Əmirin bağçası: sağ tərəfdə Əmirin imarəti görünür, bağçaya yolu vardır. Sol tərəf ilə dal tərəf ağaclıqdır. İçlərindən xiyabanlar çəkilibdir, hər tərəfi gülzardır. Ortada bir hovuz vardır ki, su fəvvarə vurur. Qabaq tərəfdə bir ağacın dibində açıq yerdə fərş salınıb, vəzir əlində kitablar əyləşib, qabağında düzülmüş olan qızlara dərs verir və nəsihətlər edir. Əmirin qızı Leyla dəxi bunların içindədir; lakin bütün qızlar kamali-huş və guş ilə dərsə və pənd və nəsihətə qulaq asdıqları yerdə, Leyla bir növ pərişan-hal görünüb, fikri özgə yerlərdə olduğunu izah edir. Bilaxirə üzünü əli ilə tutub ağlayan kimi görünür.

Vəzir

Guş edin pəndi nəsihətim mənim, zar olmayın,
Guş edin bu sözləri kim, aqibət xar olmayın.
Dinimiz, ayinimiz göstərdiyi yolla gedin;
Səy edin, Allah yanında həm günahkar olmayın.

Leyla ağlayır.

Yaxşı ilə həm yamanın fərqini seçmək gərək,
Hər gözə görünən mətaə tez xiridar olmayın.
Yarü yoldaş seçkisində ehtiyata var ehtiyac,
Axtarın mərdi tapın, namərd ilə yar olmayın.

Qızlar və Vəzir (Leylaya)

Gəl söylə, Leyla, halını,
Etdiyin qəm, qüssə, naləni.

(Musiqi)

Gəl söylə, Leyla, halını,
Etdiyin qəm, qüssə, naləni;
Gizlətmə bizdən sirrini,
Söylə, söylə əhvalını. (2 dəfə)
Dərd nədir, qəm nədir,
Ahü nəva hərdəm nədir? (2 dəfə)

Leyla

Düşmüşəm bir dərdə kim, yoxdur əlac dərman ilən,
Vəslə yetməkdir dəvası dərdimin canan ilən.
Bir qədəm qoysun ki, görsün naleyi-əfğan ilən,
İntizarın çəkmədəyəm didəyi-giryan ilən.

(Musiqi)

Bir nəzər salmaqla etdi qəlbimi bəndi-kəmənd,
Çəkdi, qıldı qəlbimi öz qəlbinə zənciri-bənd.
Bu səbəbdəndir olub avazeyi-eşqim bülənd,
İntizarın çəkmədəyəm didəyi-giryan ilən.

Qızlar və Vəzir

Bəs söylə, bildir aşiqin
Kimdir, kim ola layiqin.

(Musiqi)

Bəs söylə görək, aşiqin
Kimdir, kim ola layiqin.
Sən tək gözəllikdə, Leyla,
Yox, ola bir kəs faiqin. (2 dəfə)
Dərd nədir, qəm nədir,
Ahü nəva hərdəm nədir? (2 dəfə)

Leyla

Aşiqim dava çölündə çün olur şiri-jəyan,
Zərbi-dəstindən onun düşmən deyir ah, əlaman,
Eylədi aşiq məni, saldı bəlayə ol cavan,
İntizarın çəkmədəyəm didəyi-giryan ilən.

(Musiqi)

Od tutub yaram yanır, suz ciyərdəndir tənim,
Neyləyim, çarə nədir, siz öyrədin, mən öyrənim.
Söyləyim agah olun: Harunadır eşqim mənim!
İntizarın çəkmədəyəm didəyi-giryan ilən.

Qızlar və Vəzir

Ax, Leyla! Harun olsa gər
Aşiqin, layiqdirmi məyər?

(Musiqi)

Ax, Leyla! Harun olsa gər,
Aşiqin layiqdirmi məyər?
Sən Əmirin fərzəndisən,
Bu, Əmirin şəninə dəyər. (2 dəfə)
Dərd nədir, qəm nədir?
Ahü nəva hərdəm nədir? (2 dəfə)

Vəzir (təəccüb ilə). Leyla bu nə halətdir? Sən hara, Harun hara?! Sən Əmirin qızı, Harun sər əsgər... Doğrudur, Harun şücaət və cəsarətdə ad qazanmış bir pəhləvandır, lakin yenə də sənə layiq olacaq dərəcəyə çatmamışdır. Sən bu daşı ətəyindən tök və bu yoldan qayıt! Əmirimiz Harunu nə qədər sevirsə də, yenə gümanım yoxdur ki, bu əmrə razı ola; çünki Harundan başqa bir sər əsgər dəxi vardır – Zeyd! Əmirimizin Haruna bu qədər iltifatı Zeydi sərnigun və xar edər. Və bir də Leyla! Səni xəbərdar edirəm: Harun səni və sən Harunu sevirsinizsə də Zeyd dəxi, mənə məlumdur ki, sənin aşiqindir. Lakin hərçənd mən onu bu xam xəyaldan mən etdim, amma yenə də sən onun qəlbində nəqş bağlayıbsan, odur ki, Zeyd sənin Haruna məhəbbətindən xəbərdar olsa, bil ki, dəli-divanə olar və xuda-aləmdir ki, nə tövr şəniəməllərə iqdam edər!.. Sən gəl bu fikri başından və bu eşqi qəlbindən çıxart, vəssalam!

(Musiqi)

Leyla

Getdi əldən taqətim, səbrü qərarım, ey vəzir!
Zərrə qədri qalmayıbdır ixtiyarım, ey vəzir!
Ruzü şəb ahü nəvadır, bil ki, karım, ey vəzir!
Günbəgündən tirə olmuş ruzigarım, ey vəzir! (Ağlayır.)

Vəzir

Səbr et, Leyla, ağlama!

Qızlar

Ürəyimi dağlama! (2 dəfə)

Vəzir

Əl çək ahü zardan.

Qızlar

Yara ümid bağlama!

(Musiqi)

Vəzir

Etmə özünə cəfa!

Qızlar

Çək bir beş gün səfa! (2 dəfə)

Vəzir

At qəlbindən eşq odun!

Qızlar

Etmə dünyaya vəfa! (2 dəfə)

(Musiqi)

Hamı bir yerdə (öz-özlərinə)

Hər birimiz bu dərdə
Gəl çalışaq bir yerdə,
Axtarıban hər yerdə dərmanını. (2 dəfə)

Vəzir (tək, kənara)

Mən görürəm ki, Leyla sövdadadır,
Bir bu qədər sözlərimiz bifaydadır.

Hamı

Axtarıban hər yerdə dərmanını,
Qurtararıq Leylanın canını! (2 dəfə)

Vəzir

Səbr et, Leyla, ağlama!

Qızlar

Ürəyimi dağlama! (2 dəfə)

Vəzir

Əl çək ahü zardan. (2 dəfə)

Qızlar

Yara ümid bağlama!

(Musiqi)

Eşqdən mən etməyin pəndü nəsihətlə məni,
Rəhm edin, incitməyin beylə əziyyətlə məni,
Heç rəvadırmı ölüm dərdi-məhəbbətlə məni,
Bir əsər etməzmi, aya, ahü zarım, ey vəzir!

Vəzir

Səbr et, Leyla, ağlama!

Qızlar

Ürəyimi dağlama! (2 dəfə)

Vəzir

Əl çək ahü zardan.

Qızlar

Yara ümid bağlama! (2 dəfə)

(Musiqi)

Vəzir

Etmə özünə cəfa.

Qızlar

Çək bir beş gün səfa! (2 dəfə)

Vəzir

At qəlbindən eşq odun!

Qızlar

Etmə dünyaya vəfa! (2 dəfə)

(Musiqi)

Hamı bir yerdə (öz-özlərinə)

Hər birimiz bu dərdə
Gəl çalışaq bir yerdə,
Axtarıban hər yerdə
Dərmanını. (2 dəfə)

Vəzir (tək, kənara)

Mən görürəm kim, Leyla sövdadadır,
Bir bu qədər sözlərimiz bifaydadır.

Hamı

Axtarıban hər yerdə dərmanını,
Qurtararıq Leylanın canını. (2 dəfə)

Vəzir

Səbr et, Leyla, ağlama!

Qızlar

Ürəyimi dağlama! (2 dəfə)

Vəzir

Əl çək ahü zardan.

Qızlar

Yara ümid bağlama! (2 dəfə)

Vəzir və onun dalınca qızlar yavaş-yavaş dağılıb gedirlər. Leyla tək qalır. Bir qədərdən sonra Harun görünür. Leyla intizarında olduğu aşiqini görcək sürür-qəlb ilə bərabər hicrandan şikayətini bu növ ilə izhar edir.

Leyla

Gəl, ey Harun, xilas eylə məni bu dərdü möhnətdən,
Yanır canım, yetiş dadə, qurtar bu nari-firqətdən.
Bütün gün intizarında, gözüm həsrətdə qalmışdım,
Əzabi-firqəti rəf et, mənə söylə məhəbbətdən.

(Musiqi)

Harun

Dözməyə eşq oduna yox məndə taqət, gəlmişəm.

(Musiqi)

Üz veribdir çün mənə bir başqa halət, gəlmişəm.

(Musiqi)

Düşmənin zori qabağında könül xof eyləməz,
Eşqə qarşı qəlbdə yoxdur mətanət, gəlmişəm!

(Musiqi)

Leyla

Səndən özgə heç kəsim yox könlümü şad eyləsin,
Ya ki, viran qəlbimi bir ləhzə abad eyləsin.

(Musiqi)

Harun

Varmı bir aşiq ki, ney tək böylə fəryad eyləsin,
Çəkmişəm eşqin yolunda çox məlamət, gəlmişəm!

(Musiqi)

Ol zamandan kim, sənin mehrin edib valeh məni.

(Musiqi)

Heç kəsi görmür gözüm, Leyla, görür ancaq səni!

(Musiqi)

İstəməm sənsiz keçə bu ömrümün tək bir günü,
Sən mənimsən, mən sənin, ta bir qiyamət, gəlməmiş!

(Musiqi)

Leyla

Yardan, yoldaşdan əl çəkmişəm bilmərrə mən.

(Musiqi)

Görmədim heç içlərində dərdimə dərman edən.

(Musiqi)

Bir kəsim varsa mənim, Harun, yenə sənsən və sən,
Tut əlim, öyrət məni, eylə dəlalət, gəlmişəm!

(Musiqi)

Harun

Şükr edirəm, ey xuda, nemətin əslin görüb,
Yar ilə həmdəm olub neməti-vəslin görüb;

Leyla

Şükr edirəm, ey xuda yara yetirdin məni,
Mənzilü vəslə gedən rahə gətirdin məni.

(Musiqi)

Harun

Lütf elə, ver ələ-ələ, gəl bəri, Leyla, gedək!
Eşq havası ilə bir daği, baği seyr edək!

Leyla

Bağda tamaşa edər, dağa salıb vəlvələ,
Bülbül ilə gül bizə, biz gül ilə bülbülə!

(Musiqi)

Harun və Leyla

Bağda bülbül olmasa,
Şaxda cəh-cəh vurmasa,
Güldə, sünbüldə də bəs,
Söylə, olurmu həvəs? (2 dəfə)

(Musiqi)

(Bağa tərəf gedə-gedə)

Bağda bülbül olmasa,
Şaxda cəh-cəh vurmasa,
Güldə, sünbüldə də bəs,
Söylə, olurmu həvəs? (2 dəfə)

(Musiqi)

İki aşiq bağın əğyar nəzərindən kənar bir guşəsinə çəkilirlər; bu halda Zeyd ki, o da Leylaya aşiqdir, xəyal və fikrə qərq olmuş bir surətdə zahir olub deyir:

Zeyd

Günüz-axşam fikrim, zikrim Leyladır. (2 dəfə)

(Musiqi)

Gecə sübhədək halım vaveyladır. (2 dəfə)

(Musiqi)

Belə məlum, eşq aləmi peydadır. (2 dəfə)

(Musiqi)

Mənim bu dərdimə bais sövdadır. (2 dəfə)

(Musiqi)

Nədür bəs çara, nədür bəs çara?
Nə edim, nə edim yetişim yara?
Gəl, Leyla, yar ol,
Gəl, vəfadar ol!
Gəl gör ah-zarımdan,
Gəl xəbərdar ol! (2 dəfə)

(Musiqi)

(Təkrar)

Günüz-axşam fikrim, zikrim Leyladır,
(ilaxır... axıra kimi)

Bu halda bağın guşəsindən Harun ilə Leylanın səsi gəlir.

Harun və Leyla

Bağda bülbül olmasa,
Şaxda cəh-cəh vurmasa,
Güldə, sünbüldə də bəs,
Söylə, olurmu həvəs? (2 dəfə)

Zeyd bu səsləri eşitcək son dərəcə təğyiri-hal olub, paxıllıq və həsədlə bərabər qeyz və qəzəb izhar edir və deyir:

Zeyd

Leyla, Leyla! (akkord)
(qəzəblə) Ah, Leyla, Leyla! Harun ilə bir yerdə!..

(Musiqi)

Harun! Leyla!
Ah, Leyla, Leyla! Harun ilə bir yerdə!

(Musiqi)

Harun! Leyla!

(Musiqi)

Bu əsnada Harun tək gəlir. Zeyd bir növ acığını sıxıb, Haruna müraciətən deyir:

Zeyd

Harun, bu nə haldır? Söylə, nə əhvaldır?
Leyla sənin ilə bir yerdə
Məşğul, xoşhaldır! (2 dəfə)
Harun, guş et, bir dəm,
Leylayə mən bəndəm;
Fikrim, zikrim hər dəm,
Hər dəm eşqi-Leyladır!

Bu halda qoşun əhlindən on nəfəri dəxi buraya gəlir.

Məcnun sifət olmuşam,
Hər dərdə mən dolmuşam.
Rəhm et, rəhm et, Harun, bir ləhzə,
Yarpaq kimi solmuşam! (2 dəfə)

Harun (Zeydə)

Çox əcəb təklifdir, Zeyda, edirsən sən mənə,
Bilmirəm hətta cavabında nə ayətəm mən sənə;
Bil ki, biz Leyla ilə bir təndə bir can olmuşuq,
Eşqimiz cuş eyləyib artmaqdadır gündən-günə.

Qoşun əhli (xor)

Nə etmək bu müşkül işə,
Həlli bizə gər düşə?
(Zeyd bikef üzünü tutubdur.)
Əhvalı vəzirə ərz edək,
İmdada tez yetişə! (2 dəfə)

Zeyd

Harun, əl çək yarımdan,
Gəl qorx ahü zarımdan;
Bil ki, bu yolda keçərəm
Canımdan, həm varımdan.
Dövlət isə – verərəm,
Sərvət isə – verərəm,
Xidmət isə – verərəm,
Əl çək, Harun, Leyladan!
Məcnun sifət olmuşam,
Hər bir dərdə dolmuşam.
Rəhm et, rəhm et, Harun, bir ləhzə,
Yarpaq kimi solmuşam!

Harun

Sən deyirsən əl çəkim Leyla kimi canandan?!
Hazıram mən əl çəkim bu baş ilə candan.
Sən məni təhqir edirsən simüzər təklif edib,
Bir tükün həm yarımın verməm bütün dünyayə mən!

Qoşun əhli (xor)

Nə etmək bu müşkül işə,
Həlli bizə gər düşə?
Əhvalı vəzirə ərz edək,
İmdada tez yetişə! (2 dəfə)

Zeyd

Ax, Harun! Məni sən öldürdün!..

(Musiqi)

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов