Bir neçə zaman bundan əvvəl məqalələrimizin birində millətimizə rəhbər və başçı olmalı adamlar lazımdır məalında bir şey yazmışdıq. Bugünkü halımız camaatın adamsız qaldığını və adama əşədd möhtac olduğunu ən müəssir bir surətdə göstərməkdədir. Bir tərəfdən zemstvo məsələsi, digər tərəfdən məktəb və ələlümum maarif məsələsi, bir yandan da qərəzi-şəxs həvəsilə iş görməyə atılıb da, camaatın zərər və fəlakətindən mənfəət aparmaq istəyənlərin əmal və hərəkatimüzürrəsinə qarşı məmaniət göstərmək məsələsi. Bunların hamısı həll və fəsilsiz qalmaqla nə qədər zərərləri movcib olur.

Bu zərər və ziyanları görüb də dinməmək, danışmamaq məhz xəyanət və vicdansızlıqdır. Axırda camaatın fəlakətini mövcib ola bilən bu zərər və ziyanları dəf etməklə işlərimizi düzəltmək və hər bir işi öz yoluna qoymaq üçün adamlar lazımdır. Oylə adamlar ki, qəlbləri pak, niyyətləri xalis olmaqla bərabər qüvayi-ruhaniyyələri möhkəm və mətin olsun. Hissiyyat sahibi deyil, əqli-səlim sahibi olsunlar... Zira hər bir böyük işdə insan ancaq əqlini özünə rəhbər tutmalıdır. Yoxsa hissiyyata təvəssül edilərsə, işi batırar, yaxşı nəticə görməz. Doğrudur insanın hissləri iki cürədir: yaxşısı da var, yamanı da. Yaman hisslərin insanın qəlbindən bilmərrə məhv və nabud olmasının lüzumu şübhəsizdir. Yaxşı hisslərə dəxi o qədər nəşvü nüma verməməlidir ki, əqlisəlimə qalib gəlsinlər.

Biləks insanın başındakı əql, onun qəlbindəki hissiyyatın üstündə həmişə hökmfərma olmalıdır. Mən demirəm ki, insanın qəlbi hər bir hissiyyatdan məhrum olsun, bəlkə əqil hər hissiyyata faiq gəlməklə onların izharat və iqtizaatını nəzmə salsın.

Təəssüflər olsun ki, biz müsəlmanlarda ələlümum, hissiyyatı daim əqli-səlimə qalib gəlməkdədir.

İstər yaxşı hisslərimiz, istər yaman hisslərimiz bizi əhatə edən şərait içində o qədər nəşvü nüma tapıbdır ki, əqli-fərrə qalib gəlməkdədir.

Doğrudan da bəzimizin rəhmdillik hissi o qədər artıqdır ki, sağ və səlamət bir dilənçinin, yolçunun ahu-zarına ürəyi yanıb pul verir. Lakin əqli bir o qədər nəşvü nüma tapmayıbdır ki, bu dilənçi və yolçuluğun aramızdan götürülməsinə bir çarə tapılsın. Halbuki məsələn, Almaniyada, İngiltərədə bir adam yıxılıb acından ölə, ona bir qəpik verən olmaz. Bununla bərabər hissiyyatlarının başında duran əqli-səlimləri sayəsində deyil sağ-səlamət yolçu, hətta kar, kor, şillərə də pul və çörək qazanmaq yolunu öyrədibdirlər. Bəzimizin büxl və həsəd hissi o qədər nəşvü nüma tapıbdır ki, özgəsinin bir hünər sayəsində qazandığı şöhrət və ehtiramı görüb qəlbi alışır, ona görə də xəyanət və dənaətə qədəm qoyur. Lakin özünün də bir o qədər əqlisəlimi yoxdur ki, bu da başqa bir hünər göstərməklə xalqın məhbubülqülubu olsun. Halbuki Yevropada birisi tərəqqi yolunda bir hünər göstərdikdə, bir digəri də özgə bir hünər göstərməklə qeyrət edir. Bunlardan başqa, lazım olmayan yerlərdə göstərdiyimiz cəsarət və çəsarət lazım olan yerdə ibraz etdiyimiz cəbunluq və bir çox manei-tərəqqi, hərəkat və əmalımız hamısı hissiyyatımızın əqlimizə qalib gəlməsindəndir. Və bu qalibiyyətə də səbəb genə də həqiqi təlim və tərbiyə görmədiyimizdəndir. Hər halda keçək mətləbə.

Bizim üçün hal-hazırda mətinülqəlb və səlimülqəlb adamlar lazımdır ki, deyil yaxşı-yaman hissiyyatı, bəlkə səlamət əqli sayəsində milləti irəli sürüyüb bu rəzalətdən qurtarmaq yolunda qabağına çıxan sədd və məmaniətləri məhv nabud edə bilsinlər. Yoxsa halhazırda, müfsidlər və öz nəfini millətin rəzalətində axtaran alçaqlar sayəsində ölkəmiz o qədər məğşuşudur ki, işlər böylə davam edərsə, gələcəyimiz çox yaman olar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ordan-burdan 102

Dünən “Proqress” qəzetunin 46-cı nömrəsində oxudum ki, guya Gəncə quberniyasının məktəb direktoru Livitski uçitellərə kağız göndərib deyir ki, gərək uşaqlara mənim kitabımdan dərs deyəsiniz. Bu belə.İndi gələk cənab Livitskinin kitabına. Cənab Livitskinin kitabı... O kitabdan müsəlman uşaqlarına dərs verən uçitel gərək müsəlmanca bir söz danışmasın. Yəni özünü elə göstərsin ki, guya heç əbədi müsəlmanca bir söz bilmir və dərsi də “lal qaydası” ilə versin. Bu da belə.

3 мин
Ordan-burdan 103

Müəllimlər ictimainə dairTəvəqqe eləyirəm ki, bu yazdıqlarımı elə tez-tez və tələsə-tələsə oxuyasınız ki, guya, daldan sel gəlib sizi basacaqdır və əgər mümkün olsa, bunu oxuduqda gözlərinizi bərəldib, ağzınızı köpüklədin.

1 мин
Ordan-burdan 104

Hər kəs istəyir ki, istibdadın və üsuli keyfi-mayəşanın əməlini gözü ilə görsün, buyursun gəlsin bizim Bakıya. Bakıya gələndən sonra, bilirəm ürəyi qısılacaqdır, çünki bu saat Bakı qızmağa başlayıbdır. Və ürəyi qısılandan sonra durub bayıra çıxacaqdır və qabağına gələn adamlardan soruşacaqdır ki, burada sizin gəzməli yeriniz haradır? Deyəcəklər ki, məsələn, “pasaj qabağı”. O da o saat gedəcək “pasaj qabağına” və görəcəkdir ki, doğrudan da pasaj qabağında o qədər adam var ki, “iynə salsan yerə düşməz”. Bir qədər burada gəzib görəcəkdir ki, xeyr ürəyi lap pis qısılır, çünki bir tərəfdən Bakının istisi, bir tərəfdən adamların istisi onu hal təbindən çıxardacaqdır. Belə olan surətdə onun yadına düşəcəkdir ki, Bakıda dərya var və bu dəryanın kənarı var ki, ona uşaqdan tutmuş böyüyə kimi hamı müsəlmanlar “naberejni” deyirlər. Gedəcək ora, bir qədər orada gəzəcəkdir, amma bir qədərdən sonra baxıb görəcəkdir ki, naberejnini hökumət qazaqları töylə qayırıb at saxlayırlar və pis iyi də başa çökübdür və özü də hiss edəcəkdir ki, günün hərarəti onun beynini bişirir, bir az da gəzsə, gic qoyun kimi fırlanmağa başlayacaqdır. İş belə olanda, qabağına gələn bir allah bəndəsindən soruşacaqdır ki, ay balam, bu sizin şəhərinizdə heç ağacdan, bağdan, zaddan yoxdur, adam gedib bir az kölgələnsin? Allah bəndəsi deyəcəkdir ki, var. Bu soruşacaqdır ki, hardadır? Allah bəndəsi cavab verəcəkdir ki, filan yerdədir. O da filan yerə gedib axırda bağı tapacaq. Amma görəcəkdir ki, qapısı bağlıdır. Gedəcək o biri qapısına, görəcək o da bağlıdır. Gedəcək üçüncü qapıya, görəcək o da bağlıdır. Soruşacaq ki, ay camaat bəs, bu bağa hardan girim? Deyəcəklər ki, matroslar zabastovka eləyibdirlər, deyəcək bəs, bunun bağa nə dəxli var? Deyəcəklər ki, nə bilək! Deyəcək, bəs bu bağı şəhər üçün kim saldırıb? Deyəcəklər ki, şəhər upravası. Deyəcək bəs şəhər upravası bağın bağlanmasına nə deyir? Deyəcəklər ki, heç zad demir. Deyəcəkdir ki, bəs, buna publika, camaat nə deyir? Deyəcəklər ki, camaatın başı qarışıqdır. Soruşacaqdır ki, nəyə? Deyəcəklər ki, öz işlərinə. Soruşacaqdır ki bəs, işləri nədir? Deyəcəklər ki, qara pul güdmək və bir də adam öldürmək. Onda binəva qərib əhvalatı bilib deyəcəkdir ki, bəs elə isə, görünür, burada hökumət əhlinin keyfi kökdür.

2 мин
Birinci şadlıq

Divani-hərb (voenni-polevoy sud) qurtardı. Deməli, bir bu qədər zaman davam edən ədalətsiz mühakiməyə bu günlərdən belə xitam verildi. O məqsəd ki, divani-hərbin qoyulmasilə təqib edilirdi, əmələ gəlmədi. Haman məqsəd baş nazir Stolıpinin haman bu hərb xüsusunda dumada danışdığı sözlərə görə iğtişaşı qət edib, məmləkətdə sükunət bərpa etmək idi. Bu isə baş tutmadı. Divani-hərblər yüzlərcə qurbanlar apardı və dəryalarca qan tökdü, amma məmləkətin asayişinə zərrəcə nəf gətirə bilmədi.Əsasən divani-hərbi hökumət fəsx etmədi. Divani-hərb özü-özbaşına xitampəzir oldu, çünki bu məhkəmənin davamı aprelin 20-dək idi. Lakin bunu inkar etmək olmaz ki, burada dumanın bu barədə olan müzakirəsi dəxi əsərsiz qalmamışdır. Divani-hərbi saxlamaq hökumət üçün çətin bir iş deyildir. Fəqət görünür ki, hökumət özü dəxi Stolıpinin “müdafiə”sinə, filalına baxmayaraq, divani-hərbin davamını dəxi bundan sonra yersiz hesab etdi və bunun davamı üçün hələ bir tədbir görməyi lazım bilmədi. Gələcək hələ məlum deyildir, ancaq indi bütün Rusiyadan ötrü burası şayaniməsərrətdir ki, dəxi bundan sonra o sürətlə icra olunan divani-hərb mühakimələrində rəva görülən ədalətsizliklər bir müddət əhalini dilgir və mütənəfir etməyəcəkdir.

1 мин

Стихи других поэтов · Сатира