İki il
İki ildir ki, Sabirimiz əlimizdən gedib. İki ildir ki, Hophopumuz mollanümalara, zalım bəylərə, camaat qanı soran tacirlərə, millət qanını şüşəyə tutduran xanlara, on dəfə Qurana and içib, andını pozub, axırda məclisi-millini topa tutduran şah rahatlıq verməyinin səsi kəsilib.
Övrətlər oxuyarlar: düşmənə xəbər olsun – hasil diləklər. Düşmən sevinir.
Yerlərini qaranlıq istəyən qurdlar öz işlərinə təzədən məşğul olurlar; mollalar yenə həmin təkfir torbasının ağzını açıb küçələrdə təkfiri sel tək axıdır; məktəblər divarında bayquşlar, şəbpərələr yuva tİkiblər, qiraətxanalarımız Salarüddövlə qoşununun əlindən tar-mar olmuş kəndlərə bənzəyirlər, məclisi-xeyriyyələrimiz acından əriyib çöpə dönüblər!
Millət balaları küçələri doldurub, hər küncdə biri durub sualla məşğuldurlar. Yer dəliklərinə qaçıb gizlənmiş siçanlar ortalığa çıxıb, hər biri bir alicənab olublar.
Amma Sabirin xəbəri yoxdur. Sabirin qələmi sınıbdır, hanı, yoldaş, sənin fəsih dilin? Hanı sənin o rəvan mövzuun, ürəyini yandırıb, camaatı güldürən əşarın? Yatabsan, yuxudasan?! Heyf ki, tez yatdın!
Təqdiri-qəzaya tamaşa edin: molla babalar, şeyx həbiblər, molla ismayıllar, şeyx feyzullahlar, şeyx həmidlər, məmmmədəlilər, kamil paşalar, səmədxanlar tək islam dəryasını qarışdırıb bulandıranlar yaşaya bildikcə yaşayıb boyunlarını yoğunlandırırlar. Amma bir fəqir, millətini canından artıq istəyən şair vətənindən qovulur, qapı-qapı gəzib özünə maaş yolu axtarır, axırda dərddən ürəyi, ciyəri şişib, əhlifəsadi şad edir. Qəribə haldır!
Söz yox, ölümdən heç kəs qurtarmayacaq. Amma millət xoşbəxtliyinə ciddən çalışan bir vücudun qəflətən ortalıqdan götürülməyi adamı yandırar. Qəm çəkənlərimiz az, istirahət edib plov yeyənlərimiz çox; oda yanıb vərəm gətirənlərimiz az, bihəya, boynuyoğun, “millət necə tarac olur olsun” deyənlərimiz çox. Camaatın hər tərəfdən işıq gələn yollarını kəsib, qaranlığa salıb, cibini kəsənlərin hesabı bihəddü payan, amma Sabirimiz bir, o da qara torpaq altında.
İnsan çox davamlı olur: ata ölümünə, qardaş, oğul, qız ölümünə bir növ davam etmək mümkündür. Amma rəfiq ölümünə davam etmək çətindir. İki il keçib, bainhəmə hər bir “Molla Nəsrəddinin” nömrəsini açanda yəqin edirsən ki, “Hophopun” əşarını görəcəksən. Amma yox!
İki ildir Sabir istəkli millətinə “Allah özü sənin fəryadına yetsin” deyib, həmişəlik gözlərini yumub və bircə dənə ciyərguşəsi olan balasını da bizə tapşırıb deyir: “Yaxşı saxla, səndə əmanətimdir”. Görəsən, aya, bir vaxt olacaqdırmı ki, Sabirə babı, laməzhəb adı qoyub, dərbədər salanların övladı öz ata-babalarının hərəkətindən xəcalət çəkəcəklər və bizdə də o insaf olacaqdırmı ki, Sabirin bizə tapşırdığı əmanətini atasına bərabər edək?! Yoxsa biz də millət bayquşlarını sevİndirib, Sabir yolunda ağdan qaraya əlimizi vurmayacağıq? Qoy bayquşlar ulaşsınlar, şəbpərələr dişlərini şaqqıldatsınlar. Mənim onlarla işim yoxdur. Amma millət xeyirxahlarını, Sabir adı gələndə gözləri yaşaranları çağırıb deyirəm: “Əl-ələ verin, qardaşlar, hümmət edin,
Sabirin bizə tapşırıb getdiyi əmanəti tərəqqi düşmənlərinin gözlərinə ox edək, asarını kəsəyənlərə xörək etməyək və onun əziz qəbrini Nizaminin, Firdovsinin qəbirlərinə döndərməyək. Namus yeridir, qardaşlar!”
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-iki-il
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kənd. Mahmudun evinin qabağı. Sol tərəfdə evin qapısı, qapının yanında bir cəhrə*qoyulub. Evin qabağı bağdır. Sağ tərəfdə, ağacın altında bir kötük var və kötüyün yanında*
İkinci məclisQasım bəyin evində bir otaq. Otağın ortasında stol qurulub, stolun üstündə hər növ*xörəklər və şərbətlər. Otağa xalılar salınıb və yumşaq divan və kürsülər qoyulub. Sol tərəfdə*
Köhnə dudmanDörd pərdədəİştirak edənlər
Birinci pərdəPərviz xanın kəndində. Amilin evi. Evin qabağında vaqe meydançada böyük izdiham.*Xanın vəkili Mirzə Ismayıl balkonda əyləşib. Camaat dəstə-dəstə orada-burada toplaşıb*
Стихи других поэтов
Dilbər istər apara mülçünü müjgan içinə,Ey xuda, küfr girir din ilə iman içinə.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Təcnis: Məcnun olub səhralara düşmüşəmMəcnun olub səhralara düşmüşəm,Zeydsən Leylinin sorağını gör,
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,