Məni sevirsənsə özünü qoru,Qoru həyatını bir inci kimi.Könlümün yeganə təsəllisitək,Qəlbimin yeganə sevinci kimi.

İnan ki, varlığım, ömrüm, həyatım,Bu günüm, sabahım bağlıdır sənə.Tək sənə bağlıdır müqəddəratım,Səni görmək istər ürəyim yenə.

Mənimki olsaydın, səni əl üstə,Göz üstə saxlardım, saxlardım, inan.Qəlbimin yeganə sevinci ikən,Dönüb başqasına kədər olmusan.

Ömrümə günəşsən, parlaq bir günəş,Harada olsan da işığın gələr.Soyuyan qəlbimə atəşsən, atəş,Xəyalın ömrümə işıq nur ələr.

Sənin varlığında varlığım yaşar,Duyğutək qəlbimə dolaydın, ey kaş.Xəyalın ömrümə sevinclər qoşar,Dönüb sən olaydım, olaydım ey kaş!

Tənha gecələrdə xatirələrinVəfalı dost kimi yanıma gələr.Sənin təbəssümün-ömür ülkərim,Həmdəmim – danışan, dinən vərəqlər.

Qoru ürəyini, qəlbini qoru,Küləklər səsini çatdırsın mənə.Yaxınlar, uzaqlar qoy bilsin bunu,Səninlə diriyəm, səninlə yenə.

Məni sevirsənsə özünü qoru,Qoru həyatını bir inci kimi.Qəlbimin yeganə təsəllisitək,Könlümün yeganə sevinci kimi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов