Təcəttüri-nisvana dair
Страница 1 из 2
Bu il “Molla Nəsrəddin” jurnalı çıxdı çıxmadı, qəzetlər ağız-ağıza verib, genə bu övrət məsələsini ortalığa salıb Mazandaran çaqqallarıtək ulaşdılar. Bir yandan “Molla Nəsrəddin”in bir cüft müdirləri mühərrirlərini başlarına yığıb qıçlarını çırmayıb, girdilər meydana, həmi “Hürriyyəti-nisvan” deyə-deyə sinələrinə çırpdılar; o biri yandan “Şəlaləçilər” zurnalarını kökləyib “təsəttüri -nisvan” nəğmələrini işə saldılar və “hürriyəti-nisvan” sözlərini ağızlarına alanların gözlərinə (altun qələmlər) soxdular. “Iqbalçı” qonşuluq haqqını mülahizə edib, “Şəlalə” zurnaçılarına dəm tutdular. Xülasə, – nə ərz eləyim, – meydan qızışırdı, aralıq qarışdı, məzhəb itdi... Mən bədbəxt və başlı-ayaqlı cumdum bu zəhrimara dönmüş məsələnin içinə. Gecələr gözlərimə yuxu getməyir. Elə ki bir az huşa gedirəm, özümü bir böyük səhrada görürəm; səhra doludur başıqırxıq, başıtüklü, üzüqırxıq, uzunsaqqal adamlar ilə, bunlar İki dəstə olublar. Bir tərəfdən qışqırırlar: “Hürriyyəti-nisvan”, o biri tərəfdən: “Təsəttüri-nisvan”, canınız da çıxsa, “təsəttüri-nisvan!” Qəribə budur, bu yandan da çoxlu övrət yığılıb, heç kəsin bunların davası ilə işi yoxdur. Tək bir nəfər övrətdən hərdənbir ahəstə səs gəlir: “Dəyirman bildiyini elər, çaqçaq başını ağrıdar”.
Yuxudan oyanıram, sübhədək yata bilməyirəm, gündüz də axşamadək başım ağrıyar. Budur, “Molla Nəsrəddin”in birini yazanadək dörd nömrəsi çıxıb; dörd nömrənin birində dörd söz yazmamışam: hamısına səbəb bu andıra qalmış övrət məsələsidir. Elə ki genə bir tövr qələm alıb istəyirəm bir məqalədən-filandan yazım, o saat bu məsələ Molla İbrahim Xəlil kimyagərin meymunu kimi gəlir durur gözümün qabağında. Hər yana baxıram görürəm ya “hürriyyəti-nisvan”, ya “təsəttüri-nisvan” balaca meymunlartək atılıbdüşürlər. Axır əlacım kəsilib, dedim, mən də bu məsələnin üstündə bir-İki qələm vurum, bəlkə bu şoğərib məndən əl çəkib gözümün qabağından gedə. Yoxsa bu məsələ barəsində əsla bir söz yazmazdım, məhz canımı qurtarmaq istəyirəm və yenə də bu barədə yazmaq istəmirdim, onu da axırda ərz edərəm.
Mən bu məqalələri oxuduqca fikir edirdim: “Görəsən, doğrudanmı millət İki tərəf olub, övrət məsələsini birmərrə həll edib qurtarmaq istəyirlər? Yainki millətin bu işlərə qarışacağı yoxdur. Məhz qəzetlərin sözləri qurtarıb, köhnə palan içi tökürlər? Mən dünyada çox ömür etmişəm, otur İki dişimdən ağzımda on beşi qalıb, özüm də yorğana bürünüb çox səyahət edib, çox yerlər, camaatlar, tayfalar görmüşəm. İranın, Türküstanın, Qafqazın, Volqa kənarlarının müsəlmanlarının hamısını birbəbir bayram yumurtası tək dişimə vurmuşam, amma heç bir yerdə bir əqidənin, ya bir məsələnin möhkəm tərəfdarı olan bir müsəlman görməmişəm. Bizim hamımız dünən bir əqidədə, bu gün bir ayrı əqidədə oluruq. Bu gün Yezidin, sabah İmamın qətlinə fərman veririk. Həmişə işin öz şəxsiyyətimizə əl verən tərəfini axtarırıq.
Mənim bir yaxşı dostum var idi, bir dəfə getdim onun evinə söhbətə, qapını döydüm, uşaq çıxdı, xəbər verdi ki, evdə yoxdur, bir on dəqiqədən sonra gələcək. Daxil oldum dostumun otağına, stolun üstündəki kitablardan birini götürdüm ki, dostum gəlincə məşğuliyyət edim. Həqiqət bir az keçmədi ki, dostum gəldi, mənimlə görüşüb salamlaşandan sonra dedi: “A kişi, bu nə adətdir, bu nə qaydadır, nə vaxt biz də insan cərgəsinə qoşulacağıq? İndi budur sən gəlibsən mənim evimə, mənə müntəzirsən, nə olardı mənim övrətim gəlib burada oturub mən gəlincə səni məşğul edəydi? Həmçinin də mən sənin evinə gələndə”.
Bir üç il keçdi, “Molla Nəsrəddin” hürriyyəti-nisvan məsələsini ortalığa saldı. O vaxt hamıdan artıq aləmə vəlvələ salıb təsəttüri-nisvan yolunda yaxasını yırtan haman mənim dostum idi. O vədə onunla görüşmək mənə mümkün olmayırdı. Ittifaqən yolum dostum olan şəhərə düşdü, axşam getdim müsəlman teatrına. Gördüm haman şəxs bir nəfər rus xanımı ilə qoşa əyləşib. Sonra da məlum oldu ki, haman xanımı, bir mənzil tutub, özü üçün aşna saxlayır. Onda bildim ki, nə üçün o, bir belə təsəttüri-nisvan üçün boğazını yırtır. Bu məsələ onun öz övrəti üçün lazım imiş ki, evdə oturub ərinin əməlindən xəbəri olmasın.
Genə bir dostum var idi. Bir nəfər şəxsin oxumuş və açıq gəzən qızını istəyirdi. Çox səy etdi, pul xərc etdi, qızı almaq mümkün olmadı, atası vermədi. İndi o dostum da təsəttüri-nisvan tərəfdarı olub bağırır. Rusiya lə alış-veriş edən tacirlərimiz hamısı həmçinin təsəttür tərəfdarlarıdırlar, çünki övrətləri açıq olsalar, söz yoxdur ki, onların şəhərbəşəhər gəzib, restoranlarda, kafe-şantanlarda, ta mən nə ərz eləyim, haralarda çəkdikləri keyflərə mane olacaqlar. İran ilə ticarət edənlərimiz həmçinin təsəttür tərəfdarları gərək olsunlar. Xansənəmin başını yorğan altına basdırıb, Iranda gündə bircə dana “tazə bə tazə, nobəno” qız siğə etmək həm ruhu tazalandırar, həm şəxsi cavan edər. Mülkədar-bəylərimiz də genə bu ayaqdan. Götürək İrəvanı, Naxçıvanı, Qarabağı, Qazağı, hər bir yeri. Bu yerlərin mülkədarlarının hamısının uşaqları şəhərlərdə oxuyurlar. Və uşaqları gedib görməgi də həmişə bəhanə qayırıb ayda bir Tiflisə, İrəvana, Gəncəyə, Bakıya qaçırlar. Ana ürəyi nazik olur, bala adını eşidəntək sakit olur; kişi də gedib özünü bir “havaya” verib qayıdır. Bişəkk bu da “hürriyyətinisvan” ilə yaraşan məsələ deyil. Bakıdan danışmağa ehtiyac yoxdur.
Hər kəsin tənxahi üç min manatdan artıqdır, İki ev saxlayır, biri övrəti üçün, biri də aşnası üçün. Bu adamlar da “hürriyyəti-nisvan”dan danışsalar evləri yıxılar.
İndi gələk “Şəlalə” üstünə. Səbribəyzadə deyəndə, Anadoludan gəlmiş xanəbəduş, bambılı bir şairdi. Bu bədbəxt Əbdülhəmidinmi cövründən, ya cavan türklərinmi cümləsindən qaçıb gəlib özünü sıxıb bir nəfər sərmayədarın buşqağına. Bu şəxs də bunun qabiliyyətinə bələd olub, gətirib bir jurnal bina edib, onu da əyləşdirib idarənin başında, özünə deyibdir ki, əgər “hürriyyəti-nisvan”-filan adı çəkərsən, səni birbaş Anadoluya göndərrəm. Məndən məvacib alırsan, türkün məsəlini həmişə qulaqlarına güşvarə et, yəni “ağa buyurur sür dərəyə – sür dərəyə”. “Iqbal” idarəsində əyləşənlər də həmin dərəyə sürənlərdirlər.
Əgər Yevropada mətbuat əfkari-ümumiyyənin ayinəsi isə də, bizlərdə əfkar-məfkar yoxdur, qaraca pul var.
Yadımdadır, təxminən on üç il bundan əqdəm mən Badikubəyə getmişdim. Ittifaqən əvvəl günlərdə Hacı Zeynalabdin Tağıyevin ünas məktəbinin rəsmi-güşadi idi. Mən də tamaşaçılar cümləsindən məclisdə var idim. Mən də tamaşaçılar cümləsindən məclisdə var idim. Bir kənarda durub nitqlərə qulaq verirdim: əvvəl rus keşişi məktəbi təbrik edib, müsəlman övrətlərinə Puşkin, Qoqol, Turgenev kimi balalar yetirəcəyinə ümid etdi. Nitqə qulaq verirdim, amma gözlərim Ağayi-Mir Məhəmməd Kərim ağada idi. Deyirdim bu keşiş hələ rusdur, öz bazarından dəm vurur, görək bu cənab nə buyuracaq.
Bunu da deməliyəm ki, o vədə Mir Məhəmməd Kərim ağa qazı deyildi, amma əhli-nüfuz idi. Çox nitqlər söyləndi, ruslardan, müsəlmanlardan danışan çox oldu. Mir Məhəmməd Kərim ağa çıxdı qabağa, hamı, o cümlədən mən, nəfəslərini çəkdilər içəri. Ağanın əvvəl sözü bu oldu: “Əl elmü fərizətün əla küll müslimin və müslimə”. Bu hədisin üstündə bir gözəl nitq irad buyurdu. Mənim, həqiqət, gözlərimdən yaş axdı. Dedim, xudaya, şükür olsun sənin cəlalına ki, biz millətə belə alim əta edibsən. Ondan sonra neçə ilə şəhərbəşəhər gəzdim, hər yerdə peşəm ağanı tərif etməkdi. Bir neçə il keçdi, genə yolum Bakıya düşdü. Bədbəxtlikdəndirmi ya xoşbəxtlikdəndirmi, bilməyirəm, məndə bir azar var. Hər yerə getdim və eşitdim ki, orada bir müsəlman yığıncağı var, gərək özümü o yığıncağa salam. Nitq-filan demək əlimdən gəlməz. Amma tamaşaçılığı yaxşı bacarıram. Bəli, gəldim Bakıya, eşitdim ki, iranlıların məktəbində imtəhani-ümumi olacaqdır və çox adam da oraya dəvət olunub. Bu haman il idi ki, “Molla Nəsrəddin” hürriyyəti-nisvan məsələsini ortalığa salıb “Tazə həyat” qəzeti ilə vuruşurdu. Bir nəfər yoldaş ilə getdik məclisə, burada imtahandan danışmaq niyyətim yoxdu. Onu deməliyəm ki, camaat çox yığılmışdı. İki minə qədər olardı. Uşaqlar, hər kəs, öz qabiliyyətini göstərdilər. Bir nəfər İrandan gəlmiş müəmməm mücahid uzun bir nitqi-hürriyyət, müsavat-filan barəsində söylədi. Bu barədə sözüm yoxdur. Məclisin axırında cənab Mir Məhəmməd Kərim qazı qalxdı ayağa. Ağanı görəntək sevindim, dedim: “Nə xoşbəxtəm, iki dəfə Bakıya gəlmişəm, ikisində də ağa ilə həmcəlis olub onun gözəl nitqlərinə qulaq asmağa nail olmuşam”. Ağa nitqini belə başladı: “Həzərat! Budur, neçə ildir mən özümə söz vermişəm ki, camaatın heç bir işlərinə müdaxilə etməyəm. Amma İndi mənim boynuma təklifi-şəri gəlib; əgər mən danışmasam, həm sizə və həm cəddimə şüqülzəmmə olaram. Bir nəfər atasından, anasından bixəbər gedib oturub Tiflisdə. Orada “Molla Nəsrəddin” adında bir kaspi çıxardı. O kaspidə nə hədyanat, nə müzəxrəfat yazır, özü bilir, amma bu axır vaxt başlayıb müsəlmanların irzü namuslarına əl atmağa. Yazır ki, övrət tayfası gərək evdə oturmasın, deyir gərək müsəlmanlar övrətlərinin qollarından tutub versinlər xariclər aparsınlar. Həzərat, aman günüdür, gözləyin özünüzü belə müfsidlərin şərrindən...” ilax. Bu məzmunda o ki var danışdı. Ağa nitqini tamam edəntək durdum məclisdən çıxdım. Yolu necə gəldim, bilməyirəm. Bir də gördüm ki, “Islamiyyə” mehmanxanasında öz nömrəmdə əyləşmişəm. Bir saatda özümə gəldim, ayılan kimi məni bir ağlamaq tutdu. Çox ağladım və dedim: “Xudaya, bu nə işdir? Məktəb rəsmgüşadındakı nitq nə idi, bu nitq nədir? Bu şəxsin əqidəsi nədir?
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-tecetturi-nisvana-dair
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pərviz xanın sarayında bir otaq. Hərəmlər, hərəmxana əmələləri çalıb oynayırlar.*Xacə** (daxil olur). Xan təşrif gətirdi. Özü ilə də bir maral gətiribdir ki, yemə, ismə, xəttü-xalına, gül camalına, tamaşa elə.
Üçüncü pərdəDağlar arasında qaçaqlar məskəni. İki nəfər qaçaqlardan Tağı və Heydər qazanda xörək*bişirirlər. Bir nəfər yuxarıda əli tüfəngli qarovul çəkir.*
Dördüncü pərdəPərviz xanın sarayı. Böyük, şeyləri dağınıq bir otaq. Xacələr otağın şeylərini dişarı*çıxardırlar. Pərviz xan, əlində tüfəng, əsəbi halətdə otaqda gəzinir. Sadıq bəy daxil olur.*
Qurbanəli ŞərifovaDust mehriban!Əvvəla sizin səlamət olmağınızdır; saniyən siz gedəndən bəri Peterburqda bir qəribə əhvalat ittifaq düşməyibdir ki, sizə yazım. Peterburq öz əhaliləri ilə öz yerində payidardır. Bizlər sizin dövlətinizdən səlamətik, amma hava artıq soyuqdur. Əgər bu halda Peterburq xəyalında olsanız, məsləhət görməyirəm, çünki burada bir parça buz olarsınız. Amma bəd cəmiyyəti-xeyriyyə bu halda sizi üzv yazdı və kağızı göndərməyi mən boynuma götürdüm, çünki xahiş etdim ki, bir neçə söz və salam-dua sizə yazım və bircə xırdaca təvəqqe də sizdən edim o ümid ilə ki, mən etməyəcəksiniz. Bir cild kitab bu kağız ilə bahəm öz təsnifimdən sizə hədiyyə göndərdim. Təvəqqe edirəm qəbul edəsiniz. Və bir də sizdən təvəqqe edirəm, əgər mümkün olsa ki, orada bu kitab satıla, yazıb məlum edəsiniz, hər neçə cild lazımdır, göndərim və bu kitabın satılmağı barəsində əgər mənə kömək etsəniz, bir böyük minnət mənim boynuma qoyarsınız. Bir də bu kitabın satılmağı bu tövr mümkündür ki, hər bir hallı adamın boynuna on-iyirmi cild qoyasınız, ta onlar camaat arasında bipul paylayalar. Xülasə, təvəqqe edirəm bu kitabın satılmağına səy edəsiniz, artıq minnətdir. Kitabın qiymətini də ucuz qoymaqda meylim tez satmaqdır, çünki iki min cild çap etmişəm. Əlbəttə, bu Peterburqda satılası kitab deyil, amma mənim ümidim Qafqaza və sizin kimi dost-aşnalaradır. Baqi vəssalam.