Ayrıldılar
Страница 3 из 6 · 33%
Bu zaman yuxudan ayıldım. Tərlan həyətdə yanıqlı-yanıqlı kişnəyirdi. Ayağa sıçrayıb həyətə yüyürdüm, Tərlan səkilli sol biləyini qaldırıb dırnağıyla yeri döyəcləyir, sonra başını dik tutub təlaş dolu qara gözlərini qaranlığa zilləyir, ağır bir fısıltı ilə dərindən köksünü ötürürdü. Elə bil Tərlan qüssələnmişdi. Kim bilir, bəlkə o da yuxusunda iştirak etdiyi qızğın döyüşləri görüb oyanmışdı, bəlkə də bu səssiz kənd gecəsində qəribsəyib döyüşə apardığı və döyüşdən gətirdiyini çağırırdı ki, arxada qalan o döyüş illərində ondan ayrı qaldığı nə bir günü olmuşdu, nə bir gecəsi...
– Nə istəyirdin axı sən? İstəyirdin ki, dayın o atı sənə bağışlasın? – dedi Adilə və əyildi ayaqları altında oturmuş İlyasın üzünə baxdı.
– Yox, mən bunu ağlıma belə gətirə bilməzdim. Mən ancaq onu istəyirdim ki, bircə dəfə, mən də Tərlanın belində çapıb kənddən gedəydim, o təpə üstünə qalxarkən altımda Tərlanın kişnədiyini eşidəydim, sonra yel kimi təpələrdən, sel kimi dərələrdən aşaydım, hər gecə məni çağıran uzaqlara, sirli üfüqlərin arxasında açılan ənginliklərə qovuşaydım. Amma bu arzuma mən yalnız yuxularımda qovuşurdum.
– Yazıq uşaq! Nə üçün dayın o atı sənə vermirdi? – deyə Adilə hiss edilmədən yenə əlini İlyasın saçlarına çəkdi.
– Mən onun gözündə hələ uşaq idim, at minmək sənətində naşı idim... Tərlan kimi qızğın məzaclı bir köhləni mənə, yaxud məni Tərlana etibar edə bilməzdi. Anamın da ürəyinə dammışdı ki, əgər mən Tərlanı minsəm, nə isə bir xata baş verəcək... Nəhayət doğrudan da xata baş verdi. Tərlan mənim hikkəmə, dəli inadıma qurban getdi və o vaxt ki, əlim arzuma çatmışdı, xəbərim olmadı ki, həsrətini çəkdiyimi öz əlimlə məhv edəcəm...
– Axı sən ona nə eliyə bilərdin? Bir halda ki, o atın məzacı sənin özün üçün qorxulu idi.
– Bəlkə də... amma o məni yox, mən onu şikəst elədim, sonra... biz onu güllələdik.
Adilə diksindi, gözlərini geniş açdı.
– Nəhayət bir gün Tərlanı minməyə müvəffəq oldum, – dedi İlyas və sönmüş papirosunu ayağı altına atdı. – Dayım kəndə gələndən bir həftə sonra, uzaq qonşumuz malakan kəndinə qonaq gedərkən, məni də özüylə bərabər aparmaq istədi. Onu cəbhə dostu Vasili qonaq çağırmışdı. Malakan kəndi elə o vaxt da günbatanda, Həftəran dərəsinin o biri tərəfindəki dağlar üstə salınmış böyük və abad bir şənlik idi.
Səhər Tərlanı yəhərləyərkən dayım gözlərimdə nə gördüsə, dedi ki, sən də get mənim adımdan Muxtar kişinin atını istə, deyinən axşama qayıdacayıq.
Dərhal Muxtar kişigilə yüyürdüm – indi o kolxoz sədridir – Muxtar kişi dayımdan heç bir şeyi əsirgəməzdi, ona görə atı özü yəhərlədi, sonra cilovu üstümə atdı.
Dayımla bərabər, yanaşı at sürərək, kənddən çıxanda ürəyim dağa dönmüşdü. Amma gözüm yenə Tərlanda idi. Elə ki, atlarımız sıçrayıb təpə üstünə qalxdılar, Tərlan dərhal başın geri çevirib kişnədi: yəni salamat qalın, gedirəm. Enişi rahat yerişlə endik. Dayım isə hərdənbir gözünün ucuyla mənim at üstündə nə cür oturduğuma nəzər yetirirdi. Həftəran dərəsi ilə uzanıb gedən şose yoluna düşəndə, Tərlan artıq özünü didib dağıtmağa başladı. O tez-tez fınxırıb cilovunu gəmirir, alovlu qara gözlərini süzərək, mənim altımdakı ata baxır, cinlənib acıqlanırdı ki, biz onun ayağına çidar olub, tutub onu saxlayırıq. Axırda dayım Tərlanın hövsələdən çıxdığını görüb, mənə tərəf döndü:
– Əgər yolu tanısaydın, mən bunun başını bir az buraxardım.
Yol göz qabağında idi, tanımağa ehtiyac yox idi. Başımla dayıma razılıq işarəsi verdim. Və yalnız onu gördüm ki, dayım üzəngini azacıq Tərlanın böyrünə sıxmışdı ki, Tərlan yerindən qopdu, nə qopdu. Elə bil qəfildən üzümə vuran şiddətli küləkdən nəfəsim tutuldu. Ağzımı açıb Tərlanın dalınca baxa-baxa qaldım. O möcüzənin dalınca çapmaq gülünc olardı, altımdakı at da bunu hiss eləmişdi və qərarından getmirdi. Sonra mən Tərlanı dağ başına, malakan kəndinə qalxan dolaylarda yuxarı uçan gördüm, elə bil o qabaq ayaqlarıyla göyləri eşirdi...
Birdən sinəmdə zəhərli bir ağrı hiss elədim. Mən artıq Tərlanı dayıma qısqanırdım...
Nəhayət mən malakan kəndinə çatıb Vasilinin həyətinə girəndə, dayımı və ev sahibini iki nəfər topa saqqallı qoca malakanla bərabər tut ağacı altındakı stol başında oturmuş gördüm. Süfrədəki iki araq şüşəsini boşaltmışdılar. Mənə də iki stəkan pivə verdilər, içdim. Mən pivə içərkən Vasili dayımla bərabər bir dəfə ağlara əsir düşüb, üç gün sonra güllələnməyə aparılarkən, necə qaçdıqlarından danışırdı. Mən bu əhvalatı birinci dəfə eşitdiyim üçün, dayımın üzünə baxdım, – dayım bilinməz bir nöqtəyə baxırdı, gözləri yol çəkirdi.
Axşama yaxın geri qayıtmağa hazırlaşarkən dayım dedi:
– Apar Tərlanı göldə sula, yola düşək, – sonra əlavə elədi, – öz atını min, Tərlanı yedəyində apar.
Mən Muxtar kişinin atını minib Tərlanı yedəyimə aldım, lakin cilovu nə qədər çəkdimsə, Tərlan dirəndi, dalımca gəlmədi.
Vasili gülüb dedi:
– Tərlan sənin yabının dalınca getməz, düş yerə ikisini də yedəyinə al.
Yerə atılıb hər iki atın cilovunu əlimə alıb dalımca çəkdim, amma Tərlan o saat qulaqların yapırdıb Muxtar kişinin atını elə qapdı ki, yazıq at qulun kimi çığırdı və cilovu əlimdən qopardıb həyətin o biri başına qaçdı.
Bu dəfə Vasili bərkdən qəhqəhə çəkib güldü:
– Eybi yoxdur, – dedi, – sən Tərlanı apar, bu saat bizim uşaq gələr, o da sənin atını aparar.
İndi təkcə Tərlanın cilovundan çəkəndə, o əvvəlcə dayıma tərəf baxdı, sonra arxamca gəldi, həyətdən çıxıb kənd içilə üzüaşağı yönəldik. Tərlanın dalımca nə cür gəldiyini bilmirəm, lakin mən başımı aşağı salıb gedirdim. Elə bilirdim ki, kənd uşaqları atı minməyib yedəyimdə apardığım üçün, məni ələ salıb hoydu-hoyduya götürəcəklər. Nəhayət kənddən çıxıb, enişlə üzüaşağı endik, böyük və süni gölün kənarına gəldik. Məndən başqa bir neçə oğlan uşağı da göl qırağında atlarını sulayırdılar.
Tərlan dodaqlarını mavi göl suyuna uzatdı, mən yavaşdan şirin-şirin ona fit çalmağa başladım. Sonra o sudan doyub başını qaldıranda, dizə qədər çırmanıb özüm suya girdim, Tərlanın səkilli biləklərini, durna boynunu, məxmər sağrısını yudum, barmaqlarımla yalını darayıb tumarladım, axırda ərk ilə kəkilindən tutub dartdım. Belə hallarda o həmişə qulaqların yapırdıb dayımla zarafata başlar, möhəbbətlə, şəfqətlə dayımın qolundan qapardı. Lakin indi mənim zarafatıma o əsla etina eləmir, titrəyən barmaqlarımın nəvazişinə məhəl belə qoymur, yalnız məğrur başını uca tutub, hara isə boylanır, nə məni qapır, nə də üzümə baxırdı...
Tərlanın mənə qarşı bu etinasızlığı birdən mənə elə yer elədi ki, hirs başıma vurdu, nəfəsim sinəmdə qısıldı. Dərhal cilovundan tutub kəskin bir hərəkətlə dalımca çəkdim, yol qırağındakı dikdir yanına çatarkən, qəfildən geri dönüb cilovun başından geriyə – üstünə atdım və bir göz qırpımında dikdir üstündən sıçradım, çılpaq belinə qalxdım.
Yalnız yuxularımda qovuşduğum o an gəlib çatdı. Tərlan isə məndən gözləmədiyi bu hərəkətdən diksinərək dal ayaqları üstə şahə qalxdı, qəsdimə durub, məni elə o dəqiqə üstündən yerə atmaq istədi. Amma mən ayaqlarımı onun qabarıb yatan böyürlərinə elə sıxmışdım ki, qırsaqqız kimi ona yapışmışdım. Və bir neçə dəqiqə o dəlicəsinə dal ayaqları üstə dövrə vurub fırlandı, vüqarı coşğun məzacı mənim cəsarətimi mənə bağışlamaq istəmirdi. Mən isə qət eləmişdim – ya ona verən Allah, ya mənə...
Nəhayət Tərlan qabaq ayaqları üstə yerə gəldi, hirsindən geniş açılmış burun pərələri elə bil od saçırdı. Bu vaxt mən artıq fürsəti əldən verməyərək, cilovun uclarını qulaclayıb var gücümlə onun sağrısına, acı ağrısı ürəyə sancılan bir qırmanc zərbəsi çəkdim. Elə bil Tərlanın ayaqları altında bomba partladı. O altımda dik atılaraq göyə sıçradı, sonra ildırım kimi irəli şığıyarkən, bir an mənə elə gəldi ki, at altımdan çıxdı, mən isə asılıb havada qaldım. Ömründə mahmızların xəfif təmasından savayı heç bir kobud zərbə görməmiş Tərlanın vüqarı, heysiyyatı, varlığı birinci dəfə idi ki, bu cür təhqir olunurdu. Və indi onun içindəki qəzəb elə od tutmuşdu ki, əgər qanad açıb uçmağa başlamışdısa, bu qanadları alovlanmış bir quş uçuşu idi...
Bütün sonrakı hadisələrin nə cür cərəyan etdiyini, bir qığılcımdan tutuşan alovun bizi necə ağzına aldığını ardıcıl olaraq təsvir eləmək mənim üçün çox çətin olardı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/enver-memmedxanli-ayrildilar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Ananın ölümüAna çoxdan ölüm yatağında idi və bu son günlər gözlərini aça bilmirdi, dili söz tutmurdu, huşu özündə deyildi.Şam çoxdan ərimişdi, çoxdan tükənmişdi və o bir tikə titrək alov ki, ilişmişdi dibində, ərinti üstündə, qalmışdı, indi o da bir ilğım kimi yayxanırdı, üzülürdü, göz qırpırdı, amma sönmürdü.
Ay işığındaDönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Стихи других поэтов
دهر دریاست، بیندیش ز طوفانش
BeytlərЧто ты ни говори, но рушить смысла нетСто хижин, чтоб один построить минарет.
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Xandadir ol bimisalın ibtidası, xandədir?Xandadir ol bimisalın ibtidası, xandədir?Kim bilir, ol künt-kənzin intəhası xandədir!