– Ə, nətərsən, ə?

– Nətər olacam, demək olar ki, pisdən də pis.

– Ə, niyə İman? – Mühafizləri adladı, nizəsini köşgün divarına söykədi. – Payız gəlib, qeysəriyyədə nə desən var. Amma bizim cibimizdə bir axçamız yoxdu ki, bazardan heç olmasa uşaq-muşağa az da olsa ayın-oyun alıb göndərək. – Gödəkboy dərban sinəsini qaşıdı.

– Hə, keçmə Naxçıvanın payızından. Payız yox ey, bolluq fəsli de...

O günü mən də getdim qeysərriyyəyə. Nə yoxdu bazarda!.. Paran olsa lap quş südü də tapmaq olar... Qovun-qarpız ayaq tutub yeriyir, əlvan-əlvan üzümlər səbət-səbət, sultanı alması, lətənziri armudu tay-tay. Qənarələrdən elə doyum səmdəkləri asıblar ki, adamın lap çiyinə tamahı düşür... Hələ yağımı, pendirini, şorunu, qurutunu demirəm. Hə, nə başını ağrıdım, xalısı, xalçası, kilimi, gəbəsi, xurcunu nə qədər istəsən; qoyunu, keçisi, quzusu, çəpişi də ayaq tutub yeriyir.

– Düz deyirsən, Duman. – Dərban yenə sinəsini qaşıdı. – Amma bir şeyi yadından çıxarırsan... Bizim şəhərdə satan çoxdu, alan az. Payız həqiqətən bolluq fəslidi. Gərək payızda hər tədarükünü görəsən ki, qışda yaxşı-yaxşı dincələsən, yaz da gümrah çıxasan... Belədi dədə-babadan. – Əbasının cibindən tütün kisəsini çıxarıb demisini dolduradoldura sözünə davam etdi: – Payız yığasan, qışı yeyəsən, yazı işləyəsən... Amma demək olar ki, bu hamıya qismət olmur. Allahü-təala varlılar üçün yaradıb. Kasıb-kusuba, fəqir-füqəraya nə yaz, nə yay, nə payız, nə qış? Yaxşı deyiblər, kora gecə-gündüz birdir... Elə götürək bizi. Kəsmişik bu sarayın darvazasının ağzını. Sən bayırdan, mən içəridən... Nə var, nə var, aman günüdü rəisə bir şey olar, onun xatununa bir zaval toxunar! İşimizə-gücümüzə bax. Biz də adımızı qoymuşuq kişi!

– Ə, İman, imanın olsun. Onun adını çəkmə, sinəm göynədi... Dünən yenə tovuz quşu kimi cilvələnib taxti-rəvana minəndə görmüşəm dəyyusun qızını... Öz-özümə fikirləşirəm ki, görəsən bu Nəsrin xatunu Allah-təala yaradanda hansı məqamıymış?.. Bütün səliqəsin işlədib. Hər şeyi yerindədi: ay kimi duru sifəti, kaman kimi qaşları, piyalə kimi gözləri... Elə bil yanaqları lalədən rəng alıb. Saçlar dabanını döyür. Sinəsini bilmirəm nəyə bənzədim?.. Dələmədi deyim, pambıqdı deyim, qardımı deyim?..

– Duman, belə getsə qorxuram şair olasan axırda.

– Ə, şair olan deyiləm, başqa şey olacağam.

– Nə olassan?

– Ə, nə olacağam? Dəli... Məcnun... heç özüm bilirəm ki? – Mühafiz məxfərini başından götürüb dizinə keçirdi, daz başındakı bir qom tükə tumar çəkdi, siçanquyruğu bığlarını eşdi...

– Duman, sinən doludu ki, sənin.

– Ə, İman, yadımdan çıxıb deməmişəm sənə, mənim ana nənəm Salatın arvad ozan olub... aşıq yox ha, ozan!.. El şənliklərində zənənə xeylaqları üçün çalıb-çağırıb. Sinəsi dolu bir arvad idi. Sözündən-söhbətindən doymaq olmurdu. Nə qədər bayatı bilirdi! Elə bil bulaqdı zalımın qızının ürəyi, coşub qaynayırdı. Elə də gözəl danışığı vardı!.. Dastanlar danışardı, qoşmalar deyərdi, saz da çalıb oxuyardı. Hələ bayatısını, ağılarını, tapmacalarını demirəm... İndi hərdənbir ki, qırıldadıram, bunun hamısı o qəbrinə nur çilənmişin təsiridi, onun mənə qalan əmanətidi. Amma bircə eybi var ki, xoruzbazdı nənəm.

İman demisini dodaqlarından çəkib ucadan güldü.

– Qoy görək, Duman...

– Ə, fikrinə ayrı şey gəlməsin. Sən deyən xoruzbazlardan yox. Elə rəsmən xoruzbazdı, yaxşı beçələri seçib saxlardı, bəsləyib quzu kimi xoruzdan edərdi. Kim xoruz döyüşdürmək istəsəydi, Salatın arvaddan xoruz alardı.

– Oyunun olsun, Duman! – İman uğunub getdi. Aralıqda bir müddət sakitlik yarandı.

– Təzə xəbərdən xəbərin var?

– Ə, nə təzə xəbər?

– Bilmirsən xəbər nədi?

– Ə, niyə bilmirəm? De, bilim də!

– Rəisin damağı, deyirlər, yaman aşağıdı.

– Ə, niyə?

– Deyərlər, saray sahibi Həmədana çağırtdırıb elə başını oradaca qoydurmaq istəyirmiş kötüyün üstünə. Yenə vəzir girib qanının arasına...

– Ə, nə olub ki?

– Qaradan da artıq rəng? Vilayətdə, şəhərdə demək olar ki, özbaşınalıqdı. Hərki-həriklikdi. Vergilər yığılmır, çapovçular göbələk kimi çoxalır. Ədəvilər karvanlara həmlə edib tacirləri soyurlar... Dəbir nəql edir ki, bəzi kəndlərdə məmurları sayan yoxdur. Deyir ki, onları döyənlər, hətta öldürənlər ortaya çıxıb. Bunların zəmanəsi bilirsən hardan başlayıb? Mən xeyli götür-qoydan sonra belə qənaətə gəlmişəm ki, bu işlər Əli Şimşək məşhurlaşandan sonra ortaya çıxır... Görünür ki, el-oba daha-bəni Eldəgəzlərə inanmır, etibar etmir. Yoxsa səhv edirəm, Duman.

– Ə, sən divarın içəri səmtindəsən... saraya məndən yaxınsan... Nə deyim?..

Pəhləvan bir də Naxçıvana təşrif gətirsə, yəqinimdir ki, rəisin kitabı bağlanacaq...

– Ə, İman belələrinin kitabı tez açılıb, gec bağlanır... Bu dünyanın dəyyusa-qurumsağa, oğraşa həm etibarı çoxdur, həm də qəyyumluğu artıqdır... Niyə elə baxırsan?.. İnanmırsan?

– Duman, bir az ehtiyatlı ol!

– Ə, İman, nə ehtiyat? İslanmışın yağışdan nə qorxusu?

– Yağışın adını çəkmə, ancaq ara verib. – Dərban burnunu çəkdi.

– Ə, elə demə, İman, varam Naxçıvanın yağışına! Yağmır, yağanda da elə tökür ki, tut ucundan çıx göyə... Bu yerlərin yağışından da bərəkət iyi gəlir... Bir də elə yağışın özü bərəkətdi, axıb göydən yerə tökülür... Yağış olmasa kəndli dirigözlü batıb gedər. – Mühafiz siçanquyruğu sarı bığlarını eşə-eşə oyalandı: – Göldən su açmağa ixtiyarı yoxdu, çünki göllər saraya məxsusdur, çaydan su götürməyə izin verilmir, çünki çaylar sarayındır. Bir qalır bulaqdan, çeşmədən su doldurmaq, qorx ki, bu günsabah onu da rəva görməyələr kəndliyə. Deyərlər ki, bütün çeşmələr də, bulaqlar da məscidindi, mehrablarında... Yazıq kəndliyə nə qaldı? Özünün göz yaşı... Göz yaşınan da əkin suvarmaq olar?

Bu vaxt eşikdə səs gəldi, mühafiz tez nizəsini götürüb özünü eşiyə atdı və tez də qayıtdı.

– Kim idi? – Dərban sinəsini qaşıya-qaşıya soruşdu:

– Ə, dedim bə dəyyus qaraulbaşıdı... Amma yenə it idi, rəbatın sahibsiz itlərindən. – Mühafiz gileyləndi: – Sən işə bir bax ha, kasıb-kusubun sahibsiz itlər qədər də hörməti yoxdur. – Siçanquyruq bığlarına yenə tumar çəkdi. – Sahibsiz itlərə izin verilir şəhristana girməyə, kasıb-kusuba yox. – Birdən elə bil üsyan etdi: – Ey Allah, özün də ədalətdən danışırsan, baş şeyxin Hatib ibn Mübarək də qulağımızı dəng eləyib səni tərifləməkdən. – Mühafiz bu dəfə başını yuxarı qaldırıb köşkün tavanına baxdı: – Hanı bəs sənin ədalətin? Belə də kişilik olar?.. Varsansa, cavab ver!.. Namərdlərə cəza göndər!.. – Öz-özünə coşdu və bunu hiss edib kiridi.

Dərban yarıciddi-yarızarafat heyfsləndi:

– Duman, sən lap mülhid olub getmisən ki!

– Ə, düz deyirsən... Bu işlərə daha tab gətirə bilmirəm... Belə getsə bir gecə nizəni qaraulxanaya tullayıb yayınacağam.

– Nə danışırsan? Duman? Necə yəni yayınacağam? Dərban mühafizi bu dəfə şübhəli-şübhəli başdan ayağa nəzərdən keçirdi.

– Ə, yayınmaq bilmirsən nədi? Qaçacağam... Əkiləcəyəm!..

– Dəli olma, Duman! Tutub dərinə saman təpərlər, başın haqqı! Ağır otur, batman gəl... Səfeh-səfeh fikirləri başından çıxart. Oturduğun yerdə başına əngəl açarsan, yazıqsan. İndi hara qaçıb qurtarmaq olar?.. Rəyasət sahibi süvaridi, biz piyada...

– Ə, yaxşı, qoy sən deyən olsun!

– Hə, bu ayrı məsələ... Duman, gəlsənə səni yaxşı yaylaq pendiriynən sac lavaşına qonaq eləyim. – Dərban köşkün bucağındakı kötüyün üstünə qoyduğu bağlamanı götürüb yerə saldığı ayı dərisinin üstünə açdı.

– Oba dağdan yenəndə tutulan pendirdi... Xalis yağdı!

– Ə, dayan, yaraşığın da mən gətirim. – Mühafiz çıxdı və qoltuğunda zolaq-zolaq bir qarpız qayıtdı.

– Bu ki oldu lap nurələnnur! – Əvvəl mühafizi başa düşməyən dərban keçə papağını başından götürüb dizinə keçirdi. – Sac lavaşı, payız pendiri, bir də Kültəpə qarpızı! Bəh! Bəh! – Bıçaqla qarpızı kəsdi, – havarına bax, sən allah bunun! Göbəyinə bıçaq toxunan kimi həvəsə gəlib nə səslər çıxarır... Dərban burnunu çəkib bic-bic onun eyhamına qımışsa da, mühafizə kar eləmədi.

Yeməyə başladılar. Bir az keçəndən sonra mühafiz soruşdu:

– Ə, dəbir daha nə deyirdi?

– Deyir, saray sahibi göndərib ki, get bax gör sərdabənin tikilişi necə gedir? Bir xəbər gətir. Bir də, deyəsən, Əli Şimşəkdən ehtiyat edir. Qorxur ki, adamları Əlincə qalasına həmlə edib beytulmaldakı var-dövləti ələ keçirərlər. Axı Əli Şimşək bir dəfə ovdan qayıdanda vəzirin qabağını kəsib deyib ki, qalada nə varsa camaatındır, camaata da paylamaq lazımdır. Bunu da o saat qoyublar saray sahibinin ovcuna. Bu da saray sahibinə yamanca yer eləyib. Bilirsən niyə? Söz-söhbət gəzir ki, saray sahibi Əlincədəki var-dövlətə necə ki, sağdı, toxunmaq istəmir, son məqamda açarını vermək istəyir Zahidə xatuna... Ya da qızı Cəlaliyyəyə.

– Ə, kimdən eşitmisən, Səhihdi?

– Səhihdi... Heyvərə Həsən ağzından qaçırıb...

– Ə, o deyibsə inan. – Mühafiz təsdiq etdi. – Düzdü, dəyyusun biridi, adam deyil. Allahın tələsik vaxtına düşüb adam eləyib onu, yoxsa heyvan yaradacaqmış... Amma hər şeydən xəbərdardı, köpəkoğlu!..

– Bax, bunu tamam düz deyirsən, Duman!

Hər ikisi fikrə getdi. Heyvərə Həsən elə bil gəlib durdu gözlərinin önündə. Saray xəbərçilərinin, güdükçülərinin, qulaqçılarının başçısı həqiqətən heyvərənin biri idi. Yekə əlləri, kobud qıçları, domba gözləri, qırmızı kərpicə oxşar sifəti onu daha eybəcər göstərirdi. Şit-şit danışığı, duzsuz gülüşü qulaq asanları darıxdırır, onlarda ikrah hissi doğururdu.

– O ki qaldı Əlincədəki var-dövlətə... İnan ki, hamısını verəcək Zahidə xatuna. Bilirsən niyə? Çünki onu övrətlərin hamısından çox istəyir. Görmürsən hara gedir, özü ilə aparır. Bu da sinələrinə çarpaz dağ çəkir o biri övrətlərinin, ələlxüs, Rey hakiminin qızı İnanc xatunun. Deyirlər, yaman kin-kudurət sahibidi, baş ülya mələkə.

Fürsət düşsə axırına çıxar bəni-Eldəgəzlərin. Onu da eşitməmiş olmazsan: deyirlər, Cahandan sonra özünü hakim eləmək istəyir İnanc xanım. Deyib ki, mənim bərdəli Nüşabədən nəyim əskikdir? O, İsgəndər Kəbiri qarşısında diz çökdürə bilər, mən düşmənlərimə göz dağı çəkdirə bilmərəm?

– Nüşabənin adını çəkdin, Nizami düşdü yadıma. Deyir saray sahibi Nizamidən də inciyib yaman.

– Ə, nəyə görə? Saray sahibinin ki, alimlə, ədiblə, memarla arası sazdır? – Mühafiz siçanquyruğu bığlarını yenə eşdi.

– Deyir bir dastan yazıb saray sahibinin adına. Bunu eşidən hökmdar da Təbrizdən xüsusi mütərcim çağırmağa hazırlaşırmış ki, oxuyub onu başa salsın. Axı hökmdar fars dilini bilmir. Elə bu məqamda xəbər gətirirlər ki, dastanı şair göndərdi şah Toğrula. Bu da saray sahibinə yamanca yer eləyib. Elə ona görə Gəncədə çox qalmayıb, oradan qayıdıb Naxçıvana, buradan da gedib Həmədana... Həm də danışırlar ki, xəstələnib...

Buna baxmayaraq tikili başlanandan üç kərədir ki, Naxçıvana gəlir...

– Hökmdar olsa da, görünür, ana xatirini əziz tutur... O ki qaldı Nizamiyə... – Mühafiz sözünün ardını deyə bilmədi.

– Belə şeylər sənətkarları onun gözündən sala bilər. Bizim Əcəmidən də bədgüman olar. – Dərban onun fikrini tamamladı.

– Ə, hələ eşitmişmi ki, tikilən sərdabələrə çəkilən xərcin beşdə birini onu tikənə verirlər... Amma Cahan Pəhləvan hökm edib ki, altıda birini versinlər...

– Bəs Əbubəkr oğlu nə deyib? – Dərban maraqlandı.

– Ə, nə deyəcək? Tanımırsan Əbubəkr oğlunu?.. Deyib mənə nə versəniz, qəbulumdu, amma mənimlə işləyənlərin haqqını kəsməyin.

Eşikdə öskürək səsi gəldi. Mühafiz nizəsini götürüb çıxmaq istəyirdi ki, dərban onun ətəyindən dartıb saxladı: – Hara qaçırsan?

– Ə, deyəsən, qaraulbaşıdı...

– Qaraulbaşı burada yoxdur... Onu başqa iş dalınca göndəriblər.

– Ə, hara?

– Yuxarıya... Əlincə tərəfə...

– Ə, nədən ötrü?

– Nədən ötrü? – Dərban mühafizin sualını təkrar etdi: – Deyirlər başını qoyub ətəyinə...

– Ə, açıq danışsana, İman!

Dərban çiyinlərini çəkdi, süfrəni yığışdıra-yığışdıra təam duası oxudu:

– Kərəminə çox şükür, ey xudavəndi – aləm!..

Mühafiz nə başa düşdüsə sual vermədi

– Hə, belə-belə işlər!.. dedi və bayatı çəkdi: “Araz qırağı çiçək, Gətir bura su içək. Özümə yar seçmişəm, alagöz, qara birçək...” – Nizəsini götürüb köşkdən çıxdı. Bayırda yağış yağırdı. Şəhərin üstünə boz-boz buludlar salınmışdı...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Tövbə

Nəsrin xatundan söz düşəndə qaravaşlar da, cariyələr də, “aman, aman!” deyə az qala sinələrin yırtıb tökürdülər. Nəsrin xatunun işi-peşəsi yatıb-durandan, yeyib-içəndən, bəzənib-düzənəndən sonra gah bir cariyənin, gah da o kənizin qarasınca deyinmək, gah bu tacirin, gah o tacirin arvadının qeybətini qırmaq, gah bu məlikin, gah o məlikin övrətinə loqaz qoşmaq və imanı ərşə çəkiləndə də onun – bunun babalını yumaq idi...Qəribə də xasiyyəti var idi rəis övrətinin. Özündən çirkin qızgəlinə qarşı insaflı, mülayim idi, özündən gözəl övrətlərə qarşı isə insafsız, qəddar. Camalca göyçək, yarlı-yaraşıqlı, mütonasib əndamlı bir gəlin görəndə elə bil qəfəsdə ilan görürdü Nəsrin xatun. Bircə Zahidə xatuna “dişi bata” bilmirdi... Bir də hardan bata bilərdi? O, hökmdar övrəti, bu rəis övrəti. Özü də get-gedə xanədanda nüfuzunu itirən bu rəisin övrəti... Mələkə barədə təkcə öz-özünə deyinməklə, qarasına qarğımaqla, onun yaşadığı otağa saata hərdənbir boğma basmaqla özünü ovundurardı... Son vaxtlarda isə min bir fənd işlədib Zahidə xatunun yanına ayaq açması ilə təskinlik tapırdı...

8 мин
Qan pulu

Karmasın vuruşundakı qələbədən sonra Cahan Pəhləvan döyüşdə igidlik göstərdikləri üçün məlik Nurəddin Qaraya, Cəmaləldin Ayəbəya, Cəmaləddin Özəbaya özünün xas naxırından seçmə atlar bağışladı, onların xanədan qarşısındakı xidmətlərini xüsusi fərmanla qeyd etdi və Sədəddin Əsədə tapşırdı ki, həmin fərmanın surətini məlumat üçün bütün məliklərə göndərsin.– O ki qaldı, mənnən sənə-deyə vəzirə ürək-dirək verib könlünü aldı. – biz Eldəgəzlər dövlətinə nə muzdu, nə də ənam almaq üçün xidmət etmirik... Daha dürüst desək, ikimizin də buna heç vaxt ehtiyacımız olmayıb və olmayacaq da...

4 мин
Saray ehsanı

Atabəylər meydanında qələbəlik başlamışdı. Şəhər əhli və yaxın kəndlərin adamları dəstə-dəstə axışıb gəlmişdi. Qoşun dəstələrinin əsgərlərindən xüsusi mühafizlər olmasaydı şəhristanın darvazalarında qarışqa kimi qaynaşan camaatın qarşısını saxlamaq olmazdı.Xüsusi atlı qulamlar küçələrdə car çəkirdilər ki, asayişi pozmayın belə əziz gündə. Möminə xatun abidəsinin açılış günündə, Eldəgəzlər xanədanının ünvanına xüsusi xütbələr oxunacaq gündə, sarayın verəcəyi ümumşəhər ehsanı günündə şuluqluq salmayın, məscidlər də gedib dua oxuyun, allaha ibadət edin, günorta namazından sonra ehsana təşrif gətirib təam alın... Onu da bilin ki, Möminə xatun abidəsinin açılışına başqa yerlərdən də qonaqlar dəvət olunublar: Qaraxitaydan, Şirvandan, Xarəzmdən... gələnlər var. Atabəy Cahan Pəhləvanla səmimi dostluq edən Xarəzmşah Təkiş də gəlmişdir... Hətta xilafətin nümayəndəsi də bugünkü mərasimdə iştirak etmək üçün Bağdaddan Həmədana, Həmədandan da hökmdara, Qızıl Arslanla vəliəhdlərlə birlikdə Naxçıvana təşrif gətirmişdir...

9 мин
Göydən yerə enmiş Süheyl

Şəhərdə hamı Atabəylər meydanında bina olunan abidədən danışırdı. Rəsmi açılışdan sonra verilən fərmana əsasən onun ətrafında xüsusi mühafizlər gecə-gündüz növbə çəkirdilər. Abidəni qara rəngə boyanmış Təbriz ipəyi içərisində saxlayırdılar.Ancaq çoxlarına elə gəlirdi ki, bu nəhəng qara örpəyin içərisində bəzəkli bir gəlin dayanıb, işıqlı bir dünya bərqərar olub, nadir bir istedad sahibinin böyük, yenilməz ürəyi döyünür. Bu gün o, pünhan görünsə də, sabah mütləq aşkar olunacaq... Ayın hüsnünü həmişə bulud tutmaz, qızıl həmişə gizli qalmaz, su həmişə qaya altında yatıb qalmaz. Ay bir gün doğmalıdır, qızıl aşkar olub parlamalıdır, su bir gün üzə çıxıb çağlamalıdır...

13 мин

Стихи других поэтов