Orxan lap çoxdan — universitet skamyası arxasında oturduğu illərdən Mirzə Cəlilin böyüklüyünə, əzəmətinə, qələminin təkraredilməz şirinliyinə valeh olmuşdu. Onda bu gözəl sənətkara qarşı sönməz bir maraq oyanmışdı. Mirzə Cəlilin əsərləri Orxanın stolüstü kitabı idi. Elə bil, Orxan özü üçün yeni bir aləm, yeni bir qitə kəşf eləmişdi. Gəzdikcə, dərinlərə getdikcə onda yeni-yeni keyfiyyətlər tapır, heyrət və qibtə ilə düşünürdü: «Mirzə Cəlilin yazılarında bir gurultulu cümlə, boğazdan yuxarı deyilmiş bir söz tapa bilməzsən. Yazdıqlarının hamısı sadə, aydın həqiqətlərdi. Amma di gəl, onun kiçicik, lap yarım səhifəlik hekayəsini aç, izah elə... Gör nələr deyib, hansı nəticələrə əl atıb, bu sakitlik və sadəlik altında gör necə sönməz, yaxıcı bir atəş var!..

Bəli, Mirzə Cəlilin hər əsəri haqqında kitab yazmaq olar. Neçə ildir yazırlar, cəmi üç cild əsəri haqqında onlarca kitablar yazılıb. Ancaq o dəryanın bütün inciləri hələ üzə çıxarılmayıb, kəşf edilməyib...»

Orxan belə fikirləşirdi ki, heç vaxt «Mirzə Cəlil öyrənilib qurtardı!» deyilməyəcək, illər ötdükcə o, daha əzəmət və qürurla səslənəcək insanların ürəyinə, əqidəsinə çox şeylər deyəcək.

Mirzə Cəlil otuz ildən artıqdı ki, vəfat eləmişdi. Orxanın müəllimlərindən çoxu onu görmüşdülər, şəxsən tanış olanları da vardı. Lakin nədənsə Orxana elə gəlirdi ki, Mirzə Cəlil çox uzaq illərdə, uzaq əsrlərdə yaşayıb. O nə isə əfsanəvi bir sənətkarı xatırladırdı. Təbiətən az danışan, az gülən o geniş alınlı, nurani sifətli adamın nə böyük ürəyi, nə böyük məramı varmış.

Əlyazmaları fondunun iri, lay pəncərəsinin qabağında oturub, önündəki xırda ərəb əlifbası ilə yazılmış köhnə əlyazmasının sətirləri üzərində göz gəzdirdikcə Mirzə Cəlilin həyatı Orxanın nəzərində səhnə-səhnə canlanırdı.

O, iki ildən artıqdı ki, Mirzə Cəlil haqqında kitab yazırdı. Bu, o biri elmi yazıları kimi Orxanı yorub usandırmırdı, əksinə, işlədikcə həvəsə gəlir, ləzzət alırdı; sanki özünü yenidən, daha dərindən dərk edirdi.

Son illər Orxan öz elmi işinin sürətini daha da artırmışdı. Keçən həftə məlum olmuşdu ki, bu il Mirzə Cəlilin anadan olmasının yüz illiyini ədəbi ictimaiyyətimiz geniş surətdə bayram edəcək. Bu xoş xəbər Orxanı çox sevindirmişdi. Deməli, bu böyük bayramı Orxan əliboş qarşılamayacaqdı. Düşündükcə gözünün önünə xoş mənzərələr gəlirdi. Budur yubiley günləridir. Camaat məhəbbətlə, ehtiramla təntənəli yığıncağa gəlir. Akademiyanın, yaxud dram teatrının binasında böyük canlanma var.

Foyedə Mirzə Cəlilin iri şəkli, müxtəlif illərdə, müxtəlif dillərdə çıxan kitabları qoyulub. O kitablar arasında Orxanın da əsəri var. Dostlar, tanışlar ondan kitab istəyir, o da sevinc və bəxtiyarlıqla gülümsünə-gülümsünə öz kitabının üstünü yazıb onlara bağışlayır. Alim üçün, qələm sahibi üçün bundan böyük səadət nə ola bilər

Orxan fikrən hesabladı, yubileyə o qədər də çox qalmırdı. Əsərin əl-ayağını yığıb tamamlamaq gərəkdir, makinada yazdırıb müzakirəyə vermək, alim yoldaşların fikirlərini bilmək lazımdır, elə etmək ki, yubileyəcən çıxa bilsin. Professorla gərək bu barədə ayrıca danışasan. Professor eşidəndə ki, Orxan plan işindən kənar əsər yazıb, yəqin, sevinəcək.

Orxan başını qaldırdı. Rəhim küncdəki boş stola baxırdı. Orxan bu qarayanız oğlanı iki il bundan qabaq professorgildə görmüş və öyrənmişdi ki, o, Nadirənin bacısı oğludur. İndi oğlan kənardakı stulda oturub üzünü əlinə söykəyərək işləyənlərə yorğun-yorğun tamaşa edir, nəsə fikirləşirdi.

Qapının ağzında, kataloqların böyründə qoyulmuş iri kəfkirli saat biri vuranda Orxan: «Professorun yanına gedib danışım», — deyə qərara gəldi və Mirzə Cəlilin əlyazmasını ehmal bir hərəkətlə karton qovluğa qoyub bağladı. Ayaqlarının ucunda Nigar xanımın stoluna yanaşıb:

– Nigar xanım, bunu məndən qəbul edin, — dedi. Nigar xanım mehribanlıqla soruşdu:

– Yenə lazım olacaq?

– Bəli.

Orxan fonddan çıxdı.

Bu, nə idi? Küçəni sulamışdılar? Yağış yağmışdı. Orxanın başı əlyazmasına elə qarışmışdı ki, yağış yağdığını da bilməmişdi. Özü də güclü yağış yağıb kəsmişdi. Enli, yaraşıqlı asfalt küçənin hər iki tərəfindən üzüaşağı bulanlıq sular axırdı. Ağacların yarpaqları yuyulub tərtəmiz olmuş, bir az da yaşıllaşmışdı. Küçənin sağındakı ensiz ləklərin, çayır-çəmənin də üstünə mirvari kimi ağ yağış damcıları qonmuşdu, par-par parıldayırdı.

Maşınlar küçə aşağı, küçə yuxarı qıjıltı ilə ötüb gedirdi. Trolleybusun paralel elektrik xəttindən tutan «qoşa dəmir əlləri» üzülüb yana düşmüşdü. Aşağıda, üç yol ayrıcının düz ortasında dayanmış milisioner əlindəki zolaqlı ağacı gah qabağa, gah sağa-sola uzadaraq maşınlara yol göstərirdi. Onun qəti, çevik hərəkətləri gedənlərin diqqətini cəlb etməyə bilmirdi.

Orxan ağır addımlarla yeriyirdi. Ürəyində professora deyəcəyi sözləri götür-qoy eləyirdi.

– Salam, Orxan!

Orxan səksənmiş halda ayaq saxladı, salam verənin Gülmirə olduğunu biləndə sevindi:

– Bağışla, görmədim, — deyə o, günahkar adamlar təki üzr istədi. — Necəsən?

– Yaxşıyam, Orxan, çox sağ ol.

– Bu gün səni görməmişəm. Elə bilirəm...

– Elə bilirsən çoxdandır görmürsən, hə?

Orxan başını asta-asta tərpətdi.

Gülmirə hər dəfə Orxanla rastlaşanda onun halında bir dəyişiklik əmələ gəldiyini xeyli vardır ki, hiss eləmişdi. Qıza elə gəlirdi ki, onunla rastlaşmayanda Orxan daha sakit, daha qayğısız olur. Ona görə də Gülmirə tez-tez görüşüb, Orxana əzab vermək istəmirdi. Ancaq Gülmirə yanılırdı; əksinə, Orxan onu görməyəndə daha çox darıxır, qəmlənirdi. İki gün bundan qabaq Gülmirənin həyatında özünün də gözləmədiyi bir hadisə baş vermişdi: mərkəzi qəzetlərin birində onun Füzulinin avtoqrafı barədə yazdığı məqalə çap edilmiş, elmi işçilər arasında böyük çaxnaşmaya, söhbətə səbəb olmuşdu. Hamı bunu gənc elmi işçinin böyük müvəffəqiyyəti sayır, onu təbrik eləyirdi.

– Balam sən ki, beləymişsən, indiyəcən niyə susurdun?

– İndi zəmanə kəşflər, ixtiralar zəmanəsidi. — Gülmirə bu yolnan getməyi üstün tutur, — deyənlər çox idi.

Həmin gün Salman Qurbanzadə şöbəsinin işçiləri qarşısında onu səmimiyyətlə, hərarətlə təbrik eləmişdi:

—Bax, belə etmək lazımdır. Ancaq belə! İndiyə qədər deyilmiş məlum şeyləri təzədən yoğurub-yapıb oxucuya vermək lazım deyil. İndi təzə söz demək lazımdı. Gülmirənin bugünkü müvəffəqiyyəti bizim hamımızı sevindirdi. Bu bizim müvəffəqiyyətimizdi, institutumuzun müvəffəqiyyətidi.

Gülmirə başını aşağı salıb pörtmüşdü. Qulaqları guruldayır, ürəyinin döyüntüsünü özü eşidirdi. Cəfər arxadan, şəhadət barmağını qaldırıb iki kəlmə demək üçün professordan icazə istəyəndə onun ürəyi üzülüb ayağının altına düşdü. Azca qalmışdı ki, o durub qışqıra-qışqıra bütün həqiqəti açıb desin, özü də ağlaya-ağlaya şöbəni tərk eləsin və bir də buraya ömürlük ayaq basmasın. Az qalmışdı. Amma dözümü çatdı. Cəfərin dediyi sözlər onu toxtatdı, bu fikrindən daşındırdı:

– Mən təkcə bircə cəhəti qeyd etmək istəyirəm; o da bizim qələm yoldaşlarımızın təvazökarlığıdı. O avtoqrafı mən də görmüşdüm, demək olar ki, elə həmin gün özümü saxlaya bilməyib az qala bütün aləmə car çəkmişdim. Amma o bu əl xəttini məndən neçə ay qabaq görüb məqalə də yazdığı halda ağzına su alıb susmuşdu. Elmə belə səbirli və təvazökar adamlar xeyir verə bilər. Yeri gəlmişkən onu da deyim ki, Salman müəllim bu məqaləni öz seyfində çox saxlamaqla düzgün iş görməyib. Belə şeyləri seyfdə aylarla saxlamaq nə dərəcədə bizim elmimizin, mədəniyyətimizin xeyrinədi?! Gələcəkdə belə hallara yol vermək lazım deyil.

Professor ürəyində ona: «Demaqoq! — dedi. — Mən bilirəm kimin başına papaq qoymaq lazımdır. Yaxşı eləmişəm, sənə hələ bu da azdır». Sonra kinayə ilə:

– Sənin bu göstərişini nəzərə alarıq, yoldaş Cəfər, — deyib fısıltı ilə şöbədən çıxdı.

Orxan isə yaxın gəlib Gülmirənin ağ, xırda əlini hərarətlə sıxdı, daxili bir əzabın kölgələri gəzişən gözlərinin içinə baxıb:

– Təbrik edirəm, — dedi, — Gülü!

– Sağ ol, — deyə Gülmirə udquna-udquna cavab verdi.

İndi kənar söz-söhbətə yol verməmək üçün Gülmirə, sıxıla-sıxıla olsa da dilləndi:

– Məqaləni aparıb professora verdim.

– Hə? — deyə Orxan özünü ələ alıb diqqətini cəmləməyə çalışdı, — Oxuyur, ya hələ deyir ki, vaxtım yoxdur?

– Oxuyub. O gün məni çağırdı yanına, bir təriflədi, bir təriflədi ki!.. Deyir, bu məqalə birincidən də çox səs salacaq.

– Doğrudan? — Orxan sevinclə səsləndi.

– Vallah! Yaman xoşuna gəlib. O təriflədikcə, düzü, mən puçur-puçur tər tökürdüm, Orxan.

– Niyə axı?

Gülmirə böyük günah iş tutmuş adamsayağı dedi:

– Nə bilim... — O, azca susub əlavə elədi: — Onun bütün yaxşı sözlərini sənin ayağına yazırdım, Orxan. Orxan başını buladı:

– O dəfə sənə nə dedim? Bir də bu barədə danışma. Danışsan, inciyərəm səndən. Yaxşı?

– Yaxşı... Professorun danışığından belə başa düşdüm ki, bu cür məqalə yazacağımı tək o yox, başqaları da gözləmirmiş. Kişi çox sevinirdi. Deyirdi ki, sənin dissertasiyandan daha tamam-kamal arxayın oldum. O belə dedikcə mən də ürəyimdə...

– Ürəyində heç nə demə, Gülmirə! — deyə Orxan onun sözünü yarımçıq kəsdi. — Dissertasiyanı yazacaqsan da, müdafiə edəcəksən də... Adam gərək özünə inansın, Gülmirə!

– İnana bilmirəm, Orxan.

– İnan, Gülmirə, inan!

Orxanın belə ürək-dirək verməsi Gülmirəni içəridən gəmirən ümidsizlik, inamsızlıq məngənəsinin əzabverici ağrısından, müvəqqəti də olsa, xilas eləyirdi. Günlər, həftələr keçdikcə qız Orxanın ona nə qədər böyük köməklik göstərdiyini anlayır və bu hörmət, yaxşılıq müqabilində özünün həmişə borclu qalacağını düşünüb kədərlənirdi. Bu məqalə indilikdə Gülmirəyə, onun elmi qabilliyyətinə şübhə ilə baxanlara çox tutarlı cavab idi: «Nə yaxşı ki, adamı tək-tənha xəlvət bir otağa salıb, qabağına qələm-kağız qoymur, öz elmi qabiliyyətini göstər!» — demirlər. Deyəsən, hansı əsrdəsə, hansı padşahsa belə elətdirirmiş. Əsl alimi, əsl şairi tanımaq, qiymətləndirmək üçün belə elətdirirmiş. İndi insanlara çox inanırlar».

Gülmirə bundan sevinən kimi oldu: «Qoy Əqdəm gəlsin, ona hər şeyi deyəcəyəm, Salman əmi də, Orxan da mənə çox hörmət eləyiblər. Əlimdən tutub, dar günümün dostu olublar, — deyə Gülmirə sadəliklə düşünür, azca sonra öz-özünə etiraz eləyirdi: — Yox, mən nə danışıram? Mənə inanmayanların ən birincisi elə o özüdür. Mən desəm ki, məsələ belədir, qırğın qopar: «Gərək hökmən alim olasan?!

Nə vacibdir, belə alim olmaq?!» — deyər. Yox, heç kəs bilməməlidir. Heç kəs!..»

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, birinci fəsil

Bu kitabı sənə, sənin gəncliyinə, gözəlliyinə və böyük məhəbbətinə dərin minnətdarlıq duyğuları ilə həsr edirəm, mənim əvəzsiz ömür-gün dostum.*Müəllif*

18 мин
Birinci hissə, ikinci fəsil

Bahar öz qaranquşları ilə gəlmişdi. Alça, ərik ağacının ağlı-qırmızılı tumurcuqları çırtlamışdı. Torpaqdan ağ duman qalxırdı. Elə bil, qışın şaxtası, soyuğu buxarlanıb yerin canından çıxır, gün adamın canını qızdırırdı.Camaat kəndin qırağına — düzənliyə axışmışdı. Yeniyetmələr yumurta döyüşdürür, aşıq atırdılar. Qoç vuruşduran, xoruz döyüşdürən, it boğuşduranların dövrəsinə dəstə-dəstə adam yığılmışdı. Bir yanda üç-dörd cavan güləşirdi.

15 мин
Birinci hissə, üçüncü fəsil

İydə sovulmuşdu. Ancaq qollu-budaqlı ağacın əl-ayaq çatmayan nazik şaxlarının ucunda qalmış beş-altı iydə yeri-yurdu yandıran isti Gülüstan günəşi altında sarı kəhrəba dənəsi kimi parıldayırdı. İki boz sərçə cikkildəşə-cikkildəşə budaqdan-budağa atılır, iydələri dimdikləyir, həyətdə hökm sürən sükutu pozurdu.Saplağından üzülmüş iydə dənəsi ağacın kölgəsində həsirin üstündə oturmuş, ovduq-doğrama düzəldən Əfsanənin qabağına tappıltı ilə düşəndə gəlin səksənən kimi oldu. Bıçağı kasanın içinə qoyub iydəni götürdü; iydənin göynəyini sərçələr yırtmışdı — qabığını soyub ağzına atdı. Yaxşı yetişmişdi, xarlanmışdı. Tumunu çıxartmamış biri də Əfsanənin önünə düşdü, gülümsünə-gülümsünə onu da götürüb yedi və başını qaldırıb iydə «göndərən» sərçələri görmək istədi, lakin sıx, bozumtul yarpaqlar arasında gözünə heç nə dəymədi. Həsirin üstünə süfrə salınmışdı. Göy soğan, üç-dörd göy xiyar, arpa unundan bişirilmiş təndir çörəyi, üç dənə kasa və qatıq küpəsindən qeyri ortalıqda bir şey yox idi.

12 мин
Birinci hissə, dördüncü fəsil

Artıq günün şaxı sınmışdı: bozumtul yarpaqlı iydə ağacının kölgəsi sürünüb yerini dəyişmişdi. Hava azca sərinimişdi. Səbihənin iki saat qabaq yoğurduğu xəmir «gəlmişdi». Arvad dizlərini yerə qoyub gündələyirdi. Hasarın dibindəki təndirin qırmızı, tüstüqarışıq alov dilləri burula-burula yuxarı qalxır, yanan çör-çöpün, ot-əncərin qaralmış-bozarmış xırda gülləri havada oynaşırdı.Elməddin təzəcə payalarını basdırdığı çardağın üstündə dayanıb (elə bil, bu saat uçacaqdı) qamış döşəyirdi — altına odun-ocaq, tir-tikan yığmaq üçün. Yanacaq qışın yağışı-qarı altında qalıb çürüməsin deyə. Əfsanə tövlənin böyründə qalaqlanmış tikanı çardağın altına daşıyırdı. Heç kəs ona belə göstəriş verməmişdi — özü işləmək, evin işinə kömək etmək istəyirdi. Tikanların əlinin nazik dərisinə batdığı yerdən xırda-xırda qan qətrələri pırtlayıb çıxırdı. Göynərtisi ürəyini sızıldadırdı. Sanki əllərinin ikisini də biləkdən aşağı isti suyun içinə basıb pörşələmişdin — od tutub yanırdı. Dirəyin üstündən baxan Elməddinin gözü Əfsanənin qızarmış əllərinə sataşanda canıyananlıqla söylədi:

6 мин

Стихи других поэтов