Страница 2 из 2 · 50%

– Mən o mənada demirəm.

—Bəs nə mənada?

– O mənadakı, sizə gələndə əsər, əlyazması — filan gətirməmişdi ki?

Salmanın rəngi ağardı və bu, Orxanın nəzərindən qaçmadı.

– Yox, heç nə... gətirməmişdi!..

– Yaxşı fikirləşin, Salman müəllim...

Salman ayağa qalxdı, üzünü pəncərəyə çevirib küçəyə baxdı, guya nə isə xatırlamaq istəyirdi, amma əslində həyəcanını gizlətmək, vaxt qazanıb özünü ələ almaq istəyirdi. Ona aydın idi ki, Orxan izə düşüb. Yoxsa belə danışmazdı. Kəskin bir hərəkətlə döndü:

– Yox, qətiyyən, heç nə gətirməmişdi. Nə əsər, nə əlyazması!

– Bəs... siz... Bağışlayın, professor — deyə Orxan daha geri qayıtmağın mümkün olmadığını görüb sərt bir ahənglə davam etdi — bəs onda siz «Nəsiminin sənətkarlığı» kitabını hardan köçürmüsünüz?

Salman sarsıntıdan ayaq üstə dayana bilməyib oturdu və əlini gah çeşməyinə, gah saçlarına uzada-uzada:

– Sən nə danışırsan, Orxan? — dedi, — sənin ağlın başındadı?

Orxan kinayə ilə güldü:

– Mənim ağlım başımdadı, professor. Amma siz deyin, dost saydığınız adamın əsərini öz adınıza çap etdirəndə... ağlınız başınızda idimi?

– Mən səni məhkəməyə verərəm. Sən mənə böhtan atırsan...

– Xeyir, mən sizi məhkəməyə verəcəyəm, əlimdə də daşdan keçən sübut var, professor. Bax, budur — deyə o, bayaqdan dizini yandıran papkanı yuxarı qaldırdı və Salmanın gözü qabağında açdı, Budur, Mirzə Yanarın «Nəsiminin sənətkarlığı» əsərinin avtoqrafı... cümləbəcümlə, fəsilbəfəsil köçürmüsünüz öz adınıza çap etdirmisiniz... Siz... nə böyük vicdansız imişsiniz, Salman müəllim. Ömrü boyu bizə — öz tələbələrinə düzlükdən, təmizlikdən danışan adamın belə alçaq iş tuta biləcəyinə mən inanmaq istəməzdim, amma hayıf, bu, həqiqətdi. Buna da heyifsilənirəm ki, sizin tələbəniz olmuşam, çox heyifsilənirəm...

Salmanın sifətində meyid rəngi vardı. O, Orxanın qəzəblə, kinayə və təəssüflə dediyi bu ağır sözlərə sakit-sakit qulaq asır, gözlərini Mirzə Yanarın əlyazmasından, onun tanış xəttindən çəkə bilmirdi. Demək, əlyazması iki nüsxə imiş. Mirzə Yanar o zaman əsərini Salmana verəndə demişdi: «Mənim ən yaxşı əsərimdi, işdi, başıma bir iş gəlsə, saxlarsan... haçansa... üzə çıxacağına böyük inamım var, Salman.

Salman da saxlamışdı, üç dörd ildən sonra, Mirzə Yanarın ölüm xəbəri gələndə, arxivləri, onun öz şəxsi arxivini axtarıb həmin əsərdən bir iz-əlamət tapmayaraq öz adına çap etdirmişdi... İndi budur, üstündən iyirmi beş il keçəndən sonra... «Aman Allah, hər şey məhv oldu»

– deyə düşünən Salman baxışlarını qaldırıb zorla Orxanın üzünə baxdı və zəif, yazıq bir səslə:

– Orxan — dedi — məni məhv etmək istəyirsən? Axı mən sənin müəllimin olmuşam, oğul, mən sənin həmişə havadarın olmuşam, Orxan!.. İndi bir işdi, olub. O zaman elə bir şərait yaranmışdı ki,.. sən də olsaydın...

– Xeyir, professor. Mən heç vaxt öz dostumun əsərini öz adıma çap etdirməzdim. Şəraiti-filanı burda günahlandırmaq lazım deyil. Bunu ancaq namərdlər eləyə bilər, professor...

Salman nə düşündüsə, əlini qovluğa atdı, ancaq Orxan tez çəkib dizinin üstünə qoydu.

– Baxıram, Orxan.

– Üzünü köçürəndə çox baxmısınız, professor.

Salman təzədən süstəldi, kreslosunda yumağa döndü. Araya çökən dəhşətli sükutu Salmanın səsi pozdu:

– Onu ver mənə, Orxan. Neçəyə deyirsən, alıram.

– Alverçiliyiniz də varmış... Mənə pul lazım deyil, professor.

– Səni öz yerimə şöbə müdiri qoyduraram, Orxan, ver onu mənə...

– Yox, professor... Mən vəzifəpərəst deyiləm.

– Bəs nə istəyirsən axı?

– Heç nə, mənə heç nə gərək deyil, professor.

– Yalvarıram, Orxan, onu ver mənə...

– Yox, professor. Bu, Mirzə Yanarın ömrünün bir parçasıdı, bəlkə də yaşaya biləcək ömrüdü.

Salman qəfil bir hərəkətlə ayağa qalxdı və Orxanın önünə gəldi:

– Orxan, mən ömrümdə heç kəsin qarşısında diz çöküb yalvarmamışam, sənin qarşında... diz çöküb yalvarıram, ver onu mənə...

Orxan acı-acı gülümsündü:

– Siz namərd, oğru olmaqdan başqa, deyəsən, həm də rəzil adam imişsiniz, professor...

Dedi və qapını çırpıb çıxdı.

– Orxan, Orxan...

...Orxan on dəqiqə sonra qovluğu Gülmirəyə verib tapşırdı: «Apar evinizə, gizlə, qayıt gəl! Axşam bizdə ətraflı söhbət eləyərik...»

Gülmirə tələsik evə qaçdı...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, iyirminci fəsil

Nəfəslik açıq olsa da, Salmanın pəncərəsi dənizə baxan iş otağı papiros tüstüsündən xəfə idi. Gecə yarısına az qalırdı, məhəllədəki evlərin işığı sönmüş, Ceyhun çoxdan yatmışdı. Salman yumşaq kresloda oturub əl boyda, göy üzlü bir kitabçanı mütaliə edir, ayrı-ayrı sözlərin, sətirlərin altından qırmızı qələmlə xətt çəkirdi. Bu, İlhamın ilk şerlər kitabçası idi. Professor onun bütün məmləkətdə məşhur olan akademik atasını da, özünü də yaxşı tanıyırdı. Keçən il yayda Salman ailəliklə onların Buzovnadakı bağına qonaq gedərkən həmin bax, bu kitabı çıxan İlham onlara yaxşı bir quzu kababı vermişdi.Yeməkdən-içməkdən əvvəl Salman Qurbanzadə İlhamla qayaların üstündə dayanıb dənizə baxa-baxa xeyli söhbət eləmişdi. İlhamın savadı professoru açıqca heyrətləndirmişdi. Söz-söhbət dolanıb İlhamın şerlərinin üstünə gələndə professor demişdi:

15 мин
Birinci hissə, iyirmi birinci fəsil

O, qucağındakı qalın, toz basmış kitabları ömrünü kitabxanada keçirmiş Nigar xanımın yanında ehmallıca yerə qoyub, alnında muncuqlanan tər damcılarını siləndə qadın gödək burnunun az qala lap ucunda güclə bənd alıb qalan eynəyinin üstündən bu nimdaş paltarlı, utancaq oğlana zənlə fikir verdi. Oğlan ona çox tanış gəlirdi; bayaqdan zehnində götür-qoy eləyir, onu harda gördüyünü, yaxud kimə oxşatdığını ayırd eləyə bilmirdi.Oğlan yarım saatın içində Nigar xanımın yanına iki dəfə kitab

8 мин
Birinci hissə, iyirmi ikinci fəsil

Dağüstü parkda, «Dostluq» restoranının dənizə baxan yay zallarının birinin qabağına xeyli adam toplaşmışdı. Stollar açılmış, naz-nemətlər ortaya düzülmüş, iri güldanlara tər-təzə çiçək dəstələri qoyulmuşdu. Nizaməddin doktorluq müdafiə eləmişdi. İndi o, dostlarını, qələm yoldaşlarını, qohumlarını buraya dəvət edib ziyafət verirdi. Salmanla Nadirə də Nizaməddinin əziz qonaqlarından idi.Salmanın məclisdə, stol başında sakit, ağzına su alıb oturmaq adəti deyildi. O, mütləq danışmalı, yaxşı bir sağlıq deməli idi. Ancaq bu axşam susurdu.

3 мин
İkinci hissə, birinci fəsil

Orxan lap çoxdan — universitet skamyası arxasında oturduğu illərdən Mirzə Cəlilin böyüklüyünə, əzəmətinə, qələminin təkraredilməz şirinliyinə valeh olmuşdu. Onda bu gözəl sənətkara qarşı sönməz bir maraq oyanmışdı. Mirzə Cəlilin əsərləri Orxanın stolüstü kitabı idi. Elə bil, Orxan özü üçün yeni bir aləm, yeni bir qitə kəşf eləmişdi. Gəzdikcə, dərinlərə getdikcə onda yeni-yeni keyfiyyətlər tapır, heyrət və qibtə ilə düşünürdü: «Mirzə Cəlilin yazılarında bir gurultulu cümlə, boğazdan yuxarı deyilmiş bir söz tapa bilməzsən. Yazdıqlarının hamısı sadə, aydın həqiqətlərdi. Amma di gəl, onun kiçicik, lap yarım səhifəlik hekayəsini aç, izah elə... Gör nələr deyib, hansı nəticələrə əl atıb, bu sakitlik və sadəlik altında gör necə sönməz, yaxıcı bir atəş var!..Bəli, Mirzə Cəlilin hər əsəri haqqında kitab yazmaq olar. Neçə ildir yazırlar, cəmi üç cild əsəri haqqında onlarca kitablar yazılıb. Ancaq o dəryanın bütün inciləri hələ üzə çıxarılmayıb, kəşf edilməyib...»

8 мин

Стихи других поэтов