Birinci pərdə
Страница 2 из 2 · 50%
Sadıq. Nə olub qürbətə gedim? Heç getmərəm, bir də üstündən, elə bu saat onun atasını yandıraram.
Namaz Bax, belə danış, qoçaq oğlum! İmdi görürəm sən Aslan kişinin aslan oğlusan. Əlindən gələni əsirgəmə. Cahangir ağa kimi kişinin nökərinə kimin ağzıdır güldən ağır söz deyə bilsin?! Qanı arada gedər. Gülnisə də olar sənin halal malın.
Sadıq. Yəqin İskəndər bu saat Həsən kişinin qapısında ot tayalayır.
Həsən kişinin həyəti, ağalıq damın üstündən apaçıq görünür. Çıxıb oradan onu tuşlayıb elə vurram ki, ağzını bircə dəfə açıb yumar.
Namaz. Onda daha dayanmaq yeri deyil.
Sadıq. Namaz əmi, tüfəng haradadır?
Namaz. Damda, divardan asılıdır. Özü də dolu. (Sadıq yüyürür. Namaz onun dalınca ucadan). Arpa da, darı da anbardadır. Hər birindən yarım çuval ölç, apar dəyirmana.
Sadıq. Baş üstə. (Gedir.)
Cahangir ağa pəncərədən baxıb, əhvalatın hamısını görür, Sadıq
gedəndən sonra, çıxır eşiyə.
Cahangirağa. Namaz, deyəsən şeytan işi tutdun.
Namaz. Ağasına doğruluqla qulluq eləyən, şeytanın atasının da işini tutar. İndicə iş tamam olar.
Nökər (yüyürərək gəlir). Pristav bu saat atdan düşdü, gəlir buraya.
Cahangirağa. Gəlsin.
Cahangir ağa qabağa gedir. Bağçada işləyənlər qalxırlar ayağa. Camaat
pristavın gəldiyini görüb, ordan-buradan həyətə yığışırlar.
Cahangirağa (pristava). Şahmar bəy, sübh buradan ötüb getdiyinizi eşitdim. Nə vaqe olmuşdu ki, yol üstündən dönüb bir-iki rumka konyak da içmədiniz?
Şahmarbəy. Eybi yoxdur, əvəzini İmdi çıxaram. Yorulmuşam, istəyirəm bu gecə sizdə qonaq qalım.
Cahangirağa. Bu, əvəzsiz iş oldu. Bəxtinizdən uşaqlar bu gün iki dənə qırqovul vurublar. Axşam plovun başına qoyarıq.
Şahmarbəy. Cahangir ağa, mən gəlməsəydim, yəqin qırqovulları tək yeyəcəkdiniz, belə dostluq olmaz.
Cahangirağa. Sizin canınız üçün, ikisini də sizə göndərəcəkdim. Namaza da tapşırmışdım. Namaz xəbər gətirdi ki, sübh gəlib buradan ötübsünüz və sifariş də eləyibsiniz ki, qayıdan baş buraya dönəcəksiniz. O səbəbə saxladım ki, özünüzlə aparasınız. İmdi ki burada qalmalı oldunuz, daha yaxşı, qırqovulları şərakətli yeyərik. (Çağırır.) Namaz!
Namaz. Bəli ağa!
Cahangirağa. Deginən Şahmar bəyin yasovullarına bir doğlu versinlər, özləri kəsib nə kefləri istəsə bişirsinlər.
Namaz. Baş üstə. (Gedir.)
Cahangirağa (nökərə). Ay gədə, get içəridən iki dənə kürsü gətir.
(Nökər gedir.) Şahmar bəy, Xocabəhmənliyə getməkdə xeyir idimi?
Şahmarbəy. Əjdər bəy kağız yazmışdı ki, camaat mədaxil vermək istəmir, əlbət özünü mənə yetirəsən. Onun üçün getmişdim.
Cahangirağa. Bu nə əhvalatdır?
Şahmar bəy. Boş işdir. Bu əyyamın cavanlarına Allah insaf versin. Həm hökuməti rahat qoymurlar, həm də öz evlərini yıxırlar. Bir nəfər cavan oğlan Moskvadanmı, haradanmı gəlib, camaata deyir ki, nə haqla bəy gedib evində ayaqlarını uzadıb yatır, siz də işləyib yığdığınızı aparıb ona verirsiniz? (Nökər iki ədəd kürsü gətirib qoyur. Cahangir ağa, pristav əyləşir.) Deyir, bəyin nəyi sizdən artıqdır, canı çıxsın, bəy də gəlsin sizin kimi işləsin. Camaat da onun sözünə inanıb, bəyin darğasını döyüb qovublar. Kəndə gedib haman oğlanı çağırıb ona dedim: “Oğlum, sən zəhmət çəkib oxuyursan ki, axırda bir çörək yiyəsi, ya rütbə yiyəsi olasan. İmdi mən səni tutub hökumətə versəm, bilirsənmi sənə nə elər?”. Birdən başını qalxızıb görün mənə nə deyir: “Mən elədiyimi çox yaxşı anlayaram. Hökumət əlinə də keçsəm, bilirəm mənə nə eləyəcəklər. Təvəqqe edirəm bu nəsihətləri öz qulluğunuzda saxlayasınız və nə qədər də mən ac qalsam, sizin qapınıza gəlməyəcəyəm”.
Cahangirağa. Axmaq oğlu axmağın bihəyalığını görürsən?
Şahmarbəy. Mən ömrümdə belə bihəya görməmişəm. Doğrusu, bir istədim buraxım çıxsın getsin, dedim, uşaqdır, anlamır. Ancaq daha belə danışmaqdan sonra, labüd qalıb, qollarını bağlayıb, göndərdim şəhərə naçalnikin ixtiyarına. Yolda deyirmiş ki: “Az keçməz, pristavın da qolunu ha belə bağlarlar”.
Cahangirağa. Yox, zəmanə tamam dönüb.
Şahmarbəy. Onu şəhərə göndərəndən sonra, kəndin neçə nəfər ağsaqqallarından qarın-qarına sarıtlayıb, ağılları başlarına gəlincə döydürdüm. Söz verdilər ki, ağanın mədaxili üç gün ərzində çatar.
Güllə açılır pristav diksinir.
Cahangirağa. Namaz, o nə tüfəng səsidir? Gör tüfəng atan kimdir? Zalım uşaqlarına min dəfə tapşırmışam ki, kənd içində tüfəng atmasınlar. Gedib adama, ya heyvana dəyər, peşmançılığı olar.
Namaz gedir.
Yasavul. Tüfəng ağalıq damın üstündən atıldı.
Şahmarbəy (yasavula). Uşaqlara xəbər ver, evi əhatə eləsinlər. Güllə atan məlunu da hər kəs isə, gətirsinlər buraya. (Yasavul gedir. Namaz qayıdır.)
Cahangirağa. Namaz, atılan güllə idi?
Namaz. Deyəsən, güllə H ə s ə n kişinin qapısında bir adama dəyib. Oradan qışqırıq səsi gəlir. Arvad-uşaq da hər yerdən oraya yüyürüşür.
Gülnisə (birdən qışqırır). Oy!.. Onu vurdular! Aman, aman! (Yıxılır.
Balaqız onu saxlayır.)
Balaqız. Qışqırma, ay qız, ayıbdır, ağa baxır. Kim bilir, ölən kimdir. Bəlkə heç adama dəyməyibdir.
Gülnisə. Yox! Yox!.. Onu vurdular. Qolun qırılsın, qanlı! Qana batasan, qanlı! Oy, oy!.. (Ağlaya-ağlaya yüyürür, Balaqız da dalınca.)
Yasavul (Sadığı gətirir.) Ağa, damdan güllə atan bu idi.
Şahmarbəy. Qoçaq, damdan gülləni haraya atırdın?
Sadıq. Qarğaya güllə atırdım, gündə gəlib toyuqların cücələrini daşıyır.
Şahmarbəy. İmdi vurduğun qarğanı görərik.
Həsən (ağlaya-ağlaya daxil olur). Ay pristav ağa! Ay Cahangir ağa! Mənim evim yıxıldı, qolumun qüvvətini, köməyimi əlimdən aldılar. Cavan, lay divar tək oğlanı vurub yıxdılar yerə. Əgər ədalət varsa, gərək zalımı cəzasına çatdırasan!
Şahmarbəy. Vurulan kİmdir?
Həsən. Başına dönüm, vurulan Səfi oğlu İskəndər, öldürən də bu zalım oğlu. (Sadığı göstərir.)
Sadıq. Ay ağa, başın üçün mən qarğaya güllə atmışam. Mənim xəbərim yoxdur. Bəlkə güllə qəflətən dəyib. (Namaza) Namaz əmi, məni pristav ağadan zamına götür, mən heç yana qaçan deyiləm. Əgər sonra mənə bir günah sübut olsa, məni boğazımdan çəksinlər. Cahangir ağa, sən də pristav ağadan təvəqqe elə, məni zamına versin.
Namaz. Heç kəs səni zamına götürməz. Məlun, Allahın lənəti sənin canına gəlsin! Mən səni dəyirmana dən üyütməyə göndərdim, yoxsa, dedim get, adam vur, öldür? Canın çıxsın, cəzanı çək!
Cahangirağa. Şahmar bəy, təvəqqe edirəm, bu haramzadəyə necə lazımdır tənbeh olsun. Haramzadə, mənim evimdə əziz qonaq, sən çıxıb mənim başımın üstündən güllə atıb, adam öldürəsən?
Şahmarbəy. Tənbeh, qanuna görə olacaq. (Yasavullara) Yüzbaşını buraya çağırın!
Yüzbaşı: Buradayam, ağa. (Yeriyir qabağa.)
Şahmarbəy (yüzbaşıya). Bunu apar Dustaq elə. (Yasavula) Sən də cəld get atını hazırla, kağız verəcəyəm, çaparaq aparıb verərsən silistçiyə, həkimlə bir yerdə sabah burada olsunlar. (Yüzbaşıya) Yüzbaşı, sən də əmr elə silistçi və həkim gəlincə meyiti dəfn eləməsinlər. (Cahangir ağaya) Cahangir ağa, buyurun kağız qələm versinlər.
Cahangirağa. Buyurun, içəridə yazın.
Pristav gedir.
Yüzbaşı (Sadığa). Düş qabağıma, silistçi gəlincə səni mən yaxşı danışdıracağam.
Sadıq. Ay ağa, ay Namaz əmi, məni zamına götürün. Mən silistçi gəlincə heç yana qaçmaram.
Cahangirağa (yüzbaşıya). Yüzbaşı, pristavın əmrinə əməl elə. (Sadığa) Haramzadə, güllə atmağa başına yer qəhət idi? Gərək məni pristavın yanında xəcil eləyəydin, haramzadə!
Yüzbaşı (Sadığı itələyir). Düş qabağıma! (Aparır, camaat da dalınca gedir.)
Həsən (ağlayır). Ay insafsız oğlu, o yazıq sənə nə eləmişdi, onu qanına bələdin?
Camaatdənbiri. Gərək bunu boğazından asalar ki, xalqa da göz olsun.
Başqaları. Ay zalım oğlu, adam da İskəndər kimi oğlana qıyıb güllə atarmı? Ay sənin qolun yanına düşsün.
Gedirlər.
Cahangirağa. Bəd olmadı, Namaz, qoçaq adammışsan.
Namaz. İmdi bunun dalından dəyib, əlli-ayaqlı itirmək lazımdır.
Cahangirağa. O mənim əlimdə. (Gedir, Namaz da dalınca.)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-baba-yurdunda-birinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məlumdur ki, islam və xüsusən şiəyi-Əmirəlmöminin vilayətlərinin cəmi ehtiyacatını: istər xeyirdə, istər şərdə, rəf edən İrandır.Əgər Iran olmasa idi, bilmirəm, bu yazıq camaat haraya gedərdi. Şad günümüzdə Iran bizə mütrüblər, hoqqabazlar, kəndirbazlar, meymun oynadanlar, ayı oynadanlar göndərir.
QəndilBütün dağlar arasında İskəndər bəyin adı söylənirdi. İgidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yox idi. Atı, qaramalı saysız idi.Qubernatordan tutmuş axırıncı pristavadək onun evinə gələrkən “hər barədə” razı gedərdi. Kimin Iskəndər bəyin əlindən hökumətə şikayət eləməyə cürəti vardı?
ÇeşməkŞəhərimizdə məşhur advokat Mahmud bəy əhli-kef və əhli-damaq bir vücud idi. Əhalidən, hər ürəyi darıxan, istəyəndə ki, bir qədər kefi açılsın, gedərdi Mahmud bəyin söhbətinə və həqiqət onun yanında əyləşənlər iki, üç saat dünya qeydini yadından çıxarardı. Mahmud bəyin mənzilində lətifələr danışıb gülməkdən sivay bir iş olmazdı. Şəhərin cəmi zəriflərinin yığıncağı Mahmud bəyin mənzili idi. Bunu da qeyd etməliyəm ki, iş vaxtında hər bir kənar söhbəti atıb ciddi işə məşğul olardı. Şəhərin ən qabil advokatlarından sayılardı.Mahmud bəy kitaba və qəzetə aşiq bir adam idi. Çox gözəl bir kitabxanası var idi və Rusiyada çıxan qəzetlərin zübdələrinə həmişəlik abunəçi idi.
Haqq MövcudQara saçları çiyninə tökülmüş, başında qara kəndirlə sarınmış teyləsan, qara, uzun, qurşağınadək saqqal, qara, böyük sürməyi gözləri, boynunda bir pud gələn zəncir, arxasında bir ceyran dərisi... Bu idi onun qiyafəsi...Yol gedəndə heç kəslə danışmazdı... Heç kəsin sualına cavab verməzdi. Dilindən ancaq bu sözlər eşidilərdi:
Стихи других поэтов
با دولت غم تو ز فکر جهان چه باک؟
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Ha mayıl olduYatmışdım, üstümə gəldi bir pəri,Yenə yar sevdası ha mayıl oldu.
SöküldüAğzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü