Soyuğun, atəşin əlində qalan,
Calibi-mərhəmət, gözəl bir quş
Sərilib torpaq üstünə mədhuş,
Açıyor ağzını, yumur hər an.


Yetməmiş arzuya biçarə
Yaxanı verdi dəsti-bidadə.
Yoxmu bir əl uzansın imdadə,
Eyləsin bu səfilə bir çarə?!


Aşiyanın içində övladı –
Gözünü dikmiş intizardadır.
Validə hali-ehtizardadır,
Dağılır aşiyani-abadı.


Çırpınır, çırpınır da, son nəfəsi –
İstəyir cismdən ola pərran,
Bir sürü yavru mədərə nigəran.
Uçdu ruhu quşun, kəsildi səsi.


Rəhguzari-cahanda sair idi,
Gündüzü asimani-qeyrətdə,
Gecəsi aşiyani-rahətdə.
Bu da bir zihəyat tair idi.


İştə bu xanimancida məxluq –
Əməli-danə ilə çıxmış idi,
Yuvada yavrular acıxmış idi,
Payimali-məmat qıldı soyuq.


Bu gözəl tairi-səmapeyma –
Danə üçün riyazfitrət idi.
Bu da zəhmətkeşi-məişət idi,
Sə'yü qeyrət yolunda oldu fəda.


Nə gözəldir həyati-fə'alə,
Düşkün olmaq yaxışmaz insanə,
Açma əl, düşmə payi-dunanə,
Çalışan namizəddir iqbalə.

Yavrular!

Ananız, yavrular, əsiri-türab –
Olaraq eylədi vida'i-həyat.
Ediniz siz də ataşin nəvəhat,
Aşiyani-məsərrət oldu xərab!


Əsdi şiddətlə tündbadi-əcəl,
Bəxtiniz gülləri xəzan oldu.
Yavrular, mövsümi-fəğan oldu,
Saralıb soldu növbəhari-əməl!


Ey səfalətpənah olan mürğan!
Mədər arayişi-məzar oldu,
Lənəniz də xərabəzar oldu,
Dinləməz kimsə etsəniz də fəğan!


Açamaz kimsə zilli-şəfqətini –
Üstünüzdə himayədar olsun,
Sizi kim bəsləsin də yar olsun,
Bəxş qılsın səxa vücudətini?!


Vətənim lənənizlə yeksandır,
Ölmüş, ölmüş pədərlə mədərimiz,
Bağlanıbdır güşad olan dərimiz,
Bu iki aşiyanə virandır!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов