Məlumdur ki, islam və xüsusən şiəyi-Əmirəlmöminin vilayətlərinin cəmi ehtiyacatını: istər xeyirdə, istər şərdə, rəf edən İrandır.

Əgər Iran olmasa idi, bilmirəm, bu yazıq camaat haraya gedərdi. Şad günümüzdə Iran bizə mütrüblər, hoqqabazlar, kəndirbazlar, meymun oynadanlar, ayı oynadanlar göndərir.

Dini ehtiyaclarımızın rəfi üçün mahir vaizlər, risalələr, mərsiyəxanlar, seyidlər və dərvişlər göndərir. Xülasə, Allah abad eləsin və bəd nəzərdən mühafizə etsin, yaxşı vilayətdir.

Hətta müsəlman qardaşlara söylədiyim mətaın artıq lüzumunu nəzərə alaraq xüsusi seyid, rövzəxan, vaiz, mütrüb və dərviş fabrikləri təsis olunubdur.

Götürək, məsələn, Kukəməri. Bu yerin əhalisi tamamən seyiddirlər. Bu kəndə getsən, ancaq arvad, uşaq və qoca kişilərdən başqa bir canlı görməzsən. Qalanları hamısı dağılıblar vilayətlərə. Kəndbəkənd, şəhərbəşəhər, məscidbəməscid, təkyəbətəkyə gəzib xüms toplayırlar. Və ildə bir dəfə evlərinə qayıdıb ailələri ilə görüşüb, gətirdikləri pulları cabəca edib yenə gedirlər qazanc dalınca.

Bir əlli-altmış il bundan əqdəm iki nəfər kukəmərli seyid: biri Seyid Əhməd və biri Seyid Səməd Qafqaza varid olurlar. Bunlar hərçi gəzirlər, əllərinə bir şey düşmür. Məscid həyətində mat, məyus hər İki yoldaş dizlərini qucaqlayıb, yaman günlərə düşdüklərinə ağlayıb dərdlərinə çarə fikir edirlər. Seyid Əhməd deyir:

– Canım, demək olmaz ki, camaat dindən çıxıb, mollanı, seyidi, mərsiyəxanı unudubdur. Dörd yana baxırsan: hamı mömin və dindardır. Mən iki dəfə bu şəhərə gəlib hər dəfəsində vətənə bir ətək pul aparmışam. Vətəndə iki yaxşı bağ almışam. İndi nə olubdur ki, camaatın gözü bizi görmür?

Seyid Səməd başını bir silkələdi:

– Bilirsənmi, dadaş! Burada başqa bir sirr yoxdur. Məhz bizim bəxtimiz yoxdur. Kişiyə hər şeydən qabaq bəxt lazımdır. Nə qədər çalışsan, nə qədər nəfəs döyüb, “ya cədda” deyib boğazını yırtsan, bəxtin ki, olmadı, heç bir mətləbə nail olmayacaqsan. Mənim başıma bir fikir düşüb, gəl onu da imtahan edək. Bu da tutmasa, qayıdaq vətənə, bir ildən sonra dübarə buraya müraciət edərik, bəlkə bəxtimiz açıla.

– Söylə görək başına gələn nə fikirdir?

– Yaxşı olar ki, həvalidəki dövlətli kəndlərin birində bir ocaq binası qoyaq. Əyləşək orada. Camaat nəzirdən, sədəqədən, halvadan gətirsin, biz də rahət yaşayaq.

Gecə sübhədək İki yoldaş baş-başa verib tədbir tökdülər. Sübh Seyid Əhməd ağacını və xurcununu götürüb “ya Əli, səndən mədəd!” deyib yola düşdü.


“Uzunqulaqlı” kəndi səkkiz yüz evdən ibarətdir. Camaatı varlı, dövlətli, dindar, rövzəxanpərəst. Camaatın həştad faizi hacı, kərbəlayı və məşədidirlər. Məhərrəm və ramazan aylarında rövzəxan kənddən əskik olmaz. Özləri də hər rövzəxanı bəyənməzlər. Gedib şəhərdən on, on beş rövzəxanın içindən birini seçib gətirərlər. Və yaxşı pul ilə də razı edib yola salarlar. Hər cümə camaat məscidə cəm olub, camaat namazı qılıb axundun vəzinə qulaq verirlər.

Cümə günü məscid camaat ilə dolu idi. Qapıda tanış olmayan bir “ya cədda!” səsi eşidildi. Camaatın hamısının nəzəri qapıya döndü. Seyid Əhməd ayaqyalın, sinəaçıq, başına döyə-döyə məscidə daxil oldu. Minbərə yaxınlaşıb dedi:

– Əyyühənnas! Bura Seyid Səməd adlı bir şəxs gəlməyibdirmi?

– Xeyr, gəlməyibdir. Gəlsə idi bilərdik.

– Heyhat, heyhat! Məgər mənim röyam səhv imiş. Məgər mən elə günahikəbirə mürtəkib olmuşam ki, cəddim məndən üz döndərib, mən səhv röyalar görürəm! Vay mənə! Vay mənə!

Belə deyib seyid başladı şarpaşarp təpəsinə çırpmağa...

Axund yerindən qalxıb seyidin qollarını tutub saxladı.

– Ağa seyid, sakit olun! Nə vaqe olubdur ki, özünüzə belə cəza verirsiniz?

– Mən bədbəxt! Mən naümid, mən fələkzədə!..

– Bircə buyurun görək nə vaqe olubdur?

Seyid ağlar gözlə başladı:

– Mən Kirmanşahda ikən gecə röyada cəddimi gördüm. Buyurdu: “Ey mənim bədbəxt oğlum, sənin yeddinci baban Seyid Səfa “Uzunqulaqlı” kəndində İki yüz əlli il bundan müqəddəm mədfun olubdur. O, mömin, kəşfikəramət sahibi bir vücud idi. Bundan əvvəl, hamı dərdlər, mərizlər, şikəstlər, məyublar onun qəbrindən dərdlərinə dərman alardılar. O qəbrin İndiyədək məchul qalması övladına eyibdir.

Əlbəttə; sabah yola düşərsən “Uzunqulaqlı” kəndinə. Səninlə bir vaxta mənim övladım da Seyid Səməd adlı bir nəfər Ərdəbildən haman “Uzunqulaqlı”ya varid olacaq. Onunla bahəm gecə yarısından sonra kəndin ətrafına çıxıb gəzərsiniz. Qəbr özü özünü nişan verər. İndi mən gəlmişəm. Seyid Səməd yoxdur. Məgər mən gördüyüm röya vəsvəsə imiş, xəyalət imiş! Vay mənə va müsibəta!..”

Seyid yenə başladı təpəsinə yumruq endirməyə. Axund onu bir növ aram edib evinə təklif etdi.

– Buyurun, bizim mənzildə bir qədər rahat olun, yəqin aclığınız var!

– Yox, mən acından ölərəm, amma Seyid Səməd gəlməyincə dilimə çörək və su vurmaram.

Bu halda məscidin qapısından vəhşiyanə bir səs ilə “ya cədda” eşidildi. Tamam camaat nəzərini qapıya tərəf döndərdi. Seyid Əhməd Seyid Səmədi görən tək camaatı basabasa ona tərəf yüyürdü. Məscidin ortasında bunlar qucaqlaşdılar və başladılar ağlamağa. Seyidlər ağlayırdılar, camaat da bir sürü qoyun tək ağız-ağıza verib salavat çəkirdilər. Axşam seyidlərin hər İkisi axund evinə qonaq getdilər. Kəndin ağsaqqallarından da neçə nəfər cəm olub gecə yarısına kimi söhbət etdilər.

Məlum oldu ki, Seyid Səməd də haman gecə durub “Uzunqulaqlı”ya gəlibdir.

Gecə yarısı camaat dağıldı. Seyid Əhməd və Seyid Səməd üçün xüsusi bir mənzildə yorğan-döşək saldılar.

Elə ki iki yoldaş tək qaldılar, Seyid Əhməd Seyid Səmədə dedi:

– Dadaş, deyəsən qumarımız tutubdur. Bura bizim ölüb-qalan yerimizdir!

Seyid Səməd cavabında dedi:

– Bax indi gör ki, necə tədbirli şəxsəm. Belə tədbir heç kəsin ağlına gəlməzdi.

– Kəndin adı “Uzunqulaqlı”, camaatı da uzunqulaq!

İki seyid əmmaməni bir tərəfə, əbanı o biri tərəfə atıb bir qədər oynadılar. Axırı yıxılıb yatdılar.

Bir ay bundan sonra ətraf camaatı hər gün seyidlərə nəzir, təsəddüq və xələt gətirmədə idi.

Bir aydan sonra Seyid Əhməd dedi:

– Bilirsən nə var?

– Nə var?

– Camaatın tərəddüdü azalıb. Xalq bu saat ocağın açılmasına müntəzirdir. Gərək bu gecədən işə şüru edək.

– Çox əcəb, çox gözəl!

Gecə yarısı İki yoldaş kəndin kənarına, qəbiristana tərəf getdilər. Kənd camaatı hamısı istədi onlar ilə müqəddəs qəbri axtarmağa getsinlər. Seyidlər razı olmadılar. Dedilər ki, sizin aranızda binamazlar, oruc tutmayanlar, yetim malına qəsd edənlər, zinakarlar, əqidəsi süst olanlar vardır. Siz bizimlə getsəniz, biz qəbri tapa bilmərik. Gərək bizim anımızda bir zinəfəs olmasın.

Camaat məyus evlərinə qayıtdı. Seyidlər getdilər. O yan-bu yanı çox gəzib, dolaşıb, axırda bir ölmüş eşşək sümükləri tapıb bir qəbir qazıb orada dəfn etdilər. Və səhər dəstə-dəstə gələn camaata göstərib dedilər ki, axtardığımız seyid qəbri budur.

O gündən ziyarət başlandı.

Naxoş gəldi, sağaldı getdi. Çolaq gəldi, ayaqlı getdi. Kor gəldi, gözlü getdi.

Seyid qəbrinin səsi cəmi qəzayə, hətta uzaq ölkələrə də yayıldı. Ocağın kəramətinə seyidlər özləri də məəttəl qalmışdılar.

Qanuni-təbiətdir. Biri quru ağaca, ya bir daşa sidq ilə inanıb bir mətləb söyləyəsən, yəqin alarsan. Belə ağaclar və daşlar Məşriq-zəmində çoxdur.

Bu vaqiədən bir il keçdi, bir gün Seyid Əhməd dedi:

– Seyid Səməd, bilirsən nə var?

– Xeyr, bilmirəm.

– Mən istəyirəm bir vətənə gedim. Şükür olsun Allaha, qumarımız tutub, yaxşı pul qazanmışıq! Xudavəndi-aləm bu camaatın qulağını bir az da uzatsın. Mən bir-İki aylığa gedim, arvad-uşağa baş çəkim; sən də mən gəlincə əyləş burada mücavirlik et! Mən qayıdandan sonra da sən vətənə gedərsən. Amma bir şərt var: gərək mən qayıdandan sonra mənimlə həlal haqq-hesab çəkəsən. Ocağın mədaxilinə xəyanət etməyəsən.

Seyid Səməd söz verdi ki, onun mədaxilindən bir quruş o yan-bu yan eləməsin.

Seyid Əhməd getdi.

Seyid Səmədə təklik əl verməyib on altı, on yeddi yaşında bir qız siğə eləyib, ocağın qırağında əyləşdi.

Pul bir ucdan sel kimi gəlir, Seyid Səməd hər gecə cücə-plov bişirib nazlı arvadı ilə ağız ləzzəti ilə yeyir.

İki ay tamam oldu. Seyid Əhməd səfərdən müraciət buyurdu.

Bir-İki gün yorğunluğunu alandan sonra Seyid Səmədi çağırıb haqq-hesab istədi.

Seyid Səməd bir dəftər gətirib Seyid Əhmədin qabağına qoydu və dedi:

– Olan mədaxil budur.

Seyid Əhməd mədaxili az görüb yoldaşından şübhələndi və dedi:

– Seyid Səməd, bu mədaxil keçmişlərə görə çox azdır. Gərək mədaxil nəinki İki belə, bəlkə bir az da artıq olaydı. Yəqin burada bir qədər pul yaddan çıxıb yazılmayıb.

– And olsun cəddimə, Qurana, yoldaşlıqda yediyimiz çörəyə! And olsun atam Seyid Qurbanəlinin goruna, burada bir həbbə o yan-bu yan olmayıb.

Seyid Əhməd dedi:

– Andına inanıram. Amma gərək bir şeyə də and içib, məni dürüst şəkdən çıxardasan.

– Baş üstə, istəyirsən Qurana əl basım.

– Yox, Quran lazım deyil. Degilən: and olsun bu qəbirdə yatana ki, bu haqq-hesabda nöqsan yoxdur!

Seyid Səməd fikrə getdi. Bir azdan sonra başını qaldırıb dedi:

– Seyid Əhməd, bilirsən nə var?

– Xeyr, bilmirəm.

– Bu qəbirdə yatanı sən də bilirsən, mən də. Bununla belə, and içməyəcəm.

Həqiqət haqq-hesabda bir neçə məbləğ qələmdən düşüb.

Bunu deyib həqiqi haqq-hesabı göstərdi.

Seyidlər öpüşüb, yenə ticarətlərinə məşğul oldular.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов