Dördüncü pərdə
Pərviz xanın sarayı. Böyük, şeyləri dağınıq bir otaq. Xacələr otağın şeylərini dişarı
çıxardırlar. Pərviz xan, əlində tüfəng, əsəbi halətdə otaqda gəzinir. Sadıq bəy daxil olur.
Pərvizxan. De görüm, nə xəbər var?
Sadıqbəy. Nə xəbər olacaq?! Abdulla xan xanlıq qoruqda çadırlarını qurub əyləşib. Xanlığın hər yerindən də ona kömək gəlməkdədir.
Pərvizxan. Mənim öz camaatım mənim üzümə ağ olub, düşmənimə kömək verir. Heydərxanlı atlıları gərək bu gün özlərini buraya yetirələr. Oradan da bir xəbər yoxdur. Mirzə İsmayıl, bilmirəm, hansı cəhənnəmə gedibdir. Budur, bir həftədir ondan kağız yoxdur. Hətta Abdulla xanın mənim üstümə yerimək xəbərini eşidən tək Mirzə Ismayılın üstünə çapar göndərmişəm. O da İndiyədək qayıtmayıb. Nə qədər fikir edirəmsə, bir şey anlaya bilmirəm. Çıx əmr ver, təzədən Heydərxanlıya bir çapar göndərsinlər. Bəlkə Abdulla xanla bizim danışığımız qurtarınca atlılar özlərini yetirələr.
Sadıqbəy. Xan, Heydərxanlıya çapar göndərməyin faydası yoxdur, göndərsək də gedib gəlməyəcək.
Pərvizxan. Bu nə sözdür? Nə demək istəyirsən? Mənimlə açıq danış.
Sadıqbəy. Bağışlayın, xan. Biz ancaq iki yüz nəfər atlı cəm edə bilmişik. Onlara da artıq ümid bağlamaq olmaz. Bərkə düşəndə hamısı üz döndərəcəklər. Rəhim xana satdığınız Bədəl Allahqulu oğlu bu saat yoldaşları ilə bir yerdə əyləşib Heydərxanlıda. Tamam kənd əhli də yaraqlı, əsləhəli onun buyruqlarına itaət eləməkdədirlər.
Pərvizxan. Bəs Mirzə İsmayıl niyə İmdiyədək mənə bir məlumat vermir? Mən bu əhvalatı bilsəydim, Abdulla xanla özgə dillə danışardım.
Sadıqbəy. Xan, Heydərxanlıda bu saat nə Mirzə İsmayıl və nə də Rəcəb kəndxuda var.
Pərvizxan. Necə olublar?
Sadıqbəy. Onların hər ikisini, gecə yatdıqları yerdə, Bədəlin adamları oğurlayıblar və yəqin ki, öldürüblər.
Pərvizxan. Bəs bu xəbəri indiyədək mənə niyə gətirməyiblər?
Sadıqbəy. Kim gətirəcək? Heydərxanlıdan buraya bir nəfər gəlmir. Siz göndərən adamları da öldürməyiblərsə də, tutub kənddə saxlayıblar.
Pərvizxan (bir qədər fikirdən sonra). Deyirsən iki yüz atlın var?
Sadıqbəy. Bəli, ancaq toplamaq mümkün oldu.
Pərvizxan. Rəhim xandan da neçə gündür bir xəbər yoxdur. Onun atlıları bu günədək gərək burada olaydılar.
Sadıqbəy. Xan, məgər Rəhim xan sizə kömək göndərər?
Pərvizxan. Necə göndərməz? Bəs niyə Rəhim xan Xudayar xanla dava eləyəndə mən ona üç yüz nəfər Heydərxanlı atlısı göndərdim? Və onların köməkliyi ilə Rəhim xan qalib gəldi.
Sadıqbəy. Özünüz bir fikir edin? Rəhim xana on beş nəfər Heydərxanlı cavanlarından satdınız. Onlar da Rəhim xandan aldıqları silahları götürüb, onun mal-qoyununu da qabaqlarına salıb, dağlara çəkildilər və quldurluğa qurşandılar. Qızınızı Rəhim xanın oğluna verməyi vədə etdiniz, o da baş tutmadı. Bundan sonra Rəhim xan sizə köməkmi verər?
Pərvizxan. Məgər Rəhim xan anlamırmı ki, Abdulla xan məni məğlub eləyəndən sonra güclənib, Rəhim xanı da rahat qoymayacaq. Rəhim xan öz canını saxlamaqdan ötrü gərək mənə kömək versin.
Sadıqbəy. R ə h i m xanın Abdulla xanla bir ədavəti yoxdur. Hələ, necə ki, sizə məlumdur, aralarında qohumluq da var. Rəhim xanın qızı Abdulla xanın oğlundadır. Əlavə, lazım olan vaxt Rəhim xan İrandan kömək də ala bilər. Bunun üçün ancaq İran şahlarının təhti-himayələrinə keçmək lazımdır.
Pərvizxan. Məgər mən də bu yolla kömək ala bilmərəm?
Sadıqbəy. Gecdir, xan. Düşmən ətrafı bürüyüb, hətta sizə qaçmaq yolu da qoymayıblar.
Pərvizxan. Onda sən mənə bir məsləhət tök. İşdən çıxmış, neçə belə çətinliklərə düşmüş adamsan.
Sadıqbəy. Məsləhət yolu qalmayıbdır. Xan, ya gərək Abdulla xanın istədiyini verəsiniz, ya onunla davaya girişəsiniz.
Pərvizxan. Abdulla xanın təklifi məgər eşidiləsidir? O məndən xalqımın yarısını və on min qızıl pul tələb eləyir. Mən də cavabında ona məktub göndərib yazmışam ki, biz xırda xanların hamısının başlarının üstündə İran kimi böyük bir düşmən durubdur. Onun müqabilində biz ancaq birləşməklə davam gətirə bilərik. Bizim aramızda ədavət olarsa, təklikdə bizi asanlıqla yox eləyərlər. Bunu yazandan sonra ona on beş kənd və iki min də qızıl təklif eləmişəm. İmdi cavab gözləyirəm. Yəqin təklifimi qəbul eləyəcək. Ondan sonra, mən bilirəm üz döndərən, nəməkbəhəram kəndlilərin başlarına nə müsibət gətirəcəyəm. Sən daha get qoşunlarının yanına. Hər halda bizə hazırlıq lazımdır. (Sadıq bəy gedir. Pərviz xan, başını tutmuş, otaqda gəzinir.
Qasid daxil olur.) Hə, nə xəbər gətirdin?
Qasid. Xan sağ olsun, Abdulla xan kağızı oxuyandan sonra sərkərdələrini yığıb məsləhət elədi. Sonra məni çağırıb buyurdu ki, Pərviz xanla daha heç bir danışığa girməyəcəyəm. Hətta ondan istədiyimi də versə qəbul eləməyəcəyəm. Mən gərək onun bütün xanlığına sahiblənim. Heydərxanlı Allahqulu oğlu Bədəl də neçə yüz atlı ilə oradadır. Məni kənara çağırıb dedi, gedib xanına deyərsən, Abdulla xanla barışsa da işi mənimlə olacaq və Abdulla xanı onunla barışmağa da mən qoymuram.
Pərvizxan. Çıx, cəld Sadıq bəyi geri döndər. (Qasid çıxır. Pərviz xan başını tutmuş halda otaqda gəzinir və tez-tez gedib pəncərədən baxır. Sadıq bəy daxil olur.) Sənə məlum etməliyəm ki, bizim müharibədən savayı başqa yolumuz qalmayıbdır. Abdulla xan bizim təklifimizi rədd eləyibdir. Əgər Abdulla xanın qoşununa faiq gəlsəniz, məndən istədiyi on min qızılı sənə və sənin sərkərdə yoldaşlarına vədə eləyirəm. Get, qardaşım.
Sadıqbəy. Biz davaya hazırıq və dava da eləyəcəyik. Ancaq Abdulla xanın qoşunu beş bizimki qədərdir.
Pərvizxan. Səngərlərinizi bacardıqca möhkəm edin. Atlılara mümkün olduqca ürək verin və mənim tərəfimdən onlara yaxşı ənamlar və xələtlər vədə eləyin.
Sadıqbəy. Baş üstə, xan. Əlimizdən gələn qədər çalışacağıq. Daha mən gedim.
Pərvizxan. Get, qardaşım, get, oğlum.
Sadıq bəy gedir. Xan divanəvarı gəzinir.
Başhərəm (sabiq ikinci hərəm, daxil olur). Əzizim xan, bu nə işdir? Deyirlər bu saat Abdulla xanla dava başlayırsan?
Pərvizxan. Bəli, başlayıram, sənlik nə var?
Başhərəm. Məgər heç hərəmxananın fikrini çəkməyibsən? Bəs biz haraya qaçacağıq?
Pərvizxan. Siz qaçacaqsınız cəhənnəmə, gora! Nə bilim haraya qaçacaqsınız? Mənim başıma gələn müsibətlərin hamısının səbəbi sən məlunsan!
Başhərəm. Dahı gör nə var? Mən niyə səbəb oluram? Mən nə eləmişəm?
Pərvizxan. Daha nə eləyəcəksən? Baş hərəm olmaq üçün mənə öz arvadımı öldürtdün. Öz əlimlə qızımı divar arasına qoyub hördürdüm. İmdi mənim qızım Rəhim xanın evində olsaydı, Abdulla xan heç vaxt mənim üstümə ayaq almağa cürət eləməzdi.
Başhərəm. Qızıyın aşnabazlıq elədiyini mən ki, sənə yalandan demədim. Arvadıyın Rəşidlə öpüşdüyü gözünlə görmədinmi?
Pərvizxan. Gördüm, gözümlə gördüm. Məgər mənim hərəmxanamda bir salamat arvad var? Hamınız fahişəsiniz. Bu saat sənin başını öz əlimlə kəsəcəyəm, məlun! (Boğazından yapışıb yıxır yerə, xəncəri çəkir.)
Başhərəm. Ay haray, ay aman, qoymayın!
Hüseyn (cəld daxil olub, xanı itələyir). Kənar ol!
Pərvizxan. Sən nəçisən? Nə ixtiyarla buraya daxil oldun?
Hüseyn. Mənim gözümün qabağında heç kəs sevgilimi öldürə bilməz!
Pərvizxan. Nə söyləyirsən, namərbut? Kİmdir sənin sevgilin?
Başhərəm. Sevgilisi mənəm, mən! Sən hərəmxananı arvadla doldurub, hamısını yoxsa itaətdə bilirsən? (Hüseynə qısılır.)
Pərvizxan. İkinizi də burada parça-parça eləyəcəyəm. Nacinslər, nəməkbəhəramlar! (İstəyir üstlərinə getsin, Hüseyn onu itələyib yıxır, baş hərəmlə otaqdan çıxır. Xan, əlində xəncər, onların dalınca yüyürür. Atışma başlanır, nökər xanı gətirir otağa.)
Nökər. Xan sağ olsun, hər tərəfdən güllə dolu kimi yağır. Özünü xataya toxuma. Əyləş otaqda. Biz, nə qədər canımız var, dava edəcəyik.
Pərvizxan. Getmə, dayan burada mənim yanımda, getmə. (Özünü taxtın üstünə yıxıb, gözləri böyümüş halda o yan-bu yana baxır. Atışma getdikcə artır və yavuqlaşır.)
Sərkərdə (daxil olur). Xan sağ olsun, qoşun davam gətirə bilmir. Abdulla xanın atlıları dolublar kəndə və xanlıq tikililərinə od qoyublar. Od gəldikcə saraya yavuqlaşmaqdadır. Buradan sizin yayınmağınız lazımdır. (Çıxır.)
Pərvizxan. Mən xan deyiləm, heç zad deyiləm. Mən yırtıcı köpəyəm, canavaram, cəlladam! Ayağımı buradan bir qədəm də kənara qoymayıb, ölüncə qalacağam. (Nökərə) Tüfəngi doldur, buraya ver. (Nökər tüfəngi sümbə ilə lüləsindən doldurub verir. Xan atır.) Ölməkdən qabaq bu məlunlardan gərək bir neçəsini cəhənnəmə göndərim. (Xan bir tüfəngi tuşlayıb atınca, nökər o biri tüfəngi doldurub hazır edir.) O biri tüfəngi ver buraya! (Atır.) Al, bunu doldur. Bax, o atlını gözlə. (Atır.) Gör atdan necə də dəydi yerə. Al bunu, o birisini ver. (Atır.) Bu da birisi. Afərin, Pərviz xan! Bu da biri.
Atışma daha da şiddət eləyir. Xan güllə atmaqda davam edir. Alov evi əhatə edir.
Pəncərədən bir güllə nökərə dəyir. Nökər yıxılır. Xan qəfəsə düşmüş vəhşi heyvan tək özünü
o yan-bu yana çırpır. Bədəl və Rəşid daxil olurlar.
Pərvizxan. Sən kimsən?
Bədəl. Xan sağ olsun, yoxsa tanımırsan?
Pərvizxan (divanəvarı). Yox, tanımıram!
Bədəl. Mən boğazından asdırdığın Allahqulunun oğlu, zorla çəkdirib
apardığın Gülsənəmin qardaşı, Rəhim xana yüz əlli qızıla satdığın
Bədələm.
Pərvizxan. Sən nə ixtiyarla öz xanının üstünə gəlirsən?
Bədəl. Nə ixtiyarla? Bu ixtiyarla! (Güllə ilə vurur. Xan yıxılır.) Daha ürəyimdə dərdim qalmadı. Axırıncı hayıfı aldım. (Ayağını qoyur xanın bədəninin üstünə). Rəşid, yavuğa gəl. Mən bu xanın nəşinin üstündə sənə bir xələt vəd eləmişdim. Bu peşkəs mənim bacımdır ki, burada sənə verirəm.
Rə şid. Çox gözəl, bu mənim ürəyimdən keçən peşkəşdir. Gəl qardaş, bu fəthdən sonra bir şirin öpüşək.
Qucaqlaşıb öpüşürlər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-kohne-dudman-dorduncu-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ömrüm səfalətlərin dərin çuxurlarındaÖlgün vərəqlər kimi sürünən bir zamanda,
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
GörünərAy silkinib gedən yaşılbaş sona,Səndə tər cığalar, tellər görünər.