Firudin İbrahiminin xatirəsinə

Dostum, sənin xatirən əbədi munisimdir,Səni düşündükcə mən, səni andıqca hər an,İntiqam, iztirab, kin, alov alır könlümü!Qanım donur elə bil, çırpınır qəlbim haman...

Səninlə biz bir yolun, bir məramın dostuyuq.Bir suyun, bir torpağın yaratdığı bir insan.Hər zaman qəlbimiz də, andımız da bir olmuş,Bir əqidə sahibi, bir düşüncə, bir iman.

Sənin müqəddəs arzun, azadəlik, səadətBəxş etmək idi, dostum, bizim doğma ellərə,İşıqlansın – deyirdin bu səhralar, bu yerlər,İndi də bu ölkədən günəş doğsun hər yerə.

Dostum, bahar fəslinin aylı bir gecəsindəSən doğuldun, bu arzu səninlə bir yarandı.İndi həyat sönsə də, o qaynar gözlərində,Arzun sönməyən ulduz, ürəyin asimandır.

Körpəykən mərd ananın şirin laylay səsindəDuymuşdun bu arzunun dərin mənasını sən.Mübarizə yolunda çarpışırdın inadla,Görürdün iradənin zəfərini o gündən.

İndi sən haradasan? Bu sual çox acıdır,Qara məzarmı örtmüş sənin gülər üzünü?Həyat var ki, ölümdür; lakin şərəflə ölmək! –Hər igid, hər qəhrəman arzu edər o günü.

Yox-yox sən ölməmişsən el qəlbində əbədiSənin şanlı heykəlin daim vüqarla durur.Sən xalqımın fəxrisən, yaxşı bil vəfalı dost,Bu heykəli seyr edir ellər alnında qürur.

Firudin! Bu şərəfli adda bir iftixar var,Bu adla xalqımız da, ölkəmiz də tanışdır.Ölüm kor təbiətin qanunudur əzəldən,Fəqət qəhrəmanlara ölüm yaranmamışdır.

Nə o qaranlıq zindan, nə cansız dar ağacı,Doğma eldən, vətəndən səni ayırmamış, bil;Bax, sənin xatirəni duyur yenə ürəklər,O xatirə heç zaman bizdən ayrılan deyil.

Bir sönməz şüa kimi parlar uca zirvədə –Sənin o təmiz adın, sənin o pak vicdanın.Layiqsən gər fəxr edib ellər hər zaman desə:Sən qəhrəman oğlusan doğma Azərbaycanın!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине