Страница 2 из 2 · 50%

Molla Kazım. Müxtəsər elə, vaxtım yoxdur?

Cavanoğlan. Müxtəsərmi? Beş tümən, vəssalam.

Molla Kazım. Bu, ağıl kəsən və çox müxtəsər dəlildir. Qızın adı və anasının adı.

Cavanoğlan. Qızın adı Mələknisa, anasının adı da Sərəncamdır. Molla xurcundan bir şüşə çıxardır.

Molla Kazım. Bu şüşədəki qurd yağıdır. Bunu arvadın ərinin paltarının üstünə sürtərsən. O vaxt arvad ondan nifrət edəcək və onu əsla görmək istəməyəcək. (Bir at nalı çıxardır.) Elə ki həmin yağı sürtdürdün, üç gün ondan sonra gecə yarısı ocaq qalayıb bu nalı salarsan ocağa, nal qızarantək həmin gəlin yanında olacaq. Əgər zəncirə bağlı olsa, yenə gələcək. Gəlinin adını və anasının adını bu saat bu nalın üstünə yazaram. (Yazır.) Mələknisa zayəndeyi-Sərəncam, buyur...

Cavanoğlan. Çox razıyam, axund ağa, buyurun. (Pul verir.) Gələcəkdə sənə artıq qulluq edərəm. Xudahafiz.(Gedir.)

Molla Kazım. Xoş gəldin! (Pulları sayır.)

Bu halda səhnənin sağ tərəfindən meymunoynadan səsi gəlir.

Meymunoynadan:

Ay şələküm, məəlləküm,

Yeri-yeri, çoban yeri,

Dağları dolan, yeri,

Mərhaba, oğlan, yeri,

A bərəkallah, a bərəkallah.

Molla Kazım (səs gələn tərəfə baxır). Paho, ay Molla Cabbar.

Molla Cabbar meymunun ipini buraxıb gəlir.

Molla Kazım. Oğlan, bu nə oyundur?

Molla Cabbar. Qardaş, nə etməli? Məhərrəmlik gəlincəyədək gərək bir növ dolanaq. Allah bərəkət versin, üç yoldaş bir meymunun səbəbinə çörək yeyirik. Bəs sən nə işdəsən, yoxsa mayadan yeyirsən?

Molla Kazım. Niyə, mən də döy-sındır dolanıram. Duadan, filandan yazıb camaatın karına gəlirəm, camaat da mənim karıma gəlir. Allahın dövlətindən nə çoxdur dünyada baş-qulaq, nə qədər istəyirsən qırx. Doğrudur, camaat bir qədər ayılana oxşayır, caduya, filana inanmırlar, amma yenə də bizə kifayət eləyən qədər tapılır.

Dərviş (sol tərəfdən). Ey dust, mövlayi-mən, həzar şükür ki, tutdum təriqi-imanı, özümə fərz elədim məzhəbi-müsəlmanı. (Daxil olur.) Salaməleyküm, ağa Molla Kazım, ağa Molla Cabbar! Əhvalişərif, dimağilətif, nə əcəb siz də buradasınız?

Molla Cabbar. Və əleyküsəssalam, ağayi Molla Qurban, sən də deyəsən bu lotuluqla meydana çıxıbsan, İndi də Dərvi şlik edirsən.

Molla Qurban. Nə etməli? Ilin on bir ayını bekarıq, çörək lazımdır. Arvad-uşağı ac saxlamaq olmaz, gərək əldə bir vəsilə olsun.

Molla Kazım. A kişi, sənin peşən gözəl peşədir. (Molla Cabbarı göstərir.) Bu bədbəxt oğlu meymun oynatmaqla çörək qazanır.

Molla Cabbar. Mən meymun oynadıb, xalqın pulunu alıb, heç olmasa, əvəzində bir tamaşa verirəm. Sən nə qayırırsan? Yalan-palan cadularla xalqın başını tovlayıb, pulunu alırsan.

Molla Kazım. Əslinə baxanda biz hamımız meymunoynadanıq!

Öz aramızdır, bir yad adam yoxdur. Onu söyləyin görək məhərrəm

ayı yaxınlaşıb, haraya getmək lazımdır?

Molla Qurban. Mənim xəyalım Gəncə-Qarabağ tərəfə getməkdir. Xeyirli, bərəkətli camaatdır, hər il oraya gedirəm və yaxşı mənfəətlə qayıdıram.

Molla Kazım. Mən özümü Bakı-Lənkəran tərəfə vuracağam. Orada mənim müridlərim çoxdur. Budur neçə ədəd kağız yazıblar, məni dəvət edirlər.

Molla Cabbar. Mənim əlimdən mərsiyəxanlıq gəlməz. Meymunumu, ayıb olmasın, uşaqların anasına tapşırıb, düşəcəyəm yola, gedib Şirvan tərəfdə şəbih çıxarıb dolanacağam. Bir dənə uzun bayraq, dəbilqədən, zirehdən, qalxandan, qılıncdan eşşəyə yükləyib düşəcəyəm kəndbəkənd. Özüm də çox yaxşı Yezid, İbn-Səid, Şümür və Haris şəbihləri oluram. Yoldaşlarım da məndən qalmazlar.

Molla Kazım. Bəs sənin mollalıq libasın haradadır?

Molla Cabbar. Budur yanımda. (Xurcunu yerə qoyub, bir dəst molla libasını çıxarır.) Bu mən!

Kərbəlayı Xudaverdi (oğlu ilə daxil olur). Salaməleyküm.

Mollalar. Vəəleyküməssalam-vərəhmətullah-vəbərəkatü, haradan təşrif gətiribsiniz?

Kərbəlayı Xudaverdi. Oğlumla Kərbəla ziyarətinə getmişdim, İndi oradan qayıdırıq, vətənə gedəcəyik. Burada bir düşməli karvansara yoxdurmu?

Molla Kazım (göstərir). Bu küçənin axırında böyük bir təmiz karvansara var, düşə bilərsiniz. Səfəriniz harayadır?

Kərbəlayı Xudaverdi. Biz Azərbaycan tərəfə gedəcəyik. Məhərrəmlik yaxınlaşır, oğlumun da bir xeyir işi var. Gərək vətənə yetirib tamam edək. Allah sizin də övladınıza qismət eləsin.

Molla Kazım. Allah mübarək eləsin. Biz üçümüz də o tərəfə gedirik, yoldaşlı gedərik.

Kərbəlayı Xudaverdi. Tezmi yola düşəcəksiniz?

Molla Kazım. Sabah saat xoşdur. Sabah, Allah qoysa, yola düşərik.

Kərbəlayı Xudaverdi. Çox yaxşı olar. Elə mən də sizin qulluğunuzda gedərəm. Buyurdunuz, karvansara haradadır?

Molla Kazım. Bu küçə ilə gedib, Hacı Şükür karvansarasını soruşarsınız.

Kərbəlayı Xudaverdi. Xudahafiz. Allah sizin ömrünüzü uzun eləsin. Gedək, bala.

Hər ikisi gedirlər.

Molla Kazım. A kişi, doğru məsəldir ki, kor leyləyin yuvasını Allah öz əli ilə tikər. Budur, iki nəfər uzunqulaq keçib əlimizə. Arazı o tərəfə keçincə əlimizi cibimizə salmaycağıq!

Qol-qola verib oxuyurlar:

Çun gəldi məhərrəm, yenə meydan da bizimdir,

Meydan da bizim, ərsədə cövlan da bizimdir.

Sərsüfrədə ərbabi-naləm məhzərimizdə,

Eyvaz ilə, ikram ilə dövri-bərimizdə.

Min neməti əlvan düzülüb qənşərimizdə,

Sövdayi-plov, şuri-çığırtma sərimizdə.

Əlyovm yenə sərvəti-saman da bizİmdir…

Tacir də bizim, bəy də bizim, xan da bizimdir.

Əyan da bizİmdir, fərman da bizİmdir.

Çün gəldi məhərrəm, yenə meydan da bizimdir.

Gedirlər. Fazil Dərbəndi səhnənin dərinliyindən iki əlini uzadır.

Fazil Dərbəndi. Mən bəka-öv əbka-öv tabaka vəcəbət-ləhülcənnət.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов