…Ürəkdə bir neçə sözüm paslanıb,
Xatirəm ağlayıb, gözüm islanıb.
Xətrinə dəyməsin Məmməd Aslanın,
Sərsəngə – başımın daşımı, deyim?!
Çinarlar qələmim, qayalar dəftər,
Yazdıqca tükənməz sinəmdə dərdlər.
Ah – çəkdim, diksinib kükrədi Tərtər,
Tərtərə gözümün yaşımı, deyim?!

Bu şeir bəxtəvər günlərdə yazılmışdı. 1976-da Kəlbəcərə getmişdim, onda.

Qoşmada, farsca «sər» – baş və «səng» – daş sözlərini oynatmışdım. «Sərsəngə başımın daşımı deyim». Mən hardan biləydim ki, Sərsəng – doğrudan da başımın daşı olacaq.

Erməni – Sərsəngdə əjdaha kimi suyun qabağını kəsəcək. Qamarladığını qamarlayıb, doymayıb, indi də Tərtərə bir qətrə su qıymayacaq. Öz suyumuzu özümüzə verməyəcək.

Aşağıda – kəndlər, ormanlar. Düzlər, çaylar, şirin suya həsrət qalacaq. Tərtər quruyacaq. Torpağın dodaqları çat-çat çatdayacaq. Burda, «Tərtərhes» nəğmələrini yazan şair Müşfiqin ruhu diksinəcək, pərişan olacaq. Dağlar utanacaq. Buludlar qaralacaq. Göylər ağlayacaq.

Dünya «demokratiya» deyib bar-bar bağırdıqca, bu barbarlara demək olmazmı görən, əjdahanı suyun qabağından kənara çəksin. Göydən od yağır, torpaq su içsin bir az. Yoxsa, erməniyə söz demək olmaz. O da xristiandı, axı! Bəs onda BMT və ATƏT nəyə gərəkdir?! Niyə indiyədək ayırd edə bilmirlər ki, bu dağlar, bu çaylar kimindir?! Dünyanın bütün ölkələrində buna bənzər su sərhədləri var. Amma heç bir ölkə öz ölkəsindən qonşu ölkəyə keçən çayın qabağını kəsmir.

Su hamınındır. Su Allahındır. Bir vaxt rusun tankına, topuna güvənib, torpaqlarımızı zəbt eləyən, indi də qərbin canfəşanlığına, hap-gopuna bel bağlayıb, suyumuzun qabağını kəsir.

Qarabağı qaçaq-quldur məskəni eləyir, mineral sularını xaricə daşıyır, yeraltı sərvətlərini mənimsəyir. Gülüstanı xarabazara çevirir. Ona gözün üstə qaşın var deyən yoxdur.

Yəni, bu millətin yüzdə bir faizinin öz müqəddaratını təyin etmək hüququ varmı? Əgər yoxdursa, bəs onda niyə bunu – torpağın əsl yiyəsi olan qədim, bütöv bir millətin müqəddəratını tapdamaq hesabına eləyirlər.

Yalançı bir müqəddaratın özünütəyini, doğruçu bir müqəddaratın özünütəyinini şübhə altına almırmı? Bu ikili, ikiüzlü siyasəti günlərlə, illərlə təkrar-təkrar bizim beynimizə yeritməklə, bizi yorub bezdirməklə, təslim olmağa məcbur etməkdir. Bu oyunda hansı ədalətdən söhbət gedə bilər?

On beş ildir ki, bu gündəyik. Avropa indi-indi inanır ki, erməni işğalçıdır. Hələ də bu sözü bərkdən deməyə çəkinir. Demokratiyanın babası Amerika da, nəvəsi Rusiya da onu əlləri üstə saxlayırlar. Qorxurlar ki, yerə düşsə sınar. Sovetlər vaxtı eşitmişdim ki, ermənilər hara gəldi, harda oldu şikayətlənirdilər ki, bizim yaşadığımız ərazi büsbütün daşlıqdır, dağlıqdır və susuzdur. Düzənkahlarımız yoxdur. Amma qonşularımızın düzəngahı da var, suyu da, gürcülərlə işləri yox idi. Bu sözlər bizə aid idi. Biz həm müsəlman, həm də türkük. Odur ki, bizimlə yola getmirlər. Arazın qabağını kəsə bilməsələr də suyunu zibilləndirirdilər. O yandan da Tiflis Kürü zibilləndirir.

«Məndən ötdü, qardaşıma dəydi» timsalı ancaq özlərini düşünürlər.


Son zamanlar bir neçə zəbt olunmuş rayonu qaytarmağa razıyıq – deyirlər. Amma Laçın və Kəlbəcərdən başqa. Tələm-tələsik. Hay-küynən, çığır-bağırnan bizi yola gətirmək istəyirlər, tez olun, razılaşın, yoxsa sabah gec olar. İki rayon hələlik qalsın bizim əlimizdə. Qarabağ məsələsini də yavaş-yavaş həll edərik.

Laçın və Kəlbəcər iki, iri, qara, işıqlı göz kimidirlər. Onlarsız qaytarılan torpaqlar – gordur. Laçınsız və Kəlbəcərsiz Azərbaycan – bütöv Azərbaycan deyil!

Yəni, ATƏT bunu görmür? Yoxsa o da «sər» və «səng» sözlərinin mənasını bilir. Bilərəkdən başımıza daş salır. Heç daşda da bu ürək olmaz. Daşı itələməsən, götürüb atmasan adam başına düşməz.

Nağıllarda deyilir ki, suyun qabağını kəsən əjdahaya qurban verəndə suyun qabağından yana çəkilir. Bunlar elə acgözdürlər ki, bu qədər sərvəti mənimsəyiblər. Əvəzində Allahın suyunu da bizə çox görüblər. Dünyada əjdaha-zad yoxdur. Uydurmadır, yalandır, nağıldır. Sərsəngdə suyun qabağını kəsən əjdaha deyil, ermənidir. İndi dərəbəylik zamanıdır. Kim hara gəlibsə, kim harda durubsa, kim barmağını hara ilişdiribsə deyir «bura mənimdir».

ATƏT-də dərəbəyləri müdafiə eləyir. Belə çıxır ki, ATƏT dərəbəylər dərəbəyi, Avropa – bəylər bəyidir. Millətləri su ilə imtahana çəkənlər özləri də suya möhtac olacaq, su tapmayacaq. Bu cür xalqlar insanlıq adına ləkədirlər.

XXI əsrdə hər cür ləkəni apara bilən dərmanlar icad olunub. Amma bu cür ləkəni heç «demokratiya» yuyucu tozu ilə də yuyub, təmizləmək olmur.

Aşıq Ələsgərin, Aşıq Alının, Dədə Şəmşirin ruhları bu yerlərdə dolaşır. Bu ruhların üçü bir yerdə əl-ələ verib cəhd eləsələr də Sərsəng əjdahasını itələyə bilməzlər. Suyun qabağını kəsən əjdahanın dalında əjdaha dövlətlər durub. Bu dövlətlərin başına söz batmır. Şairə, şeirə baxan kimdir?!


Hətta, faşistlər belə tutduqları ərazilərdən yerli əhalini tamam qovmurdular, tamam qırmırdılar. Amma bu faşistlər faşisti – ermənilər yerli əhalini ya tamam qırdılar, ya da öz doğma yurdlarından tamam qovub, didərgin saldılar. Qocaların kürəyində samovar qaynatdılar, uşaqları süngüyə keçirdilər.

Çünki, erməni «ər-mən-i» sözündəndir. Çox zaman qonşu xalqlar – qonşu xalqa xasiyyətinə görə ad tapıb qoyur. Burda da belə olub. Ermənilərə qonşu olan türklər, ərəblər, farslar, üçü bir yerdə erməniyə – «ər-mən-i» adı qoyub. «Ər» – türkcə kişi, döyüşçü, ər – deməkdir. «Mən» ərəbcə inkar bildirir qadağa, yoxdur, deyil deməkdir. «İ» də fars dilində mənsubiyyət şəkilçisidir. Ər+mən+i, ərməni yəni kişi deyil. Fikir verin! «Səs məni» və «süxən məni», ifadələri, ərməni sözünə bənzəyir.


Azərbaycan – səhra deyil. Dörd-beş rayonumuz sudan korluq çəksə də şirin su ehtiyatımız çoxdur. Vay, o millətin halına ki, zəbt etdiyi su ilə torpağını suvarır, əl-üzünü yuyur. O cür millətin heç üzündə də su yoxdur. Abır yoxdur. Əgər üzündə su olsa idi, üzüsulu çəkilib gedərdi öz xarabasına! Hara? Xarabasına! Heç onun öz xarabası yoxdur. Olmayıb da!

Bu xaraba qoyduğu torpaqlar bizimdir! O torpaqlarda ki, Ermənistan böyrü üstə dirsəklənib uzanıb – o torpaqlar qədim türk torpaqlarıdır!

İki yüz ildir ki, 200 hiylə ilə yamağı yamaq üstə calaya-calaya özlərinə yurd düzəldiblər. Ağ parçada qara sapla salınmış yamaqları uzaqdan görünən torpaqlarda məskən salıblar. Bu torpaqların daş-qaşı olan Qarabağı da, «prokat»a götürüblər, elə bil. əclaf kirayənişinlər kimi Qarabağı zalımcasına dağıdırlar. Hətta, yandırırlar da! Son günlər bu isti iyun günlərində Ağdam ətrafında və qonşu kəndlərdə yanğınlar göründü. Get-gedə artdı, şaxələndi, yayıldı. Alov dilləri – aciz əllər kimi göylərə uzandı. Aman istədi. Yerdə ot, çayır, taxıl zəmiləri, kəndlər, dağ-daş od tutub yanır. Kim bilir ermənin ürəyində nə var? Bu yandan yanğın törədir, o yandan da Yezid kimi suyun qabağını kəsir ki, söndürməyək.

O elə bilir ki, təkcə çölü-düzü yandırır.

Demə, Yeri-göyü yandırır, gecə-gündüzü yandırır, zəmini yandırırsa, deməli, ruzi yandırır. Ruzini insana Allah verir. Ruzi yandıran, ruzi kəsən şeytandır, iblisdir. İblisdən də pisdi. Dörd bir yanı qara tüstü bürüyüb. Gözümüzü kor eləyir. Görəsən bu tüstünü Avropadan görürlərmi? Heç olmasa səsi-sorağı çataydı ora. Torpaqları qaytarmaq istəmirlər. Bəlkə, buna görə acıqcan yandırırlar. Bəlkə, uğurlarımızı görüb, paxıllıqdan yandırırlar. Torpaqları yandırırlar.

Atəşkəsə – «kəs» deyirlər, müharibə şəraiti yaradırlar. Torpaqları yandırırlar. Qara tüstülərlə qanımızı qaraldırlar. Torpaqları yandırırlar. Onsuz da bu yanğınlar, erməninin də əlini, ayağını yandırır.

Dünyanın gözü görə-görə Qarabağı talayırlar. Qarabağı yağlı tikə, yaxmac bilib üzünün yağını-balını yalayırlar, çörəyini didim-didim didirlər. Çörəyi dizi üstə olmuşlar! Qoy eşitsin, bilsin erməni! Sən mənim torpağımda qonaqsan, gəlməsən. Adama bir deyən gərək ki, «Arə, nöş belə qudurmusan?»

Dünyada bir qondarma erməni dövləti var bəsdir!

İkincisi, üçüncüsü ola bilməz! Onda dünyada onlarca erməni dövləti yaradıla gərək. Budur Azərbaycan dövlətinin qəti fikri və gəldiyi qənaət! Bizim ərazi bütövlüyümüzü heç kəs və heç nə parçalaya bilməz.

Bu yerdə Azərbaycan türklərinin çox məşhur bir atalar sözü lap yerinə düşər, «Ölünü öz xoşuna qoysan…».

P.S. Bu yazı çapa hazırlanarkən telekanalların birindən eşitdim ki, Sərsəng, yəni «Başımın daşı» – su hövzəsinin» bəndi yer-yerdən yarılıb. (Yəqin, əjdaha yorulub, mürgüləyir). Ətraf rayonları, kənd və qəsəbələri su basıb. Üzrü günahından betər. Bu fəlakətin astar üzüdür. Yenə dirriklər (oxu, diriliklər) ölür, məhv olur. Bağlar, baxçalar dolur, solur. Zəmilər islanır, dən çürüyür. Yollar palçıq, lığ, çöllər çönüb bataqlıq olur.

O qədər özlərinə arxayındırlar ki, hətta, Xaçın çayla üzü aşağı mina axıdırlar. Tək-tək, onlarca… O minalar bizim tərəfə keçib partlayır. Belə çıxır ki, bu da qəsdən düşünülüb. Belə düşmənçilik olmaz, canım! Dağımızı, dərəmizi, suyumuzu, çayımızı özümüzə verin! Özümüz bilərik, suyu necə bölərik.

Quraqlıq da, artıq su da eyni işi görür. Biri yandırır, biri boğur. Hər ikisi həyatın və təbiətin düşmənidir. İllah da ki, bu fürsət düşmən əlində ola! Düşmən düşmənə can deməz ki? Amma bu boyda vəhşilik yalnız elə bu əjdahasifət ermənidən çıxar.

«525-ci qəzet», 23 iyun, 2006-cı il

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов