Bakı gecələri
Страница 1 из 10
Yadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.
Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
Bütün gecəni yol gedəcəkdik, səhər açılanda dəmir yolu stansiyasına çatacaqdıq və hər gün səhər tezdən günbatandan gəlib beş dəqiqə o stansiyada nəfəsini dərən, sonra günçıxana doğru çapan bir sürət qatarı məni həsrətində olduğum uzaqlara, az qala dünyanın o başına, təkcə adı yanımda çəkiləndə ürəyim döyünən böyük və əfsanəvi bir şəhərə aparacaqdı. Və mən orda ömrümdə ilk dəfə dəniz adlanan möcüzəni görəcəkdim, o şəhərin yan-yörəsindəki neft buruqları meşəsində gəzəcəkdim, elə bir meşədə ki, orda minlərlə qara çeşmələr qaynayırdı və gecələr kəndimizin işıqlarından yeddilik çıraqların hamısında o qara çeşmələrin ağ cövhəri yanırdı.
O ağ cövhəri isə bizim tərəflərə, dəmir yolundan uzaq kəndlərə vaxtaşırı günçıxandan gələn dəvə karvanları gətirirdi. O karvanlar ki, caydaq dəvələrin hürgücləri dərisi qapqara tuluqlarla yüklü olurdu, onlar keçdikləri kəndlərə, obalara o şəhərin göndərdiyi işığı paylaya-paylaya baş alıb günbatana doğru gedərdilər.
Kənddə birinci xoruz banı idi, avqust göylərində tez-tez ulduzlar axırdı, ayın solğun ziyasına qərq olmuş kiçik meyvə bağlı həyətimizdə qapqara bir pişik yenə cır alça ağacının gövdəsini cırmaqlayırdı və elə bil bülöv daşına bıçaq çəkib korşalmış caynaqlarını ovxarlayırdı, uzaqlarda isə başı qarlı sıra dağlar ətəyindəki taxılı biçilmiş kövşənlərə yenə od vurulmuşdu ki, torpaq gələnilki əkin üçün gübrələnsin və o vaxt ki, o dağların ətəkləri zolaq-zolaq alovlu olurdu, o yanan kövşənlər hər gecə o dağları çəkib çox yaxına gətirirdi, gündüzlər isə dağlar yenə geri çəkilirdi və geniş bir vadiyə səpələnmiş kəndlər, obalar üstündə nəhəng divarlar kimi bir-birinin dalında göyə ucalırdı.
...Sürət qatarı gürhagurla gələndə kiçik dəmiryol stansiyası zağ-zağ əsmişdi. Yer titrəmişdi, çiyni xurcunlu kənd adamları vaqonlara doğru cummuşdular. Mən həyəcanla atamın çiynindən, atam isə tələsik mənim alnımdan öpmüş və demişdi:
– Di get, yaxşı yol, amma orda papağımızı yerə soxma!
Bütün yolu bircə dəqiqə də olsun vaqon pəncərəsindən qopmamışdım, nə bir tikə çörək yemişdim, nə bir qurtum su içmişdim, ayaq üstündə günü axşam eləmişdim, çünki ilk dəfə idi sürət qatarında ürəyimin susadığı elə bir sürətə qovuşmuşdum ki, bu sürəti qavramaqla sərməst olub bütün dünyanı unutmuşdum.
Uzaqlara baxmışdım, göy əyrisi ağır tərpənişli nəhəng çevrə kimi sağdan sola hərəkətə gəlmişdi, yaxına baxmışdım, relslərin yanından torpaq kükrəmişdi, arxaya axmışdı.
Üfüqlərə kimi uzanan ənginliklər isə ağacsız, kölgəsiz qupquru yanıq çöllər idi ki, o çöllərə səpələnmiş yastı-yapalaq daxmalı kənd və obaların fərəhsiz mənzərəsindən göz yorulurdu, ürək sıxılırdı.
Amma sonra qatar dayanmadan kiçik bir stansiyadan çapıb keçərkən yaxın kəndlərdən birinin arxasından çıxan və sanki o kəndin yastı-yapalaq daxmaları üstündən uçaraq irəli şığıyan böyük bir ceyran sürüsü sürət qatarıyla yarışa başlarkən bu yovşanlı-sirkanlı bomboz düzənlərə elə bir yaraşıq vermişdi ki, vaqonların pəncərələri bir anda adamlarla əhatə olunmuşdu. Mürgü döyən qocalar mürgünün yapışqanlı yuxusunu hörümçək toru kimi üzlərindən silmişdilər və kiçik uşaqların gözlərindən bir dərya işıq aşıb-daşmışdı...
Gün batan çağı sürət qatarı Bakı vağzalının üstüörtülü platforması qarşısında dayanmışdı və birinci olaraq vaqondan yerə mən sıçramışdım, heybəmi çiynimə aşırıb vağzal önündəki meydana çıxmışdım, burda atları tumarlı, sürücüləri çox uzun çuxalı saysız-hesabsız qara rəngli faytonlar iki cərgə ilə bir-birinin dalınca düzülüb dayanmışdı və müştəri çağıran o faytonçuların səs-küyü meydanı elə başına götürmüşdü ki, qoca bir faytonçu ikinci dəfə məni səsləyib və demişdi:
– Ada, çöllü balası, ağzını açıb hara baxırsan, otur gedək, yoxsa vağzalın xəzpuşları mafar verməz, heybəni çiynindən, papağını başından elə çarpışdırar ki, sonra ağzın bir saat açılı qalar.
Yarım saat sonra şəhərin günbatanında dağüstü məhəllənin bir küçəsində faytondan düşmüşdüm və üçmərtəbəli böyük bir evin bir əlcə həyətinin ortasında dayanmışdım, əllərimi heybəmin döşümdən asılmış gözü üstə çarpazlamışdım və aşağıdan, elə bil dərin quyu dibindən yuxarıya – şüşəbəndli mərtəbələrə baxa-baxa qalmışdım.
Çünki böyük şəhərin bu evi haqqında bildiyim yalnız o idi ki, bu evin hansı mərtəbəsindəsə mənim şəhərli sonsuz xalamla əri Əlimürsəl kişinin iki otaqdan ibarət mənzilləri var.
Yuxarıda, böyük evin yastı damı üstündə bir oğlan uşağı məhəccər qırağında dayanmışdı və bez köynəyi altından çıxartdığı ağ göyərçinləri bir-birinin dalınca göyə atdıqca, o quşlardan bəziləri havalanırdı, qanad çalıb göyə millənirdi, digərləri bir neçə dəfə qanadını şaqqıldadır, çox tez geri dönür və damın qırağında bir-birinin yanına düzülərək, yanakı baxışlarla aşağıya, həyətdə dayanmış mənə tərəf boylanırdı.
Bu vaxt ikinci mərtəbənin aynabəndindən bir qız da başını çölə çıxartmışdı və eynilə damın qırağına düzülmüş o ağ göyərçinlər kimi yanakı bir baxışla aşağı baxmışdı və başı çal papaqlı, çiyni qırmızı heybəli görkəmim görünür diqqətini çəkmişdi ki, boynunu bir az da irəli uzatmışdı. Kəhrəba boyunbağısı, xurmayı saçları axmışdı, üzüaşağı tökülmüşdü və bənövşəyi gözləri bir an məni tədqiq eləyəndən sonra demişdi:
– Bağışla a... deyəsən nabələd adamsan, niyə məəttəl qalmısan orda, kimi axtarırsan?
– Kənddən gəlmişəm, – demişdim, – amma bilmirəm xalamgil burda hansı mərtəbədə olur.
Şəhərli qız şuxluğa başlamışdı:
– Bu evdə o qədər xala var ki, hansı mərtəbəyə qalxsan, rastına cavanəzən bir xala çıxar, hayıl-mayıl olarsan!
Qıza bir söz deməyə macal tapmamış bu dəfə də birinci mərtəbənin şüşəbəndin arxasından kiminsə çox xırıltılı yoğun səsi gəlmişdi:
– Eşidirsən, arvad, xalasıgilə gəlib oğlan! Daha kənddə yerə bel vuran qalmadı, doldu şəhər ağzınacan motal papaqlarla. – Elə bular, bu cinni Cəfər qoşunu qapıb aldı imarətimin iki mərtəbəsini mənim əlimdən...
Qaşlarım çatılmışdı, əgər birinci səsdən, şəhərli qızın o ilahi səsindən sonra bu ikinci nahamvar səs böyük şəhər təkəbbürünün səsi idisə, mən də dərhal kiçik bir dağ kəndinin təkəbbürü ilə qarşı qoymağa hazır idim ki, yuxarıdan yenə şəhərli qızın gümüş cingiltili səsini eşitmişdim:
– Vaxsey, fikir vermə ona, qoca kişidir, elə qocalıb ki, hələ də milisə polis deyir...
Sonra bilmişdim ki, bu böyük imarət o qocanın şəxsi mülki imiş, amma indi ancaq birinci mərtəbə qocanın əlində qalıb, ikinci mərtəbə ilə üçüncü milliləşdirilmişdir, daha sonra isə belə bir səhnənin şahidi olmuşdum ki, o milliləşdirilmiş mərtəbələrin aynabəndlərindən qadınlar bir-birilə atışanda, qoca əlində çəlik həyətə çıxmışdı və başını yuxarı qaldırıb bağırmışdı ki, kəsin səsinizi bihəyalar, yoxsa bu saat gedib polis çağırram və bir dəqiqə əvvəl bir-birinə söz atan o qadınlar o saat hırtıldaşıb başların geri çəkmişdilər.
Çaşıb qaldığımı görən şəhərli qızı:
– A... – demişdi, – bəlkə Tutu xalanın bacısı oğlu elə sənsən, dünən dizinə döyürdü ki, Yunis gəlib çıxmadı, uşaqcığaz imtahanlara gecikdi, çıx yuxarı üçüncü mərtəbəyə, qoy yazıq arvad uşaqcığazını görüb sevinsin!
Və qız başını yuxarı qaldırmışdı, dam üstündə quş uçurdan balaca oğlanı səsləmişdi:
– Səttar, ordan Tutu xalaya de ki, bacısı oğlu gəldi, gözləri aydın!
Sonra yenə aşağı baxmışdı və düz üzümə yönəldilmiş şux bir gülüşlə başını geri çəkmişdi, aynabənd arxasında yox olmuşdu.
Və o dəqiqə elə bil axşamın da titrək işığı sönmüşdü, kiçik həyətə dərin zülmət qaranlıq çökmüşdü.
Tutu xala məni qupquru sinəsinə basmışdı, kövrəlmişdi. Hıçqırmışdı və istəmişdi bir ağız məni oxşasın, amma Əlimürsəl kişi aman verməmişdi, məni və atamı məzəmmət eləməyə başlamışdı:
– Dədənə üç dəfə kağız göndərmişəm ki, səni tez yola salsın, hazırlıq kurslarına imtahanlar çoxdan başlanıb, yaxşı ki, kağız-kuğazında əyər-əskik yox idi, qəbul elədilər. Sizə, kənddən gələnlərə güzəştə gedirlər, indi çalış imtahanlarda bizi xəcil eləmə!
– Narahat olmayın, Əlimürsəl dayı, çalışarıq şələmizi sudan çıxardarıq.
– Çıxartsan yaxşıdır, yox əgər şələ-küləni qoltuğuna versələr...
– Allah eləməsin a kişi, ağzını xeyirliyə aç...
– Şər deməsən xeyir gəlməz... Onda aparacam səni mədənə yanımda açarçı işləyəcəksən!
Sonra qoca buruq ustası ayağa qalxıb paltarını dəyişib və mədənə getmişdi – çünki yenə bir həftə gecə növbəsində işləyəcəkdi. Heybəmdəki ayın-oyunu boşaldan Tutu xala isə anamın qarasına deyinməyə başlamışdı:
Kitabxana.az · https://kitabxana.az/ru/works/enver-memmedxanli-baki-geceleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
İkinci hissəAzərbaycan dağları. Bilalabad kəndi.Gecədən xeyli keçmişdi. Bütün kənd yatmışdı. Quşbaşı qar yağırdı.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Стихи других поэтов
Yaşasın həm “Nicat”, həm “Sovqat”,Qoydular dər heqiqət aləmi mat.
Qəzəl: Könlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyilKönlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyil,Başıma zülfün ucundan bir bəla əksik dəyil
Gözlərin mayil olubdur yenə xünxarlığaGözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,