Karmasın vuruşundakı qələbədən sonra Cahan Pəhləvan döyüşdə igidlik göstərdikləri üçün məlik Nurəddin Qaraya, Cəmaləldin Ayəbəya, Cəmaləddin Özəbaya özünün xas naxırından seçmə atlar bağışladı, onların xanədan qarşısındakı xidmətlərini xüsusi fərmanla qeyd etdi və Sədəddin Əsədə tapşırdı ki, həmin fərmanın surətini məlumat üçün bütün məliklərə göndərsin.

– O ki qaldı, mənnən sənə-deyə vəzirə ürək-dirək verib könlünü aldı. – biz Eldəgəzlər dövlətinə nə muzdu, nə də ənam almaq üçün xidmət etmirik... Daha dürüst desək, ikimizin də buna heç vaxt ehtiyacımız olmayıb və olmayacaq da...

– Əlbəttə, hökmdar. Bu nə sözdür? Mən mərhum atabəy-əzəmin zamanından and içib əhd eləmişəm ki, ömrümün sonuna kimi bu xanədana sadiq oldum və sədaqətlə xidmət göstərim. – Sədəddin Əsəd də öz növbəsində razılıq etdi və ürəyindən keçənlər saray sahibinə ehtiyatla bildirməyin məqamı çatdığını kəsdirdi:

– Vuruşlarda igidlik göstərən bir neçə nəfər süvarinin xidmətini də qiymətləndirsəniz pis olmaz... Allah eləməsin, bir də dava etməli olsanız...

Cahan Pəhləvan adəti üzrə sağ əlini yuxarı qaldırdı. Vəzir hökmdarın xasiyyətinə bələd olduğu üçün sözünün ardını demədi və saray sahibinin fikrini bildirməsini intizarla gözlədi.

– Məndən qabağa düşdün, vəzir... Mən Karmasın döyüşlərində seçilənlərdən bir neçəsinə iqta bağışlayacağam... O ki qaldı Əbubəkr oğlunun bağışladığı qılıncla vuruşan, həm də igidliklə ölən o növcavana...

Təbrizdən təzəcə qayıdan Əcəmi aşxanadan çıxanda Kəmaləddin Naxçıvani ilə rastlaşdı. Bura Dərgah kişinin bacısı oğlunun aşxanası idi. Əcəmi ürəyi istəyən ev xörəyini ancaq burada yeyə bilirdi. Aşxana sahibi isə ona xüsusi hörmət və ehtiram göstərirdi. Onu dayısı Dərgah kişiyə görə özünə, bir növ, simsar sayırdı...

Əcəmi bu dəfə xörəyini yarımçıq qoyub axşanadan çıxmışdı.

Memara şair salamı.

Əcəmi fikirli olduğu üçün keçib getmək istədi. Kəmaləddin Naxçıvani onun qolundan dartdı:

– Əbubəkr oğlu, niyə belə qaşqabaqlısan?

– Heç özüm də bilmirəm! – Könülsüz-könülsüz dönüb şairə baxdı.

– Kim də bilməsə gərək özün biləsən... gərək onu da biləsən ki, bizim şəhərimizdə ülamanın da, şüəranın da başbiləni sənsən... Biz hamımız səni özümüzə ustad bilirik. Baxma ki, səni camaat əsasən memar kimi tanıyır... Mən isə sənə memardan qabaq şair kimi baxıram... Birdən baş şeyx kimi deyərsən bə sərxoşam... Qoca Bağdad tülküsünə nə vaxt düz söz deyirəm, deyir keflisən... hə, yadıma bir şey düşdü. Neçə ildi ürəyimdə gəzdirdiyimi gərək indi deyəm... Qoca Bağdad tülküsü sənin ilk məhəbbətinə qəsd eləyən gündən sidqimi siyirib... Hərdənbir danışmağıma baxma... sonra ikiüzlülük etdiyim üçün özümü o ki var danlayıram. – Kəmaləddin Naxçıvani köks ötürdü: – Hə, Əbubəkr oğlu, ehtiyac adamı bəzən namərd qapısına da aparır.

Əcəmi söhbəti dəyişmək üçün səndəl ağacını qurşağına taxa-taxa oyalandı:

– Heç bilirsən nə ediblər?

– Kim? – Kəmaləddin Naxçıvani də təəccüblə soruşdu.

– Şəhərin rəisi... İndicə mənə içəridə xəbər verdilər ki, dünən Cəmili çağırıb oğlunun Karmasın vuruşunda həlak olduğunu bildirib və üstəlik də deyib ki, hökmdarın tapşırığına görə sənə diyət¹ çatır, buyur al. Cəmil də başıalovlu çıxıb gedib. Gecə də evə gəlməyib... Əcəmi öz-özünə oyalandı: – Ay namərdlər, Cəmil kimi kişiyə oğlunun ölümü üçün qan pulu təklif ediblər?.. Cəmil heç o diyəti götürər?!.. – Cəlaləddin kimi ləyaqətli bala üçün ata beş-on dinara göz dikər? Adam öz ciyərparasının ömrü üçün verilən pulu xərcləyə bilər? Bilmirəm bu adamların ürəyi get-gedə niyə daşa dönür, Kəmaləddin?.. – Bu dəfə ona adı ilə müraciət etdi Əcəmi.

– Adamların niyə?.. daşa dönən hökmdarların ürəyidir...

– Görəsən hara getmiş olar bu bədbəxt!..

– Qəbirstanlığa.

– Bu nə sözdü? – Əcəmi həmsöhbətinə çox sərt baxdı.

– Bütün gecəni qəbirstanlıqda olub Cəmil... Bir qəbir qazıb. Oğlunun göndərilən qanlı paltarlarını orda basdırıb. Sənin bağışladığın qılıncı da qoyub onların üstünə. Qəbri səliqə-sahmana salandan sonra Zəhranı aparıb oraya. Deyib ki, Cəlaləddinin qəbri budur. Onun cismi uzaqda olsa da, ruhu burdadır... Yanımızdadır...

– Sinəsinə oğul dağı çəkilənə gülməzlər... Özündən bu sözləri quraşdırmağın nə nəfi?..

Kəmaləddin Naxçıvani pərt oldu:

– Mənə ayıb olar ki, başqasının dərdinə gülüm, yaxud ələ salım. Doğru sözümdür. İndicə gözlərimlə görmüşəm. İkisi də qəbir üstündən gəlirdi.

Əcəmi həmsöhbətinə diqqətlə baxdı. Kəmaləddin Naxçıvaninin gözləri yaşarmışdı. Daha heç nə demədi. Əvvəlcə üzr istədi, sonra geriyə dönüb addımlarını yeyinlətdi.

Kəmaləddin Naxçıvani onun hara tələsdiyini dürüstləşdirən kimi ardınca yortdu. Bunu görən Əcəmi də ayaq saxlayıb onu gözlədi.

...Darvazadan içəri girəndə Əcəminin ayağına ilk duran Cəmil oldu.

– Bu nə işidi başımıza gəldi, qardaş?..

¹ Qan pulu

Cəmil dostunu ilk dəfəydi ki, ağlayan görürdü.

– Əmisi... bağışla ki, Cəlaləddin... verdiyin qılıncı axıra kimi... əlində saxlaya bilməyib. – Bu sözləri başını aşağı dikib hönkürən Zəhra dedi.

Əcəmi sinəsinə çarpaz oğul dağı çəkilən anaya ürək-dirək vermək üçün heç bir söz tapmadı. Dərhal üzünü yana çevirdi.

Zəhranın iki-üç gündə tamam ağaran saçlarına baxa bilmədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Saray dəbirinin ön yazısı

Şahların, padşahların sarayları başqa bir aləmdir. Gərək o saraylara düşəsən ki, görəsən orada nələr olur, nə sirlər gizlənir, hansı möcüzələr baş verir.Saraylarda adamlar da müxtəlifdir. Müxtəlifdir xasiyyətlər də, əməllər də. Müxtəlifdir iştahlar da, əxlaqlar da. Bu saraylar görəsən nə vaxt, nədən ötrü peyda olublar əzəl-axır məkanımız Xak üzərində, onlara kim daşıyıb şəffaf-şəffaf Abı, ocaqlarında kim yandırıb qızmar-qızmar Atəşi, kim gətirib onların işığlı-qaranlığlı küçələrinə həzin-gur Badı?.. Bu saraylarda adamlar öz mənliklərini, öz izzəti-nəfslərini itirdikləri kimi adlarını da itirirlər. Birinə hökmdar deyirlər, birinə vəzir; birinə mələkə deyirlər, birinə cariyə; birinə əş-şeyx ər-rəis deyirlər, birinə qazi; birinə münadi deyirlər, birinə nədim; birinə məşşatə deyirlər, birinə kəniz; birinə mühafiz deyirlər, birinə dərban; birinə qulam deyirlər, birinə pərdədar...

2 мин
Yollar, yollar...

Pəncşənbə günü idi. Səhər yenicə açılırdı.Tutqun üfüqün boz yanağına təzə-təzə narıncı xal düşür, qədim Həmədanın üzərinə sallanan qatı bulud karvanı şəhərin söykəndiyi Əlvənd dağlarına tərəf sürünür, sonra göy qübbəsinin ətəklərində çin-çin olur bir-birinin üstünə qalanırdı. Məğribin zülmət örpəyi çoxdan pardaxlanmışdı...

13 мин
Xufdən söhbəti

Naxçıvan şəhərinin rəisi içəri girəndə baş şeyx Hatib ibn Mübarək başdan-ayağa xalı döşənmiş otağın ortasında əyləşib, qarşısındakı rəhilin¹ üstünə qoyulan qalın kitabın növbəti vərəqini əlfəcinlə çevirdi, onu öpüb gözlərinin üstünə qoydu, sonra öz-özünə “Əşhədü ənna lailahə illəllah, əşədü ənna Muhəmmədən rəsul Allah” deyib pıçıldadı. O, rəisə özünü elə göstərmək istədi ki, guya Quran oxuyur. Əslində rəhilin üstündəki “Vis və Ramin”² idi.Rəis başını tərpədib salamlaşdı, baş şeyx mane olmasın deyə ehtiyatla keçib yuxarı başda, pəncərənin önünə qoyulan və üstünə kiçik güllü xalça salınan dibacədə³ əyləşdi.

11 мин
Bu xatirə Əcəmi dilindəndir

Gecə pis yatmışdım. Son vaxtlar belə hallarım tez-tez olurdu. Bəlkə də buna görəydi ki, tək-tənha ömür sürürdüm. Anam sağlığında dönə-dönə eşitdirsə də, evlənmək istəmirdim. Bir də fikirləşirdim ki, adamlar bəzən özünə peşə seçən günü daim subay qalacaqlarını da qət edirlər. Bu gün burada, sabah orda işləyənə hansı qız ərə gəlib övrət olar? Mənim peşəm də belə idi. İlk məhəbbətim üzüdönük çıxandan sonra isə adamlardan uzaq gəzməyə, qadın xeylağından birdəfəlik kənar qaçmağa çalışırdım. İki-üç il olardı ki, rəhmətlik atam Əbubəkr kişi kimi dulusçuluğu atıb bənnalığa başlamışdım. Amma qarşıma məqsəd qoymuşdum ki, axıra kimi bənna olub qalmayam. Axı oğullar atalardan, atalar babalardan irəli getməsələr, millət tərəqqi etməz... İnsan övladı da qəribə məxluqdur. Hərəsi bir şeyin vurğunudu əzəli gündən. Biri gülün, biri çiçəyin, biri də ömür-gün sirdaşı bir göyçəyin, bir mələyin... Mən də ağlım kəsəndən kərpicə, daşa vuruldum, meylimi onlara saldım. Axı daş bizim ulu babalarımızın, nənələrimizin ilk evi, ilk silahı olub. Adəm Həvvaya rast gələndə, yəqinimdir ki, dünyanın ilk kişisi kimi gəlin otağını daşdan hörüb, palçıqdan çatıb. Arvad qeydinə qalanda, övlad qayğısı çəkəndə əlinə daş alıb ov dalınca gedib. Sonra daşdan dəstər, yemək qab-qacaq düzəldib, ocaq çatmaq üçün çaxmaq itiləyib. Bəlkə elə bu işıqlı aləmin ilk övrəti Həvva üçün ilk bəzək şeylərini də daşdan yonub bizim min-min yaşlı, min-min dərdli-sərli babamız Adəm... Demək, bəşər övladının ürəyində ilk məhəbbət elə torpağa, daşa oyanıb. Daş olmasaydı biz ulu-ulu əcdadımızdan da, qədim-qədim sələflərimizdən də xəbər tuta bilməzdik, onların əməlindən agah ola bilməzdik. Daşdan tikdikləri kar qalalara, kor bürclərə baxıb onların ürəyindən keçənlərdən xəbər tuturuq, yaxşıları yamanlardan, mərdləri namərdlərdən, igidləri qorxaqlardan ayırd edirik həmişə. Axı xeyirxahlar daşdan, palçıqdan öz bildikləri kimi, namərdlər də öz tikdikləri kimi istifadə ediblər. Bəziləri gözoxşayan saraylar, qəsrlər tikiblər, bəziləri qan çanağı, ölüm teşti olan zindanlar, həbsxanalar... Lal daşlar bəzən insan övladına bərli-bəzəkli gəlin otağı olub, bəzən də qaranlıq sərdabə... Belədi yaşı bəlli olmayan bu qoca dünyanın gərdişi ilk yaranışdan, ilk binadan. Nə eybi, qoy ədiblər gördüklərini, şahidi olduqlarını, sevdiklərini, nifrət etdiklərini əşara çevirib nəzmə çəksinlər, alimlər təbiəti gizli-gizli öyrənsinlər, mənsə ürəyimdən keçənləri daş kitabələrə köçürtdüm, dilsiz daşlara həkk etdim – bir çoxuna imarətlər inşa etdim, qəbirlər üzərində sərdabələr tikdim, axırda isə şəhərimizin ən mötəbər şəxsi, böyük şeyx Yusifə öz borcumu ödədim......Elalnının arxasında Günəş şəfəq atan kimi durub geyindim, həyətə endim. Səhərə yaxın azacıq yağış çiləmişdi. Havada mülayim bir sərinlik var idi. Darvazadan çıxdım, dar küçə ilə üzüyuxarı qalxıb, Pir Osman meydanına gəldim. Saraydan əlavə məscid-minarələrin, qala divarlarının üzərində də ipək bayraqlar dalğalanırdı. Amma dəmirçixanalardan, misgər, nalbənd, xarrat dükanlarından çəkic-zindan səsləri gəlmirdi, dulus emalatxanalarının bacalarından tüstü çıxmırdı, küçələrdə halva, saqqız, göyərti satanların cır səsləri qulaqlara dolub beyinlərə işləmirdi... Şəhərin üzərinə çökmüş sükutu az sonra məscidlərin minarələrinə qalxıb camaatı səhər namazına dəvət edən müəzzinlərin “Allahu əkbər” sədaları pozmağa başladı... Məscidlərdə isə öz işlərində idi mollalar. Onlar əş-şeyx ər-rəis Hatib ibn Mübarəkin tapşırığına əməl edərək Eldəgəzlər sülaləsinin ayrı-ayrı şəxslərinin ünvanlarına təriflər deyir, nimdaş xirgə geymiş, əli kəşküllü, təbərzinli dərvişlər küçələrdə qəsidələr söyləyir, təsbehli, göy qurşaqlı seyidlər atabəy-əzəmdən sonra taxta əyləşən Cahan Pəhləvanı bir hökmdar kimi, bir sərkərdə kimi, bir insan kimi tərifləyib göyə qaldırırdılar...

14 мин

Стихи других поэтов