Ağ-qara şeirlər
(Ağı-poema)
Oğlum İlkinin xatirəsinə
I bölüm
I. Körpəmi ilkin görəndə
Körpəmi ilkin görəndə –
İstədim bağrıma basım.
Buludlara, ulduzlara,
Günəşə göstərim.
Fəqət,
O, kövrək əlləriylə
Qaldırdı məni yerdən.
Elə bildim körpüyəm
Yerlə göy arasında.
Elə bildim körpəyəm,
Ömrümün yarısında.
Bakı, 23 iyun, 1963
II. Nəsihət
Sabah üstündə gəzəcəyin torpağı,
Laləsini üzəcəyin çəməni.
Həsrətlə baxacağın göyləri
Verirəm sənə, oğlum.
Təəccüblənmə, qurbanın olum,
Bunları mənə də vermişdilər.
Elə-belə havayı,
Taleyimdən savayı.
Qalanını özüm qazandım.
Bir sönmüş arzumun
Payızında üşüdümsə,
Bir közərən ümidimin
Baharında qızındım.
Yaxşını pisdən ayırınca
çox keçdi,
Ürək – ürək olunca
çox keçdi.
Ömrümün günləri
Ölçüldü əməlimlə.
Ac-susuz
qalsam da günlərlə
Bir gün də yaşamadım arzusuz.
Məhəbbəti baha aldım,
Nifrəti ucuz.
Sabah üstündə gəzəcəyin torpaq,
Laləsini üzəcəyin çəmən,
Həsrətlə baxacağın göylər,
Əbədidir, oğlum,
İnsan köçəridir!
Elə indidən vərəqlərini
Əlinlə yazacağın
Ömrünün qədrini bil, oğlum!
Sevincli günlərin qoy çox olsun,
Kədərsiz olsun, oğlum!
Kədəri olsa da,
Qoy əziz olsun, oğlum!
Bakı, 1965
III. Göy-göldə
Qonur gözlərimə,
Qonur gözlərinin
Həsrəti, oğlum!
Göy-gölü dumanlı gördüm sənsiz,
Lalələri solğun!
Göy-göl, 1965
IV. Telefon söhbəti
Sən heç nə demədin, oğlum,
Körpəsən hələ,
Səsini eşitdim,
Elə səsin də bəs idi mənə.
İsti, odlu kəlmələrə
Döndü səsin, isindi hava.
O günü Günəşə qərq oldu
Şaxtalı Moskva,
Qarlı Moskva.
Moskva, dekabr, 1965
V. Neyləyim
Hicranlara dözümlüdür ürəyim,
Ata hicranına,
Ana hicranına,
Yar hicranına.
Övlad hicranına
Dözə bilmirəm, neyləyim?!
Moskva, dekabr 1965
II bölüm
(39 ildən sonra)
Anası Sevilə təsəlli üçün
I. Poçt qutusu
Beton evimizin
beton pillələrini
enib-qalxanda
baxıram poçt qutusuna.
Nola, bir də zəlzələ ola,
bu divar yarıla,
bu poçt qutusu sına!
Orda hərdənbir
sənin məktubun olardı.
Anasından küsmüş uşaq kimi,
üzü soyuq dəmirə söykənib
gözləyə-gözləyə qalardı
ta biz o məktubu görüncə.
O məktubda sən vardın!
II. Layla
Körpə olanda
bir layla qoşmuşdum ona,
Guya şəkər qatırdım
şirin yuxusuna.
«Bu balanı bala qatın,
Bu balanı qəndə qatın.
Əgər yatmaq istəməsə
Pəncərədən çölə atın».
Əvvəl, laylamdan qorxardı,
Sonra, mənə baxa-baxa
yatardı mışıl-mışıl.
Yuxusunda güllü-çiçəkli
dərin dərələr görərdi.
Uca, qarlı dağlar görərdi,
meşələr görərdi yaşıl-yaşıl.
Göydə Allah da gülərdi
bu layla – zarafata.
Hansı ata –
yatmadığına görə
körpəsini çölə atar?!
Sonra, oğlum böyüdü,
boya-başa çatdı.
Özü öz əlləriylə
özünü bilə-bilə
Dəşti-Qıpçaqdan da uzaq
bir çölə atdı.
Bizi saldı dağa-daşa.
18 il həsrət qaldı
Ana oğula,
bacı qardaşa.
Adam yatırmağa
Hər cürə laylamız var.
Görəsən,
bu dünyada
Elə bir layla varmı ola,
Yuxuya gedəni ayılda,
Yatmışı oyada?..
III. Qatıq satan qoca əmi
Onda hər gün
qatıq satan qoca əminin
«qatıq var, qaymaq var»
səsinə
yuxudan oyanardı
böyük şəhər.
Sən də oyanıb,
«qatıq var, qaymaq var»
qışqırır qoca əmi
deyərdin hər səhər.
İndi nə o, qatıq satan qoca var,
nə də o qatıq, o qaymaq.
İndi başqa bir qatıqçını
yamsılayır başqa bir uşaq.
İndi sən də yoxsan…
IV. Yuxarıdan görünən maşınlar
Gör nə düşdü yadıma,
qəribə bir adəti vardı –
Pəncərə qabağında
saatlarla dayanıb durardı.
Yuxarı mərtəbədən
maşınların damına baxıb,
bir ad qoyardı hərəsinə.
Yuxarıdan baxanda
hər şey görünür tərsinə.
Birinə «boranı» maşın deyərdi,
birinə «sandıq».
Hərdən ona gülərdik,
hərdən inanardıq.
Bu maşın «qışqıran» maşın idi,
bu maşın «buynuzlu»,
bu maşın «girdə»,
bu maşın «uzun».
Bunlara bənzər
Onlarca təzə söz
Uydurardı özündən.
Yalnız damlarını görərdi,
maşınların içərisindən,
içərisindəkilərdən
xəbəri yox idi.
Odur ki, böyüyəndə
adamları tanımadı.
Bilmədi ki,
adı bir cür olur,
zahiri bir cür olur adamların,
amma başqa cür olur əməlləri.
Hələ qabaqdaydı onun
Həyat məktəbi illəri.
V. Aginski polonezi
Bir dəfə köhnə evimizdə
köhnə pianonun
çərxi-fələk kimi fırlanan
yumru sandalyasına
çırpdı özünü –
(İmtahandan kəsilmişdi).
Bizə heç nə demədi,
pianonun ağ-qara dillərinə
dedi sözünü.
Ömründə –
do, re, mi, fa, sol, lya, si,
nədir bilməyən,
əllərinin altında
inildədi birdən-birə
dünyanın ən yanıqlı polonezi.
(Bəstəkarın adında da
gizlənmişdi ağı sözü.
Başdan-başa ağı idi
Ağinksi polonezi).
Dilləndikcə pianonun
Ağ-qara günlərimizə bənzəyən
dilləri ağladı.
Əvvəl, ağlar ağladı,
sonra qaralar ağladı.
Ağladıqca daş ürəklərdə
yaralar açdı,
həmin yaralar ağladı.
Sonra qoşuldu ağlar, qaralara,
qoşa ağladılar.
Sonra tavan ağladı,
döşəmə ağladı,
sonra da ağladı divar.
Uzaqda Babadağın ətəyində
baba yurdunda
dərələr ağladı,
dağlar ağladı,
baxçalar ağladı,
bağlar ağladı.
Bayatılar ağladı,
ağılar ağladı.
Güllər, çiçəklər ağladı,
yarpaq-yarpaq,
buta-buta,
dən-dən.
Başdan-başa yas tutdu,
ağladı çəmən.
Ata-ana, bacı-qardaş, qohum-qonşu,
Hamı əlləri qoynunda,
mat-məəttəl,
məlul-mükəddər.
Dayandılar ayaq üstə,
Göz inanmırdı gördüyünə,
ağıl kəsərini itirmişdi.
Düşüncə əsir olmuşdu,
bu möcüzəyə.
Hamı hamıdan
gözləriylə soruşurdu:
«Nə olub görəsən?»
Bir qəlbin hönkürən fəryadı,
sığmırdı yerə-göyə.
Oğul, səndə bu qədər
ağrı hardan?
Bəlkə də bu günü
görürdün onda?!
VI. Kimim getdi
Elə bilməyin ki,
Fikrətin təkcə
bir İlkin balası getdi.
Ahım ucaldı göyə,
Əslində –
bütün İlkinlərin babası getdi.
Bu adı mən gətirmişdim
bu ölkəyə.
İlkinlər İlkini İlkinim getdi…
Zalım çərxi-fələyin çarxı
elə fırlandı ki,
dünyanı elə qarışdırdı ki,
Heç bilmirəm bu dünyada
kimim qaldı, kimim getdi…
VII. İlin hansı fəslidir
Kim deyə bilər ki,
ilin hansı fəslidir?
Payızdı, qışdı, yaydı,
yoxsa, indi bahardır?
Günlər elə keçir ki,
günlər bir-birinə
elə bənzəyir ki,
təqvimə baxmasan
deyə bilməzsən
ilin hansı fəslidir.
Payızdı, qışdı, yaydı?
Yoxsa, indi bahardı?!
Amma, ilin
hansı fəsli olur-olsun
qürbətdə ölmək – intihardı.
Bunu təqvimə baxmasan da
deyə bilərsən.
VIII. Qardaş dərdi
Qardaşın Orxanı
Rüsiyyətdən gələn hər xəbər
diksindirərdi.
Yalnız qardaş dərdi çəkən bilər.
Nə ağır dərdmiş
qardaş dərdi.
IX. Niyə axı
Ağlın kəsə-kəsə,
Gözün görə-görə,
Necə dözdün axı,
Necə öyrəşdin axı,
18 il qürbətə?
Nə yaxşı ki, hələ
Gözüyumulu olsa da
Qayıtdın doğma Vətənə,
Qarışdın ana torpağa,
Qovuşdun əbədiyyətə.
X. Bir damla göz yaşı
Son zəngləşmədə
Dedim: «Ağlını başına yığ,
qayıt vətənə, dön evə!»
Dinmədin… Ağladın
bəlkə də son dəfə.
Biz dünyanın bu başındayıq,
sən o başındasan.
Qürbətdə kövrək olur insan,
Gözündən bir damla düşdü.
Ağır olur qürbətin göz yaşı,
Düşdü, yandırdı dağı-daşı.
Düşdü, keçdi yerin təkinə,
İki yerə böldü Yeri,
bu üzdə ağlatdı bizləri.
XI. Vida gecəsi
Başı bəlalı anan
baş ucunda bardaş qurmuşdu.
Gözü yaşlı bircə bacın
ayaqlarını qucaqlamışdı.
Mən – ortada tək qalmışdım…
Kənardan baxırdım
bu qəmli səhnəyə.
Nə ağlaya bilirdim,
nə bir söz tapırdım deyəm.
Kimsə dedi: –
«Nə yaman uzanmısan, bala?..»
«Əsgər atası» düşdü yadıma.
Bütün gecə,
Ta səhərəcən –
elə beləcə
vidalaşdı
ana – balasıyla, bacı – qardaşıyla…
Dəyirman daşı hərlənərdi,
Burda axıdılan göz yaşıyla…
XII. Ümid də qırıldı
Bu gün ona –
göndərdiyimiz
pul da qayıtdı.
Bu son zərbə məni ayıltdı,
Bildim ki, balam orda yoxdur,
Burda da yoxdur daha balam…
Son ümid də qırıldı,
Ordan qayıdan
bir kəlmə sözdən asılı idi,
ümidimin kövrək sapı.
Ay kor olmuş baxtım!
Gecə birdən-birə düşdü,
Sonra Ay batdı,
ulduzlar söndü.
Sonra da evim uçuldu,
çırpıldı qapım.
Ordan qayıdan pula
bacın Aysel,
böyük oğlun Zaura
Sənin adından bir qol saatı aldı…
Sən getdin –
səndən sonra,
səndən bizə
bu dünyada vaxt qaldı.
Dərdləri bitirən, biçən,
Ümidləri göyərdən, qıran,
Dünyanı quran, uçuran
Səbir kasamızı daşdıran,
Düyünləri bağlayıb-açan,
Dolaşdıran,
İnsanı yaşadan
və
çaşdıran Vaxt!
XIII. Uçurum
Dünyaya gələn gündən
Taleyinə uçurum yazıldı, oğlum!
Dərdli günlərin çox oldu,
Fərəhli günlərin az oldu, oğlum!
Ömrü boyu bu dünyada
uçurum üstündə yaşadın.
Dünyadan köçəndə də məzarın
Uçurum üstündə qazıldı, oğlum!
XIV. Alın yazısı
Görünür yazı yazan belə yazıb,
belə yozub,
Amma nə olsun ki,
qoy asi desinlər mənə.
Kimsə sıranı pozub,
Bu sənin işindir, fələk!
Bu sənin oyunundur, ey qəzavü-qədər!
Bir qocaya çox deyilmi
bu ağırlıqda kədər?
Bəlkə də çaşıb mələklər,
Mən yaşda atanı burda qoyub,
Görüblər – sən yaşda oğulu.
Oğul, oğul, ay oğul!..
İndi ha döy başına,
ha yan-yaxıl!
Sən nə görmüşdün ki?..
Həyat dedikləri şirin bir nağıl!
Sən bu nağılı görmək üçün
baş götürüb dünyanı gəzdin.
Sən bu nağılın şirin dilinə uydun,
tilsiminə düşdün,
meşəsində azdın.
Bu aldanış –
gör bir sənə neylədi,
gör bir mənə neylədi…
Bəlkə göylərdə də
yerdəkilərə bənzər
məmurlar var.
Yoxsa, bu boyda –
müsibət olar,
zülüm olar,
dərd olar?..
Bakı, oktyabr-noyabr-dekabr, 2003
III bölüm
I. Balam
Güclü pəhləvandın, yoxsa
Dəmirçiydin, nəydin, balam?!
Məni ikiqat qattadın.
Düz qəddimi əydin, balam!
Güləşmək nədi, ay nadan?
Taledir bizi oynadan.
Küsüb bu nahaqq dünyadan,
Haqq qapısın döydün, balam!
Bilə bilməzdin ki, niyə,
Asi oldun yerə-göyə,
Elə vətən deyə-deyə,
Qürbət donun geydin, balam!
Dünya zalım adam kimi,
Olur fağırın qənimi.
Kimdir suçlu? Mənmi, sənmi?
Sən – dünyanı söydün, balam!
(Bu gün sənin ad günün idi)
23.06.2004
II. Analar – bənövşələr
…Başdan ağlar,
Ağlayan başdan ağlar.
Oğlu ölmüş analar,
Durub obaşdan ağlar.
(Bayatı)
Mən belə ana görməmişəm, anam!
Ona – bu dünya bir yana,
bu göylər bir yana,
Allah bir yana,
Övladı bir yana.
Dünyadan küsüb,
Göylərə asi –
qalıb əlləri qoynunda,
səssiz-səssiz,
Ağlaya-ağlaya
Yana-yana.
Günəş də obaşdan boylanar,
Nur saçar cahana.
Quşlar da obaşdan oyanar,
Civildəşər.
Qoy eşitsin cümlə-bəşər,
Qoy eşitsin bilsin göylər!
Günəşlər, Aylar, ulduzlar,
Ormanlar, dərələr, dağlar,
Oğlu ölmüş analar
Durub obaşdan ağlar!
Nə qədər ki, səhər, obaşdan
Oyanır təbiət,
Nə qədər ki, Günəş var,
Pozulmaz bu adət!
Burda, kövrək bənövşələr
Yada düşər…
İlk baharda, qarlı-şaxtalı gecələrdə
Üzü bərk, sərt torpağı dəlib,
Ox kimi keçər daşdan.
Üzə çıxar obaşdan
Çəməndə, dağda, yamacda
Topa-topa,
Birər-birər,
Gözü yaşlı – Bənövşələr.
Dünyanın dərdini
Dünyaya gəlməmiş bilər,
Başına qara örtüb gələr,
Dünyaya gələn gündən yaslı – Bənövşələr.
Obaşdan ağlayanların
ən ilkini,
ən qədimi!
Hər səhər boynlarını büküb dururlar,
Obaşdan ağlayan analar kimi.
Qınamayın obaşdan ağlayanları!
Anaürəkli bənövşələri,
Bənövşəürəkli anaları!
Qoy doyunca ağlasınlar barı!
21.02.2004
III. Kreml divarı yanında
Yadındamı, onda
sən əsgər libasında,
mən həsrət havasında.
Atamı 38-də,
Maqadana göndərən
Kreml divarı yanında,
yan-yana, əl-ələ
şəkil çəkdirmişdik.
Düşmən – qürbətdə.
Kor olmuşdu yaddaşımız,
Keçmişi unutmuşduq bilə-bilə.
Mənim lay divarımı uçurtdu,
öz divarı uçulsun!
Arzusu gözündə qalsın,
niyyəti puç olsun!
O (qızıl yox) qanlı –
Qırmızı meydannın
qəzəbinə gəldin sən də!
Hələ,
əsgər gedəndə
demişdin, «bəlkə qayıtmadım».
Bəzən son gününü
əvvəlcədən görür adam.
Dekabr, 2004
IV. Təlqin
Bəlkə İlkin hələ orda – qürbətdədir,
Bəlkə bizə göndərilən İlkin deyil?!
Bəs bu boyda ağrı nədir? Həsrət nədir?
Hər özünütəlqin hələ, təlqin deyil.
Bu dərd qana hopub axır damar boyu,
Tək qəlbi yox, yandıracaq dağı-daşı.
Göyüm-göyüm göynədəcək yeri-göyü,
Məzaradək kəsməyəcək gözüm yaşı.
Bu dərdimi dəyişmərəm təlqinə – mən,
Təlqin-xəyal! Olsa-olsa təsəllidir.
Dağ cüssəli övladımı itirmişəm,
Mənə – ilin dörd fəsli də dərd fəslidir!
09.01.2004
V. Şübhə və həqiqət
Bəlkə elə Rusiyətin bəlasına gəlib balam?!
Bilən bilir, hardan gəlir indiyədək mənim bəlam.
Bu bəlanın təməl daşı Gülüstanda qoyulubdu,
Bir Gülüstan – o zamandan oyum-oyum oyulubdu.
Bu bəladan gəlib bizim başımıza min bir bəla,
Bəlaların üstü ilə gəlib çatdıq istiqbala.
Dön, bir sən, o Yanvara bax, o dəhşətli qırğını gör!
Ana yurdun taleyinə otur ağla, hönkür-hönkür!
Dərdlərinin ən acısı – Qarabağı yadına sal!
Qarabağın öz xoşuna qayıtması hələ sual.
Vətən, sənin bir dərdin də dərdlər dərdi – qürbət dərdi,
Kor ehtiyac ucbatından övladların dərbədərdi.
Qürbət eldə günəş soyuq, qürbət eldə yollar daşlı,
Qəriblərin qəlbi kövrək, qəriblərin gözü yaşlı.
Orda – düşmən qapısında sevincdən yox əsər-ətər,
Ağ günlərin dumanında həftədə bir qara xəbər.
Özgə, «qara» millət bilib istəmirlər cümləmizi,
Təkləyirlər, dənləyirlər bilə-bilə, bir-bir bizi.
Erməniyə arxa duran baxmır haqqa, ədalətə,
Bəlkə, İlkin övladım da qurban gedib ədavətə.
Vətənmi ya, qurbətmi ya, yoxsa mənəm bunda suçlu?
Bu sirr hələ açılmayıb, bu sirr hələ bizdən güclü!
Bir şübhəni əvvəl-axır bir həqiqət yenəcəkdir,
Bəlkə onda,
balamın da
Perik düşmüş qərib ruhu doğma yurda dönəcəkdir!
10.02.2004
VI. Bir ruhu küskünə
(Oğlum İlkinə)
Bu sirri-mübhəmi bir Allah açar,
Mən aciz bəndəyəm, aça bilmərəm.
Dünyalararası yalnız ruh uçar,
Mən hələ insanam, uça bilmərəm.
Ey kimsəsiz qərib, ey ruhu küskün!
Ey qəlbi niskilli, taleyi miskin!
Ey hər gün üstünə göydən dərd yağan,
Ey gecəsi hüzün, gündüzü çiskin!
Ay-ulduz söndümü, gün tutuldumu?
Əzablı günlərin unuduldumu?
Qürbətdən Vətənə necə gəldiyin
Sərgərdan ruhuna əyan oldumu?!
Gavahın toxundu daşa, əyildi,
Bu insan, bu qədər yaşaya bildi.
Mən alın yazısı demirəm buna,
Bu başqa dərd idi, tale deyildi.
Şimalda, darısqal qürbət küncündə,
Yaşadın tək-tənha yadlar içində,
Neçin, bir az əvvəl özün gəlmədin,
Min ağrı cəmlənib, bu bir «neçin»də.
Səsim sənə çatmaz qışqırsam belə,
Ruhlar danışırlar sükut diliylə.
Sənin doğma yurda qayıtdığını,
Sən bilə bildinmi, bilmirəm hələ.
Ərşə bülənd oldu fikrim, xəyalım,
Göylərə dirəndi ağır sualım.
Bilə bilmədim ki, bildin-bilmədin,
Yoxsa ömür boyu nigaran qalım?!
Bunda nə hikmət var, görəsən nədən –
Elə Vətən deyir qürbətə gedən?!
Hər qürbətə gedən qürbətdə qalsa,
Azalar torpağı, kiçilər Vətən.
Deyirlər, dünyada iki dünya var,
Guya bitişikdi həmin dünyalar.
Necə bitişikdi, ordan xəbər yox,
Kim burdan o yana ismarıc yollar?
Bu dünya nurlu bir güman içində,
O dünya bəyaz bir duman içində,
Amma, ümidini kəsmə, səbr elə,
Buğda dənəsi var saman içində.
Əgər iki dünya varsa dünyada –
Bu dünya əfzəldir, demə nəbadə.
O dünya üçün də burda yaşa ki,
Orda düşməyəcək bu dünya yada.
«Bu dünya – haqq dünya!» – deyənlər də var,
«O dünya – haqq dünya!» – deyənlər də var.
Əgər ikisi də haqq dünyadırsa.
Bəs niyə arada gizli pərdə var?!
Bu dünya səs-küylü, cismani, fani!
O dünya göylərdə, səssiz, ruhani!
Bu səsli dünyanın bircə gününə
Bütöv dəyişərdim o lal dünyanı!
Bakı, 2003-2004
VII. Gecə taksisi
Hərdənbir… Gecə…
Evimizin qabağında,
Taksi dayananda,
oyanıram əyləcə.
Əyləcin paslı qıcırtısına,
çırpılan qapı səsinə,
diksinirəm, oğlum!
Az qalır mənimlə bahəm,
ev də diksinə.
Sən də həmişə…
Gecə qatarından düşüb,
elə-beləcə gələrdin…
ölkələri basa-basa,
sərhədləri keçə-keçə.
İndi həsrətəm sənə…
Oktyabr, 2004
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-ag-qara-seirler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Nə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Хосров и Ширин, глава 57Хосров спросил: «Ты кто? Тут все я знаю лица».Ферхад: «Мой край далек, и Дружба — в нем столица».
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm