Uca dağ başında
Страница 2 из 2 · 50%
Sofi Hüseyn:
– Araz qırağı ləklər,
Arvadlar:
– Şaaxsey, vaaxsey!
– Çərmənib ağ biləklər.
– Şaaxsey, vaaxsey!
– Düşmənə xəbər olsun,
– Şaaxsey, vaaxsey!
– Hasil olub diləklər.
– Şaaxsey, vaaxsey!
– Yar yolu taxta-taxta.
– Şaaxsey, vaaxsey!
– Bir atda İki noxta.
– Şaaxsey, vaaxsey!.. i. a.
– Şabbaz oğlu Məmmədvəli
– Şaaxsey, vaaxsey!.. i. a.
Sofi Hüseyn də belə bir tüfəh vücud idi.
Altıncı tühəf – Rəhim kişi idi. Adına Pişik Rəhim deyərdilər. Bu ləqəbin ona verilməyinin səbəbi o oldu ki, hər yerdə ki plov verərdilər, istər toy olsun, istər vay, Pişik Rəhimi orada görərdin. Bu yerlərin hamısına da təklifsiz gedərdi. Hətta ehsana çağırılacaq adamların siyahisi tutulan vaxt bir nəfər Rəhimin adını çəkəndə deyərdilər ki, onu yazmaq lazım deyil, özü gələcək. Onun özündən xəbər alanda ki, Rəhim əmi, bu qonaqlıqlara çağırılmamış niyə gedirsən? Cavab verərdi ki, getməyəndə inciyirlər. Həmişə də mollalar ilə bir yerdə məclisin başında əyləşərdi.
Qonaqlıqların birisində ortalığa xörək gətirənlər sözləşirlər ki, xörək paylayanda Rəhimi arada keçirsinlər və belə də edirlər. Rəhim heç bir söz deməyib sakit yerində əyləşir. Xörək yeyilib qurtarır. Molla “fatihə” deyəndə Rəhim də onun dalınca uca səslə qışqırır:
– Fatihə, yedilər, doyduq!
Tühəflərdən bu altı nəfəri saymaqla iktifa edib deməliyəm ki, bizim cavan yazıçılarımız üçün bu adamların hər biri bir tip, hər biri bir komediya üçün qəhrəman olmağa layiqdir.
Əlavə bunu deməliyəm, şəhərimiz başdan-ayağa tühəflər şəhəri idi: cavanları tühəf, qocaları tühəf, bəyləri, xanları, axundları, mərsiyəxanları, seyidləri həmçinin tühəf. Əhalisi on mindən ziyada olmayan şəhərdə dörd məzhəb var idi. Mollalar axşamadək mübarizədə idilər.
Xalq da işini-gücünü buraxıb, axşamadək bunların dalınca düşüb vaxtını boş mübahisədə keçirirdi:
– İmam divarın dalını bilər, ya bilməz?
– Vaxta ki, İmamdır, əlbəttə bilər?
– Xeyr, bilməz!
– Əmr olsa bilər, olmasa bilməz.
Hər mollanın dalınca özünə görə dəstəsi var idi. Məsəla: dəmirçi usta Rüstəm, başmaqçı Məlik oğlu Qasım, suçu Əbutalıb, qəlp pul kəsən Məşədi Həsənəli, hamamçı Mir Mehdi. Bu mübahisələri də düzəldənlər bəylər və xanlar idi.
İş yox, peşə yox, ciblərində pul çox – nə etsinlər? Üç yol var idi: qumar, içki məclisi, biri də molla döyüşdürmək. Özləri nə Allah bilirdilər, nə şeytan. Məhz vaxt keçirtmək üçün xərc çəkib qonaqlıqlar düzəldirdilər və tamam şəhərin axundlarını, tacirlərini dəvət edib, xörəkdən sonra ortalığa bir dini mübahisə salardılar, mollalar camaata, camaat mollalara qarışardılar. Bəylər də kənardan tamaşa edib, bu çarpışmadan həzz aparardılar. Cavan bəyzadə və xanzadələrin də qış üçün öz məşğələləri olardı. Cavanların xüsusi bir təşkilatları var idi. (Təşkilat təzə sözdür, o vaxt təşkilata kampaniya deyərdilər). Təşkilatın hər gecə üçün xüsusi proqramı olardı.
Gün batandan sonra gecə də bəyzadələrin birinin evində qonaqlıq düzəldib, şərablar içilərdi.
Saat İkidə, üçdə başlar gərm olandan sonra, proqramın İkinci maddəsinə şüru edib düşərdilər qapılara və hər qapı gəldi döyərdilər:
– Əli xəlifə, Əli xəlifə!
– Kimsən, nə deyirsən?
– Amandır, bir tez eşiyə çıx!
Əli xəlifə də güman edərdi ki, yəqin can verən var. Tez qalxıb kürkə ya yorğana bürünüb çıxardı eşiyə.
– Bala! Kimsən, nə deyirsən?
– Bir şey demirik. Pis yatmısan, get təzədən yat!
Sonra keçərdilər başqasının qapısına:
– Həsən əmi, Həsən əmi! Bircə tez eşiyə çıx!
Çəpgöz Həsən güman edərdi ki, qonşuya bir hadisə üz verib, onu köməyə çağırırlar; cəld libasını geyib balkona çıxardı.
– Kimsən, nə istəyirsən?
– Bağışlayın, Həsən əmi! Əziyyət veririk. Biz mərc çəkmişik: deyirlər çəp adam bir şeyi İki görər; yalandır, ya doğru?
Söz yox ki, belə yuxudan oyadılan şəxslər olmazın söyüş edib qapını bağlardılar. Bəyzadələr də bundan ləzzət alıb gülüşərdilər.
Yuxarıda söylədik ki, camaatın məşğələsi üçün gərək şəhərin həmişə bir dəlisi ola idi. Dəli tapılmayanda ya xüsusi adamlar göndərib başqa qəzalardan gətirdərdilər və yainki şəhər əhalisindən birisini dəli elərdilər. Bu da bir asan məsələ idi. Bir nəfəri dəli eləmək üçün beşaltı şahı maya qoymaq lazım olurdu.
Altı, yeddi nəfər uşaq çağırıb hər birinə bir şahı verib salardılar bir bədbəxt oğlu bədbəxtin arxasına, bir az müddətdə görərdin ki, o baqaidə dəli edib bazara çıxartdılar.
Dəlilərdən bir nəfəri deyirdi: “Dəlilik yaxşı şeydir, qırılmış uşaqlar daşlamasalar”.
Camaat tərəfindən dəli qayrılıb küçələrə atılanların biri də bizim qonşumuz Əli bəy idi. Bu bədbəxt oğlunun heç bir kəs ilə əlaqəsi yox idi. Başı aşağı öz peşəsinə məşğul idi. Hər sübh gedib şəhərin girəcəyində əyləşib, şəhərə daxil olan kəndliləri dayandırıb nə işə gəldiklərini sorardı. Vaxta ki, bildi kəndlinin sudda işi var, başlardı ona müəyyən bir vəkili tərif etməyə. Çoxusu da ona etibar edib öz işini onun təriflədiyi vəkilə aparıb tapşırardı. Əli bəy də vəkildən haqq-zəhmət alardı. Vəkil dəllallığı bir mütədavil peşə idi. Əli bəydən başqa bir neçəsi də bu peşənin dalınca gedərdi. Müxtəsər, hər vəkilin özünə məxsus bir Əli bəyi var idi.
Qonşulara Əli bəyi dəli eləmək lazım gəldi. Bu yerdə həmişə iş görən küçə uşaqları olardılar.
Bir dəfə Əli bəy, bir dəstə küçədə oynayan uşaqların yanından atlı ötdükdə uşaqlardan biri xəbər alır:
– Əli bəy, haraya gedirsən?
– Nə borcundur, oğul?
– Məni də tərkinə al!
Əli bəy atını sürüb gedir, uşaqlar düşürlər onun dalınca və qışqırışırlar: “Əli bəy, məni də tərkinə al! Əli bəy, məni də tərkinə al!..” Uşaqların hesabı gəldikcə artır. Bazar adamı bir də baxır ki, Əli bəyin dalısınca bir neçə yüz uşaq “Əli bəy, məni də tərkinə al!” – deyib yüyürüşürlər. Bazar adamı, dükançılar hamısı uşaqlara qarışırlar. Dükanların hamısından, bazarda gəzən adamların ağızlarından “Əli bəy, məni də tərkinə al” sədası, şairlər demişkən, asimanə bülənd olur.
Əli bəy görür ki, daha onun üçün bazarda dayanmaq mümkün deyil, evinə qayıdır.
Sübh Əli bəy durub qapını açır, bir o yana, bir bu yana nəzər yetirir. Ətrafda heç kəsi görməyib çıxmaq istəyir. Bir də eşidir ki, səs gəlir:
“Əli bəy, məni də tərkinə al!” Bu səsə bir neçə səs daha əlavə olanda, Əli bəy qapısını bağlayıb evdə əyləşir.
Bu minval ilə neçə gün o, xanənişin olur. Həmişə evdə oturmaq olmaz, çolma-çocuq çörək istəyir. Bir gün Əli bəy mülahizə edir ki, uşaqlar sakit olublar. Evindən çıxıb sudxanaya tərəf üz tutur. Rastabazaradək gedir. Görür ki, bir söz deyən yoxdur. Sevinir. Rastabazara daxil olan kimi yenə dörd bir tərəfdən “Əli bəy, məni də tərkinə al!”
– sədası bülənd olur. Bundan sonra Əli bəy həqiqət dəli olub düşdü küçələrə. Camaat da məramına çatıb təzə bir dəli qazandı.
Camaat tərəfindən İkinci dəli edilən bir nəfər Avanes adlı tacir erməni idi. Hər sabah, əlində açarları, qoltuğunda dəftərləri, gəlib dükanını açardı; ticarətini edib axşam yenə evinə qayıdardı.
Bir dəfə yenə dükanına getdikdə qonşu dükançı səslənib deyir:
– Sabahın xeyir, Avanes!
Bu səsə qonşulardan da bir neçə adam: – “Sabahın xeyir, Avanes!”
– deyib səs verirlər. Avanes: “Aqibətiniz xeyir” – deyib cavab verməklə dükanına keçir.
Doğrudur, bu bir artıq söz deyil. “Sabahın xeyir” deyərlər, cavabında “Aqibətin xeyir” alarlar. Amma bir gündə altmış adam gəlib bir “Sabahın xeyir, Avanes!” – deyə, onda adam dəli ola bilər. Avanes də beləliklə az qaldı dəli olsun. Çünki bazara çıxanda məşribdən, məqriqdən, göydən, yerdən, hər yandan “Sabahın xeyir, Avanes!” sədası gəlirdi. Axırda dükanı bağlayıb şəhərdən baş götürüb qaçmağa məcbur oldu.
Zeynalabdın adlı qoca bir kişi işləməyə taqəti olmadığından və saillik etmək istəmədiyindən, başmaqçılardan hər gün beş-altı cüt başmaq alıb əlində gəzdirib satardı. Onunla məişətini keçirərdi. Bir dəfə Zeynalabdın bir dəstə uşaqların yanından ötəndə uşaqların biri deyir:
– O əmiyə baxın, quzğuna oxşayır.
Qalan uşaqlar bu sözü eşitcək “ay quzğun, ay quzğun!” – deyib onun arxasınca düşürlər. Haman günü tamam şəhərə məlum olur ki, Zeynalabdin dayının ləqəbi “Quzğun”dur. Zeynalabdını da bu növ xanənişin eləyib bazardan və kasıblığından avara edirlər.
Yazıq adamların biri də Mirzə Alı kişi idi. Bu bədbəxt bir nəfər ilə
söhbət etdikdə danışıq nədən olursa, bir dəfə deyir:
– Namərdəm əgər bu işi belə etməsəm.
Kənar adamların neçəsi bu söhbəti eşidir. Mirzə Alı kişi bir də görür dalınca şəhərin hesabsız uşaqları tökülüb “ay namərd, ay namərd!” – deyərək gəlirlər.
Mirzə Alı qaçıb gizlənir. Sübh evindən çıxır bazara tərəf getməyə. Yenə görür ki, hər yandan “ay namərd, ay namərd!” səsi gəlir. Bu kişini də belə bazara həsrət edirlər.
Bir gün ramazan ayında, Mirzə Alı, axunda şikayət etmək xəyalına düşüb məscidə gedir. Məscidə yaxınlaşanda görür namaz qurtarıb, camaat dağılır. Bir azdan sonra axund çıxır. Mirzə Alı yaxınlaşır.
– Salaməleyküm!
– Əleykəssalam. Nə var, a Mirzə Alı?
– Oxuduğuna qurban olum, ay axund, özün görürsən ki, camaat mənim başıma nə iş gətirir. Bazara çıxa bilmirəm, kasıblığa gedə bilmirəm.
Aman günüdür, bu camaata bir nəsihət et. Bir lənətləmə oxu, bəlkə mənim üstümdən bu adı götürüb yaxamdan əl çəksinlər!..
Axund Mirzə Alının sözünə qulaq asıb deyir:
– Ay namərd, niyə gec gəldin? Görürsən ki, camaat məsciddən dağılır.
Axundun dilindən çıxan “ay namərd” sözünü Mirzə Alı ciddi hesab edib axund föhş verir.
Bunun üstündə də camaat kişini o ki var döyür. Bir gün cənazə aparırlar. Şəhər uşaqlarından bir neçə yüzü cənazənin dalından düşüb qışqırırlar: “Ay namərd, bizi qoyub haraya gedirsən?”
Xəbər aldım ki nədir? Dedilər:
– Namərd Mirzə Alı ölübdür, dəfn etməyə aparırlar.
Bir nəfər şəhər əhlinin adını, səbəb nə olursa, farmazon qoyurlar. Bu adam labüdd qalıb gedib miravoy suda camaatın əlindən şikayət edir. Mühakimə günü sudya farmazon ləfzinin mənasını soruşur.
Cavab verirlər ki, bu sözün mənası yoxdur. Sudya deyir:
– Belə olan surətdə mənasız sözdən incimək nə lazım? Nə eləyək, farmazon siz olmayın, mən olum!
Bundan sonra camaat şəhər əhlinin yaxasını boşlayıb, düşür sudyanın üstünə.
Sudya bazara, küçəyə çıxanda hər yerdə “farmazon, farmazon” səsi eşidir.
Sudya axırda labüdd qalıb istefa verib, Rusiya şəhərlərinin birisinə baş götürüb getdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-uca-dag-basinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Düşənbə günü Hacı Zeynalabdin Tağıyevin teatrında oynanan mənim “Ağa Məhəmməd şah Qacar” sərlövhəli əsərim barəsində bir qəzetə bir böyük tənqid yazmış. Tənqid nə dil ilə yazılıb, oxucular özləri görürlər və mənim haman dildə ona cavab verməyimi özümə naşayistə bilib, yenə söz demək istəyirəm.Əlbəttə, hər bir təsnif barəsində hər şəxs öz təsəvvürünü yazmaqda və danışmaqda hurdür. Amma şəxsiyyətə toxunmaq, şəxsiyyət haqqında iftira, böhtan və yalan danışmaq ədib sifəti deyil.
İki ilİki ildir ki, Sabirimiz əlimizdən gedib. İki ildir ki, Hophopumuz mollanümalara, zalım bəylərə, camaat qanı soran tacirlərə, millət qanını şüşəyə tutduran xanlara, on dəfə Qurana and içib, andını pozub, axırda məclisi-millini topa tutduran şah rahatlıq verməyinin səsi kəsilib.Övrətlər oxuyarlar: düşmənə xəbər olsun – hasil diləklər. Düşmən sevinir.
Təcəttüri-nisvana dairBu il “Molla Nəsrəddin” jurnalı çıxdı çıxmadı, qəzetlər ağız-ağıza verib, genə bu övrət məsələsini ortalığa salıb Mazandaran çaqqallarıtək ulaşdılar. Bir yandan “Molla Nəsrəddin”in bir cüft müdirləri mühərrirlərini başlarına yığıb qıçlarını çırmayıb, girdilər meydana, həmi “Hürriyyəti-nisvan” deyə-deyə sinələrinə çırpdılar; o biri yandan “Şəlaləçilər” zurnalarını kökləyib “təsəttüri -nisvan” nəğmələrini işə saldılar və “hürriyəti-nisvan” sözlərini ağızlarına alanların gözlərinə (altun qələmlər) soxdular. “Iqbalçı” qonşuluq haqqını mülahizə edib, “Şəlalə” zurnaçılarına dəm tutdular. Xülasə, – nə ərz eləyim, – meydan qızışırdı, aralıq qarışdı, məzhəb itdi... Mən bədbəxt və başlı-ayaqlı cumdum bu zəhrimara dönmüş məsələnin içinə. Gecələr gözlərimə yuxu getməyir. Elə ki bir az huşa gedirəm, özümü bir böyük səhrada görürəm; səhra doludur başıqırxıq, başıtüklü, üzüqırxıq, uzunsaqqal adamlar ilə, bunlar İki dəstə olublar. Bir tərəfdən qışqırırlar: “Hürriyyəti-nisvan”, o biri tərəfdən: “Təsəttüri-nisvan”, canınız da çıxsa, “təsəttüri-nisvan!” Qəribə budur, bu yandan da çoxlu övrət yığılıb, heç kəsin bunların davası ilə işi yoxdur. Tək bir nəfər övrətdən hərdənbir ahəstə səs gəlir: “Dəyirman bildiyini elər, çaqçaq başını ağrıdar”.Yuxudan oyanıram, sübhədək yata bilməyirəm, gündüz də axşamadək başım ağrıyar. Budur, “Molla Nəsrəddin”in birini yazanadək dörd nömrəsi çıxıb; dörd nömrənin birində dörd söz yazmamışam: hamısına səbəb bu andıra qalmış övrət məsələsidir. Elə ki genə bir tövr qələm alıb istəyirəm bir məqalədən-filandan yazım, o saat bu məsələ Molla İbrahim Xəlil kimyagərin meymunu kimi gəlir durur gözümün qabağında. Hər yana baxıram görürəm ya “hürriyyəti-nisvan”, ya “təsəttüri-nisvan” balaca meymunlartək atılıbdüşürlər. Axır əlacım kəsilib, dedim, mən də bu məsələnin üstündə bir-İki qələm vurum, bəlkə bu şoğərib məndən əl çəkib gözümün qabağından gedə. Yoxsa bu məsələ barəsində əsla bir söz yazmazdım, məhz canımı qurtarmaq istəyirəm və yenə də bu barədə yazmaq istəmirdim, onu da axırda ərz edərəm.
Müsəlmanlarda teatroİslam aləmində mədəniyyət cəhətcə, söz yox ki, qədimlikdə İrandır. İran Şərqə böyük şairlər, filosoflar vermişdir. Lakin bir nəfər də dramnəvis verməmişdir. Ərəblər xəlifə Harunəlrəşid zamanında yunanların ədəbiyyatını tərcüməyə aldıqdan ancaq Aristotelin, Əflatun və Sokratın fəlsəfəsi, Arximed və Pifaqorun həndəsəsi ilə məşğul olmuşlar.Sofoqlun faciələrinə, Aristofanın komediyalarına gəldikdə, ərəblər onlara heç fikir verməmişlər. Orta Asiya Şərqə qəzəliyyat və fəlsəfə cəhətcə bir çox böyük şəxslər vermişdir. Asiya böyük mütəfəkkirlərdən Cəmaləddin Rumi, böyük şair Nəvai, müvərrix Əbülğazi Bahadır xan, Şərqdə əvvəlinci rəsədxana müəssisi münəccim Uluğbəyi vermişdir. Lakin teatro aləminə heç bir şəxsi yetirməmişdir. Türkiyədə dramaya dair təsnifat ancaq Əbdülhəmid sultanlığı zamanında aləmə gəlmişdir. Amma bu müstəbidin zamanında bütün ədəbiyyat sıxıldığı kimi, teatro da boğulmaqda idi.
Стихи других поэтов
Bir məclisə varanda özüni ögməŞeytana can verib yoxsuli döqmə,
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?