Bir firəng ilə söhbətim
Günlərin bir günü, yəni bir neçə zaman bundan irəli nə tövr oldusa bir firəng ilə tanış oldum. Firəng məni, mən firəngi söhbətə tutduq, bir xeyli danışdıq, elədik; axırda firəng məndən soruşdu ki, bir de görüm bu Qafqazda nə qədər müsəlman vardır? Dedim, altı dəfə doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz və bir də altı müsəlman! Dedi, bu zəhməti çəkmə, altı milyon desə idin ağzın yorulmazdı. Dedim, mən müsəlmanam, doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquzun mənə artıq təsiri olur, nəinki bir milyonun. Firəng bu sözə razı oldu və sonra yenə soruşdu ki, bu altı milyon müsəlmanın içində neçə qəzetə verilir. Dedim Allahdan gizli deyil, səndən nə gizli olacaqdır: bu altı milyon müsəlmanın içində bircə dənə qəzetə verilir; bunu dediyimi gördüm, firəng yerindən elə sıçradı ki, guya, kişini ilan dişlədi! Və üzündə elə bir heyrət və təəccüb əlaməti göstərdi ki, mənim özüm də quruyub mat qaldım və ürəyimdən keçirtdim ki, yazıq altı milyon müsəlman bir gör sənin içində bircə dənə qəzetə verilməsi yad firəngə nə pis təsir elədi və halonki, sənə qalsa istərsən ki, heç qəzet yerli-dibli olmasın! Amma sonra bildim ki, firəngi təəccübə gətirən altı milyon müsəlmanın içində bir qəzetə olması deyilmiş, çünki o məndən soruşdu ki, “Müsyo, indiyədək, nə təvarixdə, nə də heç bir abrazavannı yerdə görülməyibdir ki, bir dənə qəzetənin altı milyon müştərisi olsun!!! “Neujeli” sizin bir danə qəzetənizin altı milyon müştərisi var?! Firəng bu sualı mənə verdikdə, məndən bir qəhqəhə çıxdı ki, firəng elə bildi dəli olmuşam... dedi, nəyə gülürsünüz? Dedim: heç, onu deyirəm ki, qəzetəmizin altı milyon müştərisi yoxdur, bir qədər azdır.
Dedi: Beş milyon?
Dedim: Bir qədər azdır.
Dedi: Dörd milyon?
Dedim: Bir qədər azdır.
Dedi: Üç milyon?
Dedim: Bir qədər azdır.
– İki milyon?
– Yox, azdır.
– Bir milyon?
– Yox, azdır.
– Beş yüz min?
– Yox, azdır.
– Üç yüz min?
– Yox, azdır.
– Yüz min?
– Yox, azdır.
– Doxsan min?
– Yox, azdır.
– Əlli min?
– Yox, azdır.
– Otuz min?
– Yox, azdır.
– On min?
– Yox, azdır.
– Beş min?
– Yox, azdır.
– Dörd min?
– Yox, azdır.
– Üç min?
– Yox, azdır.
– İki min?
– Yox, azdır.
– Bir min?
– Yox, bir az çoxdur.
– Bəs neçə?
– Min səkkiz yüz!
Bu sözü demişdim ki, gördüm rəfiqim firəng tez bir fayton çağırıb düz vağzala sürdürdü və o gedən firəng oldu ki, getdi. Bir neçə vaxtdan sonra firəngdən bir kağız aldım ki, içində bunu yazmışdı:
“Altı milyon tayfanın içində bir dənə qəzet ola, və o qəzetənin də min səkkiz yüz müştərisi ola, o tayfadan heç bir yaxşı şey gözləmək olmaz, a molla!”. “Bu sözlər məni çox yandırdı, tez götürüb cavabında yazdım ki: nə olsun, biz müsəlmanlar beləyik, amma siz firənglərin də yedikləri həmişə qurbağa ilə tısbağadır!!!”
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-bir-fireng-ile-sohbetim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · Сатира
Nəzm ilə*Şairlərimiz şəhərlərdən belə xəbər verirlər:
Məqsəd nədirİrzaxan, anlat, sükutundan nədir son məqsədin?Aç nəhayət kartını, göstər bizə “nəqş”in, “bəd”in.
Demədim?Qəyyur əfəndiyə oxşatma*Ay Baba, mən sənə bu mətləbi pünhan demədim?!
Qabla dəxi marfaşını, Mir Haşım!А ну, укладывайся, эй, Мир-Хашим!Беги, спасайся поживей, Мир-Хашим!