Qasım bəyin evində bir otaq. Otağın ortasında stol qurulub, stolun üstündə hər növ
xörəklər və şərbətlər. Otağa xalılar salınıb və yumşaq divan və kürsülər qoyulub. Sol tərəfdə
girdə stolun üstündə ağzı örtülü bir qab var. Mahmud və Bahar daxil olur.

Mahmud. Yəni Qasım bəy görəsən bir belə cəlalı bizə verəcək? Vallah, heç inanmıram. Dəstgaha bax, cəlala bax! (Kürsüləri göstərir.) İndi görəsən bunları da qoyublar üstündə oturaq? (Əyləşir divanın üstündə, divan onu yuxarı tullayır). Bəh, bəh, bəh! Bahar, Bahar, ay Bahar, gəl yanıma!

Bahar (özünü divanın üstünə yıxır). Bəh, bəh, bəh! Sənin canın üçün, Mahmud, arxın qırağındakı qumdan yumşaqdır.

Mahmud. Sən bir ayağının altındakı xalıya bax, gör belə şeyi də adam qıyıb ayaq altına salarmı?

Bahar (qalxıb xalçanın üstündə çökür). Mahmud, Mahmud! Pişiyə bax, gör nə göyçək toxuyublar! Bax, dişi də var, gözü də var, qulaqları da var. Görürsən bəy buna iyirmi manat veribdirmi?

Qasımbəy (daxil olur, gülə-gülə). İyirmi manat yox, on səkkiz manat yarım vermişəm.

Bahar, M a h m u d diksinirlər.

Bahar. Bıy, mənim başıma xeyir! Bəy burada imiş.

Mahmud. Bəy, bağışlaginən, qanmaz rəiyyət adamıq.

Qasımbəy. Eybi yoxdur. Xoş gəlibsiniz, mənim əziz qonaqlarım. Bu mənzil sizin təzə mənzilinizdir. Ancaq sizlə mənim bircə şərtim var. Əgər o şərtə əməl edə bilsəniz, bu cəlalı həmişəlik sizə verəcəyəm, yox, əməl eləyə bilməsəniz, yenə qayıdacaqsınız öz komanıza.

Mahmud. Buyur görək, nə şərtdir, bəlkə elə çətİndir ki, biz bacarası deyil.

Qasımbəy. Xeyr, mənim şərtim çox-çox asandır. Qulan asın: siz burada əyləşin, bu süfrənin kənarında, kefiniz istədikcə yeyin, için. Ancaq İndidən üç saat keçincə gərək ağzı örtülü qabı yerindən tərpətməyəsiniz və ağzını açıb içinə baxmayasınız. Çünki bu qabın içində bir şey var ki, onu siz gərək üç saat görməyəsiniz. Üç saatdan sonra qabın içindəkini sizə verəcəyəm. Mənim şərtim budur, əgər əmələ gətirdiniz, bu dövlət hamısı sizə qalasıdır, yoxsa...

Mahmud. Yoxsa, bizi əl-ələ verib, hər birimizə bir təpik vurub, iti məsciddən qovan kimi qovacaqsan.

Qasımbəy. Yox, əgər mənim şərtimə əməl eləyə bilməsəniz, bu dövlət yenə mənim özümə qalasıdır. Başa düşdünüz? (Saat bir dəfə vurur.) İndi günortadan bir saat keçib, mən gedirəm, düz üç saatdan sonra gələcəyəm. (Gedə-gedə) Qab gərək açılmasın və içinə baxılmasın. (Gedir.)

Mahmud. Ha!.. Ha!.. Mən də deyirəm, görəsən, bəy nə şərt qoyacaq. (Arvadının qolundan çəkir.) Süfrəyə tərəf gəl görək, ye bu gözəl xörəklərdən.

Otururlar.

Bahar (yeyir). Deyirəm, Mahmud, Allah bizə elə gün veribdir ki, yatsaq yuxumuzda da görmərik.

Mahmud. Əgər mənim vaqiəmə bir belə cəlal girvə, yalan deyən adam deyil, itə dönüm, o biri böyrüm üstünə çönüb, təzədən yataram. Belə bəxt haradan ələ düşər?

Bahar. Üç saatdan sonra bunlar hamısı bizim olacaq. Sən də olacaqsan

Mahmud bəy...

Mahmud. Sən də olacaqsan Bahar xanım.

Bahar. Deyəsən axır bizim bəyin ağlı çaşıb, yaxşı, üç saat qabın içinə baxmamaq nə böyük işdir ki, buyurdu?

Mahmud. Eh! Qab mənim çoxdan yadımdan çıxıb, istər üç yüz qab orada bir-birinin yanına düzülə yenə mənim halıma təfavüt eləməz. Bir belə yeyinti olan yerdə adamın yadına qabmı düşər? Bir kətəyə bax, şit yağı da basıblar arasına, adamın ağzının suyu axır. Sənə də verimmi?

Bahar. Bir tikə ver.

Mahmud. Bir tikə nədir, ay axmaq? Bütövünü götürüb lombalaya bilmirsən? Ala qoy qabağına! Şərbət də istəyirsənmi?

Bahar. Bir az tök ver.

Mahmud. Şüşəsini götür çək başına. Bir az tök ver nədir, ay səfeh? Bunlar hamısı bizim ixtiyarımızdadır. Bircə ağzı örtülü qabdan savay. (Saat iki dəfə vurur). Gör vaxt nə tez keçir? Saatın biri heç bilmədik nə tövr keçdi.

Ba har. Allah, sənə şükür! Ikicə saatdan sonra qabın içindəkini biləcəyəm. Amma, Mahmud, bax gör nə gözəl qabdır, mən heç belə qab görməmişəm.

Mahmud. İstəmirəm, baxmıram, nə lazım, yaxşı deyil, heç sən də baxma.

Bahar. Niyə baxmayım, qıraqdan baxmaq da ki, qadağan deyil, nə olar baxanda?

Mahmud. Baxma, bəlkə bir şey oldu.

Bahar. Yaxşı, bəs gözüyumulu oturum? Qabdır, durub gözünün qabağında, nə tövr baxmayım?

Mahmud. Üzünü o yana döndər, gözün görməsin.

Bahar. Axır üzümü geri döndərsəm, səni görmərəm. Gəl yerimizi dəyişək.

Mahmud. Yaxşı, dəyişək deyirsən, dəyişək. (Çox ağır qalxır.) Elə belə yaxşıdır, nə lazım, bəlkə bir şeytan xatası oldu.

Yerlərini dəyişirlər, Bahar gözünü döndərir qaba tərəf.

Mahmud. Yenə niyə baxırsan?

Bahar. Baxıb eləmirəm, qorxuram qolum toxuna, görmürsən, lap böyrümdədir? Heç bilmirəm bu qab nə idi, bəy gətirdi bizə aval elədi? Vallah, yalandır, onun içində heç zad yoxdur.

Mahmud. Ay arvad, Allahı sevərsən, başını aşağı sal, çörəyini ye. Nə qab-qab deyib uculuyubsan?

Bahar. Doğru deyirsən, Mahmud. Heç daha yadıma da salmaram.

Mahmud başını aşağı əyir. Bahar ahəstə qalxıb qulağını qaba verir.

Mahmud (görüb ucadan qışqırır). Ay arvad, nə qayırırsan?

Bahar (diksinir). A kişi, ürəyim qopdu, niyə belə bağırırsan? Əlimi ki, vurmuram, qulaq asmaq da olmaz?

Mahmud. Yox, olmaz, mən izin vermirəm. Arvad, axır deyəsən şeytan sənə dinclik vermir?

Bahar (əyləşib). Yaxşı, baxmaram, baxmaram. (Bir azdan sonra) Mahmud!

Mahmud. Nə deyirsən?

Bahar. Sən Allah, qoy bircə tikə qabın qırağını qalxızım baxım.

Mahmud. Arvad, gəl sən, lənət şeytana de, mənim cinimi tutdurma, vallah sənə bir toy tutaram ki, ömrün olanı dadı damağından getməz.

Bahar (acıqlı). Vallah, heç puf da eləyə bilməzsən! Axır mənə deyən gərək, bunun nəyinə yalvarırsan? (İstəyir qapağı qalxızsın).

Mahmud (hövlnak). Gözünü qan örtübdür nədir, ay arvad? (Qalxıb qolundan tutub sürüyür.) Gəl bəri, gəl otur burada. Üzünü də belə çöndər. Ha belə ha!.. İndi nə gözlərin görsün, nə ürəyin bulansın.

Bahar. Kişi, vallah, sən məni lap öldürmək istəyirsən! Mən dəxi burada oturmaram, gedəcəyəm öz evimizə, burada bir sən qal, bir də bu qab.

Mahmud. Ay arvad, bircə gözlərin olsun! Axır bura xalis behiştdir, o hisli-paslı daxmada nə görübsən? Axır bircə başa düşgünən, vallah, baxmaq olmaz.

Bahar. Baxmaq olmaz, çünki sənin məndən zəhlən gedir. İstəyirsən mən ölüm, gedib özünə bir göyçək xanım arvad alıb gətirəsən. Mən bu evə yaraşmıram. (Ağlayır.)

Mahmud. Bahar, Bahar sən Allah, ağlama! Sən ağlayanda mənim də ürəyim kövrəlir, ağlamağım tutur... Ay arvad, nə olar bir azcasəbr eləyəsən.

Bahar. Di onda salamat qal, dahı mən gedirəm. (Durub qapıya tərəf gedir).

Mahmud. Nə deyirəm, gedirsən get, Allah yaxşı yol versin. Görünür sən ərindən əl çəkərsən, öz höcətliyindən əl çəkməzsən.

Ba har. Bəli, burada ağlayım, mənim bağrım çatlasın, sən də bunun adını höcətlik qoy! Mən burada bir dəqiqə oturmaram, salamat qal!

Mahmud. Nə deyirəm, xoş gəldin. (Gedib uzanır divanın üstündə.)

Bahar (qapıya gedir, qayıdır). Nə dedin? Tez ol sözünü de, tələsirəm.

Mahmud. Kim nə dedi?

Bahar. Bəs sən məni İndicə çağırmadın?

Mahmud. Heç ağlıma da gəlmədi.

Bahar. Onda salamat qal!

Mahmud. Xoş gəldin.

Bahar (qapıya gedib, qayıdır). Mahmud!

Mahmud. Nə deyirsən?

Bahar. İndi deyirsən qabın ağzını açmaq olmaz.

Mahmud. Xeyr, olmaz.

Bahar (qeyzlə). Olmaz?!

Saat üç dəfə vurur.

Mahmud. Yox, yox, yox! Bir az sakit ol, mənim yuxum gəlir,

yatacağam, bəyin gəlməyinə bir saat qalır.

Bahar. Hələ bir saat qalır?

Mahmud. Bir saat çoxdur?

Bahar (qəzəbli). Yəni deyirsən olmaz?

Mahmud. Xeyr, olmaz!

Bahar (qeyzli). Olmaz!

Mahmud. Olmaz.

Bahar (yıxılır). Ay ürəyim dağıldı!.. Ay öldüm!.. Ay Allahı sevən!..

Mahmud (qalxıb cəld onun yanına gəlir). Bahar, nə qayırırsan? Nə oldu sənə, Qurbanın olum!..

Bahar. Öldüm, öldüm, öldüm!

Mahmud. Axır nə oldu sənə? Niyə elə eləyirsən? Ala, şərbət verim, iç... İçmirsən? Bəs nə istəyirsən, onu de?

Bahar. O qabın ağzını açmasan, öləcəyəm.

Mahmud. Di yaxşı, gəl açım. (Bahar durub gəlir qabın yanına.) İndi ürəyin sakit oldumu?

Bahar. Hə, oldu.

Mahmud. Çox gözəl, di get otur yerində.

Bahar. Bəs qab?

Mahmud. Axı olmaz, vallah olmaz. Bir azca gözləsən nə olar?

Ba har. Görünür, sən mənim ölməyimi istəyirsən, mən də ölürəm. (Yıxılır.) Daha mən öldüm, mən səni halal elədim, sən də məni halal et.

Mahmud (ağlayır). Öldü, vallah öldü! Mən nə tövr eləyim, başıma nə çarə qılım? Bahar, Bahar, ölmə Qurbanın olum... Bax, budur, açıram...

Bahar. Di tez ol, aç... Canım çıxmamış bir gözüm görsün.

Mahmud. Pənah Allaha, hər nə ola-ola! (Qabın ağzını açır, içindən bir quş çıxıb uçur.)

Bahar (yerindən sıçrayıb). Qoyma, qaçdı! Tut! Qoyma!

Mahmud. Gör nə tez dirildi.

Bahar. Ay əməzək, Allah səni döysün! Niyə qoyurdun qaçsın, İndi nə tövr eləyək?.. Gödən, heyvan, öküz!..

Mahmud. Bəli, gəl insana yaxşılıq elə, adını da öküz qoysunlar! Mən sənə demədimmi ki arvad, səbr elə?

Bahar (ağzını əyir). Səbr elə, səbr elə... Çox da mən səbr eləmədim, gərək elə sən heyvanlığına salıb quşu qaçırdaydın? Ayının yekəsi!

Mahmud. Nə eləyəydim, arvad, ölürdün axır?

Bahar. Elə mən ölürəm dedim, sən də inandın?

Mahmud. Ay bədbəxt kişilər! Övrətlər işi xarab eləsinlər, size də söysünlər. Görünür, bizim bəxtimiz belədir. Ax!.. Ax!.. Ax!.. Bir belə dövlət, bu gözəl ev, böyük cəlal, hamısı bir dəqiqədə pırr.. uçdu göyə. (Saat dörd dəfə vurur.) Bəli, ləzzət qurtardı!

Qasımbəy (daxil olur). Necəsiniz, əzizlərim? Yaxşı keçindinizmi?

Mahmud. Allah ömrünü uzun eləsin, ağa, çox yaxşı keçİndik.

Qasımbəy. Qabla işiniz olmayıbdır?

Mahmud. Xeyr, işimiz yoxdur.

Qasımbəy (qulağını verir qaba). İçəridən bir səs gəlmir, deyəsən, qabın altındakı yoxdur? (Qabın ağzını açır.) Baho... Bəs buradakı quş necə oldu? İndi, əzizlərim, belə görünür ki, dünyada insane nə qədər naz-nemət versən, yenə onun gözləri doymaz. Çox yaxşı olar ki, siz yenə qayıdasınız öz daxmanıza. Sizin gününüz orada buradan yaxşı keçir. Hər bir ehtiyacınız da olsa yenə mənim yanıma gələ bilərsiniz. Mən sizə həmişə kömək eləməyə hazıram. (Gedir.)

Mahmud. B a h a r!

Bahar. Nədir, M a h m u d?

Mahmud. Bu nə işdi?

Bahar. M a h m u d!

Mahmud. Nədir, B a h a r?

Bahar. Bu nə işdi?

Mahmud. Ağlın nə kəsir?

Bahar. Kimin? Mənim?

Mahmud. Hə sənin.

Bahar. Mənim ağlım heç zad kəsmir. Sənin ağlın nə kəsir?

Mahmud. Kimin? Mənim?

Bahar. Hə, sənin.

Mahmud. Mənim də ağlım heç zad kəsmir.

Bahar. İndi deyirsən gedək?

Mahmud. Bəs ağamız buyurandan sonra getməyib nə qayıracağıq? Dayanma, tez ol gedək.

Bahar. Nə deyirəm, gedək deyirsən gedək.

Mahmud. Di düş qabağıma. Ay Həvvanın halalca balası.

Gedirlər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов