Birinci pərdə
Страница 1 из 2
Pərdə açıldıqda İranda şəhər meydanı görünür. Səhnənin ortalığında Fazil Dərbəndinin
heykəli eşşək üstündə əyləşib, ətrafında neçə nəfər köhnə kulak, boyunlarında kəndir və
kəndirin ucları Fazilin əlində. Fazil gah məclisə, gah ətrafındakılara baxır.
Fazil. İsməu-ifhəmu-ya əyyühəl-qafilun. Eşidin və ayılın, ey Allahın xabi-qəflətdə
uyumuş bədbəxt bəndələri! Açın gözlərinizi və kar qulaqlarınızdan pənbeyi-qəfləti kənar
ediniz. Mənəm qabağınızda duran, mənəm məşəli-dini-islam, mənəm əfzəlül-üləma, mənəm
Fazil Dərbəndi... (Məclisə.) Nə baxırsınız gözümün içinə? Nə səbəbə hamılıqla ayağa qalxıb
təzim etmirsiniz?! Fikir edin, hamınız öləcəksiniz və siz ki belə fikir dəryasına qərq
olubsunuz, aya, qiyamətə nə sifətlə gəlib, günahlarınıza nə üzr gətirəcəksiniz? Huşunuzu
başınıza cəm edin, tövbə qapısı həmişə açıqdır. Qorxun qiyamət əzabından, niyə sakit
əyləşib etina etmirsiniz? Yoxsa günahlarınızın hesabının çoxluğu sizi mat edibdir?
Qorxmayın, qorxmayın. Bir qətrə göz yaşı sizin cəmi günahlarınızı yuyub aparar. Isməu-
ifhəmu-ya əyyühəl-qafilun. Mən
bəka-öv əbka-öv təbaka vəcabət-ləhül-cənnət. Hər kəs ağlaya, ağlada və ya ağlayana özünü oxşada behişt ona vacibdir. Bunu mən deyirəm, mən molla ağa Fazil Dərbəndi deyirəm sizə, məhərrəm ayı yaxınlaşır, ağlayın, başınıza döyür... Sinələrinizi qara daşla əzin, başınıza saman tökün, hər nə günah etmiş olsanız, istər səğirə, istər kəbirə, hamısı bir anda bağışlanar. Baxın mənim ətrafımdakı möminlərə. (Ətrafdakılar dizləri üstə çöküb, ağlaşırlar). Budur məşhur tacir, dünyada nə arşını, nə tərəzisi düz olmayıb, peşəsi avam kəndlilərə çürük malı ikiqat qiymətə aldadıb satmaq olub, neçə yetimə qəyyum olub, mallarını yeyib... Amma, ey qəflətdə yatanlar! Ey imansızlar! Bilin, bircə dəqiqə aşura günü sidqi-dildən ağlamağına görə cəmi günahları bağışlanıb, özünə də mənimlə bir yerdə behiştdə məkan verilib. Budur, iyirmi sənə qalabəyilik etmiş. Budur, otuz il kəndxudalıq edən. Budur, məşhur qoçu ki, əlindən hesabsız qanlar tökülüb. Budur, məşhur şürbi ki, ildə on bir ay ayıq olmayıb. Bircə məhərrəm ayı içkini kənar qoyub, təziyədar olub... Görün bunları, ibrət edin. Bir bu qədər işləri görəndən sonra, yoxsa yenə inanmırsınız? Dürüst fikir edin, özünüzə, övladınıza yazığınız gəlsin. Bilin ki, bir qətrə göz yaşı nəinki sizin, hətta ata-babalarınızın da günahlarını yuyub aparır. (Ətrafdakılar yenə ağlayırlar.) Bunu mən deyirəm, mən Fazil Dərbəndi, mən bəka-öv əbka-öv təbaka vəcabət-ləhül-cənnət. Gedin, ey Allahın mömin bəndələri. (Gedir, camaat da dalınca.)
Səhnənin dalından Molla Kazım əmmaməsiz, başında papaq, yanında bir
qoca arvad, bir cavan oğlan və bir qoca kişi daxil olurlar. Molla Kazım
daş üstə əyləşir.
Molla Kazım. Hə, söyləyin görüm, dərdiniz nədir? (Arvada) Bacı, sən yavuğa gəl, (qalanlara) siz bir qədər kənara gedin, bəlkə bacının dərdi xəlvətdir.
Çəkilirlər.
Qocaarvad. Bəli, Qurbanın olum, mən gərək sözümü axund ağaya xəlvət deyim.
Molla Kazım. Onlar getdilər, sözünü de...
Qocaarvad. Molla Kazım, ayaqlarının altında ölüm, göydə Allah, yerdə sənin ətəyindən tutmuşam. Nə istəyirsən məndən al, mənim dərdimə əlac elə.
Molla Kazım. Müxtəsər elə, görürsən xalq məəttəldir. Dərd bir sənin dərdin deyil.
Qocaarvad. Deyirəm, sənə Qurban olum, Allahdan gizlin deyil, bəndədən nə gizlin. Üç il bundan qabaq gedib oğluma bir gəlin gətirmişəm. Necə gəlin! Bir gül parçası, bircə eybi yoxdur ki, övladı olmur. Oğlum deyir: o sənin ayağının ağırlığındandır, bunun əvəzinə gedib başqa arvad alsaydın, yəqin imdi iki uşaq atası olardım.
Molla Kazım. Oğlun bu saat haradadır?
Qocaarvad. Oğlum, başına dönüm, bu səhər Təbrizə yola düşdü və tapşırdı ki, əgər mən Təbrizdən qayıdıb arvadımı hamilə görməsəm, haman gün boşayacağam və səni də o qədər döyəcəyəm, bədənin qara tuluğa dönüncə. Başına dönüm, Molla Kazım, əl mənim, ətək sənin. Ya əlimi kəs, ya ətəyimi...
Molla Kazım. Çox əcəb. Müalicəsi asandır. Belə arvadların çoxusunu mən müalicə etmişəm.
Qocaarvad. Bilirəm, sənə canım Qurban, odur ki, ətəyindən yapışmışam.
Molla Kazım. Cəmi şəhərdə bizim ocağın kəraməti məlumdur.
Qocaarvad. Ocağına Qurban olum, ay ağa!
Molla Kazım. Dayan. Bu axşam gəlinini gətirərsən bizim evə. Mən onun surətinə coşən-kəbir oxuyaram və bu gecə də bizim ocaqda yatar, sübh gəlib apararsan. Qabaqca səndən bir dinar belə istəmirəm. Əgər dörd aydan sonra gəlinin hamilə olduğu məlum olsa, onda mənim xələtimi gətirərsən, yoxsa olmasa, yenə bir dinar istəmirəm.
Qocaarvad. Qurban olum, axund, oğlum gəlib bilsə, sümüklərimi sındırar.
Molla Kazım. Ürəyinə qara fikirlər gəlməsin, arvad, ayıbdır, günahdır. Molla Qiyas ocağına şəkk gətirənin gözləri tutular. Sənin gəlinin mənim zövcəmlə bir otaqda yatacaq. Dəxi get, camaatı məəttəl eləmə.
Qocaarvad. Gedirəm, başına dönüm. Bu axşam gəlinimlə gələrəm. Mən də... Mən də gəlinlə bir yerdə yata bilərəmmi?
Molla Kazım. Yox, arvad, yoxsa yenə şəkk eləyirsən? Çıx get, mən gəlininə müalicə etmirəm.
Qocaarvad. Acığın tutmasın, ay axund, nə deyirəm, sən buyuran olsun.
Molla Kazım. Naxoşun yanında mənim zövcəmdən başqa heç
kimsə ola bilməz. Çünki gecə yarısı onu həzrət Xızır əleyhissəlam yoluxacaq, o vaxt orada yad adam ola bilməz.
Qocaarvad. Həzrət Xızra da Qurban olum, sənə də. Bu bir cüt corabı da sənin adına toxuyub gətirmişəm. Bunu məndən qəbul elə.
Molla Kazım. Mən dedim ki, qabaqca bir dinar almaram. Dəxi sən gətiribsən, ürəyinə dəymirəm. (Corabı alır.) Əcəb corabdır. Nəzrin qəbul olsun...
Qocaarvad. Dəxi mən qulluğundan mürəxxəs oluram. (Gedir.)
Molla Kazım. Xoş gəldin. (Arvadın dalınca baxıb öskürür və əllərini bir-birinə sürtür, sonra qoca kişini çağırır.) A kişi, gəl görüm sənin dərdin nədir?
Qocakişi (yaxına gəlir). Molla Kazım, məni Molla Qiyas Axundun qəbrinə dolandır, mənə əlac elə.
Molla Kazım. Müxtəsər elə, dərdini de.
Qocakişi. Axund, Allahdan gizlin deyil, səndən nə gizlin. Budur, neçə gün olar ki, bir əyal gətirmişəm. Zalım qızı hərçi edirəm üzümə baxmır. Yavığına gedəndə elə qışqırır ki, guya ki bir ilan, əjdaha görür. Bağrım çatlayır, ölürəm, məni yerdən götür. Nə də istəyirsən al...
Molla Kazım. Əyalın neçə sinnindədir?
Qoca kişi. Bu da lazımdır?..
Molla Kazım. Əlbəttə lazımdır, lazım olmasa soruşaram?
Qocakişi. Olar bir on dörd, on beş yaşında.
Molla Kazım. Bəs nə əcəb belə bir cavan qız sənə əyallığa razı olub?
Qocakişi. Burasını xəbər almasanız yaxşıdır.
Molla Kazım. Yox, işin hər tərəfini bilmək lazımdır.
Qocakişi. Doğrusu, onu mən oğlumun adına gətirmişəm. Amma kəbini öz adıma kəsdirmişəm. İmdi gəlib görür əri oğlum deyil, mənəm. Axşamadək gözü oğlumdadır. Mən tərəfə heç baxmır.
Molla Kazım. Nə lazım belə eləyirdin ki, İndi əl-ayağa düşəsən? Qız sevmişdin, gələydin mən Molla Kazımın yanına, bir dəqiqədə düzəldəydim.
Qocakişi. Keçibdir, anlamamışam, Q u r b a n ın olum, əlac elə.
Molla Kazım. iki tümən pul ver.
Qocakişi. Al, Q u r b a n ın olum. (Verir.)
Molla Kazım (bir parça kağız çıxardır). Qızın və anasının adı?
Qocakişi. Qızın adı Pəricahan, anasının da adı Gülsümdür.
Molla Kazım. Pəricahan zayəndeyi-Gülsüm. (Yazır.) Al, mənim qoltuğumda hər dərd üçün dua hazırdır. Elə şəxsin öz adı ilə anasının adının yerləri qoyulur. Bu duanı dilinin altında gizlədib, gedərsən əyalının yanına, əlbəttə, sənə bundan sonra məhəbbət salar.
Qocakişi. Mürəxxəs olum. Allah səni bu camaata çox görməsin. Xudahafiz. (Gedir.)
Molla Kazım. Xoş gəldin. (Cavan oğlana) Sən gəl görüm, dərdin nədir? (Oğlan yaxına gəlir.) Amma sözünü müxtəsər elə, vaxtım yoxdur.
Cavanoğlan. Sözüm müxtəsərdir. Amma vallah, doğrusu, xəcalət çəkirəm deməyə.
Molla Kazım. Sən deməsən də mən bilirəm cavanın dərdi nə olar? Yəqin qız sevmisən, o da sənə gəlmir.
Cavanoğlan. Elə ona oxşayan bir işdir.
Molla Kazım. Necə ona oxşayan? Müxtəsər elə, vaxtım yoxdur!
Cavanoğlan. Qız deyil, gəlİndir. Ərinə artıq məhəbbəti olduğundan, mənə məhəl qoymur. Mən də od tutub yanıram.
Molla Kazım. Oğlan, sənə nə düşüb özgənin əyalına təəşşüq
yetirirsən? Məgər bilmirsənmi bu, günahi-kəbirə hesab olunur?
Cavanoğlan. Nə eləyim, ay axund? Ürəyə əmr vermək olmaz. Göz görüb, könül sevib. Mənim nə günahım var? Hərgah macaranı başdan nağıl etsəm, doğrudan da, mənə yazığınız gələr.
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-vaveyla-birinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir kənddə Dairə icraiyyə komitəsi. Bir masa rubəruda sədr üçün və birisi də sağ tərəfdə*katib üçün qoyulmuşdur. Masaların yanında neçə taburet və divar boyu skamyalar*
Bəxtsiz cavanFaciə beş məclisdəİştirak edənlər
Əvvəlinci məclisƏvvəlinci məclis vaqe olur Hacı Səməd ağanın otağında. Otaq fərşlər, yumşaq stullar və*kürsülərlə Avropa qaydası ilə bəzənmiş. Otağın üç qapısı var: sağdan, soldan və*
İkinci məclisHəmin otaq. Mirzə Qoşunəli. qapını açıb daxil olur. Qapı açıq qalır, qapının dalında üç*nəfər kənd əhli görünür.*
Стихи других поэтов
مرغی بپرید سوی گلزار
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
Xoş gəldinBu gün nə xoş gündü, nə xoş saatdı,Qədəm basdın, Pəri xanım, xoş gəldin.