək özü gedirdi. Özü anonim yazdırırdı, «… filan yerdə yeyinti-dağıntı var, ay narodnı kontrol, amandı, özünü yetir, filankəs basıb yedi…» Arif Qulamov həmin anonimi götürüb gedirdi, yoxlayırdı, akt yazırdı. Sonra o adamlar, bilmirəm neyləyirdilər, neyləmirdilər, o akt cırılırdı, təzəsi yazılırdı və… İnanmırsız, baxın, yəqin idarənin arxivində o aktlar qalmış olar. Yalan deyirəmsə, bax, müavini oturub burda, ⎯ o, Nəzərin böyründə əyləşib nəsə qeyd eləyən pırpızbaş, bığlı kişiyə üz tutdu ⎯ Cəfərquliyev yoldaş qoy özü desin. İşlərin bu kökə gəlib düşməsində, açığı, elə onun da az günahı olmayıb.

Cəfərqulu qələmi saxlayıb çənəsini irəli uzadaraq Xuramana təəccüblə gözlərini bərəltdi.

⎯ Nədi, yalan deyirəm?.. Arif Qulamov nə deyib, «ləbbeyk» demisiz. «Öl» deyib ölmüsüz, «qal» deyib, qalmısız…

⎯ Ə, bu nə danışır? ⎯ deyə Cəfərqulu qeyri-iradi səsləndi. ⎯ Sənin qızdırman-zadın yoxdu ki, aaz? ⎯ Elə bil iri gözlərinə qan sağıldı Cəfərqulunun, damarlarının, ürəyinin bütün qanı-qırmızısı üzünə çıxdı. Əvvəl oturanlara, sonra sədrə, daha sonra isə Xuramana qəribə bir tərzdə baxdı, nəsə demək istədi, ancaq hirsindən-hikkəsindən sanki söz tapa bilmədi. Xuraman isə sərrast söylədi:

⎯ Mən sizin üçün «aaz» deyiləm. «Aaz» sizin evinizdəki xanımınızdı. Elementar etikadan da xəbəriniz yoxdur. Bura bazar deyil, bura iclasdı. Arifdən öyrəndiklərinizdən biri də elə bu mədəniyyətsizlikdi.

⎯ Görürəm, sən çox mədənisən.

⎯ Cəfərqulu yoldaş, sən mane olursan. ⎯ Nəzər müştüyünü stola çırpdı. ⎯ Danışanın sözünü kəsmək doğrudan da mədəniyyətsizlikdi. Qoy sözünü desin. Sən də istəsən, söz alıb danışarsan!..

Cəfərqulu fısıldayıb stulunu cırıldatdı, susdu. Qızın danışığından, məntiqindən Nəzərin ürəyi gül kimi açılmışdı. Elə bil özünə arxa-dayaq tapmışdı bu çətin işdə. «Cəsarətlidi, qorxmazdı. Mənə bax, belə adamlar lazımdı!»

⎯ Sən yaxşı danışırsan, qızım. Xoşum gəlir. Ancaq sən yəqin gözəl bilirsən ki, bizim işimizdə əsas söykənəcək nöqtə faktdır. Yaxşı olar ki, faktlarla danışasan. O ki, qaldı Cəfərquliyevin məsələsinə, ona sonra baxacağıq, Xuraman qızım.

Otaqda pıçhapıç gəzdi, adamlar bir-birinə mənalı-mənalı baxıb qımışdı. Oturanlardan heç kəs, hətta onu «yıxıb sürüyən» Xuraman özü də Cəfərquliyevin hansı məsələsindən söhbət getdiyini bilmirdi. Bunu bircə Cəfərqulu özü dumanlı şəkildə təsəvvür eləyirdi və neçə gün bundan qabaq, hələ Nəzərin Xalq nəzarət komitəsinə gəlməsi söhbəti olmayan zaman (onda Nəzər müəllim katib Əmiraslanovla təzəcə danışmışdı) onunla elədiyi o sadəlövh söhbətə görə özünü dönə-dönə söyürdü. Cəfərqulu Nəzərin xətrini istəyən adam idi, aralarında mehribanlıq vardı. Az-az görüşsələr də, ayaq saxlayıb hal-əhval tutardılar bir-birindən, vaxtları olanda burulub söyüd ağacının altındakı çayxanada çay içər, ordan-burdan söhbət eləyərdilər. Onda da elə olmuşdu. Elə Maşallanın verdiyi kəkotulu çaydan qurtum-qurtum içə-içə Nəzər sözarası, Cəfərqulunun dolanışığını, güngüzəranını soruşmuşdu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, on doqquzuncu fəsil

Söz verdiyi vaxt çoxdan tamam olmuşdu, ancaq Əqdəm hələ də gəlib çıxmamışdı. Gülmirə nigarançılıq içində çırpınırdı, hər gün işdən gələndə onu evdə görəcəyini, yenə dindirməyəcəyini düşünürdü: «Qoy lap yalvarsın, qoy lap ağlasın!» — deyirdi. Daha səbri tükənmişdi. Əqdəmin yoxluğu fikri onun beyninə, ürəyinə hakim kəsilməyə başlayırdı. Əqdəm hərdən çox gec-gec gəlib tez də çıxıb gedən qonağa bənzəyirdi, halbuki o bu evin kişisi, bu ailənin başçısı idi.Son vaxtlar Gülmirə işinə möhkəm girişmişdi. Öz təkliyini, qüssəsini ancaq işləməklə, yazıb-pozmaqla, mütaliə etməklə unutmağa çalışırdı. Çalışırdı, ancaq bu ona çox baha başa gəlirdi. Əsəbləri gərilir, fikri çətinliklə bir yerdə qərar tuta bilirdi. Getdiyi yer idarə, anasıgil idi. Anası da axır vaxtlar bir az həlimləşmiş, onu danlayıbdansamaqdan əl çəkmişdi. Çünki arvad hiss eləyirdi ki, indi onun səhv elədiyini təkrar-təkrar üzünə çəkmək nəinki bir fayda vermir, hətta qızı əsəbiləşdirir. O, göz yaşı axıda-axıda ağlayırdı. Buna isə anası tablaya bilmirdi. Qızı onlara gələndə könlünü açır, darıxmağa qoymurdu.

5 мин
İkinci hissə, iyirminci fəsil

Orxan ev-eşiyə sığışmırdı. Gah çarpayıya uzanır, gah durub oturur, gah da eyvana çıxıb dənizə tamaşa eləmək istəyir, ancaq bacarmırdı. Papirosu papirosun oduna yandırır, öz-özünə danışır, əsəblərinin möhkəm gərildiyini hiss eləyib, özünü toxtatmaq istəyirdi.Bu gün qəribə gün idi. O, günün çoxunu sevimli Gülmirə ilə bir yerdə olmuş, Sabunçuya getmişdi, kinoya baxmışdılar. Orxan ondan xoş və şirin arzularla ayrılmışdı. Kaş o, gün əyiləndən sonra dəniz qırağına getməyəydi. Kaş Biləndərə rast gəlməyəydi.

5 мин
İkinci hissə, iyirmi birinci fəsil

Axşam idi. Orxan telestudiyadan yenicə gəlmişdi — görkəmli ədəbiyyatşünas alim Mirzə Yanarın yetmiş illiyi ilə əlaqədar televizorda çıxış eləmiş, onun həyatından, əsərlərindən ürəkdolusu danışmışdı. Mirzə Yanar — az yaşamışdı, amma bu az ömründə Azərbaycan ədəbiyyatının onlarla nəhəng və naməlum şəxsiyyətini tədqiq edib öyrənmiş, haqqında əsərlər yazmış, xalqa tanıtdırmışdı. Özünü şəxsən görməsə də, Orxan ona güclü, istedadlı bir alim kimi çox pərəstiş eləyirdi, — doğrudan da, Mirzə Yanar öz ürəyini, beyninin işığını əsərlərinə köçürmüşdü, gecə-gündüz bilmədən, bütün diyarı gəzərək klassiklərin əsərlərini toplamış, onları itib-batmaqdan, unudulub ölməkdən xilas eləmişdi. Sonra vaxt gəlmişdi, tufan qopmuşdu, Mirzə Yanarı da köklü-köməcli yerindən qoparıb aparmışdı, qurunun oduna yaş da yanmışdı. Tək özü yox, əsərləri də oxucu üzünə həsrət qalmışdı. İndi bir neçə ildi ki, ədalət yerini tutmuşdu. Özü qayıtmamışdı, amma partiya onun təmiz adını və əsərlərini əsil sahibinə — xalqına qaytarmışdı.İndi onun altmış illiyini də qeyd edirdi ədəbi ictimaiyyət. Onun şərəfinə həsr edilmiş yığıncaqlar keçirilirdi, sağ qalan yoldaşları Mirzə Yanar haqqında xatirələr də danışırdılar. Üç gün əvvəl institutda elə Salman Qurbanzadə Mirzə Yanar barədə çıxış eləmiş, az qala gözləri yaşara-yaşara onunla birgə keçən günlərindən, təmizliyindən, xeyirxahlığından, böyüklüyündən xeyli söhbət etmiş, Mirzə Yanarın aramızdan vaxtsız getməsinə dərindən təəssüfləndiyini bildirmişdi. Orxan Mirzə Yanardan ürəklə, həvəslə danışmışdı bu gün televizorda. Televiziya Komitəsinin işçiləri onun çıxışını çox bəyənmişdilər. O, evə qayıdıb gələndən sonra da tanış-biliş, dostlar zəng eləyib Orxanı təbrik eləmişdilər. Zəng çalanlar içində Gülmirə, Cəfər, Nadirə də vardı. Salman isə xüsusi danışmışdı:

10 мин
İkinci hissə, iyirmi ikinci fəsil

Vaxta az qalırdı. Bir azdan camaat geniş otağa yığışacaq, müzakirə başlanacaqdı. Gülmirə bərk həyəcan keçirirdi. İndi ona təsəlli, ürək-dirək vermək lazım idi. Orxan isə bayaqdan öz yerində oturub başını yuxarı qaldırmır, heç kəsin üzünə baxmırdı. Onun bu hərəkəti Gülmirəyə lap qəribə görünürdü. Ancaq dünənki yaxınlıq, vədələşmək yadından çıxmadığına görə o, indi nə üçünsə Orxandan utanır, ona yanaşıb bir şey soruşmurdu. Saat bir olanda professor ucadan danışa-danışa şöbəyə gəldi:– Hə, camaatı yığ, Gülalı. Başlayaq.

6 мин

Стихи других поэтов