Страница 1 из 2

Pəncşənbə günü idi. Səhər yenicə açılırdı.

Tutqun üfüqün boz yanağına təzə-təzə narıncı xal düşür, qədim Həmədanın üzərinə sallanan qatı bulud karvanı şəhərin söykəndiyi Əlvənd dağlarına tərəf sürünür, sonra göy qübbəsinin ətəklərində çin-çin olur bir-birinin üstünə qalanırdı. Məğribin zülmət örpəyi çoxdan pardaxlanmışdı...

Bu vaxt saray elanlarını yayan atlı qulamların kobud səsləri küçələri ağzına aldı: “Həmədanlılar!” Bilin və agah olun ki, mərhum Atabəy-əzəmdən sonra taxta əyləşən həşəmətli hökmdarımız Cahan Pəhləvan...”

Bir az keçmədi ki, həmədanlılar axışıb böyükdən-kiçiyə kimi şəhərin küçələrinə töküldülər.

...Sarayın əsas darvazası açıldı. Əyinlərində zireh geyim, başlarında məxrəfin¹, əllərində nizə gəzdirən gözətçi əsgərlər sarayın qala darvazasının sağ-sol cəhəngində quruyub qaldılar. Həyətdən xüsusi qoşun dəstəsinin döyüşçüləri qaça-qaça gəlib divarın dibində sıralandılar. Əyninə qızılla işlənən çuxa geyib başına vəzirlərə məxsus yaşıl mahud çalma qoyan Sədəddin Əsəd boz ayğırın üstündə göründü. Hamı pıçıltını kəsib farağat dayandı.

Elə bu vaxt günəşin ilkin şüaları Güleyn qalasının üstündən aşıb sarayın meydanına səpələndi. Bayraqdarlar elə bil buna bələd idilər. Əvvəlcə bir dəstə döyüşçü tuğları² gətirib darvaza ağzına başıaşağı endirdilər. Sonra Azərbaycanın qırmızı Təbriz ipəyindən hazırlanan qılınc nişanlı dövlət bayrağı çıxarıldı. Onun ardınca isə Qatifdən³ alınmış ağ kürənin üstündə şahanə bir tərzdə əyləşən Cahan Pəhləvan göründü. Eldəgizlər xanədanın ikinci hakimi başına qızıl sərkərdə tacı qoymuş, belinə daş-qaşlı kəmər bağlamışdı. Əynindəki nadir naxışlarla bəzənmiş geyimi, kəmərindən asılmış qızıl dəstəkli qılıncı təzə hökmdarı daha əzəmətli göstərirdi.

Birdən təbil və gərənayı səsləri bir-birinə qarışdı. Sıralanan əsgərlərin qılıncları qınından çıxıb çiyinlərinə söykəndi. İxtiyar vəzir Sədəddin Əsəd atını irəli sürüb hökmdarın qənşərində dayandı. Sağ əlini döşünə qoyub başını azacıq sinəsinə endirdi. Təbillər və gərənaylar susdu.

¹ Dəmir papaq
² At tükündən toxunan xüsusi bayraq
³ Xüsusi cinsdən olan ərəb atı

– Sabahınız xeyir, adil və mənsur...

Cahan Pəhləvan sağ əlini yuxarı qaldırdı. Bu o demək idi ki, danışan deyiləm, sözünü tamamla. Vəzir axşam sarayda Şəmsəddin Eldəgəzdən sonra kimin varis olması məsələsi müzakirə olunanda dediyi sözlərdən bəzilərini təkrar etməyə başladı:

– Bu gün sübh namazı vaxtı bütün məscidlərdə şəninizə xütbə oxunmuşdur. Və hər şey fərmanınızda necə sadiq edilibsə, onun müqabilində də icra olunmuşdur. Şəhərdə sakitlikdir, yollar təhlükəsizdir. Keçidlərdə xüsusi sıravi dəstələr keşik çəkirlər. Arxanızca gələcək qoşuna yola düşməsi barədə dediyiniz vaxt əmr veriləcəkdir. Başqa buyruqlarınız da öz iştirakımla yerbəyer icra olunacaqdır. Qafilə yola rəvan ola bilər. Allah-təala səfərinizi uğurlu etsin, adil və mənsur hökmdar!..

Cahan Pəhləvan fikirli idi. Sədəddin Əsədin uzun gedəcəyini kəsdirən hökmdar yenə sağ əlini yuxarı qaldırdı və kəskin bir hərəkətlə havanı yardı. Bu, o demək idi ki, bəsdir, kiri...

Vəzir dayandı, boz ayğırın yüyənini sola dartıb hökmdarın qənşərindən çəkildi. Cahan Pəhləvan ağ kürənin yüyənini buraxdı. Sahibinin geyiminə oxşar bər-bəzəkli tərliyin, qızıl qaşlı yəhərin, gümüş üzənginin altındakı kürən irəli atıldı. Sədəddin Əsəd atını ağ kürənin dalınca səyirtdi.

Qafilə hərəkətə gəldi.

Hökmdarın dilxorluğuna məliklərin, minbaşıların hərəsi bir məna verməyə başladı: “Yəqin atabəy-əzəmin qəfil ölümü Pəhləvana bərk yer eləyib..”, “Yəqin gürcü çarı Georgi ilə necə yola gedəcəyi barədə götür-qoy edir... Demetre törəməsi bunun çaldığını oynamasa anasını ağlar qoyacaq”, “Əlincə ətrafındakı kəndlərdə camaatın vergilərdən boyun qaçırmasını təzə hökmdar, deyəsən, həzm edə bilmir...”, “Təbrizi ağsüngərilərin əlindən alıb Eldəgəzlər dövlətinə daxil etməyincə rahat olmayacaq...”.

“Dünən əmir-hacib idi, bu gün hökmdar, görəsən, daha nəyi çatmır?”, “Bəlkə yavaş-yavaş itib gedən cavanlığına heyfsilənirdi? Axı şahlar, rəyasət sahibləri qocalıqdan qorxan kimi heç nədən qorxmurlar...”

Cahan Pəhləvanın isə bütün fikri-zikri Naxçıvanda idi. İstirahət etmək üçün ağ kürənin belindən düşüb bər-bəzəkli, rahat taxt-rəvana keçəndən sonra da düşünürdü: “Görəsən, atabəy-əzəmdən sonra şəhər əhlinin, saray ərkanının əhval-ruhiyyəsi necədir?.. Görəsən, inadkar naxçıvanlılar mənim vəzirliyimə necə baxacaqlar?.. Payitəxti Naxçıvandan Həmədana köçürmək təklifim etiraza səbəb olunmayacaq ki?.. O ki, qaldı Möminə xatun anaya sərdabə tikdirməyə...”

Bəlkə də axşam Sədəddin Əsəd: “Adil və mənsur hökmdarımız Cahan Pəhləvan Eldəgəzə ərz edim ki, aldığımız məlumata əsasən Naxçıvan əhli Eldəgəzlər xanədanının ikinci hökmdarının yolunu səbirsizliklə gözləyir. Hamı intizar içərisindədir. Naxçıvan əhli onunla fəxr edir ki, Eldəgəzlər sülaləsi hakimiyyəti ilkin olaraq onların şəhərində ələ keçirib. Və bu hakimiyyəti atabəy-əzəmin vəfatından sonra onun ilkin varisi və bəni-Eldəgəzlərin ən nüfuzlu şəxsiyyəti öz əlinə alıbdır...” deməsəydi Cahan Pəhləvanın sərt sifəti bütün yol boyu açılan deyildi.

Birdən qarşıdan Fərivar bağları, Nəvvar çəmənliyi göründü, sonra Qasımabad düzənliyi qarşıda arranlıların halal süfrəsi kimi geniş açıldı. Onu yola salan vəzirə, yaxın məliklərə qayıtmalarını işarə elədi. Vəzir və məliklər də halallaşıb, sağollaşıb geriyə çapdılar.

Bu vaxt qafilə yol ayrıcına çatmışdı. Bu yolların biri Təbrizə, biri Urmiyaya, biri də Naxçıvana gedirdi. Uzaqda isə zirvəsi buludlara söykənən Savalan görünürdü. Hökmdar “Atabəy rəbati”¹nin salındığı meşəliyə, ova çıxdığı yaylalara baxanda gənclik illərinin buralarda keçən ən xoş çağlarını yadına saldı. Ağ kürənin yüyənini çəkib dayandı, yəhərdən dikəlib yollara baxdı, əlini alnına qoyub arxaya göz gəzdirdi.

Qafilədən xeyli aralıda gələn qoşunun qaldırdığı toz lay-lay olub göyə dirənmişdi. Atabəylər xanədanının mühafizəsini çəkən xüsusi süvari hissələri, onlardan arxada ehtiyat dava ləvazimatı – ox, nizə, şeşpər, kaman, qılınc, dəmir kərpic yüklənmiş qatır və dəvələr, ərusək və məncəniq gətirən arabalar tənbəl-tənbəl irəliləyirdilər.

Gün keçdi, həftə ötdü...

Qafilə Urmiya gölünün sahilinə çatdı. Hökmdar Naxçıvandan gəlib Təbrizə gedən yola diqqətlə baxdı, həm sevindi, həm də kədərləndi: “Eh, yollar, yollar!..”

Cahan Pəhləvan bu ara atasını xatırlamışdı. Axı bu həmin yollar idi ki, atası bir zaman onları qul kimi getmişdi, indi isə özü həmin yolu bir hökmdar kimi qayıdırdı. Belə vaxtlarda səfərə çıxanda atabəy-əzəmin haçansa ona danışdığı bir əhvalatı xatırlardı...

¹ Yay istirahət yeri

İndi də xatırladı:

...Yaşına görə çox cəld hərəkətlər edən çalsaqqal qulsatan dedi:

– Buyurun, cənab. Mən də qaydanı pozmayaraq qırxıncı qulu sizə müftə bağışlayıram. Amma bircə şey var ki, aldığınız otuz doqquz qulun hamısı bərkə-boşa düşmüş, hər cür əzab-əziyyətə öyrəşmiş məxluqdu. Adam demirəm, çünki mal kimi işləkdilər, at kimi yüyürək... Amma bu qırxıncı hamısından cavandı, özü də xalis od parçasıdı. Dəyirmanın boğazına ölü salı, novdandan diri çıxsın...

Qulalan qulsatanın təriflədiyi oğlana diqqətlə baxdı. Onun qarşısında gödəkboy, sifətdən çirkin, iri burunu, qalın dodaqları olan bir cavan dayanmışdı. Ancaq onun günəşdən qaralmış gümrah bədəni, yekə əlləri, ətli çiyinləri, enli sinəsi qulalanın nəzərindən qaçmadı. Oğlanın gözləri də çox diri idi, elə bil od tutub yanırdı. Baxışları da iti idi, qılınc kimi kəsirdi.

Qulalan niyəsə soruşdu:

– Hansı qəbilədəsən?

– Eldəgəzlərdən.

– Bu necə qəbilə adıdı?

– Ata-babadan peşəmiz bu yurdda, o yurdda, bu eldə, o eldə gəzməkdi ürbanlar¹ kimi...

– Bəs ismin nədi?

– Şəmsəddin...

...Havalar isti olduğundan karvan gündüz dincəlir, gecələr ay işığında yol gedirdi.

Neçə illərdi qul alveri ilə məşğul olan karvan sahibi, ucu-bucağı görünməyən qum səhrası ilə üfüqün birləşdiyi yerdə sübh şəfəqinin ilk işartısını görən kimi, əyləşdiyi arvananın üstündəki kəcavənin balaca pərdəsini qaldırdı, birinci dəvənin ovsarını çəkən cavan sarbana karvanı dayandırmağı əmr etdi:

– Ey şütürban², karvanı dayandır!

(Cavan sarban karvan sahibinə düşmənçilik edən bir İran tacirilə adaş olduğu üçün onu adı ilə çağırmazdı).

Karvan dayandı. Narın, ayaq altından balıq kimi sivişib çıxan qumların yorub əldən saldığı dilsiz-ağızsız qullar yorğun ayaqlarını zorla

¹ Köçəri ərəblər
² Dəvəçi sürüyüb bir yerə toplaşdılar, çiyin-çiyinə verib karvan sahibinin üzünə baxdılar. Bu nisgilli, nakam və müti baxışlarda insan ləyaqətinin qəsdinə duran müəmmalı əndişənin cizgilərini karvan sahibi çox görmüşdü. O, bu dəfə də bu baxışların fərqinə varmadan köməkçisinə ağızucu dedi:

– Onlara səhər yeməyi ver, amma suya qənaət elə... Deyəsən, hava bu gün daha isti keçəcək... Allahın qəzəbinə gəlməsək yaxşıdı, hər tərəf zəbanə çəkib sir-sifətimizə od-alov püskürür... Dəvələrə navala¹ vermək də yaddan çıxmasın!..

Köməkçi karvan sahibinin son sözlərinə əhəmiyyət vermədən dəvələri bir-bir hıxladı. Dəvələrin üstündəki yükləri qullardan bir-ikisinin köməyilə yerə endirdi və işarə elədi ki, qalan yükləri də boşaltsınlar, sonra yemək almaq üçün sıraya dayansınlar. Qullar tapşırığı icra edib, bir-birini itələyə-itələyə növbəyə düzüldülər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Tövbə

Nəsrin xatundan söz düşəndə qaravaşlar da, cariyələr də, “aman, aman!” deyə az qala sinələrin yırtıb tökürdülər. Nəsrin xatunun işi-peşəsi yatıb-durandan, yeyib-içəndən, bəzənib-düzənəndən sonra gah bir cariyənin, gah da o kənizin qarasınca deyinmək, gah bu tacirin, gah o tacirin arvadının qeybətini qırmaq, gah bu məlikin, gah o məlikin övrətinə loqaz qoşmaq və imanı ərşə çəkiləndə də onun – bunun babalını yumaq idi...Qəribə də xasiyyəti var idi rəis övrətinin. Özündən çirkin qızgəlinə qarşı insaflı, mülayim idi, özündən gözəl övrətlərə qarşı isə insafsız, qəddar. Camalca göyçək, yarlı-yaraşıqlı, mütonasib əndamlı bir gəlin görəndə elə bil qəfəsdə ilan görürdü Nəsrin xatun. Bircə Zahidə xatuna “dişi bata” bilmirdi... Bir də hardan bata bilərdi? O, hökmdar övrəti, bu rəis övrəti. Özü də get-gedə xanədanda nüfuzunu itirən bu rəisin övrəti... Mələkə barədə təkcə öz-özünə deyinməklə, qarasına qarğımaqla, onun yaşadığı otağa saata hərdənbir boğma basmaqla özünü ovundurardı... Son vaxtlarda isə min bir fənd işlədib Zahidə xatunun yanına ayaq açması ilə təskinlik tapırdı...

8 мин
Qan pulu

Karmasın vuruşundakı qələbədən sonra Cahan Pəhləvan döyüşdə igidlik göstərdikləri üçün məlik Nurəddin Qaraya, Cəmaləldin Ayəbəya, Cəmaləddin Özəbaya özünün xas naxırından seçmə atlar bağışladı, onların xanədan qarşısındakı xidmətlərini xüsusi fərmanla qeyd etdi və Sədəddin Əsədə tapşırdı ki, həmin fərmanın surətini məlumat üçün bütün məliklərə göndərsin.– O ki qaldı, mənnən sənə-deyə vəzirə ürək-dirək verib könlünü aldı. – biz Eldəgəzlər dövlətinə nə muzdu, nə də ənam almaq üçün xidmət etmirik... Daha dürüst desək, ikimizin də buna heç vaxt ehtiyacımız olmayıb və olmayacaq da...

4 мин
Saray ehsanı

Atabəylər meydanında qələbəlik başlamışdı. Şəhər əhli və yaxın kəndlərin adamları dəstə-dəstə axışıb gəlmişdi. Qoşun dəstələrinin əsgərlərindən xüsusi mühafizlər olmasaydı şəhristanın darvazalarında qarışqa kimi qaynaşan camaatın qarşısını saxlamaq olmazdı.Xüsusi atlı qulamlar küçələrdə car çəkirdilər ki, asayişi pozmayın belə əziz gündə. Möminə xatun abidəsinin açılış günündə, Eldəgəzlər xanədanının ünvanına xüsusi xütbələr oxunacaq gündə, sarayın verəcəyi ümumşəhər ehsanı günündə şuluqluq salmayın, məscidlər də gedib dua oxuyun, allaha ibadət edin, günorta namazından sonra ehsana təşrif gətirib təam alın... Onu da bilin ki, Möminə xatun abidəsinin açılışına başqa yerlərdən də qonaqlar dəvət olunublar: Qaraxitaydan, Şirvandan, Xarəzmdən... gələnlər var. Atabəy Cahan Pəhləvanla səmimi dostluq edən Xarəzmşah Təkiş də gəlmişdir... Hətta xilafətin nümayəndəsi də bugünkü mərasimdə iştirak etmək üçün Bağdaddan Həmədana, Həmədandan da hökmdara, Qızıl Arslanla vəliəhdlərlə birlikdə Naxçıvana təşrif gətirmişdir...

9 мин
Göydən yerə enmiş Süheyl

Şəhərdə hamı Atabəylər meydanında bina olunan abidədən danışırdı. Rəsmi açılışdan sonra verilən fərmana əsasən onun ətrafında xüsusi mühafizlər gecə-gündüz növbə çəkirdilər. Abidəni qara rəngə boyanmış Təbriz ipəyi içərisində saxlayırdılar.Ancaq çoxlarına elə gəlirdi ki, bu nəhəng qara örpəyin içərisində bəzəkli bir gəlin dayanıb, işıqlı bir dünya bərqərar olub, nadir bir istedad sahibinin böyük, yenilməz ürəyi döyünür. Bu gün o, pünhan görünsə də, sabah mütləq aşkar olunacaq... Ayın hüsnünü həmişə bulud tutmaz, qızıl həmişə gizli qalmaz, su həmişə qaya altında yatıb qalmaz. Ay bir gün doğmalıdır, qızıl aşkar olub parlamalıdır, su bir gün üzə çıxıb çağlamalıdır...

13 мин

Стихи других поэтов