İt oyunu
Qapısı daldan bağlı bir otağın içində dörd nəfər hökumət çörəyi yeməyə məhkum olmuşlar əyləşmişdilər.
Biri N qəzasının afət və bəlası, sabiq prokuror Ivanov idi. İkincisi haman qəzanın pristavı Əzrayıl bəy idi ki, onun adı ilə analar uşaqlarını qorxudurdular. İki nəfər bazarda dalaşanda bir-birinə deyirdi:
– Qardaşım, mənim canıma Əzrayıl bəy olmamısan? Nə istəyirsən məndən?
İki yerdə qalanlar da neçə illərlə eli dəhşətdə saxlayan İki qardaş quldurlar idilər.
Şəhərdə pristavdan sivay heç kəsin əqrəbası yox idi. O idi ki, onun evindən hər gün xörək gələrdi. Pristav, xörəyin çox olduğundan prokuroru da qonaq eləyirdi. Bəzi vaxtlar quldurlara da az-maz çatırdı. Bir gün nahar vaxtı pristav üzünü yoldaşlarına tutub dedi:
– Həzərat, sizə bir qəribə nağıl eləyim. Bu prokuror ki görürsünüz,
bir vaxt N qəzasının bəlayi-nagəhani idi. Nə etməli ki, indi təqdiriqəzdan mənim bozbaşıma möhtac olub. Mən bunun başına, osmanlılar demişkən, “tam mənası ilə” bir it oyunu gətirdim. Onun İndiyədək mənim o kələyimdən xəbəri yoxdur. Qoyun İndi bilsin:
Mən N qəzasında pristav idim. Qılıncımın dalı da kəsirdi, qabağı da. Bir gün adam döydürməsə idim, gecə yata bilmirdim. Əvvələn, bu yerin camaatına qılınc müsəlmanları deyərlər. Bunların ki, bellərindən bir gün dəyənək əskik oldu, qudurub yollarından çıxırlar. İkincisi, adam döydürməyən pristavın camaat arasında qədr-qiyməti olmaz. Deyərlər:
“Ağzı yava pristavdı”.
Söhbətin şirin yerində moltanı gəldi, “allah saxlasın”. Bir də gördüm hardansa, bu zalım oğlu prokuror təyin olub. Gəldi çıxdı, bir-iki gündən sonra məni çağırıb dedi:
– Əzrayıl bəy, mənə xəbər verirlər ki, siz burada adam döydürürsünüz, təvəqqe edirəm belə işləri qoyasınız. Yoxsa bir də eşitsəm ki, adam döydürmüsünüz, məndən inciməyin! Sizi məhkəməyə verəcəyəm.
Əlim, ayağım kəsildi. Pristav olub adam döydürməməkdənsə, gedib əkinçilik eləmək yaxşıdır.
Qardaşlar, öz başınıza gəlib. Azından hər biriniz yüz oğurluq etmisiniz. İndi insafla deyin, belinizə ağac dəyməyincə boynunuza alırdınız ya yox?
Quldurlar İkisi də pristavın sözünü təsdiq etdilər. Biri dedi:
– Papağını qoltuğuna vurub çəpər altından oğurluğa gedən binamusun atasına gərək od vurula.
Pristav nağılına davam elədi:
– Bəli, əlim, ayağım kəsildi, arvad kimi oldum. Istədim istefa verim.
Sonra qəza özü mənim qolumdan tutdu.
Bu prokurorun bir yaxşı ov tulası var idi. Yasavulları öyrətdim tulanı oğurlayıb gizlətdilər. Prokuror bir gün, İki gün iti axtardı, tapa bilmədi.
Axır məni çağırıb yalvardı ki, onun itini tapım. Dedim: “Baş üstə, axtararam!” Bir on gün keçdi.
İt tövlədə əyləşib istirahətlə hər gün ətdən, çörəkdən yeyirdi.
Bir gün məyus bir halda prokurorun yanına gəlib xəbər verdim ki, bəs iti oğurlayan tapılıb. Yəqİndir ki, iti aparan odur. Amma əldə rəsmi dəlil yoxdur, hərçi təkid edirəm boynuna almır. And içir ki, itdən xəbərim yoxdur. Amma iti aparmağı yəqİndir.
Prokuror qeyzə gəlib birdən dedi:
– Belə, bas o kafir oğlu kafiri ağacın altına! O qədər vur, birqat qabığı getsin! Onda boynuna götürər.
Dedim:
– Baş üstə!
Sabahdan prokurorun itini göndərdim və o gündən bunun izninə görə başladım: “Babam mənə kor deyib, gəlib-gedəni vur deyib!” başladım sağdan sola, soldan sağa dəyənək çırpmağa.
Prokuror qulaq asıb soruşdu:
– Əzrayıl bəy, həqiqət iti sən oğurlatmışdın?
– Bəli!
– Ax tı, maşennik!
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-it-oyunu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Rusiyanın şimal yerlərinin payız aylarını hər kəs bir dəfə görmüş olsa, belə güman edirəm, İkinci payız fəslində məcbur olmasa, o yerlərə getməz. Başına gələn başmaqçı olar. Rusiya payızından nə çəkmişəm, onu mən bilirəm. Odur ki, əgər sentyabr ayında, ya oktyabrda mənim papağımı başımdan alıb şimali Rusiyaya atalar, dalınca getmərəm. Bəlkə qorodovoy qabağına qatıb aparalar. Bəzi vaxt yağış başlayanda bir həftə müttəsil yağır. Ta bir göz açıb iş görməyə macal vermir. Bir də görürsən, gözəl gün çıxıb, göyün üzündə bir damcı bulud yox, tez sevinmiş durub havaya çıxırsan. Bir saatdan sonra bilmirsən yağış adamın başına haradan tökülür. Paltosuz, qaloşsuz, islanmış qayıdırsan evə. Əgər zatəlcənb də tutmasa, yəqin ki, bir zökəm tutacaqsan. Yainki yağış yağan vaxt çox vacib işin olur. Labüdd qalıb, durub paltodan, qaloşdan geyib çıxırsan küçəyə. Bir də görürsən yarım saatdan sonra yağış kəsdi, bulud dağıldı, bir isti gün çıxdı. Paltonun, qaloşun hər biri beş pud olur. Gərək bir hambal tapıb verəsən yanınca götürsün.Belə günlərin birində papağımı gözümün üstünə basmış, paltonun boynunu qovzamış, sürətlə gedirdim. Bir də gördüm səs gəlir:
RöyaSaat dörd idi. Möhkəm nahardan sonra gedib, şəhər bağının bir guşəsində əyləşib təmiz havanı tənəffüs etməyə məşğul idim. Bağın yanındakı küçə ilə qiymətli libaslar geyinmiş xanımlar avtomobillərdə, faytonlarda o baş-bu başa çapırdılar. Dörd ətrafımda balaca uşaqlar bağ içində oynamaqda idilər. Bağın xiyabanlarında camaat da az deyildi.Qəzetə və meyvəcat satanlar camaat arasında gəzib, hər kəs öz mətaını təklif edirdi.
Keçmiş günlərQəza ispolkomunun maarif şöbəsinin zavxozu Süleyman Qurbanov (sabiq Süleyman bəy Qurbanbəyov) çayçı dükanının qabağında bir stəkan acı çay ilə damağında bir uzunquyruq Şəki demisi, kəmaliistirahətlə əyləşib, Həsən Dadanov maxorkasının tüstüsünü halqahalqa havaya buraxmaqda idi. Onun ətrafında əyləşən beş nəfər şəxs həmçinin qabaqlarında çay, damaqlarında papiros, Süleyman bəyin söhbətinə huşü guşla qulaq verirdilər.Bu adamlar bunlar idi: qəza ispolkom sədrinin müavini Sadıq Cavadov (keçmişdə Süleyman bəyin faytonçusu Sadıq), qəza kuryeri Süleyman bəyin xalası oğlu Cahangir Nuru oğlu (keçmişdə Cahangir bəy Nurubəyov) və kənd qarovulçusu Qasım (sabiqdə Qasım yüzbaşı). Süleyman bəy keçmiş günlərdən, Tiflis, Kislovodsk, Valadiqafqaz, Moskva səyahətlərindən qızğın bir nəfəslə laf vurmaqda idi.
Uca dağ başındaUca dağ başında, mədəniyyət mərkəzlərindən və dəmir yolundan uzaq, laçın yuvasına bənzər xırdaca bir şəhər düşübdür. Dağın sağ və sol ətəklərindən köpüklənərək sürətlə axan iki çay, axırda iki mehriban qardaş kimi birləşib axaraq, düzlərdə yaşayan əhalinin bağlarını, əkinlərini sirab edirlər.Şəhər tamam qışı və baharın yarısını qara, dumana bürünmüş keçirib; axırda bu qara çadırşəbi atıb gözəl bir nazənin sənəm tək surətinin parıltısını aləmə salıb, tamam yay istirahəti arzusunda olan isti yerlər əhalisini öz ağuşuna cəlb edir.