Salman bu ikicə gündə, demək olar ki, qocalmışdı. O boyda kişi büzüşüb-bükülüb yumağa dönmüş, şən, gülərüz çöhrəsi solub ağarmışdı. Deyib-danışmır, həmişə fikirli-düşüncəli gəzib dolanır, başını qaldırıb adamların gözünün içinə dik baxmağa utanırdı. Nadirənin məqaləsi Salmanın ürəyində sağalmaz bir yara açmışdı. Əgər o, arvadının yazdığını çap olunmamışdan əvvəl, əlyazması şəklində stolun üstündən götürüb oxumasaydı, bəlkə də ürəyi bu qəfil zərbəyə dözməyib partlardı. Onda Salman məqaləni cırıb yandırmaq istəmişdi, ancaq sonra fikrini dəyişib «Lənət sənə kor şeytan!» — demişdi. Həm də özü ondan qabağa düşüb məqaləsini çap etdirdiyinə görə Nadirənin təzədən bu məqaləni dərc etdirəcəyinə, o cavanın da, üstəlik Salmanın özünün də yazdığını heç-puç edəcəyinə o qədər də inanmamışdı.

Lakin Nadirə, görünür, heç vaxt öz elmi prinsipiallığından əl çəkmök fikrində olmayacaqdı.

«Məni öz evimdə öz adamımın əliylə vurdular», — deyə düşünən professor bilirdi ki, başqa heç kəs onu bu şəkildə vurmağa cəsarət edə bilməzdi.

Nadirə niyə, nəyin xatirinə belə eləyirdi? Bəlkə onun bir məqsədi vardı? Olmazdımı? Bəlkə o, daha Salmanı sevmir, ondan bezib? Ya bəlkə o, doğrudan da ərinin ad-sanına, şöhrətinə paxıllıq eləyir? Yox! Nadirə həmişə ərinə mehriban olmuşdu, onun yeməyinə, içməyinə, sağlamlığına, istirahətinə xüsusi diqqət yetirmiş, hətta, bu və ya digər elmi məsələ üstündə mübahisə edib bir-birini acılayanda da Nadirə söhbəti dəyişən kimi özü də dəyişmiş, əvvəlki mehriban, qayğıkeş qadın olmuşdu. Salman buna həmişə heyrət edirdi: çünki o özü bunu bacara bilmirdi. Əgər hirslənibsə, o, Nadirə ilə danışmaq belə istəməzdi. Belə hallarda qadın onun könlünü almağa çalışır, sakit, mehriban bir ədayla:

– Axı, bu mübahisənin bizim ailə həyatımıza heç dəxli yoxdur,

– deyirdi. — Sən nə üçün belə eləyirsən? Əgər mənim dediyim bir şey sənin xoşuna gəlmirsə, nə üçün qaşqabağını sallayırsan? Elm elmdir, ailə isə ailədir.

– Bu mübahisələrdən mən yaman qorxuram, Nadirə. Mənə elə gəlir ki, bunlar bizi bir-birimizdən uzaqlaşdırır.

– Mən isə ayrı cür düşünürəm, Salman. Bu mübahisələrin bizim aramızdakı ailə səmimiyyətinə, məhəbbətinə gərək pis təsiri olmasın.

Salman Nadirənin məqaləsini qəzetdə görəndən sonra iki gün üzüqoylu yatdı, nə çörək yedi, nə bir kəlmə danışdı. Ancaq hər üç-dörd saatdan bir Nadirə özü kətilin üstünə qoyduğu külqabını aparıb boşaltmalı olurdu.

– Bacı, Salman, deyəsən, kefsizdi. — deyə Sədəf soruşanda Nadirə fikirli-fikirli cavab verdi:

– Hə, nasazdı... keçib-gedər...

Nadirə üzdə «keçib-gedər» deyirdi, ancaq içəridə ürəyini yeyirdi: «Birdən kişiyə xətər-zad toxunar, hirsindən, hikkəsindən başına bir iş gələr. Dəvə kimi kinlidir», — deyə düşünür, özünü danlayır, peşmançılıq hissi onu rahat buraxmırdı.

– Salman...

—…

– Dur çörəyini ye, Salman!

—…

—Məndən incimisən?

—…

– Sən mənim canım, dur ayağa. Ürəyim sıxılır, dur ayağa.

Ancaq Salman durmur, bu üzü üstdən o üzü üstə çevrilir, ona yanaşıb könlünü almaq istəyən Nadirəyə «xəyanətkar» deyərək təhqir edir, yenə acığı soyumurdu.

İki gün beləcə davam etdi: Nadirənin bütün sualları cavabsız qaldı.

«Gərək yazmayaydım», — deyə yenə o özünü danlayırdı. Hər yerdə hamı Nadirədən danışırdı: «Kişinin qızı o boyda professorun arxasını yerə qoydu!», «Nə qorxmaz arvaddı, ə, bu!», «Canım üçün, bir kişi bu cəsarəti eləməzdi ki, o eləyib», «Hələ bizim mətbuat tarixində belə şey görünməyib, pah atonnan!», «Arvad kəllədi, sən öl!», «Deyəsən, bir-birini sevmir bunlar!»

Bu söz-söhbətləri yaxşı ki, Salman eşitmirdi. Ancaq o həssasdı; o sözləri görməzə-bilməzə də eşidir, duyurdu.

Üçüncü gün Nadirə daha dözə bilmədi. Gəlib çarpayısının yanında oturdu. Əlini onun başına çəkdi:

– Salman, yaxşı da, qalx da. Uşaq kimi küsürsən, yekə kişisən...

—…

– Dur, işə gecikirsən.

Salman dikəldi. Onun üz-gözündə bir heybət, qorxu vardı. Gözləri qızarıb iriləşmişdi.

– İndi mən nə üznən camaatın arasına çıxım, hə? Cavab ver, nə üznən çıxım? — deyə o, gər səslə qışqırdı. — Nə üznən çıxım, nankor arvad?

– Salman, sakit ol, yalvarıram, sakit ol, — deyə Nadirə onun hirsini soyutmağa çalışdı.

– Nə sakit ol? Necə sakit olum? Məni biabır elədin, yerə soxdun məni. İndi mən idarəyə necə gedim? Şöbəyə necə gedim?

Bu suallar Nadirəni də sarsıtdı. O, Salmanın düşdüyü vəziyyətin ağırlığını bütün dəhşətilə yalnız indi — o çığıra-çığıra bu sözləri deyəndə dərk elədi.

Utanırdı, Salman utanırdı. Bəlkə də onu ayrı bir adam tənqid eləsəydi, bu qədər yandırıb təbdən-haldan çıxarmazdı. Salman bunu heç cür sinirə bilməzdi.

– Sən bu ailəni dağıdacaqsan, sən bu evi məhv edəcəksən! Elə, nə bilirsən, elə!..Mən səninçün yad adamam daha, özgəyəm. İki qoçun başı bir qazanda qaynamaz, deyiblər. Düz imiş! Atan o tərəfdən, sən bu tərəfdən, bayraq qaldırın, rüsvay eləyin məni, öldürün məni, axırıma çıxın mənim. Düşmənim ocaq başında imiş. Mənim dərdimə bax, azarıma bax!

Salman boğazının damarları göyərə-göyərə iki gündən bəri yığıb saxladığı kinini tökdükcə Nadirə nəfəsini udub rəngi ağarmış halda qulaq asırdı. Salman çox söz dedi, Nadirə dözə bilmədi, çiyinləri atıla-atıla təzədən ağlamağa başladı. Üç günün təkliyi, evdəki məzar sükutu, qan qaralığı göz yaşlarına çevrilib yanaqları aşağı axanda Salman səsini endirib susdu. Nadirə ağlayıb ürəyini boşaltdı. Salman bircə dəfə də olsa ona «Ağlama!» demədi. Sakitcə durub baxdı, baxdı. O nə qədər daşürəkli adam olsa da, Nadirənin ağlamasına tablaşa bilmirdi. Bununla belə o özünü saxladı. Nadirə gözünün yaşı qurumamış ərinə yaxın gəldi:

– Salman, — dedi, — Məni bağışla... Səni incitmişəm... Neynəyim, təbiətim belədir, özümlə bacara bilmirəm. Salman... o barədə daha danışmayaq. Vaxt gələr, yox, yox, heç bir vaxt-zad lazım deyil...

Salmanın hirsinin-hikkəsinin üstünə Nadirənin göz yaşları su çilədi. «Olan olub, keçən keçib, daha nə etmək olar? İndi dost-düşmən gülüncü olmuşam, üstəlik arvadla umu-küsü saxlasam, məsələ bir az da qəlizləşər. Bax, indi bu ağlayır qabağımda. Arvaddır, arvadın göz yaşı ovcunun içindədir. Ancaq o, aranı sakitləşdirmək üçün belə eləyir. Bildiyini dədəsinə verən deyil. Onu yaxşı tanıyıram. Kişi ol, Salman, özünü ələ al», — deyə düşünən Salman daxili gərginliyini boğmağa çalışaraq papirosunu sümürdü.

– Yaxşı, dur geyin, gedək işə.

Onlar həyətdə maşına mindilər.

Prospektə çıxandan sonra «Volqa» qanad açıb uçmağa başladı. Nadirə Salmanın hərəkətlərində bir qeyri-adilik görüb qorxuya düşdü.

– Yavaş sür, Salman...

– Yox, maşını aşırdacağam, Nadirə, səni də öldürəcəyəm, özümü də.

Maşının sürəti, doğrudan da, artdı!

—Ədə, yavaş!

Salman yanında oturan və həqiqətən də əl-ayağa düşən Nadirəyə baxıb güldü:

– Hə, canını nə çox istəyirsən? — dedi.

– Zarafatı boşla, sən allah.

Salman ayağını qazdan çəkdi:

– İndi də gedib milisə xəbər verərsən ki, bəs Salman məni öldürmək istəyirdi. Çox inandırıcı çıxar, Nadirə. Sən məni tənqid etdiyinə görə mən səni öldürmək istəyirmişəm. Çox ağlabatan şeydir.. Salman rişxəndlə «hi, hi, hi» eləyib güldü... Nadirə başa düşdü ki, əri daha ona o qədər etibar eləmir. «Ondan hər şey gözləmək olar», — deyə düşünür. Bu, onu çox kədərləndirdi, bu, Nadirənin neçə gündə çəkdiklərinin hamısından ağır və dözülməz idi.

Onlar idarəyə qoşa gələndə hamı təəccüb elədi: «Bunlar necə ər-arvaddırlar?» İşin axırına yaxın professorun şöbəyə gəlib işçilərlə səmimi salamlaşandan sonra Nadirəyə üz tutub həlim səslə:

– İlqar bizə iki bilet götürüb, axşam konsertə gedəkmi, Nadirə? — deməsi bu heyrəti daha da artırdı.

«Elmi hər şeydən uca tuturlar. Belə tənqidə dözmək ancaq və ancaq böyüklük əlamətidir!» —deyə ürəyindən keçirənlər də az deyildi…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, birinci fəsil

Hava qaralmışdı, dörd bir yanına ağ daşdan hasar çəkilmiş, sırayla, səliqə ilə şam ağacları, çinarlar, akasiyalar, gül kolları əkilmiş yamyaşıl parkın o qədər də enli olmayan yeganə xiyabanının sağ-solunda basdırılmış beton dirəklərin kəlləsindəki çıraqlar işıq saçırdı. Yüngül meh əsirdi, sentyabr günəşinin ağacların kölgəliyində sığınıb qalmış istisini-hərarətini qovub bağdan çıxarır, harasa uzaqlara aparırdı. İns-cins yox idi parkda. Sağ əlini irəli uzadaraq sanki ardı-arası kəsilmədən «El bilir ki, sən mənimsən» söyləyən və elə bil bundan əsla yorulub usanmayan, üz-gözündən, qırımından, duruşundan gələcək nəsillərə, qərinələrə o sadə, məhəbbətdən yoğrulmuş sözləri deyəcəyindən yorulmayacağı oxunan şairin əzəmətli heykəlinin yaxınlığındakı oturacaqda əyləşmiş Nəzər müəllimdən başqa kimsə gözə dəymirdi. Nəzərin çox yaxşı tanıdığı və illər uzunu bu parka dədəsinin bağı kimi baxan, yay-qış, səhərin gözü açılandan şər qarışana qədər, bəzən də çatdıra bilməyəndə lap axşamlar, lampa işığı altında, əlində gah bel, gah qayçı buralarda hərlənən Şirəli kişi də, onun ürəyinin atlanmış bu vaxtında tərs kimi yox idi. O, şairin heykəlinə baxa-baxa nədənsə bir az əvvəl Əmiraslanovla elədiyi söhbəti yox, bu parkı saldıqları vaxtı xatırlayırdı. Bu, uzun illər bundan qabaq olmuşdu, rayona Ənvər adlı (heyf familini unutmuşdu) bir katib gəlmişdi və o Ənvər bu parkı salmaq təşəbbüsünü qaldırmışdı. Rayonun cavanlarını, müəllimlərini, hətta kənd yeniyetmələrini və ziyalılarını bir payız günü yığıb bura tökmüşdü, işlətmişdi. İnsafən özü də əlini belinə vurub ağa kimi kənarda dayanaraq göstəriş verməmişdi, bel götürüb camaatla deyə-gülə, zarafat eləyə-eləyə işləmişdi, ağac əkmişdi, yer şumlamışdı və ən azı bir aya görüləcək işi bir günün içində başa vurdurmuşdu. Nəzər müəllim də onda məktəbin komsomolçularından bir dəstəsi ilə burda çalışmışdı. Onda müharibə təzə qurtarmışdı. Ənvər müəllimin təklifi ilə o parka «Qələbə» adı vermişdilər. Ancaq bu ad rəsmi kağız-kuğuz üstə, qəzet səhifələrində belə qalmışdı; hamı nədənsə onu «Ənvər bağı» adlandırırdı. Ənvər çoxdan çıxıb getmişdi, bəlkə hardasa uzaq bir yerdə, ya Bakıda işləyirdi, bəlkə də, kim bilir, dünyadan köçmüşdü. Çox güman ki, belə idi, çünki elə o zaman Ənvərin əllidən yuxarıydı yaşı. O, indi burda, bəlkə dünyada da yox idi, amma «Ənvər bağı» yaşayırdı. Nəzərin yaxşı yadındaydı, o vaxt əkdikləri çinarların, şam ağaclarının çoxu indi qol-budaq atıb göylərə baş çəkirdi, ancaq bir çoxu da qocalmışdı, qurumuşdu, parkın qocaman bağbanı Şirəli kişinin iti mişarı, tiyəsi par-par parıldayan baltası onları kəsib yerə yıxmışdı. Qəribədi, ağaclar da adamlar kimi yaşayır, qocalır, ölürlər, fərq yalnız bundadı ki, onlar ölən kimi yaddan çıxır, ancaq insan unudulmur. Yaşayır, yaşayır və ölməzliyə qovuşur. Bax, o Ənvər kimi, bax, bu şair kimi. Nəzər müştüyünə siqaret keçirə-keçirə fikirləşirdi ki, gör o vaxtdan ⎯ Ənvər gedəndən sonra bu uzun müddətdə rayona neçə katib gəlib, saymaq istədi, hesabı itirdi; hə, ən azı on katib gəlib-gedib. Hərəsi, həmişə qalan bir iş görsəydi, nə yaxşı olardı?! Onda yəqin bu rayon cənnətə dönərdi, torpağımızın ən gözəl guşələrindən birinə çevrilərdi! Əlbəttə, çevrilərdi və baş ucalığı olardı, onların da, o adamların da adını yaşadardı!.. İlahi bu adi hikməti görəsən adamların bir çoxu niyə başa düşmür. Niyə başa düşmür, ilahi?! Hansına gedib anladasan, hansının qulağına pıçıldayasan, hansına hikmət dərsi keçəsən bu zavallıların?Sualı cavabsız idi, əlbəttə. Fikirli-fikirli siqaretini yandırdı, sümürdü. Bədəninin hərarəti soyumuşdu; özündə qəribə, haçandı hiss eləmədiyi bir yüngüllük duyub sinə dolusu rahat nəfəs aldı. Bu, havadandımı, mehdəndimi? Əvvəlcə ayırd eləyə bilmədi. Birdən hər şeyi başa düşdü ⎯ bu, bir saat, saat yarım qabaqkı söhbətin ⎯ katiblə söhbətin yaratdığı xoş ovqat imiş, sən demə. Və buna təəccüb elədi ki, necə olub o, bu boyda məsələni unudub, Ənvər, Şirəli kişi, ağaclar, şair haqqında düşünüb? Bəlkə bu ona görə belə olmuşdu ki, gözləmirdi, yatsaydı, heç yuxusuna da girməzdi ki, Şakir Şakirzadənin rəhmsizcəsinə, ürəyini, çəkəcəyi əzabları bir insan kimi duymadan, çox asanlıqla adının üstündən qələm çəkdiyi, «min ilin ölüsünə qatdığı» bir vaxtda onu, Nəzər müəllimi yad edəcəklər, təzədən həyata (bəli, məhz həyata) qaytaracaqlar? Bu yuxuydumu, xəyalıydımı, ya həqiqət idi?.. Key kimi olmuşdu. İnanmaq istəməmişdi. Ancaq indi bədəni soyuyub ürəyi rahatlanandan, beyni neçə vaxtdan bəri getdikcə qalınlaşıb tutqunlaşan dumanlar içindən sıyrılıb çıxandan sonra bunun yuxu, xəyal yox, həqiqət olduğuna əmin olmuşdu. Və bu həqiqəti dərk edən andan yenə qəlbi həyəcanla çırpınmağa başladı. Sinəsi genişləndi elə bil, parkın təmiz havası sehrli bir yüngüllüklə ciyərlərinə doldu. Sanki o, indi çəkisizlik şəraitində, bu böyük, yaşıl və sakit parkın içində havada üzürdü. Heç bir sıxıntısı yox idi qəlbində, saçları da sanki ağarmamışdı, qıçını da çəkdiyi bilinmirdi, dizinin altında illərlə yatıb qalmış qəlpə qırığı da yox idi elə bil, əriyib qana, iliyə qarışmışdı. Yox, bu boyda zarafat olmazdı, bu söhbət olan o binada belə zarafatlar ola bilməz, ola bilməz! Çünki ağlı kəsəndən, gözünü açandan bəri o binada deyilən sözlərin həqiqət olduğuna, həqiqət olacağına qəlbən, sidqi-dildən inanmağa adət eləmişdi. Ordan çıxan, qanun libası geyən və idarələrə, kəndlərə, ayrı-ayrı evlərə, adamların beyninə, ürəyinə yol alan o qəbil sözlərin bəzən düz çıxmadığını belə görəndə də, hiss eləyəndə də Nəzər o binaya inamını itirməmişdi, günahı o binada yox, o sözü deyəndə görmüşdü, heyifsilənmişdi. Fikri bu məqama, bu nöqtəyə çatanda qeyri-ixtiyari dönüb yaşıl xiyabanın o başında, parkın çox vaxt açıq olan dəmir darvazasının üstündə ⎯ neçə addım aralıda, ikimərtəbəli binanın ikinci mərtəbəsində yanan o gur işıqlara baxdı və özünün bir az qabaq o kabinetdə, o çilçıraq altında oturduğu dəqəqələri saniyələrinəcən xəyalında canlandırdı, düşündü ki, yəqin yoldaş Əmiraslanov indi də Nəzər kimi qəlbi sındırılmış, əqidəsinə, məsləkinə rəhmsizcəsinə zərbə vurulmuş kimisə qarşısında əyləşdirib, yarızarafat, yarıciddi könlünü alır, kiminsə, hansı nadanınsa buraxdığı səhvi düzəldir, ürəyinə işıq səpir, məsləkinə dayaq olur… Görəsən kim idi o adam, hansı qəlbiqırıq idi? Bir anlığa Nəzərin ürəyində ayağa qalxıb, gedib o adamın ⎯ xəyalında uydurduğu o adamın gözlərinə baxmaq arzusu oyandı, qayibanə hissin təsirilə durmaq istəyəndə birdən yadına düşdü ki, Əmiraslanov harasa tələsirdi, kimsə onu gözləyirdi, yəqin indi getmiş olar! Əgər gedibsə, gərək işığı söndürəydi Əmiraslanov. Boş-boşuna niyə yansın axı o işıq? Bu sual qəlbindən qopdu Nəzərin, ancaq elə o an da o sualın qayibanə gələn cavabını eşitdi: «Yox, qoy yansın o işıq. Harda sönsə də, orda sönməməlidi. Yolunu azan, ümidini itirən, oğurluğa, əyriliyə, cinayətə əl atmağa məcbur olmamış, o işığa gələ bilər, o işıqdan nicat, kömək istəyə bilər. Yox, harda qənaət eləyirsiz eləyin, burda o qənaəti eləməyin, siz allah. Qoyun işıq yansın!..»

16 мин
İkinci hissə, ikinci fəsil

Nəzər beşmərtəbəli binanın birinci mərtəbəsinin üçüncü girəcəyinin sağ qapısı qənşərində ayaq saxladı. Sarı taxtadan düzəldilmiş qapının üstünə yarım səhifəlik kağız yapışdırılmışdı və üzərinə «Qərib Nəzərli» sözləri yazılmışdı. Kişi bığaltı gülümsündü və şəhadət barmağının ucu ilə düyməni basdı. İçəridən addım səsi eşidildi və cəftə şaqqıldadı. Ucaboylu, qara bığlı Qərib astanada atasını görəndə döyükdü, ağzındakı tikəni alatələsik uddu:⎯ Sənsən? ⎯ dedi.

8 мин
İkinci hissə, üçüncü fəsil

Gün çoxdan əyilmişdi hava sərnimişdi. Süleyman raykomun qonaq otağının qabağındakı bağçada çox yaraşıqlı, səliqə ilə düzəldilmiş səkkiz guşəli köşkdə tək-tənha oturmuşdu. Yoğun, girdə palıd gövdəsindən kəsilmiş kötük «stolun» üstündə bir çaynik, üç-dörd armudu stəkan vardı. Stəkanların birinə çay tökülmüşdü, o birilər boş idi. Köşkün qıraqlarında şaquli istiqamətdə bağlanmış nazik iplərə dolanan sarmaşıqlar qəribə idi ki, ilin bu vədəsində ağ xallı kəpənəklərə bənzər güllər açmışdı. Sarmaşıqlar seyrək idi, elə bil mahir bir dərzi-rəssamın əli ilə ölçülüb-biçilmiş, kəsilmişdi; bir-birindən eyni məsafədə aralıydılar və kənardan baxana elə gələrdi ki, bu səkkiz bucaqlı köşk qəfəsdi və Süleyman da bu gözəl qəfəsin içində, palıd «stol»un arxasında, «palıd stulu»nun üstündə əyləşib qəzet oxuyurdu. Başı mütaliəyə elə qarışmışdı ki, köşkə doğru uzanan daş döşənmiş cığırla ürəksiz-ürəksiz, «gedim-getməyim» arasında çırpına-çırpına gəlib üç addımlığında dayanmış Nəzəri görməmişdi. Kişi sakitcə katibə tamaşa eləyirdi. O, orta boylu, başının ortasının tükləri seyrəlmiş, bədəncə arıq, iri alnına qırışlar şırımlanmış, sifətindən təmkin oxunan bir adam idi. Nəzər ha fikir verirdi, o vaxtkı ⎯ şagird çağlarındakı Süleymanla indi qarşısında oturub qəzet oxuyan katib Süleyman arasında bir oxşarlıq tapa bilmirdi. Bəlkə səsi o səsdi, amma səsini düz-əməlli xatırlamırdı. Bəlkə gözləri dəyişməyib? Hə, bax, gözləri yadındaydı. Ancaq indi o baxışlarını aşağı dikmişdi, qaldırıb ona ⎯ müəllimə bircə kərə baxsaydı, Nəzər onda bəlkə o Süleymanla bu Süleymanı birləşdirən bir nöqtə tapmış olardı. Nəzər niyə sehrlənmişdi, niyə danışa bilmirdi? Zəhmimi basırdı katibin onu? Ya arada uzun fasiləmi olmuşdu? Baş açammırdı. Birdən sinəsi acışdı, öskürmək istədi, ancaq nədənsə özünü qısıb boğazını yüngülcə təmizlədi. Səsə Süleyman başını qaldırdı, gözucu o tərəfə baxıb kiminsə mil dayandığını görərək üzünü qırışdırdı və çox quru, Nəzərin tanıya bilmədiyi bir səslə:⎯ Burda qəbul eləmirəm! ⎯ dedi və yenə qəzeti oxumaqda davam etdi. Nəzəri ürəyi çırpındı, bir anlığa gözləri qaranlıq gətirdi; köşk, Süleyman da içində fırlanğıc kimi sürətlə fırlandı, baş-ayaq oldu, ancaq qəribə idi ki, nə Süleyman yıxıldı, nə də stəkandakı çay dağıldı. Yuxuya bənzər o an keçəndən sonra Nəzər Süleymanın ona baxışını gözünün önünə gətirdi, «Yox, baxmadı o mənə. Elə-belə, kölgəmi gördü, üzümə-gözümə fikir vermədi. Yoxsa tanıyardı!» Ancaq bu təsəlli onun yerindən oynamış qəlbini toxtada bilmədi, bütün varlığına hakim kəsilmiş məyusluğunu silib apara bilmədi. Və yenə qoca müəllim bu laqeydliyə bəraət qazandıracaq bir ilişəcək axtardı iki daşın arasında. «Bəs səsi?..» Yox, səs heç nə demirdi müəllimə. «Bəs gözləri?» «Gözlərini də görə bilmədim!.. Adə, ey dili-qafil, bəlkə heç bu o Süleyman deyil, tamam ayrı adamdı!» «Yox, ay Nəzər, sən də ağ eləmə. Bu boyda zarafat olmaz. Bu Süleyman o Süleymandı: sənin şagirdin, İmran kişinin oğlu!..» Cəmi bir neçə saniyə içində ildırım sürətilə beynində dolaşan bu çalpaşıq, biri digərini inkar edən daxili, səssiz-səmirsiz həsbi-hal qurtaran kimi, Nəzər köhnə əsgər sayağı dabanı üstə fırlandı, gəldiyi daş cığırla geri qayıtdı. Ayaqlarını güclə çəkirdi. Dörd-beş addım atmışdı ki, arxadan həyəcanlı səs eşitdi:

15 мин
İkinci hissə, dördüncü fəsil

İclasda çox adam vardı: büro üzvləri, kolxoz sədrləri, idarə, müəssisə rəhbərləri, təsərrüfat qabaqcılları iştirak edirdi. Öz kabinetinin balaca olacağını irəlicədən fikirləşən Süleyman, iclası birinci mərtəbədəki akt salonunda keçirməyi qərara almışdı və bu barədə üçüncü katibə ⎯ Hilal Hüseynova tapşırıq vermişdi. Ona görə gələnlərin hamısı işıqlı, səliqəli, mebel dəstgahı təzə olan zala yığışmışdı.Nəzər lap qapının ağzında, sol tərəfdəki oturacaqda tək əyləşmişdi. Necə olsa da özünü qərib hiss eləyirdi, halbuki, büroya gələnlərin, yalan olmasın, hamısını tanıyırdı; eləsi var idi ki, lap yaxın idi. Bax, o qıraqda, pəncərə qabağında oturan Baba şagirdi olmuşdu, indi istehsalat idarəsinin rəisi idi, kolxoz sədri Qurban da burdaydı. İkisi də doğmaydı ona. Səfər də burdaydı. O kök, dazbaş kişi milis idarəsinin rəisidi ⎯ Ağayev. Onun yanındakı şüyərək, eynəkli kişi rayon prokuroru İsrafil Quliyevdir. Rayponun sədri Mustafa Səlimzadə, pambıq qəbulu məntəqəsinin müdiri Müseyib, çörək zavodunun direktoru Şamil… Daha bir neçə adam… Onları üzdən-sifətdən lap yaxşı tanıyırdı Nəzər.

28 мин

Стихи других поэтов