Unudularmı
Deyirəm: – Görəsən bu ad günümdə,Dağ kəli yadına məni salarmı?Bərədə üstümə atılıb ceyran,Qayada könlümü qartal alarmı?
O gölüm, o çeşməm, o çayım mənim,Onlarsız nə günüm, nə ayım mənim,Çatanda pələngə harayım mənimYerimi, yurdumu xəbər alarmı?
Necədir qüzehdə ağaran qarım?Ətəkdə yellənib əsən çinarım?Yığılın başıma, ay palıdlarım,Bu qədər dost gözü yolda qalarmı?
Yarpızla, lilparla deyib gülməsəm,Sevinci, kədəri yarı bölməsəm,Uzaq ulduzları yaxın bilməsəmŞerim o yerlərə qanad çalarmı?
Böyüklə, kiçiklə həmsöhbət olan,Canında tükənməz hərarət olan,Gücü xalq, dayağı təbiət olanBir şair həyatda unudularmı?
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-unudularmi
Клавиши ← → для перехода, R — случайное стихотворение