Страница 1 из 2

Uca dağ başında, mədəniyyət mərkəzlərindən və dəmir yolundan uzaq, laçın yuvasına bənzər xırdaca bir şəhər düşübdür. Dağın sağ və sol ətəklərindən köpüklənərək sürətlə axan iki çay, axırda iki mehriban qardaş kimi birləşib axaraq, düzlərdə yaşayan əhalinin bağlarını, əkinlərini sirab edirlər.

Şəhər tamam qışı və baharın yarısını qara, dumana bürünmüş keçirib; axırda bu qara çadırşəbi atıb gözəl bir nazənin sənəm tək surətinin parıltısını aləmə salıb, tamam yay istirahəti arzusunda olan isti yerlər əhalisini öz ağuşuna cəlb edir.

Ətrafı səfalı meşələr, sərin bulaqlar, havası məsum uşaq qəlbi tək ipək. Bu şəhərin ömrü bir elə uzun deyilsə də, tarixi bir şəhərdir. Buraya adlı xanlar, bəylər, hətta şahzadələr gəlib-gedirlər. Burada padşah başı kəsilib, təpiklərdə paymal olub. Abü havasının şairəliyi əhalisinin təbiətinə də sirayət etdiyi üçün, o şəhər məşhur şairlərin, ədiblərin, musiqişünasların, xanəndələrin mədəni olmuşdur.

May ayının birindən sentyabrın ortasınadək şəhər şənlik və abad olur. Yaylağa gələnlər, dağlara mal və qoyunlarla şəhərin altından gedib və qayıdan köçərilər bu az müddətdə şəhəri bir qaynar qazana döndərirlər. Elə ki payız gəldi və şəhər təzədən çadırşəbini başına çəkdi, şəhərin övzaı tamamən dəyişilir. Tərəddüd azalır, ticarət kəsilir, camaat bikarlayıb özünə məşğuliyyət axtarır.

Məşğuliyyətlərin ən birincisi dəli oynatmaqdır. Şəhərin hər il gərək bir dəlisi olsun ki, onu oynatmaqla camaat vaxtını keçirsin.

Neçə il bundan əqdəm, şəhər əhalisindən bir nəfər ticarət məqsədi ilə qonşu qəzaya gedir. Şəhərin meydanına varid olub görür ki, bir nəfər başı açıq, ayaqyalın, libası cındır laübalini uşaqlar qabaqlarına salıb meydanda o baş-bu baş gəzdirir.

O saat bu adamın dəli olduğunu görür və fövrən yadına düşür ki, öz şəhərində bu saat dəli yoxdur. Camaat məşğuliyyətsiz qalıbdır. Ticarətini qurtarandan sonra haman divanəni tovlayıb şəhərə gətirir və şəhər meydanında buraxıb deyir: “Burayadək mən səni gətirdim, İndi get özünə çörək tap!” Camaata da deyir ki: “Ay camaat, doğrusu, bu dəlini sizin üçün məşğələ gətirmişəm. Qışdır, bikarçılıq zamanıdır”. Camaat hamısı izahitəşəkkür edib dəliyə məşğul olurlar. Şəhərin dəlilərinin hamısının tərcümeyihalı, tarixi, dəliliyinin vəziyyəti, hansı sözdən kökələnib tünd, təlx olmaları tamam əhaliyə məlumdur. Bu dəlilərin və adamların keyfiyyətindən bir neçə sətir yazmaq ziyan etməz. Tühəf şəxslərdən birisi, bir nəfər dəllək, özü də Hacı kişi idi. Şəhərin tamam evlərinin qapısı Hacı kişi üçün açıq idi. Qan alardı, həcəmət qoyardı, diş çəkərdi, zəli salardı; hətta cərrahlıq da edərdi. Rusca da yalan-palan danışardı. Bu Hacı adi bir şəxs olub heç vəch ilə tühəfliyini bildirmirdi. Amma, xudanəkərdə bir nəfər ondan “Hacı, saat neçədir?” – deyib xəbər alsa idi, Hacı o saat halətindən çıxıb olmazın föhşünü o adama verərdi. Bundan sivay heç bir yol ilə onu haldan çıxartmaq olmaz idi.

İkinci tühəf – Alış adında bir şəxs idi. Bu adam həmçinin adi görünürdü. Buna da deyəndə “zənbilini tapmışam”, halətindən çıxıb yekə divanə olurdu. Yol ilə getdiyi vaxt şəhər uşaqlarından birisi ona: “Zənbilini tapmışam” – deyib qaçanda, dalınca papey olmayıb, ilk əlinə keçən uşağı tutub döyərdi. Deyərdilər: “Qardaş, sənə sataşan uşaq qaçdı, bu təqsirsizi niyə döyürsən?” Cavab verərdi ki, “uzaqlaşsa bu da sataşacaq”.

Üçüncü tühəf – Qurban adlı bir kişi idi. Qubuş ləqəbi ilə məşhur idi. Bu adamı bir ay rəmazan və məhərrəm ayının birindən səfər ayının iyirmisinədək məscidlərdə, təkyələrdə əyləşib başına döyüb gözlərindən qan-yaşı abi nisan kimi tökən görərdilər. Şəvvalın birində və səfər ayının birində Qubuş lül piyan bazara çıxardı və həmişə məst olardı. Şəhər şairlərindən birisi bir xanədanın həcvində Qubuşu da yadından çıxarmayıb yazıbdır:

“Əmənullah, yaşasın torpağı sanı Qubuşun,
Bəhri-yek cürəti-mey qaynanasından küsənəst!”

Hər sübh Qubuş bazara çıxıb qabağına gələn şəhər əhalisindən araq pulu istərdi. Xalq da müzayiqə etməyib verərdi. Qubuş cəm etdiyi puldan lazım qədər araq bahası götürüb, qalan paranı da füqəraya paylardı. Bir dəfə şəhər qazısı Qubuşu yanına çağırıb başlayır ona nəsihət etməyə ki, bəlkə tövbə edib şərab içməkdən əl çəksin. Qubuş bir söz deməyib durub bayıra çıxır və tez geri qayıdıb bir stəkan və bir qədər üzüm gətirib qazının qulluğuna qoyub və qazıya sual verir:

– Qazı ağa, mən bu üzümü yeyə bilərəmmi?

– Əlbəttə, yeyə bilərsən!

Qubuş üzümün suyunu stəkana sıxıb yenə soruşur:

– Qazı ağa, mən bu üzümün suyunu içə bilərəmmi?

– Çox gözəl içə bilərsən!

– İndi içməyib, saxlayıb üç aydan sonra içəcəyəm.

Bunu deyib durub qazıxanadan çıxır.

Bir-İki saatdan sonra Qubuş möhkəm piyan, dalınca bir sürü uşaq, gəlib qazıxananın qabağından addayıb keçirdi.

Bikar vaxtı camaatı məşğul edən simalardan biri də bu idi. Axundlar deyirdilər ki, bircə dəfə onun dilindən tövbə çıxsa, Əshabi-Kəhfin iti kimi yeri behiştdir.

Dördüncü tühəf – Əsəd dayı idi ki, camaat ona “molla Əsəd” deyərdi. Bu kişinin kökündən savadı yox idi. Hətta öz adını da yazmağı bacarmazdı. Bu adam risalə dəlisi idi. Təzə bir müctəhid çıxan kimi, onun risaləsini gətirib savadlılara oxudub əzbər edərdi. Sonra risaləni götürüb düşərdi şəhərə. Hər yerdə ki bir məclis tərtib olundu: toymu, vaymı, molla Əsədi orada görərdin. Camaat ortaya bir təharət, ya izaleyi-nəcasət məsələsi təfrih üçün salıb molla Əsədi çəkərdilər mübahisəyə. Molla Əsəd bir qeyzlə mübahisə edərdi ki, ağzından köpük daşardı və görərdin yerindən diz-dizi sürünüb gələrdi məclisin ortasına, orada qışqırmağa başlardı:

– Ay bədbəxtlər, ay dünyadan bixəbərlər, məgər cəhənnəm əzabından qorxmursunuz? Inkir-minkir sualına nə cavab verəcəksiniz? Qiyamət sorğusualından diliniz tutulub cavab verə bilməyəcəksiniz. Cəhd edin vaxt var ikən səhviyyat, şəkkiyyatınızı öyrənin. Füruüddinə diqqət verin, yoxsa qiyamətdə peşmanlıq səmərə verməz.

Camaat başlarını bulayıb deyirdilər: “Allah sənin imanını kamil etsin, molla Əsəd dayı! Nə yaxşı bizim səhvimizi bizə öyrətdin”. Molla Əsəd dayı da bu sözləri ciddi hesab edib deyirdi: “Əmr bəmə”ruf və nəhy əz münkər hər bir müsəlmanın borcudur. Mən bu barədə danışmasam, məşğuli-zimmə olaram. Hər alim gərək bildiyini bilməyənlərə öyrətsin”.

Belə-belə söhbətlər ilə camaat bikar vaxtlarını keçirərdi. Yenə bir dəfə şəhərə bir məşhur müctəhid gəlir. Molla Əsəd istəyir onun qulluğuna getsin.

Şəhər cavanları cəm olub deyirlər: “Biz səni bu sifətdə müctəhid yanına göndərmərik. Gərək səni adına layiq bir qiyafəyə salaq”. Təfrih üçün molla Əsədin başına bir əmmamə qoyub, çiyninə əba salıb, özləri də mürid sifətində onun dalına düşüb Rastabazar ilə müctəhidin qulluğuna aparırlar. Tamam bazar əhli tamaşaya cəm olur. Hətta dükançılar beləhamısı dükanlarını bağlayıb molla Əsədin dalınca düşürlər. Bu sayaqla molla Əsədi gətirib müctəhidin qapısından içəri salıb qaçıb dağılırlar.

Xalqın məşğələsinin biri də molla Əsəd idi ki, xəlvətdə adına “Dəli

molla Əsəd” deyirlər.

Beşinci tühəf – Sofi Hüseyn adı ilə məşhur, uzunboylu, ağ uzunsaqqallı qəbi-heykəl bir kişi idi ki, bikar xalq üçün böyük şüğl idi. Bu kişidə bir qəribə qabiliyyət var idi: hər vaxt istəsə idi səbəbsiz ağlardı. Görərdin qış fəslində tacirlər hamısı dükanlarını buraxıb həmkarlarından bir nəfərin dükanına cəm olurlar. Manqal qırağında hər biri qabağına bir stəkan çay qoyub əyləşiblər, yuxarı başda da Sofi Hüseyn əyləşibdir. Birisi deyəndə ki:

– Hüseyn əmi, mən ölüm, bir ağla!

Sofi Hüseyn də gözünü bir-İki dəfə yumub-açanda yaş gözündən saqqalı uzunu sel kimi axardı.

Məhərrəm ayında təkyələrə Hüseyn əmini sinə vurmaq üçün xüsusi çağırırdılar. Növhə başlananda Hüseyn əmi sinəsini açıb başlardı növhənin havası ilə şarpaşarp sinəsinə çırpmağa. Sinəsinin şarpıltısı bir verst yola gedirdi. Hər bir təkyə sahibi təziyəsinin şükuhu üçün Sofi Hüseyni çağırmağı vacib bilərdi. Odur ki, Hüseyn üstündə təkyə saxlayanların həmişə davası düşərdi.

“Bayraməlisiz toy olmaz” misalı kimi, Sofi Hüseynsiz təkyə olmaz da məşhur olmuşdur.

Sofi Hüseynin bir peşəsi də var idi. Bu da ağlaşmalarda ağı deyib arvadları ağlatmaq idi. Dövlətli şəxslərin təziyəsinə Sofi Hüseyni əlbəttə çağırardılar.

Hüseyn gözəl ağladırdı. Ağlamaq ki, peşəsi idi. Əlavə onun dəyərli səsi arvadları halətdən salırdı. Görərdin əlini qulağına qoyub oxuyur:

Bu dağlar, ulu dağlar,
Çeşməli sulu dağlar!
Burda bir cavan ölüb,
Göy kişnər, bulud ağlar, hey!..

Arvadlar da ağız-ağıza verib onun dalınca “hey!” deyərdilər. Dövlətli təziyələrində bir “haxışta” vurmaq var idi. Arvadlar dairə düzəldərdilər. Bir nəfəri arada durub “bəhr” tutardı. Yerdə qalanı “şaxsey-vaxsey” deyərdi. Haxışta vurmaqda heç kəs Sofi Hüseynə bərabər ola bilməzdi. Arvadlar halay vurub Hüseyni araya salardılar. O, “bəhr” tutardı, onlar da “şaxsey” deyərdilər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Tənqidə tənqid

Düşənbə günü Hacı Zeynalabdin Tağıyevin teatrında oynanan mənim “Ağa Məhəmməd şah Qacar” sərlövhəli əsərim barəsində bir qəzetə bir böyük tənqid yazmış. Tənqid nə dil ilə yazılıb, oxucular özləri görürlər və mənim haman dildə ona cavab verməyimi özümə naşayistə bilib, yenə söz demək istəyirəm.Əlbəttə, hər bir təsnif barəsində hər şəxs öz təsəvvürünü yazmaqda və danışmaqda hurdür. Amma şəxsiyyətə toxunmaq, şəxsiyyət haqqında iftira, böhtan və yalan danışmaq ədib sifəti deyil.

4 мин
İki il

İki ildir ki, Sabirimiz əlimizdən gedib. İki ildir ki, Hophopumuz mollanümalara, zalım bəylərə, camaat qanı soran tacirlərə, millət qanını şüşəyə tutduran xanlara, on dəfə Qurana and içib, andını pozub, axırda məclisi-millini topa tutduran şah rahatlıq verməyinin səsi kəsilib.Övrətlər oxuyarlar: düşmənə xəbər olsun – hasil diləklər. Düşmən sevinir.

2 мин
Təcəttüri-nisvana dair

Bu il “Molla Nəsrəddin” jurnalı çıxdı çıxmadı, qəzetlər ağız-ağıza verib, genə bu övrət məsələsini ortalığa salıb Mazandaran çaqqallarıtək ulaşdılar. Bir yandan “Molla Nəsrəddin”in bir cüft müdirləri mühərrirlərini başlarına yığıb qıçlarını çırmayıb, girdilər meydana, həmi “Hürriyyəti-nisvan” deyə-deyə sinələrinə çırpdılar; o biri yandan “Şəlaləçilər” zurnalarını kökləyib “təsəttüri -nisvan” nəğmələrini işə saldılar və “hürriyəti-nisvan” sözlərini ağızlarına alanların gözlərinə (altun qələmlər) soxdular. “Iqbalçı” qonşuluq haqqını mülahizə edib, “Şəlalə” zurnaçılarına dəm tutdular. Xülasə, – nə ərz eləyim, – meydan qızışırdı, aralıq qarışdı, məzhəb itdi... Mən bədbəxt və başlı-ayaqlı cumdum bu zəhrimara dönmüş məsələnin içinə. Gecələr gözlərimə yuxu getməyir. Elə ki bir az huşa gedirəm, özümü bir böyük səhrada görürəm; səhra doludur başıqırxıq, başıtüklü, üzüqırxıq, uzunsaqqal adamlar ilə, bunlar İki dəstə olublar. Bir tərəfdən qışqırırlar: “Hürriyyəti-nisvan”, o biri tərəfdən: “Təsəttüri-nisvan”, canınız da çıxsa, “təsəttüri-nisvan!” Qəribə budur, bu yandan da çoxlu övrət yığılıb, heç kəsin bunların davası ilə işi yoxdur. Tək bir nəfər övrətdən hərdənbir ahəstə səs gəlir: “Dəyirman bildiyini elər, çaqçaq başını ağrıdar”.Yuxudan oyanıram, sübhədək yata bilməyirəm, gündüz də axşamadək başım ağrıyar. Budur, “Molla Nəsrəddin”in birini yazanadək dörd nömrəsi çıxıb; dörd nömrənin birində dörd söz yazmamışam: hamısına səbəb bu andıra qalmış övrət məsələsidir. Elə ki genə bir tövr qələm alıb istəyirəm bir məqalədən-filandan yazım, o saat bu məsələ Molla İbrahim Xəlil kimyagərin meymunu kimi gəlir durur gözümün qabağında. Hər yana baxıram görürəm ya “hürriyyəti-nisvan”, ya “təsəttüri-nisvan” balaca meymunlartək atılıbdüşürlər. Axır əlacım kəsilib, dedim, mən də bu məsələnin üstündə bir-İki qələm vurum, bəlkə bu şoğərib məndən əl çəkib gözümün qabağından gedə. Yoxsa bu məsələ barəsində əsla bir söz yazmazdım, məhz canımı qurtarmaq istəyirəm və yenə də bu barədə yazmaq istəmirdim, onu da axırda ərz edərəm.

11 мин
Müsəlmanlarda teatro

İslam aləmində mədəniyyət cəhətcə, söz yox ki, qədimlikdə İrandır. İran Şərqə böyük şairlər, filosoflar vermişdir. Lakin bir nəfər də dramnəvis verməmişdir. Ərəblər xəlifə Harunəlrəşid zamanında yunanların ədəbiyyatını tərcüməyə aldıqdan ancaq Aristotelin, Əflatun və Sokratın fəlsəfəsi, Arximed və Pifaqorun həndəsəsi ilə məşğul olmuşlar.Sofoqlun faciələrinə, Aristofanın komediyalarına gəldikdə, ərəblər onlara heç fikir verməmişlər. Orta Asiya Şərqə qəzəliyyat və fəlsəfə cəhətcə bir çox böyük şəxslər vermişdir. Asiya böyük mütəfəkkirlərdən Cəmaləddin Rumi, böyük şair Nəvai, müvərrix Əbülğazi Bahadır xan, Şərqdə əvvəlinci rəsədxana müəssisi münəccim Uluğbəyi vermişdir. Lakin teatro aləminə heç bir şəxsi yetirməmişdir. Türkiyədə dramaya dair təsnifat ancaq Əbdülhəmid sultanlığı zamanında aləmə gəlmişdir. Amma bu müstəbidin zamanında bütün ədəbiyyat sıxıldığı kimi, teatro da boğulmaqda idi.

4 мин

Стихи других поэтов