Qafqazda şəhər meydanında böyük izdiham. Arvad, uşaq, kişilər bir-birinə qarışıb. Səhnənin dalından təbil və zinc səsi gəlir. Şaxsey, vaxsey sədası eşidilir. Cavanların boyunlarına arvadlar bir-bir kəfən tikib, yola salırlar. Əkbər, əlində qılınc, qoltuğunda ağ, gəlib, arvadların içində anasını tapıb çağırır.

Əkbər. Ana gəl bu ağı mənim boynuma tik.

Əkbərinanası (gəlininə). A balam, gəl, özün Əkbərin boynuna ağ tik. (Gəlin əlləri titrəyə-titrəyə Əkbərin boynuna ağ tikir.)

Əkbərinarvadı. Əkbər, gəl sən boynundakı ağı biç, bir yetimə bağışla. Gecə pis yuxu görmüşəm, ürəyimə qara fikirlər gəlir.

Əkbər. Elə danışma, bu, imam yoludur, bu yolda xata ola bilməz. Dörd ildir qürbətdəyəm, ağköynək olmamışam, İndi gərək hamısının əvəzini çıxam. Sən bir uca yerə çıx, oradan tamaşa et, gör nə qiyamət qopardacağam.

Əkbərinanası. Əkbər, nə söhbət edirsən?

Əkbər. Heç, ana, gəlinin mənə ağköynək olmağı məsləhət görmür.

Əkbərinanası. O səni çox istəməkdəndir. (Gəlininə) Balam, imam yoludur, burada danışmaq günahdır. Mənim oğlum necə taytuşdan geri qala bilər?

Əkbər. İgid gərək özünü belə-belə yerlərdə göstərsin. (Onlardan ayrılıb, bir neçə qədəmdə Rəsula rast gəlir.)

Rə sul. Sən haraya gedirsən?

Əkbər. Görmürsən haraya gedirəm? Daha soruşmağın nə lüzumu?

Rə sul. Görürəm haraya gedirsən, dörd il gedib dünyanı səyahət edib qayıdandan sonra, yenə ağlın başına gəlməyib. Vurdun başını yardın. Bir beş girvənkə də qanın axdı, görək nə qazanacaqsan dünya üçün və ya axirət üçün…

Əkbər. Dünyada özüm üçün ad qazanaram, axirətdə behişt. Mənim danışmağa məcalım yoxdur. Təvəqqe edirəm belə günlərdə mənimlə belə söhbətləri eləməyəsən. Özgə vaxt danışarıq. İndi mənim gözlərim qızışıb, qan vurub başıma, qulağım heç bir şey eşitmir, hətta əlimdən xata da çıxa bilər. Odur Molla Kazım mərsiyəxan gəlir. Onunla danış, o məndən ağıllıdır. Budur, on beş gündür bizim evimizdə qonaqdır. İrandan mənimlə bir yerdə gəlib. On beş gündə mənə söylədiyi nəsihətlərdən sənə də desə, bəlkə sən də imana gələrsən. Sən çoxdanın bidinisən.

Arvadlar və Əkbər gedirlər, bir neçə nəfər daxil olurlar.

Molla Kazım. Həzərat, bilin və agah olun, hər kəs bu gün bir qətrə göz yaşı töksə, onun yetmiş yeddi min günahı olsa bağışlanar. Hamı ağlayır.

Kərbəlayı Qədim (yüyürərək daxil olur). Xudaya, cəlalına şükür! İndi sənə inanmayanlar sənin qüdrətini öz gözləri ilə gördülər.

Rə sul. Nə var, ay kərbəlayi, nə olub?

Kərbəlayı Qədim. Sən çəkil kənara. İndi görərsən nə var.

Molla Kazım. Kərbəlayı, nə olub?

Kərbəlayı Qədim. Nə xəbər olacaq, xudavəndi-aləm bu saat öz qüdrətini bütün bidinlərə sübut etdi. Bundan sonra kafirin dili var, danışsın. Belə böyük möcüzənin qabağında görüm bir para dini, məzhəbi bəyənməyənlər, adlarını müsəlman qoyan məlunlar nə danışacaqlar və nə danışa biləcəklər?..

Molla Kazım. Bir tez de görüm nə möcüzədir?

Hamı onu əhatə edir.

Kərbəlayı Qədim. Yarım saat bundan əqdəm, bir nəfər erməni arvadı, on beş yaşında, anadan doğma kor oğlunu gətirib yıxdı məscidin qapısına. Dedi: ay müsəlmanların Allahı! Əgər sən haqq Allahsan, mənim bu oğlumun gözlərinə işıq ver. Fövrən uşağın gözləri açıldı, erməni arvadı haman saat dönüb müsəlman oldu. Uşağın libasını parça-parça edib camaat öz arasında qismət etdi. Pul arvadın başından dolu kimi yağır, budur, buraya gəlir.

Erməni arvadı, yanında uşaq, ətrafını camaat almış, daxil olurlar.

Erməniarvadı. Belə musurmanların Allahına ğurban olum. Musurmanların dininə, məzhəbinə ğurban olum. On beş ildir bu pağır uşaq kor idi, elə anadan kor gəlib. Dedim: aparıb bu şaxsey-vaxsey günü musurmanların Allahının ayağına yıxacağam, oğlumun gözlərinə şapaq versin. Budur, kor gözü gedib, yerinə şapaqlı göz gəlib.

Rəsul kənardan gülür.

Camaat. Xudaya, kəramətinə şükür. Sənə inanmayana min lənət, möcüzə şəkk gətirənlərə min lənət!

Molla Kazım. Azançı Məşədi Səlimə deyin çıxsın minarədən minacat çəksin, ta bütün şəhər belə böyük möcüzədən xəbərdar olsun.

Kərbəlayı Qədim. Məşədi Səlim çoxdan minarənin başındadır. Məgər səsini eşitmirsiniz?

Molla Kazım. Həzərat, axır vaxtlarda bir para bidinlər çıxıblar ortalığa, camaatı da özləri kimi bidin eləmək istəyirlər. Deyirlər: oruc nahaq, namaz nahaqdır. İmam təziyəsi nahaqdır. Allah, filan yoxdur. İnsanı dolandıran havadır. Insanın Adəm əleyhissalamdan xəbəri yoxdur, hamı meymundan əmələ gəlibdir. Belə bidinlər haqq yoldan çıxıb camaatın da əqidəsini pozmaq istəyirlər. Mən hər il bu tərəflərə gəlirəm. İlbəil camaatın əqidəsinin gəldikcə pozğunluq tərəfinə getməyini müşahidə edirəm. Belə getsə, bütün camaat axırda bidin olub yoldan çıxacaqlar. Odur ki, xudavəndi-aləm belə möcüzələrlə o bidinlərin bətalətlərini sübut edir. İlahi, cəlalına şükür.

Hamı. Xudaya, cəlalına şükür!

Molla Kazım. Camaat, hər kəs qüvvəsindən nə gəlir, az-çox bu arvada ehsan edin, qəbul olası ehsandır.

Camaat pul verir.

Erməniarvadı. Allah sizə bərəkət versin, məzhəbinizə ğurban olum.

Şəhərli (Rəsula). Sən niyə belə kənardan baxırsan?

Rə sul. Möcüzəyə tamaşa edirəm, qəribə möcüzədir.

Şəhərli. Ay Rəsul, sən həmişə danışırsan, İndi nə olub dilin batıb? Axır mən bu erməni arvadını tanıyıram, o da məni yaxşı tanıyır. Mən bunların kəndindən həmişə gedib toyuq-cücə, yumurta alıram. Vallah, bunun kor oğlu yoxdur. Bu uşağın özünü də həmişə qapıda görürdüm ki, oynayır. Kor, filan da deyildi. Danışmaq yeri indidir.

Rə sul. Bu halda belə başların hansını inandırmaq olar? Gözlər qanla dolub, beyin qızışıb, çox danışarsan vurub cəmdəyini yıxarlar yerə. Hər kəs bir lotuluqla çıxır meydana, camaatın qulağını kəsir. Erməni arvadı da bu kələklə meydana çıxıb. Kasıb arvaddı, qoy puldan-zaddan versinlər, aparıb qapısına bir-iki öküzdən-inəkdən alsın. Erməni arvadı ilə Molla Kazımın heç təfavütü yoxdur. Vaxtında bu qoyun kimi camaat xeyir-şərrini gözəlcə anlayacaq. Bu erməni arvadını tək sən tanımırsan, səndən də savayı tanıyan çoxdur. Amma danışmağa qorxurlar, çünki mövqe müsaid deyil, vaxtı deyil. (Erməni arvadı camaatdan uzaqlaşır.) Getdi qulaq kəsməyə, aybı yoxdur.

Kərbəlayı Xudaverdi (başına döyə-döyə). Evimi yıxan oğlum vay! Məni qoca vaxtımda düzlərdə qoyan oğlum vay! Belimi sındiran oğlum vay! Gözümün işığı, qolumun qüvvəti oğlum vay!..

Molla Kazım. Ay Kərbəlayı Xudaverdi, nə vaqe olub?

Kərbəlayı Xudaverdi. Nə olacaq? Gözümün ağı-qarası bircə oğlum əlimdən getdi.

Molla Kazım. Ağlama, Kərbəlayı Xudaverdi, günahdır. Sənin oğlun bu saat cənnəti-əlada məqam tutub. Belə ölümü hamı gərək arzu eləsin, ağlama…

Kərbəlayı Xudaverdi. Mənim evimi yıxan sən Molla Kazımsan! Allah sənin evini yıxsın! Səni də mənim kimi əli qoynunda balasız qoysun! Budur, iki həftədir gecə-gündüz oğlumun başını doldurdun. Bir ucdan dedin: hər kəs bu yolda özünü şəhid eləsə, yeri, bisual, cənnətdir. İndi mən qoca atasını, qoca anasını, cavan, on beş günlük övrətini kim saxlayacaq? Allah sənin evini yıxsın! (Gedir.)

Əkbərinanası. Hanı mənim oğlumun qanlısı? Hanı o insafsız, mürüvvətsiz? Ala gözlü balam vay! (Molla Kazımı görür.)

Molla Kazım. Bacı, nahaq yerə özünü günaha batırma. Allah bizim hamımıza elə bir ölüm qismət eləsin. Oğlun bu saat behiştdə əyləşib, sənin və atasının günahını bağışlamağı istirham edir.

Əkbərinanası. Toyu yasa dönən balam vay! Allah, məni oğulsuz qoyanı oğulsuz qoy!

Rə sul. Bu da mövhumat Qurbanı!

Birnəfərşəhərli. Üç nəfər də yenə öldü. Biri Hacı Vəlinin oğlu, biri Kərbəlayı Namazın oğlu Əsəd, biri də Hacı Qəmbərin oğlu Bəşir.

Üç nəfər başlarına döyə-döyə yüyürürlər.

Rə sul. Bu da üç Qurban.

Molla Kazım. Hamısının ruhu bu dəmdə cənnətdədir.

Birnəfəriranlı (daxil olur). Həzərat, burada Molla Kazım kimdir?

Molla Kazım. Mənəm, nə buyurursan?

İranlı. Sənmisən o məlun, bidin lotu? Mən sənin sorağını kəndbəkənd,

şəhərbəşəhər alıb, gəlib burada tapmışam. Çox yaxşı əlimə keçibsən. İndi sənin kim olduğunu camaata bildirrəm!

Molla Kazım. Məlun, küfr danışma! Üləma üzünə ağ olanın yeri cəhənnəmdir!

İranlı. Alim sənmisən, qırışmal?! Həzərat, tanıyın bunu, bu Molla Kazım deyilən bizim şəhərdə gəlib əyləşib arvadlara cadu yazırdı. Uşağı olmayan arvadları gətirib evinə yatırdıb, onlara əl atırdı. İstəyirdi bu oyunu mənim də arvadımın başına gətirsin. Amma yaxası və saqqalı namuslu arvad əlinə keçdi. Mən bunun necə lazımdır qulluğun edəcəyəm. Amma siz də bilin, mərsiyəxan sifəti ilə gəlib sizi tovlayıb, pulunuzu alan lotular İranda çoxdur!

Molla Kazım. Həzərat, bu, babıdır, yalançıdır. Bunun sözünə inanmayın!

İranlı. Yalançı mən deyiləm, sənsən. Fikir edin, həzərat, heç bir cavan, ürəyi yanmasa, gəlib camaat arasında öz arvadının söhbətini edərmi? Görün bu ləin vücud məni necə oda yaxıb?

Rə sul. Həzərat, bu oğlan yalançı deyil. Mən hər vaxt sizə deyəndə bir para lotulara inanıb malınızı, pulunuzu çöllərə dağıtmayın, mənə kafir dediniz. Budur, bu gün dörd cavan, əcəlsiz, dünyadan getdi. Onların anabacıları, əyalları sahibsiz qaldılar. İndi görək Molla Kazım onlara çörək verəcəkmi? Bunlar sizə deyirlər ki, bu yolda ölən şəhid zümrəsindən olurlar. Elə isə bəs bunlar özləri niyə başlarını çapmırlar? Fikir edin bircə, heç bir molla ağköynək olub, başını yardığını görən varmı? Səbəb nədir?

Camaatdanbiri. Doğrudan da, heç molladan, mərsiyəxandan ağköynək, baş yaran, zəncir vuran görməmişəm!

Rə sul. İndi ki görməyibsiniz, bilin ki, bu əməl yaxşı olsa, qabaqca mollalar gedər. Bunlar ancaq mövhumatları özləri üçün mədaxil yolu qayırıblar. Camaatın başını doldurub, kənardan tamaşa etməklə ləzzət aparırlar. İnanmayın, camaat, belə adamlara. Gedin sənət dalınca, elm dalınca, ta bir işığa çıxasınız! O guya kor uşaq ki, erməni arvadı gəzdirirdi, onu bu şəhərdə çox adam tanıyır. Mənim bir yaxşı dostum bu saat mənə dedi ki, o erməni arvadını ildə bir otuz dəfə görür və özünü də tanıyır. Onun oğlu kor deyil. Deyir: burada onu tanıyan çoxdu, danışmağa qorxurlar.

Neçənəfərcamaatdan (ürəklə). Mən də tanıyıram.

Rə sul. Budur, eşidin, ağlınızı başınıza cəm edin! Molla Kazımlardan özünüzü qoruyunuz.

İr anlı (istehza ilə). İndi, cənab axund Molla Kazım, zəhmət çək gedək söhbətə!

Molla Kazım. Oğlan, əl çək məndən!

İranlı. Hələ sənə əl vurmamışam ki, əl çəkim. Bir qədər əlim dəyəndən sonra əl çəkərəm. Buyur, zəhmət çək! (Bir-iki dəfə boynuna vurub aparır.)

Camaat mat-mütəhəyyir onların dalınca gedirlər. Neçə ədəd meyit səhnədən keçirib
aparırlar. Meyitlərin dalınca arvad-uşaq ağlayaraq gedirlər.

Səhnədalındansəs. Mən bəka-öv əbka-öv təbaka vəcabətləhülcənnət...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов