Xolera və rəmazanəl-mübarək

Məşhur məsəldir ki, deyərlər öz gözündə tiri görməyib, özgə gözündə qıl seçir.

Əvvəllərdə Peterburq xalqı eşidirdilər ki, bəli İranda xolera naxoşluğu əmələ gəlibdir, əhali milçək kimi qırılır və başladılar söylənməyə ki, İran vəhşi bir yerdir, əhalisi cahil, təmizlik bilməzlər.

Yalandan təharət, izaleyi-nəcasət, dəstəmaz və qüsuldan dəm vurub heç bilməzlər ki, təmiz nədir, murdar nədir.

Hifzi səhiyyədən də xəbərləri yoxdur.

Amma bu gün məlum oldu ki, Peterburq xalqının özü də hifzi səhhədən bixəbər imiş və təmizlik ilə murdarlığa da artıq məhəl qoyan yoxmuş...

Ancaq iranlı qardaşlar belə güman eləməsinlər ki, mən İran şəhərlərini Peterburqdan təmiz hesab edirəm, xeyr, onda gərək “Molla Nəsrəddin”in müxbiri Mozalan bəyin sözlərinə və “Səyahətnameyi İbrahim bəy” kitabına mənim qailliyim olmaya. Və bunu da deyim ki, əgər Allah eləməmiş, Peterburq xolerası İrana sirayət etsə, onda Məmmədəli şah məclisi dağıdan kimi, xolera da bütün İranı dağıdar.

Xolera bir elə şeydir ki, onun qabağını qoçubazlıqla və toptüfənglə kəsmək olmaz. Krop topu, pulemyot, bomba, cəhənnəm maşını, beşatılan, mauzer, brauninq, naqan, ismitvesson, buldok, əfsərski, amerikanski – bunlar heç biri xolera basillərinə kar edə bilməz.

Çünki elə bir iş mümkün olsaydı, əvvəl gərək Bakının taxtabitilərini, Qarabağın birələrini və Salyanın milçəklərini güllələyə idilər.

Xolera basillərinin qabağına bircə “karastı” ilə çıxmaq olar ki, onun adına təmizlik deyərlər. Amma di gəl ki, o biri karastılar bizdə nə qədər çox olsa da, bu biri “karastı” bizlərdə çox azdır...

Bir tərəfdən də orucluq gəlir. Tərs kimi bizlərdə də orucluğun mənası budur ki, yəni gündüz ac qal, amma gecə o qədər ye ki, lap “pəndam” ol. Halbuki orucluğun mənası bu deyil. Təmizlik “karastı”sının bir şərti də ehtiyatla yeməkdir. Amma mən bilirəm ki, ishal zamanı bu cürə söhbət olacaqdır: əşi, xolera nədir, iş əcəlnəndir, qorxma, vur içəri!.

Doğrudur, qorxmayıb içəri vuracaqlar, lakin sonra... içəri vurulanları çölə çıxarmaq lazım gələcək və qurunun oduna yaş da yanacaqdır... Bəs nə tövr etməlidir? Cavab – xolera basili yeməməlidir, özgə bir çarə yoxdur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Biz ilə yevropalıların təfavütü

Yevropalılar ağappaq və tərtəmiz bir libas kimidirlər. Biz də kirdən rəngi məlum olmayan mündəris bir paltar kimiyik. Odur ki, haman ağ və tərtəmiz paltarın üstə bir balaca ləkə düşəndə, o saat məlum eləyir, amma kirli paltarın üstünə min o qədər ləkə düşsün, məlum eləməz. O səbəbədəndir ki, məsələn, Firəngistanda birisi ildə, ayda bazarda bir güllə atanda qəzetlər bir həftə o barədə danışırlar, camaat böyük həyəcana düşür … halbuki bizim yerdə gündə beş-altı adam öldürülür, heç kəsin qulağına girmir….Ağappaq qap kimi təmiz bir pencəyin üstünə bir damcı mürəkkəb düşərsə, yarım verstdən məlum eylər, amma bizim bədənimizdəki çirkin paltarın üstünə bir kirvəngə mazut tök, bir addımdan məlum eləməz.

1 мин
Bir dəlinin dəftərindən

Bir məsəl var deyirlər ki, ikiayaqlıya etibar yoxdur.Doğrudan da belədir, dünyada hər nə ikiayaqlı məxluq var, onların heç birinə etibar eləmək mümkün deyil.

3 мин
Ordan-burdan 101

Belə rəvayət edirlər ki, Hindistanda bir biyaban var, dərvişlər o biyabana gedib dəyirmi bir cızıq çəkirlər və tamam 40 gün orada qalıb, axırda bilici olurlar. Amma deyirlər ki, hərgah bir dərviş 40 günün içində bu dəyirmi cızıqdan ayaq kənara qoysa, haman dəm onun üstünə şirlər, pələnglər, əjdahalar tökülüb parça-parça edərlər.İndi bizim dumanın üzvləri də gedib, Peterburqda Tavriçskiy saraya girib arxayındırlar ki, heç bir “şir”, “pələng”, “əjdaha”, yəni qaradavoy, filan onlara bir çırtma da vura bilməz. Amma di hünərləri var, oradan çıxıb dağılsınlar! Deyərəm ki, Pruşkeviç və yoldaşlarından savayı birini də yerdə qoymazlar, o saat tutub qazamata salarlar. Odur ki, indi pasxa bayramını bəhanə edib, hökumət onlara deyir ki, ay balam, daha bəsdir danışdınız, yorulubsuz, bayram gəlir, gedin bir az gəzin, sonra yenə qayıdıb gələrsiniz. Onlar da hökumətin bicliyini duyub, deyirlər ki, lotu, öz aramızdır, amma bizi tutub “voenni polevoy suda” verərsən! Qərəz, məzəli işdir.

2 мин
"Tərcüman"ı oxuyanda

Bundan sonra, əzizim oxucu, bundan sonra fikrimdə var ki, bir müddət ağzımı açıb daha danışmayam. Bilirəm ürəyində deyəcəksən ki, çox da yaxşı olar.Elə mən özüm də deyirəm ki, çox da yaxşı olar, çünki özünüz arif adamsınız, çox yaxşı bilirsiniz ki, bu dünya elə bir dünyadır ki, görürsən, hər sözün üstə adam adamdan inciyir, adam adama ləc düşür və bir-birini görəndə dəvə nalbəndə baxan kimi baxır. Sözün doğrusu, mən nə nalbənd olmaq istəyirəm, nə də dəvə. Ona görə də elə bu gündən belə daha danışmayacağam.

2 мин

Стихи других поэтов · Сатира