Üçüncü hissə, on üçüncü fəsil
Havalar isti keçirdi. Səhər saat ondan ta üçə qədər elə bürkü olurdu ki, nəfəs almaq çətinləşirdi. Bütün günü göynəkdə gəzən adamlar günəş qüruba doğru əyilən kimi, hava birdən-birə soyuduğundan pencək geyməli olurdular. Şəhəri üzük təki əhatə eləmiş dağlardan soyuq axıb üzü aşağı gəlirdi. Gecələr isə adam əməlli-başlı üşüyürdü...
Saat beşə qalmış Elməddin işdən çıxdı. Çoxdan piyada gəzmədiyini xatırlayıb sürücünü qaraja göndərdi, özü isə əlində tutduğu açarları oynada-oynada asta addımlarla yaşıl küçə ilə evə sarı yönəldi. Elə bir təcili işi yox idi, beynində yorğunluq hiss eləyirdi. Şəhərdə gəzib-dolanmaq, azacıq dincəlmək istəyirdi. Anasından cavab almadığına görə həddən artıq nigaran olan Elməddin nə idarədə, nə evdə rahatlıq tapa bilirdi. O biri yandan da Əfsanənin fikri onu kölgə kimi izləyirdi; həmişə gözlərilə onu axtarır, bir gün, bəlkə elə bu şəhərdə rastlaşacaqlarına inanırdı. Məhz bu inam onu üzürdü, qərarını əlindən alırdı.
Ticarət bankının yanından keçəndə çirkli, cır-cındır paltar geymiş qəzetsatan uşaqların qışqıra-qışqıra müştəri çağırdığını eşitdi:
– «Tərcüman», «Pəyame-vicdan» .
– Keçmiş sədr-əzəmin yeni sədr-əzəmə həmləsi.
– Elməddinin təzə satirik hekayəsi.
Uşaqlar bu sözləri demək olar ki, aramsız söyləyir, yoldan keçib-gedənlərin qabağını kəsir, tərifləyə-tərifləyə qəzetlərini satmağa çalışırdılar.
Elməddin düşünürdü: «Əgər taleyim gətirməsəydi, mən də qəzetsatan olacaqdım».
İndi onun hekayəsi çıxmış qəzeti satırdılar; ürəyində qəribə sevinc, uşaqlara sarı gəldi. Balacaboylu, başıqırxıq oğlan onun qabağını kəsdi:
– Ağa, «Pərçəm», Elməddinin hekayəsi. Peşman olmazsınız, ağa, alın.
Qəzetin qiyməti iki rupi idi, Elməddin oğlana beş rupi verib bir nüsxə qəzet aldı. Oğlan ona dua elədi:
– Ömrün uzun olsun, ağa!!
– Sən Elməddini tanıyırsan? — deyə o, astaca oğlandan soruşdu.
– Bəli, tanıyıram, ağa. Bizim qonşumuzdu. Elməddin oğlana diqqətlə baxdı: «Bəlkə qonşuluğumuzda yaşayır?»
Yox, oğlan tanış deyildi.
– Cavandı Elməddin?
Qəzet adlarıdır.
– Yox, ağa, ağbaş kişidi. Yaxşı, mehriban adamdı.. Elməddin güldü. Çıxarıb beş rupi də verib dedi:
– Al bunu, amma bir daha yalan danışma. Yaxşımı? Oğlan qızarıb qəbahətini anladı:
– Beçeşm, ağa, — sonra dönüb Elməddindən soruşdu, — siz onu tanıyırsınız?
– Belə... uzaqdan-uzağa... Sən deyən qədər də qoca deyil...
– Mən elə bilirdim...
Elməddin qəzeti açıb öz imzasına baxandan sonra yoluna davam etdi. Oğlan elə müştəri haraylayırdı:
– Elməddinin təzə hekayəsi. Elməddinin təzə... Bu, Elməddinə əvəzsiz, qiymətsiz bir sevinc bəxş etmişdi. Ona elə gəlirdi ki, bu şəhərdə indi ondan xoşbəxt adam yoxdu. Hətta bax, o cah-cəlallı imarətdə yaşayan əlahəzrət — bu məmləkətin böyüyü, başının ağası da onun kimi xoşbəxt deyil və ola da bilməz!!
Başını yuxarı qaldıranda Ətiqullanın ona sarı gəldiyini görüb yerində dayandı. O, küçə aşağı gəlirdi: əynində ingilis parçasından tikilmiş kostyum, başında kapron şlyapa vardı. Qabaqkına nisbətən kökəlmişdi, amma rəngi ağ idi — avazımışdı. Gözünə iri şüşəli eynək taxmışdı. Tələsmədən yerişindən işi-gücü olmayan, gəzməyə çıxmış adama oxşayırdı.«Görək tanıyacaqmı?» — deyə düşünən Elməddin səsini çıxartmadı. Ətiqulla lap yaxınlaşdı, yanından ötüb keçəndə səsləndi:
– Ağayi Ətiqulla?
Ətiqulla səsi eşidib dayandı, onu çağırana diqqətlə baxdı və tanıdı:
– Oho, Elməddin, sənsən?
– Bəli, mənəm, — deyə o, gülə-gülə cavab verdi. Qucaqlaşıb el qaydasınca öpüşdülər.
– Sən hara, bura hara?
– Gəlmişəm, altı aydan çoxdu burdayam.
– Bəs bizə niyə gəlməmisən?
– Gəlmişdim, Londona getmişdiniz.
– Mənim əmim necədir?
– Mən gələndə yaxşı idi, indi bilmirəm.
– İş tapmısan?
– Hə.
– Harda?
– Ağayi Nəcməddinin yanında.
– Hə, özünü yaxşı yağlı yerə vermisən. İndi boş vaxtın var?
– Var.
– Yaxşı oldu, elə mən də boşam. Özü də möhkəm acam. Yoldaş axtarırdım; başımın daşıdı də, tək çörək yeyə bilmirəm. Gedək restorana, bir çörək yeyək.
– Etiraz eləmirəm.
Beş dəqiqə sonra onlar «Spinzər» restoranında, pəncərənin ağzında qoyulmuş mizin arxasında oturmuşdular. Ətiqulla toyuq qızartması, viski sifariş vermişdi. Elməddin öz əhvalatını Ətiqullaya müxtəsərcə nəql etdikdən sonra ondan xəbər aldı:
– Atan necədir?
– İndi yaxşıdır. Müalicəsi gözəl keçdi. Londonun ən böyük və məşhur həkimlərini üstünə gətirmişdim. Bu qənaətə gəldim ki, pul olandan sonra ölünü də diriltmək olar. Amma kişi, — öz atam da olsa gərək deyəm, — yaman xəsislik eləyirdi. Puluna qıymırdı. Mən isə haray-həşirinə baxmırdım, dolları kağız kimi sağa-sola səpələyirdim.
– Varlığa nə darlıq?!
– Yerin məlum yaxşı keflər eləmişəm. Lüks otaq tutmuşdum. Gündə bir xanımla kef eləyirdim... İngilis qızları da ki özün bilirsən, necə olurlar!!! Atam bir dəfə dedi:
– Bala, mən heç vaxt belə pul xərcləməmişəm. Dedim:
– Ay ata, axı sən dəllək Qulam Səxinin oğlu olubsan, mən isə milyoner Mümtazın oğluyam. Səninlə mənim aramda bir fərq olmalıdı, ya yox?
Viskidən asta-asta vururdular. Ətiqullanın içdiyi o qədər də bilinmirdi, amma Elməddini tez tutdu. Əvvəlkinə nisbətən asan içirdi, ancaq bədəni adət etmədiyindən içki öz təsirini tez göstərdi.
Nəşələnmiş Ətiqulla ona dedi:
– Kefin duruldumu?
– Hə, onsuz da bu gün kefim yaxşı idi.
– Nəyə görə?!
Elməddin sevincinin əsl səbəbini — hekayəsinin çap olunduğunu deməkdən çəkindi. Ona elə gəldi ki, belə adam yazı-pozu ilə əsla maraqlanmaz və Elməddinin sevincini anlaya bilməz.
Ona görə belə cavab verdi:
– Səni gördüyümə çox şadam, Ətiqulla!
– Sağ ol. İndi ki kefimiz sazdı, nəşəmiz yerindədi, dur səni əntiqə bir yerə aparacağam.
– Hara? — Elməddin maraqla soruşdu.
– Cənnətə, hurili-qılmanlı cənnətə.
Elməddin onu başa düşdü. Eşitmişdi ki, mərkəzdə, xüsusən, şəhre-novda belə «hurili-qılmanlı cənnətlər» var. Ancaq getməmişdi və heç bir təsəvvürü də yoxdu. Bəlkə allah eləməmiş, Əfsanə də gəlib belə «cənnətə» düşüb? Olmazdımı? İndiki zamanda bu cür işlər, hadisələr möcüzə deyildi və kimsəni də təəccübləndirmirdi... maraq Elməddinin ürəyini bürüdü. Buna baxmayaraq o, Ətiqullanı bu fikirdən daşındırmaq üçün dedi:
– Sənin elə yerlərə getməyin, məncə, düzgün deyil.
– Niyə?
– Sənin dörd arvadın var, Ətiqulla!!
– Eh, dörd arvad. Nədi dörd arvad? Bezmişəm onlardan...
Adam nə qədər öz arvadının üzünü görər? Ə kişi, yatırsan, — arvad, səhər gözünü açırsan, yenə arvad bu arvadların əlindən qaçıram, keçirəm o biri otağa, orada da arvad. Ordan qalxıram ikinci mərtəbəyə, vay dədə, yenə arvad. O biri otağa keçirəm, aman allah, burda da kiçik arvad. Bir gün deyil, beş gün deyil, ömrü boyu da adam eyni arvadlarla yaşayar? Dəhşətdi, vallah.
– Oradan da qaçırsan «hurili-qılmanlı cənnətə», hə?
– Əşi, ora ayrı aləmdi. Hansını istəyirsən, onu da aparırsan. Həm də oğurluq mal, özgə malı yaman şirin olur, Elməddin... Dur gedək.
– Yaxşı... — Elməddin Əfsanəyə rast gəlmək ümidilə ayağa qalxdı, ancaq qapıdan çıxanda ürəyində allaha yalvarırdı ki, «Əfsanə orda olmasın, ölmüş olsun, ancaq ora düşməsin!»
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-itkin-gelin-ucuncu-hisse-on-ucuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ağayi Nəcməddin Elməddinlə görüşəndən sonra dirçəlmişdi. Ayağa qalxmışdı. İlk sarsıntılar sovuşub keçmişdi. Bu sarsıntılar tufan kimi gəlmişdi, dağ kimi kişini vurub ayaqdan salmışdı; indi isə ağrıları qalmışdı. O, özündə səbir, dözüm tapıb gözləməyi qərara almışdı. Burda da — namus kimi ciddi məsələdə də o, tələsməməyi, hər şeyi ölçüb-biçməyi, dönə-dönə yoxlamağı üstün tutmuşdu. Düzdü, indi artıq gəzirdi, işə çıxırdı, deyib-gülürdü də bəzən. Ancaq heç kəs bilməsə də, o özü yaxşı bilirdi ki, bütün bunlar zahiri parıltılardı. Əslində, içində nə isə qırılmışdı, səadəti harasa uçub getmişdi, qüruru sınmışdı. Kölgə kimi gəzib-dolanırdı.Elməddin nə qədər israr eləmişdisə də, heç nə deməmişdi. «Əlahəzrətlə bir az aramız sərinləyib!» — söyləmişdi və bu sözləri Dünyanın yanında dilinə gətirmişdi. Və bununla da hər ikisinin ağzını yan salmışdı.
Dördüncü hissə, on birinci fəsilDarvazanın qabağında bir taksi dayandı. Arxa tərəfdən Məhəmməd Şəfi düşdü. Zəif, xırıltılı səslə sürücüyə sözləri fışıldada-fışıldada söylədi:– Beş dəqiqə gözlə, pulunu gətirim, qardaş. Yanımda pulum yoxdu.
Dördüncü hissə, on ikinci fəsilO gün Dünya xanıma Vəlixanın başına gələn əhvalat barədə danışandan və qadının o qəribə rəftarından sonra kişi qocalmış, demək olar ki, sərxoş halda evdən çıxmış, bütün vaxtını sükan arxasında keçirmiş, maşını məqsədsiz-filansız sürmüş, heç yerdə qərar tuta bilməmişdi. Lap yaxın adamların yanına getməmişdi, çünki halında, vəziyyətində yaranan dəyişiklik o qədər çox və güclü idi ki, bunu heç cür heç kəsdən gizlətmək mümkün deyildi. O, demək olar ki, dəli vəziyyətində idi, öz-özünə danışır, bəzən hətta ağlayırdı da. Siqaret çəkməkdən ağzı siqaret dadırdı. Axşamacan belə, dəlisayağı şəhərin keçmədiyi küçəsini qoymadı, fır-fır fırlandı, yenə aram ola bilmədi. Hiss eləyirdi ki, axırı yaxınlaşıb. İndiyəcən, yetmişillik ömrünü arxayın-asudə yaşamışdı, həyatında çox hadisələrlə qarşılaşmışdı, sarsıntılar keçirdiyi anlar da az olmamışdı. Ancaq belə hala düşdüyü, belə sarsıldığı, belə əzab çəkdiyi yadına gəlmirdi. Yox, bu əzabı heç nəylə müqayisə etmək mümkün deyildi. Elə bil onu dilim-dilim alovları ərşə dayanan böyük bir tonqalın içinə atmışdılar. Yanırdı — vücudu yanırdı, yanıb qurtarmaq bilmirdi. O tonqala atılan dəmir olsaydı, polad olsaydı belə indi əriyib torpağa, külə qarışmışdı. İlahi, bu necə atəş idi, yandırırdı, ancaq əridib məhv eləmirdi. Qəlbinə baxırdı. Dünyaya bəslədiyi o böyük, ölçüyə-biçiyə gəlməz məhəbbətdən heç nə qalmamışdı, heç nə qalmamışdı. Onun yerini qəzəb qılınclı, zəhər kəsərli bir nifrət doldurmuşdu indi. O nifrət o qədər küclü və qarşısıalınmaz idi ki, kişi özü də buna təəccüb eləyirdi. O, bir vaxtlar, Dünyanı sevəndə də təəccüb eləmişdi. Çünki ona qədər heç kəsi belə məhəbbətlə sevməmişdi. Və indi bunu da anlayırdı ki, heç kəsə də belə nifrət bəsləməmişdir, — bütün ömrü boyu müxtəlif adamlara bu və ya digər münasibətlərlə bəslədiyi nifrətlərin hamısını bir-birinin üstünə yığsan, dağ yanında balaca bir təpə kimi görünərdi.Axşam beyninin dumanı bir az ayazıdı. Suda boğulan saman çöpündən yapışan kimi, özünə təskinlik verməyə çalışdı. Bəlkə səhv eşidib? Bəlkə Dünya heç belə demədi axı deyəsən. Lap elə Əbdül də səhv deyə bilər — sərxoş idi, çox içmişdi, elə mən özüm də çox içmişdim. Yox, hamısı düzdü. Öz qulaqlarımla eşitmişəm. Vəlixanın başına gələn müsibət Dünyanı sarsıtdı. Bunu öz gözlərimlə gördüm. Rəngi dəyişdi, gözlərini yana döndərib ani olaraq fikrə getdi, bəbəklərində qısqanclıq qığılcımları parladı. — İndi Nəcməddin bu söhbətin dalını gözləməli idi. Əgər həqiqətən onların arasında bir şey varsa, Dünya o kürən köpəkoğluna üz göstəribsə, Əbdülün öldürməyə hazırlaşdığı o telefon yenə səslənəcək; onlar danışacaqlar. Danışıqlar və səsləri maqnitofon lentinə yazılacaq. Belə olsa, hər şey bitdi. Aman allah, olmasın. Qoy Dünya danışmasın, qoy bunların hamısı yalan olsun, yalan olsun. Sonra fikirləşdi ki, bu gecə evə getməyəcək. Daha doğrusu, zəng edib Dünyaya deyəcək ki, gəlməyəcəyəm. Bu da bir sınaqdır...
Dördüncü hissə, on üçüncü fəsilƏbdül bu gözlənilməz mənzərədən nə qədər çaşsa da uşağı beşiyinə qoymağı unutmadı. Sonra addım-addım irəli gəldi. Dünyanın tavana zillənmiş açıq gözlərinə heyrət içində bircə anlığına baxdı və Nəcməddinə sarı çevrildi:– Sən neylədin, ağa?
Стихи других поэтов
Ey gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,
Qəzəl: Getməz qonaq budur ki aliyi-mədardənGetməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
Nə gözəl uymişÇıxa-çıxa çıxdım dağlar başına,Duman dağlara nə gözəl uymiş.
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki